Məhkəmə qərarları › İş №2-1(112)-13600/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13600/2025

22.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13600/2025 22.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “birdəfəlik müavinətin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 yanvar 2023-cü il tarixdə azadlıqdan məhrum edilmişdir. Ondan əvvəl, 07 iyul 2022-ci il trixdə cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Birdəfəlik sosial müavinətlə bağlı müraciət etmiş, lakin müraciəti təmin edilməmiş, 1 il müddət bitməmiş, yenidən 14 yanvar 2023-cü il tarixdə həbs edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, , 07 iyul 2022-ci il tarixdən şəxs həbsdən azad edilmiş, birdəfəlik müavinətlə bağlı müraciət 29 may 2025-ci il tarixdə edilmişdir. Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş sosial adaptasiya müddəti 1 il ötürüldüyündən, birdəfəlik müavinətin verilməsi mümkün olmamışdır. İddiaçı hal-hazırda cəzaçəkmə müəssisəsindədir. Onun həbs olunma və həbsdən azad edilmə ilə əlaqədar təsdiqedici sənədlər təqdim edilməmişdir. Ona 04 may 2020-ci il arixli qərarı ilə 1000 manat məbləğində birdəfəlik müavinət əvvəllər təmin edilmişdir. İddiaçı, həbsdən azad edilmiş, yenə həbs edilmişdir ki, bu onu deməyə əsas verir ki, hazırkı iş üzrə iddiaçının sosial mühitə uyğunlaşmaq məqsədi olmamışdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə vermiş, Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi 18 iyun 2025-ci il tarixli məktubun qanunsuz hesab edilməsi və birdəfəlik sosial müavinətin ödənilməsinin cavabdehə həvalə edilməsi formasında icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: Cavabdehin 18 iyun 2025-ci il tarixli məktubunda qeyd edilir ki, 07 iyul 2022-ci il tarixdən şəxs həbsdən azad edilmiş, birdəfəlik müavinətlə bağlı müraciət 29 may 2025-ci il tarixdə edilmişdir. Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş sosial adaptasiya müddəti 1 il ötürüldüyündən, birdəfəlik müavinətin verilməsi mümkün olmamışdır. Penitensiar Xidmətin məktubundan görünür ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli hökmü ilə 02 il müddətində azadlıqdan məhrum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 23 aprel 2020-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmü ilə 02 il 6 ay müddətində azadlıqdan məhrumemə cəzası verilmiş Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən həmin qərar dəyişdirilmiş, Nizami Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərarı ilə cəzası azaldılmış, 06 avqust 2022-ci il tarixdə cəza müddətinin bitməsi ilə əlaqədar azad edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 13 fevral 2024-cü il tarixli hökmü ilə yenidn azadlıqdan məhrum edilmişdir. Cəzanın əvvəli 11 mart 2023-cü il tarix, sonu 08 mart 2029-cu il tarixədir, hal-hazırda 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. 23 may 2025-ci il tarixli cəzaçəkmə müəssisəsindən cavabdehə ünvanlanmış məktubdan görünür ki, birdəfəlik sosial müavinətin ödənilməsi xahiş edilmişdir. 04 may 2020-ci il tarixli elektron sistemdən çıxarışdan görünür ki, iddiaçı tərəfindən birdəfəlik müavinətin ödənilməsi barədə müraciət edilmiş, 1000 manat müavinət məbləği müəyyən edilmişdir. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun: 3.1. Bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Maddə 4. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyasının əsas prinsipləri Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası qanunçuluq, humanizm, sosial ədalət, ünvanlılıq və könüllülük prinsiplərinə əsaslanır. 5.1. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirləri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. 7.1. Müvafiq icra hakimiyyəti orqanı penitensiar müəssisələrin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Qeydiyyata götürülmüş şəxslərə onların hüquq və azadlıqları, sosial adaptasiya tədbirlərinin məzmunu və həyata keçirilməsi qaydası izah olunur. 7.2. Penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar. 8.1. Sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Qeyd olunur ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununda cəza çəkməkdən azad edilmiş şəxslərə sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətinin təkrar təyin olunmasından imtina edilməsi barədə aşkar normanın olmaması, Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş vətəndaşların vəzifələrinə dair tələblərin yerinə yetirilməməsi vəziyyətləri mövcud olduqda belə, bu hüququn (birdəfəlik müavinət almaq hüququ) təmin olunması ilə nəticələnməməlidir. Çünki vətəndaşların vəzifələri onların hüquq və azadlıqları ilə bilavasitə bağlıdır, ona görə də, haqlı olaraq onlardan Konstitusiya və qanunlarla müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi gözlənilir, eləcə də həmin vəzifələrin yerinə yetirilməməsi müvafiq məsuliyyət doğurur. Bu mənada, nəzərə almaq lazımdır ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyasına penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemi kimi anlayış verilmişdir. Həmin Qanunun 8.1-ci maddəsində sosial adaptasiya müddətinin 1 il olduğu və 9.3-cü maddəsində isə cəza çəkməkdən azad edilmiş şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə vətəndaşlar üçün müəyyən edilmiş vəzifələri yerinə yetirməli və cəmiyyətdə qəbul olunmuş əxlaq normalarına əməl etməli olduğu göstərilmişdir. İşin hallarından müəyyən olunur ki, iş üzrə iddaçıya 04 may 2020-ci il tarixli müraciəti əsasında birdəfəlik müavinət təyin olunaraq ödənilmiş, yenidən qəsdən cinayət törətmişdir. Qeyd olunan hal onu deməyə əsas verir ki, iş üzrə əvvəlki sosial adaptasiya tədbirinin həyata keçirilməsi ilə Qanunun güddüyü məqsədin reallaşması (sosial mühitə uyğunlaşmaq, şəxsə təsir göstərə bilən kriminogen amillərdən uzaqlaşmaq və yeni cinayətlərin törədilməməsi) faktı baş verməmişdir. Kollegiya xüsusilə qeyd edir ki, sosial adaptasiya tədbirlərinin güddüyü məqsədə nail olunmaması hazırkı halda birbaşa iddiaçının təqsirli hərəkətləri ilə bağlı olmuşdur. Xususilə vurğulanmalıdır ki, cəza çəkməkdən azad edilmiş şəxs qeyd olunan Qanunun verdiyi hüquqlardan yararlanarkən, həm də Qanunun 9.3-cü maddəsində təsbit edilmiş üzərinə düşən vəzifə və öhdəliklərə də əməl etməlidir. Qanunun 9.3-cü maddəsi sosial adaptasiya müddətində cəza çəkməkdən azad edilmiş şəxsə (iddiaçıya) öz vəzifələrinə əməl edilməsi və cəmiyyətdə qəbul olunmuş əxlaq normalarına riayət edilməsi tələblərini nəzərdə tutur. Başqa sözlə, sosial adaptasiya tədbirləri yalnız dövlət tərəfindən birtərəfli həyata keçirilməli tədbirləri deyil, məhz qarşılıqlı öhdəliklərin mövcud olduğu tədbirlər sistemini nəzərdə tutur. Həmin qarşılıqlı öhdəliklər çərçivəsində barəsində sosial adaptasiya tədbirləri tətbiq edilən şəxsdən də müvafiq qaydada davranış gözlənilir. Legitim olan həmin gözlənti minimal davranış qaydalarını da ehtiva edir. Ən azından sosial adaptasiya müddəti ərzində qəsdən yeni cinayətin törədilməməsi belə minimal davranışla əhatə olunur. Bundan əlavə, qeyd edilməlidir ki, iddiaçı penitensiar müəssisədə sosial adaptasiya məqsədilə qeydiyyata ümumiyyətlə qeydiyyata alınma məqsədilə cavabdehə ərizə ilə müraciət etməmişdir,başqa sözlə, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosialadaptasiyası haqqında” Qanunun 7.2-ci maddəsilə imperativ qaydada tələb olunan üçaylıq müddət, ərizə ilə müraciət etmə və ən əsası, qeydiyyata alınma şərtlərinə onuntərəfindən əməl olunmamışdır. Bundan başqa, iddiaçıya sözügedən Qanunun 6.1.7 və14.1-ci maddələrinə əsasən birdəfəlik pul müavinətinin verilə bilməsi üçün o, Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfındən qeydiyyata alınmalı idi. Lakin iddiaçı sonuncu tərəfindən qeydiyyata alınmamışdır. Odur ki, qeyd olunan qaydada qeydiyyata alınmayan şəxsin barəsində sosial adaptasiya tədbirləri tətbiq oluna bilməz. Bundan əlavə, qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin (2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı ilə qüvvədən düşmüşdür) 2.17.1-ci bəndində qeyd edilmişdir ki, aylıq müavinətin, təqaüdün və kompensasiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər və məlumatlar da (bu Qaydaların 4.9- cu bəndinin tələbləri nəzərə alınmaqla) təqdim edilməlidir:...2.17. cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün: 2.17.1. cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı, məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarının surəti. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nın 4-cü bəndinə görə... aşağıdakı aidiyyəti sənədlərin və ya onların surətinin (bu Qaydanın 4.4-cü bəndinin tələbi nəzərə alınmaqla) təqdim edilməsi tələb olunur: ... 4.1.18. penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün:...4.1.18.2. şəxsin cəza çəkməkdən azad edilməsi barədə cəzaçəkmə müəssisəsinin arayışı; 4.1.18.3. məhkəmənin qanunvericiliklə müəyyən edilmiş əsaslarla şəxsin müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzanı çəkməkdən azad edilməsi barədə qərarının surəti. Lakin, hazırkı halda birdəfəlik ödənişin edilməsinə əsas olan həmin sənədlərin təqdim edildiyi müəyyən edilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən 1 illik müddət ötürülməklə müraciət edilmiş, müavinətlə bağlı gec müraciət etməsinin ondan aslılı olmayan səbəblərdən baş verdiyini təsdiq edən sənədlər təqdim etməmiş, eləcə də cəzaçəkmə müəssisəsindən azad edilmə barədə təsdiqedici sənədlər və cəzaçəkmə müəssisəsinin arayışı təqdim edilməmişdir. Qeyd olunur ki, Qanunun 1.0.3-cü maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası dedikdə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemi başa düşülür. Hazırkı halda isə adaptasiya ilə bağlı məbləğ tələb edən şəxs bir dəfə həmin müavinəti əldə etmiş, yenidən qəsdən cinayət törətmiş, azadlıqdan məhrum edilmə cəzası çəkildikdən sonra yenidən qəsdən cinayət törətmişdir ki, məhkəmə hesab edir ki, Qanunun məqsəd və prinsipləri baxımından həmin şəxsə sosial adaptasiya ilə əlaqədar müavinətin təyin edilməsi istisna edilməlidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Ali Məhkəmənin 2-1(102)-430/2025 xx.xx.2025-ci il tarixli qərarında (✯✯✯) qeyd edilir ki, Aşağı instansiya məhkəmələri iddia tələbini təmin edərkən ona istinad etmişlər ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununda cəza çəkməkdən azad edilmiş şəxslərə sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətinin təkrar təyin olunmasından imtina edilməsi barədə heç bir hüquqi norma yoxdur. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununda cəza çəkməkdən azad edilmiş şəxslərə sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətinin təkrar təyin olunmasından imtina edilməsi barədə aşkar normanın olmaması, Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş vətəndaşların vəzifələrinə dair tələblərin yerinə yetirilməməsi vəziyyətləri mövcud olduqda belə, bu hüququn (birdəfəlik müavinət almaq hüququ) təmin olunması ilə nəticələnməməlidir. Çünki vətəndaşların vəzifələri onların hüquq və azadlıqları ilə bilavasitə bağlıdır, ona görə də, haqlı olaraq onlardan Konstitusiya və qanunlarla müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi gözlənilir, eləcə də həmin vəzifələrin yerinə yetirilməməsi müvafiq məsuliyyət doğurur. 2-1(102)-3252/2024 xx.xx.2024-cü il tarixli qərarda qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin (2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı ilə qüvvədən düşmüşdür) 2.17.1-ci bəndində qeyd edilmişdir ki, aylıq müavinətin, təqaüdün və kompensasiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər və məlumatlar da (bu Qaydaların 4.9- cu bəndinin tələbləri nəzərə alınmaqla) təqdim edilməlidir:...2.17. cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün: 2.17.1. cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı, məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarının surəti. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nın 4-cü bəndinə görə... aşağıdakı aidiyyəti sənədlərin və ya onların surətinin (bu Qaydanın 4.4-cü bəndinin tələbi nəzərə alınmaqla) təqdim edilməsi tələb olunur: ... 4.1.18. penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün:...4.1.18.2. şəxsin cəza çəkməkdən azad edilməsi barədə cəzaçəkmə müəssisəsinin arayışı; 4.1.18.3. məhkəmənin qanunvericiliklə müəyyən edilmiş əsaslarla şəxsin müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzanı çəkməkdən azad edilməsi barədə qərarının surəti. Hər iki halda iddiaçının cəza çəkməkdən azad edilməsi barədə cəzaçəkmə müəssisəsinin arayışı mövcud olmamışdır. Bu ondan irəli gəlir ki, iddiaçı hər hansı məhkəmə aktı və səlahiyyətli dövlət orqanının qərarı ilə cəzadan azad edilməmişdir. 2-1(102)-122/2022 saylı xx.xx.2022-ci il tarixli qərarda qeyd edilir ki, iddiaçı penitensiar müəssisədə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmişdir, o, cəza çəkməkdən azad edildikdən sonra da 3 ay ərzində və ümumiyyətlə qeydiyyata alınma məqsədilə cavabdehə ərizə ilə müraciət etməmişdir, başqa sözlə, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun 7.2-ci maddəsilə imperativ qaydada tələb olunan üç aylıq müddət, ərizə ilə müraciət etmə və ən əsası, qeydiyyata alınma şərtlərinə onun tərəfindən əməl olunmamışdır. Bundan başqa, iddiaçıya sözügedən Qanunun 6.1.7 və 14.1-ci maddələrinə əsasən birdəfəlik pul müavinətinin verilə bilməsi üçün o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfındən qeydiyyata alınmalı idi. Lakin iddiaçı sonuncu tərəfindən qeydiyyata alınmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar