Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1360/2022 11.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzilin xidməti mənzillər siyahısından çıxarılaraq müddətsiz kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun yaşadığı mənzilin xidməti mənzillər siyahısından çıxarılaraq ailəsinin daimi istifadəsinə verilməsi, onun 1991-ci ildən sözügedən mənzilin kirayəçisi (icarədarı) hesab edilməklə daimi (müddətsiz) kirayə (icarə) müqaviləsinin ailə tərkibi 4 nəfər (özü, arvadı və 2 oğlu) olmaqla onun adına sənədləşdirilərək müvafiq inzibati aktın (sərəncamın) çıxarılması öhdəliyinin Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı kimi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində xüsusi təyinatlı dəstənin keçmiş (RSN) komandiri kimi təyinat almışdır. Xidməti vəzifəsi ilə əlaqədar iddiaçıya Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., ev 11 ünvanında 2 otaqlı, yaşayış sahəsi 29.47 kv.m-dən ibarət 17 nömrəli mənzilə dair Binəqədi Rayon Xalq Deputatları Soveti İcraiyə Komitəsinin xx.xx.1991-ci il tarixli 14 nömrəli qərarı ilə ailə tərkibi 4 nəfər (özü, arvadı və 2 oğlu) olmaqla 007033 nömrəli xüsusi (xidməti) order verilmişdir. Hal-hazırda iddiaçı Daxili İşlər Nazirliyinin orqanlarından təqaüdə çıxmışdır və 30 ildən yuxarı müddətdir ki, sözügedən mənzildə həmin ailə üzvləri ilə (4 nəfər) birlikdə yaşayır. Mənzili iddiaçı dəfələrlə öz vəsaiti hesabına təmir etdirmiş və 1991-ci ildən mənzil kirayəçisinin üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmişdir. Hüquq münasibətlərinin yarandığı zaman 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 100, 101, 103, 105-ci maddələrinin tələblərinə uyğun olaraq Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə müvafiq sərəncamın verilməsi ilə bağlı müraciət ünvanlanmışdır, lakin ərizənin təminindən imtina edilmişdir. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, ünvan 2 ünvanındakı mənzil Kirov rayon XDS İK-sı tərəfindən verilmiş 007033 saylı xx.xx.1991-ci il tarixli orderə əsasən ayrılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.1-ci maddəsinə əsasən xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fonduna aid edilir. “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 118 nömrəli Qərarının 1.8-ci bəndinə əsasən yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. Bundan əlavə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır və yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən (Azərbaycan Respublikasının Nazirlər Kabineti) təsdiq olunur. Yaşayış sahəsinin birtipli forması müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edilmədiyindən bu sahədə vətəndaşların müraciətlərinin təmin edilməsi mümkün olmur. İddiaçı iddia tələbininin qeyri-mümkün sayılması barədə qərardad qəbul olunması məhkəmədən xahiş edilir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx.xx.2004-cü il tarixdən, xx.xx.1952-ci il təvəllüdlü X5, xx.xx.1987-ci il təvəllüdlü X3, xx.xx.1989-cu il təvəllüdlü X2 ünvan 3 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli, 2315 nömrəli arayışında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1967-ci il tarixdə Azərbaycan Respublikası Masallı rayonunda anadan olmuş X4 barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair xx.xx.2020-ci ilədək yoxlama aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: arvadı X5 (xx.xx.1952-ci il), oğlu X3 (xx.xx.1987-ci il), oğlu X2 (xx.xx.1989-cu il). İş materiallarına əlavə edilmiş Kirov Rayon Xalq Deputatları Soveti İcraiyə Komitəsinin xx.xx.1991-ci il tarixli 14 nömrəli qərarı ilə iddiaçının adına ailə tərkibi arvadı X5 (1952-ci il təvəllüdlü), oğlu X2 (1989-cu il təvəllüdlü), oğlu X3 (1987-ci il təvəllüdlü) olmaqla, ünvan 4 ünvanında 2 otaqlı, yaşayış sahəsi 29.47 kv.m olan 17 nömrəli mənzilə dair 007033 nömrəli xüsusi order verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, 028- 895-1221 nömrəli məktubunda bildirilmişdir ki, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 11, 17 nömrəli mənzil Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin balansında olmadığından aidiyyəti üzrə müraciət edilməsi tövsiyə olunur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2021-ci il tarixli, BA- 03362-2021 nömrəli məktubunda bildirilmişdir ki, vət. İddiaçı barəsində keçmiş Kirov rayonu XDS İK-nin (indiki Binəqədi RİH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 14 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Həmin məktubla göndərilmiş sözügedən qərarın təsdiq olunmuş surətindən görünür ki, Kirov rayonu XDS İK-i mənzilməişət komissiyasının yığıncağının protokoluna baxaraq qərara almışdır: İ. İddiaçı ailə tərkibi 4 nəfər (özü, arvadı və 2 oğlu) olmaqla Kirov rayonu, 7-ci mkr., ev 11 a ünvanında 2 otaqlı, yaşayış sahəsi 29.47 kv.m olan 17 nömrəli xidməti mənzil verilsin. Orderə İddiaçı (1957-ci il təvəllüdlü), arvadı X5 (1952-ci il təvəllüdlü), oğlu X2 (1989-cu il təvəllüdlü), oğlu X1 (1987-ci il təvəllüdlü) adları salınsın. İİ. Həmin mənzil xidməti mənzillər siyahısına daxil edilsin. İİİ. Köhnə yaşayış sahəsində İddiaçı Roman adlı oğlu qalır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 04/09-xx-xx/2374 nömrəli məktubunda bildirilmişdir ki, Binəqədi rayonu, 7-ci mkr., 11 A saylı binaya Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 80 saylı Mənzil-Kommunal İstismar Sahəsi xidmət göstərir, həmin binanın balansaxlayıcısı barədə hər hansı qərar aşkar etmək mümkün olmamışdır və sözügedən mənzildə hal-hazırda 4 nəfər qeydiyyatdadır (İddiaçı, X3, X2 və X5). Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli, 106 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 5 ünvanında yerləşən yaşayış binası və binanın 17 saylı mənzili dövlət yaşayış fonduna aid olmaqla Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansındadır. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2021ci il tarixli, 03/09-11-11/C-38-091 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., ev 11, 17 nömrəli mənzil Kirov rayon XDS İK-sı tərəfindən verilmiş 007033 saylı xx.xx.1991-ci il tarixli orderə əsasən sizə ayrılmışdır. Nəzərə çatdırılır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.1-ci maddəsinə əsasən xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fonduna aid edilir. “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 118 nömrəli Qərarının 1.8-ci bəndinə əsasən yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmaqla, sərəncamında və istifadələrində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. Nəzərə çatdırılır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır və yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən (Azərbaycan Respublikasının Nazirlər Kabineti) təsdiq olunur. Yaşayış sahəsinin birtipli forması müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edildikdən sonra sözügedən məsələyə tərəflərindən yenidən baxıla bilər. Beləliklə, işin hallarından görünür ki, iddiaçı ünvan 7 ünvanında 2 otaqlı, yaşayış sahəsi 29.47 kv.m olan 17 nömrəli mənzilə dair Binəqədi Rayon Xalq Deputatları Soveti İcraiyə Komitəsinin xx.xx.1991-ci il tarixli 14 nömrəli qərarı ilə ailə tərkibi 4 nəfər (özü, arvadı və 2 oğlu) olmaqla 007033 nömrəli xüsusi (xidməti) order verildiyini, həmin vaxtdan mənzilin kirayəçisi kimi mənzildə yaşamaqla qeydiyyatda olduqlarını əsas götürərək mənzilin xidməti mənzillər siyahısından çıxarılaraq daimi (müddətsiz) kirayə (icarə) müqaviləsinin bağlanılması barədə sərəncamın verilməsi ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmiş, cavabdeh inzibati orqan sözügedən mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılmasının dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirildiyini, yaşayış sahəsinin birtipli formasının müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edilmədiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasını əsassız hesab edir və mənzilin xidməti mənzillər siyahısından çıxarılaraq onunla daimi kirayə müqaviləsinin bağlanılması barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 1.6-cı bəndinin 2-ci hissəsinə əsasən rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzilkommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir - onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər. Yerli icra hakimiyyətinin başçısı müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarına ümumi rəhbərliyi həyata keçirir. Həmin Əsasnamənin 3.9.2-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısı müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzil-kommunal infrastrukturunun inkişafını təmin edir. Əsasnamənin qeyd olunan tələbləri baxımından, cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin iddiaçıya xidməti mənzilə dair xüsusi order verən keçmiş Kirov Rayon İcra Hakimiyyətinin hüquqi varisi olduğunu, həmin mənzilin balansında olduğu Binəqədi rayonu ərazsində fəaliyyət göstərən Binəqədi Rayon MKTB-yə ümumi rəhbərliyi həyata keçirdiyi nəzərə alındıqda hesab edilir ki, iddiaçının istifadəsində olan həmin mənzilə dair sərəncam vermək hüququ da məhz Binəqədi Rayon İcra Hakimiyyətinə məxsusdur. Başqa sözlə, hazırkı iddia düzgün cavabdehə qarşı yönəlmişdir. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddiaçının tələbi kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsidir ki, qeyd edilən tələb məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi xx.xx.2021-ci il tarixli imtinasından sonra xx.xx.2021-ci il tarixdə iddia qaldırmaqla 30 günlük iddia müddətini ötürməmişdir. Beləliklə, iddianın mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. İş materiallarından, iddiaçının iddia tələbindən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı kimi xidməti vəzifəsi ilə əlaqədar Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkrorayon, ev 11 a, 17 nömrəli mənzil Binəqədi Rayon Xalq Deputatları Soveti İcraiyə Komitəsinin xx.xx.1991-ci il tarixli 14 nömrəli qərarı ilə xüsusi (xidməti) order əsasında 4 nəfər ailə tərkibində istifadəsinə verilmişdir. Hal-hazırda sözügedən mənzil xüsusi təyinatlı mənzil fonduna aid olmaqla Binəqədi Rayon MKTB-nin balansındadır. Belə ki, mənzilin verildiyi vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarxədək): -100-cü maddəsinə görə xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. -103-cü maddəsinə görə xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. -104-cü maddəsinə görə müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 2 mart tarixli, 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələri verilməsi və onlardan istifadə edilməsi qaydası haqqında Əsasnamə”nin: -1-ci bəndinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə iş yeri üzrə və ya onun yaxınlığında yaşamalı olan vətəndaşlara, xidməti yaşayış sahələri verilə bilən işçilərin kateqoriyalarının siyahısına (1 nömrəli əlavə) uyğun surətdə verilir. -2-ci bəndinə görə yaşayış sahəsi xidməti yaşayış sahələri sırasına müəssisənin, idarənin, təşkilatın vəsatəti üzrə rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. -6-cı bəndinə görə xidməti yaşayış sahələrinin uçotu rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsində uçot kitabında (2 nömrəli əlavə) aparılır. -7-ci bəndinə əsasən xidməti yaşayış sahəsi vermək haqqında qərar, sərəncamında xidməti yaşayış sahələri olan müəssisə, idarə, təşkilat müdiriyyəti, kolxoz idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarəetmə orqanları, həmkarlar ittifaqı və başqa təşkilat orqanları, hərbi hissə komandanlığı tərəfindən qəbul edilir. -9-cu bəndinə əsasən qəbul edilmiş qərara uyğun olaraq xidməti yaşayış sahəsi rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilən və bu sahəyə köçmək üçün yeganə əsas olan order üzrə (3 nömrəli əlavə) istifadə üçün verilir. -16-cı bəndinə əsasən müəssisələrin, idarələrin, təşkilatların yaşayış evlərində yaşayış sahəsi xidməti yaşayış sahələri sırasından müəssisənin, idarənin, təşkilatın vəsatəti üzrə, onu bu sıraya daxil etmiş rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə çıxarılır. Kolxoz yaşayış evlərində yaşayış sahəsi xidməti yaşayış sahələri sırasından kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillər yığıncağının qərarı ilə çıxarılır və sonra bu barədə rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Göründüyü kimi mübahisəli mənzilin verildiyi vaxt hüquq münasibətlərini tənzimləyən mənzil qanunvericiliyinə əsasən rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə mənzillərin xidməti mənzillər siyahısına daxil edilməsi, xidməti mənzillərin işçilərə işlədiyi dövr ərzində müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, həmkarlar ittifaqı orqanları tərəfindən qəbul edilən qərar əsasında, müvəqqəti olaraq istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilməsi, müvafiq müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş işçilərin xidməti yaşayış sahəsindən çıxarılmalı olması nəzərdə tutulmuşdur. xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: -17.2.2-ci maddəsinə görə dövlət mənzil fondu - mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusudur. -91.1.1-ci maddəsinə görə xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aid edilir. -10.0.7-ci maddəsinə görə dövlət və bələdiyyə mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri üzrə yaşayış sahələrinin verilməsi əsaslarını müəyyən etmək dövlətin vəzifəsidir. -91.1-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra - xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxanalarda yaşayış sahələri; 91.1.3. manevr fondu yaşayış sahələri; 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. -91.2-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. -91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. -92-ci maddəsinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 may 2010-cu il tarixli 86 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”nın: -1.3-cü bəndinə görə yaşayış sahəsinin xidməti yaşayış sahəsi kimi xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. -3.1-ci bəndinə görə xidməti yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Xidməti yaşayış sahələri özgəninkiləşdirilə, subicarəyə və ya ikinci əldən kirayəyə verilə bilməz. -3.5-ci bəndinə əsasən aşağıdakılar kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır: 3.5.1. bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. İddiaçının tələbi də ondan ibarətdir ki, xüsusi təyinatlı mənzil fonduna aid olan həmin mənzil xidməti mənzillər sırasından çıxarılaraq onunla mənzilə dair kirayə müqaviləsi bağlanması barədə sərəncam verilməsi vəzifəsi cavabdehə həvalə olunsun. İddia tələbindən müəyyən olunur ki, iddiaçının hazırkı iddianın qaldırılmasında hüquqi marağı, yəni mənzilin xidməti mənzillər sırasından çıxarılmasında məqsədi kirayə müqaviləsi bağladıqdan sonra onu özəlləşdirməkdir. Mübahisəli mənzil yuxarıda da qeyd edildiyi kimi Binəqədi Rayon Xalq Deputatları Soveti İcraiyə Komitəsinin xx.xx.1991-ci il tarixli 14 nömrəli qərarı ilə xidməti mənzillər siyahısına daxil edilmişdir. Qeyd edildiyi kimi xidməti (xüsusi təyinatlı) yaşayış sahələri müvəqqətidir, özəlləşdirməyə əsas vermir. Xidməti mənzil yalnız xidməti mənzillər siyahısından çıxarıldıqdan sonra həmin mənzilə dair müddətsiz kirayə müqaviləsi bağlanıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 118 nömrəli Qərarı ilə “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın: -1.8-ci bəndinə görə yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. -3.1-ci bəndinə görə yaşayış sahəsinin xidməti, yataqxanalarda və manevr fondu yaşayış sahələrinə aid edilməsi və ya xüsusi təyinatlı mənzil fondunun bir növündən digərinə keçirilməsi zərurəti yarandıqda, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı və dövlət təşkilatı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilir. Müraciətə müvafiq zərurəti əsaslandıran sənədlər və yaşayış sahəsinə dair təkliflər əlavə olunur. -3.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müvafiq yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi barədə təklifə müraciət daxil olduğu vaxtdan 15 gündən gec olmayaraq baxılaraq, müraciət edən orqana razılıq və ya əsaslandırılmış imtina məktubu verilir. -3.5-ci bəndinə əsasən aşağıdakı əsaslardan hər hansı birinin olduğu müəyyən edildikdə, yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsindən imtina edilə bilər: 3.5.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi əsasında tutulması; 3.5.2. yaşayış sahəsi üzərində yüklülüyün və ya məhdudiyyətin olması; 3.5.3. yaşayış sahəsinin müvafiq xüsusi təyinatlı yaşayış sahəsi üçün müəyyən edilən tələblərə cavab verməməsi. -3.8-ci bəndinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu Qayda ilə müəyyən edilmiş qaydada razılıq verildikdə, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən 10 gün ərzində qərar qəbul edilir və yaşayış sahəsi xüsusi təyinatlı mənzil fonduna aid edilir. -4.3-cü bəndinə görə xüsusi təyinatlı mənzil fonduna aid edilmiş yaşayış sahəsinə zərurət aradan qalxdıqda, bu Qayda ilə müəyyən edilmiş müraciət və razılaşdırma əsasında müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının vəsatəti ilə həmin sahə sosial təyinatlı yaşayış fonduna aid edilə bilər. Göründüyü kimi iddiaçının hüquqi marağına xidmət edən hazırkı iddia bir-biri ilə bağlı iki ardıcıl mərhələni özündə ehtiva edir. -xidməti mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması; -xüsusi təyinatlı mənzil fondundan çıxarıldıqdan sonra mənzilə dair müddətsiz kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın verilməsi. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarına əsasən xidməti mənzilin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi və xidməti mənzil fondu sırasından çıxarılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla həyata keçirilir. Hazırkı iddiaya münasibətdə xidməti mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması bilavasitə icra hakimiyyəti orqanının müraciəti əsasında, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən alınmış razılıq əsasında müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı ilə həyata keçirilə bilər. Qanunvericilikdə mənzillərin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi, təklif edilən mənzilin xüsusi təyinatlı mənzil fonduna aid edilməkdən imtinanın əsasları nəzərdə tutulsa da xüsusi təyinatlı mənzil fondundan çıxarılmanın əsasları nəzərdə tutulmamışdır. Və yaxud başqa sözlə, xidməti mənzilin hansı hallarda xüsusi təyinatlı mənzil fondundan çıxarılmalı olması halları bilavasitə tənzimlənməmişdir. Qanunvericilik bu sahədə səlahiyyəti bilavasitə sərəncamında xüsusi təyinatlı mənzil olan qurumun vəsatəti, müraciəti əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla müvafiq ərazi üzrə icra hakimiyyəti orqanına həvalə etmişdir. İddiaçıyla sözügedən mənzilə dair müddətsiz kirayə müqaviləsinin bağlanması üçün mənzilin xidməti mənzillərin sırasından çıxarılması, xidməti mənzillər sırasından çıxarılması isə qeyd edildiyi kimi müvafiq müraciət əsasında razılaşdırma qaydasında xidməti mənzillər sırasından çıxarılma barədə qərarın qəbul edilməsi tələb olunur. Hazırkı iddia üzrə müvafiq icra hakimiyyəti orqanının razılıq alınması üçün müvafiq orqana müraciət edilməmiş, razılıq əldə edilməmişdir. Beləliklə, xidməti mənzillər sırasından çıxarılma məhkəmə tərəfindən deyil, dövlət mənzil fondunun idarəetməsini həyata keçirən dövlət orqanının qərarı əsasında həyata keçirilə bilər. Mənzil qanunvericiliyi ilə məhkəmənin dövlət fonduna aid mənzilin xidməti mənzillər sırasından çıxarmaq kimi səlahiyyəti müəyyən edilməmişdir. Hazırkı halda mənzilin xidməti mənzillər sırasından çıxarılması baş vermədiyindən məhkəmə tərəfindən cavabdehin üzərinə iddiaçıyla müddətsiz kirayə müqaviləsinin bağlanılması barədə əliverişli inzibati aktın qəbul edilməsi barədə vəzifə də qoyula bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzilin xidməti mənzillər siyahısından çıxarılaraq müddətsiz kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1360/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1360/2022
11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver