Məhkəmə qərarları › İş №2-1(112)-13608/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13608/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13608/2025 02.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 02 dekabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) vergi orqanlarında ********** “VÖEN”lə qeydiyyatdan keçərək fəaliyyət Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 97, mənzil 54 olan vergi ödəyicisidir. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-628355/2025 nömrəli qərarı ilə iddiaçıya 2025-ci ilin 1-ci rüb üzrə 2.445,00 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə üzrə əlavə vergi hesablanmışdır. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş 27 may 2025-ci il tarixli, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3-21-2-3/2-628355/2025 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cəmiyyətə 17 aprel 2025-ci il tarixli 3-21-2-3/2- 454173/2025 nömrəli sənədlərin tələb edilməsi haqqında məktub göndərmişdir. Həmin məktubda 1. “Tərəfinizdən təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqları bəyannamələri (hesabat)”nda 902-ci “Gəlirlər” sətrinin 1-ci ayı üzrə göstərilmiş 950.00 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 1187.50 manat gəlir məbləğindən 237.50 manat az əks etdirildiyi üçün kənarlaşma yaranmışdır” qeyd edir, lakin cavabdehin həmən məktubda gəldiyi nəticə tamamilə qeyri qanuni və əsassızdır. Cavabdeh həmən məktubda daha sonra qeyd edir: 2.“Tərəfinizdən təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqları bəyannamələri (hesabat)”nda 902-ci “Gəlirlər” sətrinin 2-ci ayı üzrə göstərilmiş 717.50 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 1500.00 manat gəlir məbləğindən 782.50 manat az əks etdirildiyi üçün kənarlaşma yaranmışdır” qeyd edir, lakin cavabdehin həmən məktubda gəldiyi bu nəticə də tamamilə qeyri qanunu və əsassızdır. Belə ki, cəmiyyətin təqdim etdiyi hesabat məlumatları rəsmi sənədlərə əsasən tamamilə doğru olan rəqəmlərdir və bu rəqəmlərin dəyişdirilməsi üçün heç bir qanuni əsas yoxdur. İşə götürənlə (Cəmiyyət ilə) işçi arasında münasibətlər rəsmi tərtib və təsdiq edilmiş Əmək Müqaviləsinə əsasən tənzimlənir və əmək müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddəsinə əsasən əsaslı və düzgün tərtib edilmiş, əmək müqaviləsinə isə hər hansı bir dövlət və ya üçüncü şəxslərin müdaxiləsi, əlavə etmələri qəti qadağandır, yəni cəmiyyətin əmək müqaviləsinə əsasən apardığı hesablamalar və təqdim edilmiş hesabat məlumatları doğrudur, düzgündür, əsaslıdır və qanunidur. Cavabdehə, qeyri qanuni və əsassız hesablamaların aparılması barədə Şikayət məktubu ünvanlanmış, lakin bütün bunlara baxmayaraq qeyri qanuni və əsassız hesablamalar barədə 27 may 2025-ci il tarixdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” № 3-21-2-3/2-020355/2025 nömrəli Qərar qəbil etmişdir. Qərarda “1.Təqdim edilmiş bəyannamə, hesabat üzrə sizin tərəfinizdən hesablanmış vergi və ya sığorta haqqı 710,26 manat; 2.Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 3.155,26 manat qeyd edilərək, 3.1. Əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği kimi 2.445,00 manat” qeyri qanuni və əsassız vergi hesablamışdır. Cavabdeh tərəfindən qeyri-qanuni və əsassız əlavə vergi məbləğinin hesablanması barədə dəfələrlə məktublar göndərilmiş, məktublarda iddaçı tərəfindən təqdim edilmiş bəyannamələrdəki rəqəmlərin rəsmi sənədlərlə təsdiq edilməsini sübut edən sənədlərin surətlərinin əlavə edilməsinə baxmayaraq, cavabdeh tərəfindən qeyri qanunu və əsassız hesablanmış vergilərə dair qəbul etdiyi qərarın ləğv edilməsi üçün heç bir əməli tədbir görməmişdir. Cəmiyyətin auditoru X2 əsas iş yeri "xxxx" MTK olmaqla yanaşı, digər üç cəmiyyətdə işləyir və bu səbəbdən onun aylıq əmək haqqı 100 (bir yüz) manatdır və cəmiyyətdə faktiki olaraq hər gün 1 (bir) saat iş vaxtı sərf edir. Digər işçi X5 tələbədir və onun iş saatı saat 10:00 başlanır, saat 14:00 qurtarır, nahar vaxtı saat 13:00-dan saat 14:00-dəkdir, yəni ştat vahidinin 1/2 hissəsi olmaqla “tam deyil, yarım oklad” iş vaxtı işlədiyindən onun əmək haqqı aylıq 200 (iki yüz) manat olmaqla qanuna əsasən əmək müqaviləsi təsdiq edilib rəsmiləşdirlmişdir. X3 isə 10 fevral 2025-ci il tarixdə işdən azad edildiyi üçün ona işlədiyi günlərə görə əmək haqqı hesablanmışdır və bu da qanuna əsasən düzgün olaraq hesablamanın aparıldığını təsdiq edir. Əlavə olaraq vergilər idarəsi tərəfindən qanunsuz və əsassız hesablanmış vergi, məcburi sosial sığorta haqqlarının ləğv edilməsi barədə cavabdehə yazılmış Şikayət nəktublarında bunlar barədə geniş məktub yazılmışdır. Digər tərəfdən cəmiyyətin əmək müqavilələri, ƏMAS-da olan məlumatlar və hesablamalara dair məlumatlar Skayn edilib cavabdehə göndərilmişdir, buradan belə nəticəyə gəlinir ki, cavabdeh yazılan məktubları ya tamamilə araşdırmamış, ya da məktublara heç baxılmamışdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 2025-ci ilin İ rübü üzrə təqdim etdiyi Vahid Bəyannamədə göstərdiyi əmək haqqı gəlirləri ilə Dövlət Sosial Müdafiə Fondunun elektron bazasında əks olunan rəqəmlər arasında fərqlər olmasına baxmayaraq, bu fərqləri təsdiqedici sənədlərlə əsaslandıra bilməmişdir. Bu ziddiyyətlərin Vergi Məcəlləsinin 37.3-cü maddəsinə əsasən kameral vergi yoxlaması yolu ilə müəyyən edilməsi nəticəsində xx.xx.2025-ci il tarixli 3-21-2-3/2- 628355/2025 nömrəli qərar qəbul edilmişdir. İddiaçının həmin qərarın ləğvi ilə bağlı irəli sürdüyü tələbin əsasız olduğu qənaətindədir. Belə ki, təqdim olunan bəyannamədə yanvar ayı üzrə əmək haqqı gəliri 950 manat, fevral ayı üzrə isə 717,50 manat kimi göstərilmişdir. Halbuki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemində müvafiq işçilər üçün göstərilən gəlir yanvar ayında 1187,50 manat, fevral ayında isə 1500 manat olmuşdur. Göstərilən rəqəmlər arasında uyğunsuzluq olması vergi tutulan obyektin bilərəkdən azaldılmasına dəlalət edir. Əmək haqqı kimi ödənilmiş vəsaitlərin bəyannamədə düzgün əks olunmaması isə vergi və sosial sığorta qanunvericiliyinin pozuntusu sayılır. İddiaçının bu fərqlərlə bağlı təqdim etdiyi izahat müvafiq sənədlərlə təsdiqlənmir. Belə ki, izahatda auditor Rəsət Miriyevin əsas iş yerinin başqa təşkilat olduğu, digər işçilərin isə natamam iş vaxtı ilə çalışdığı qeyd olunmuşdur. Bu arqumentlər iddiaçıya görə əməkhaqqının az olmasını əsaslandırmağa yönəlib. Lakin iddiaçıya məxsus bank hesabından edilən məxaric əməliyyatları bu izahata ziddir. Yəni 2025-ci ilin yanvar-mart ayları üzrə "xxxx" ASC-də olan 3-196252-20 nömrəli hesabdan ümumilikdə 10.650 manat “əmək haqqı ödənişi” təyinatlı ödənişlərin edilməsi aşkar edilmişdir. Əgər işçilərin maaşı iddiaçının göstərdiyi kimidirsə, o halda, bu məbləğin kimlərə və hansı əsasla ödənildiyi sual doğurur. İddiaçının bu məsələyə dair cavabdehə heç bir müqavilə, hesabat və ya ödəniş bölgüsü təqdim etməməsi əksinə, sadəcə ümumi izahla kifayətlənməsi vergi öhdəliklərinin qəsdən azaldılmasını sübut edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3- cü maddəsinə əsasən vergi ödəyiciləri vergitutma obyektlərinin uçotunu düzgün aparmalı, bütün əməliyyatlara dair sənədləri təqdim etməlidirlər. Həmin Məcəllənin 58.1.1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergi tutulan obyektin azaldılması — o cümlədən, əmək haqqının bilərəkdən az bəyan edilməsi vergi qanunvericiliyinin pozulması kimi qiymətləndirilir. “Sosial Sığorta haqqında” Qanunun 2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası bütün əmək müqaviləsi ilə işləyənlərə münasibətdə həyata keçirilməlidir. Həmin Qanununa əsasən sığortaedən tərəfindən işçiyə ödənilən əmək haqqıdan müəyyən faizlə sosial sığorta haqqı tutulmalı və ödənilməlidir. Əgər faktiki olaraq əmək müqaviləsi mövcuddursa və bank vasitəsilə müvafiq məbləğlərdə “əmək haqqı” təyinatlı ödənişlər aparılıbsa, bu ödənişlərin düzgün bəyan olunmaması həm vergi, həm də sosial sığorta öhdəliyinin yayındırılmasıdır. Yuxarıda qeyd edilən səbəblərə görə cavabdeh hesab edir ki, xx.xx.2025-ci il tarixli qərar qanunamüvafiqdir və Vergi Məcəlləsinin, “Sosial Sığorta haqqında” Qanunun və Vahid Bəyannamənin tətbiqi qaydalarına uyğun qəbul edilmişdir.. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2025-ci il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2025-ci il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır. Belə ki, iddiaçı həmin qərardan xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə inzibati şikayət vermişdir. Lakin həmin şikayətin nəticəsi barədə iddiaçıya məlumat verilməmişdir.. İddiaçı xx.xx.2025-cü il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1, 38.3). Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, cavabdehin hazırda mübahisələndirilən xx.xx.2025-ci il tarixli, 3- 21-2-3/2-628355/2025 nömrəli qərarı ilə iddiaçıya 2025-ci ilin 1-ci rüb üzrə 2.445,00 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə üzrə əlavə vergi hesablanmışdır. İddiaçı həmin qərarla razılaşmır və ləğv edilməsini xahiş edir. Cavabdeh qərarın qəbul edilməsi əsası kimi, ona istinad edir ki, aparılmış araşdırma nəticəsində “Əmək və məşğulluq” altsistemi (ƏMAS) məlumat bazasında qeyd edilmiş əmək haqqı fondu və işçi sayı göstəriciləri ilə müvafiq bəyannamədə bəyaan edilən işçi sayı və ya əmək haqqı fondu arasında kənarlaşma kənarlaşma müyəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır, mübahisələndirilən qərar qanunvericiliyin tələblərinə əsasən qəbul edilmişdir və ləğv edilməsi üçün əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 16.1.1 və 16.1.3. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Sosial sığorta haqqını vaxtında ödəmək sığortaolunanların vəzifəsidir. Maddə 14.3.1. Sığortaedən tərəfindən ödənilən sığorta haqqı – hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi dərəcəsi ilə ödənilir. Maddə 14.6. Bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Maddə 21. Məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları sığortaedənlər barəsində maliyyə sanksiyaları tətbiq etmək hüququna malikdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. İş materiallarında olan iddiaçının vergi orqanına təqdim etiyi bəyannamədə yanvar ayı üzrə əmək haqqı gəliri 950 manat, fevral ayı üzrə isə 717,50 manat kimi göstərilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemində müvafiq işçilər üçün göstərilən gəlir yanvar ayında 1187,50 manat, fevral ayında isə 1500 manat olmuşdur. Göstərilən rəqəmlər arasında uyğunsuzluq olması vergi tutulan obyektin bilərəkdən azaldılmasına dəlalət edir. Əmək haqqı kimi ödənilmiş vəsaitlərin bəyannamədə düzgün əks olunmaması isə vergi və sosial sığorta qanunvericiliyinin pozuntusu sayılır. İddiaçının bu fərqlərlə bağlı təqdim etdiyi izahat müvafiq sənədlərlə təsdiqlənmir. Belə ki, izahatda auditor Rəsət Miriyevin əsas iş yerinin başqa təşkilat olduğu, digər işçilərin isə natamam iş vaxtı ilə çalışdığı qeyd olunmuşdur. Bu arqumentlər iddiaçıya görə əmək haqqının az olmasını əsaslandırmağa yönəlib. Lakin iddiaçıya məxsus bank hesabından edilən məxaric əməliyyatları bu izahata ziddir. Belə ki, 2025-ci ilin yanvar-mart ayları üzrə "xxxx" ASC-də olan 3-196252-20 nömrəli hesabdan ümumilikdə 10.650 manat “əmək haqqı ödənişi” təyinatlı ödənişlərin edilməsi aşkar edilmişdir Cavabdeh tərəfindən iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilərək müvafiq bəyannaməsinin və ətraflı izahat məktubunun təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış cavab və dəqiqləşdirilmiş bəyannamə təqdim edə bilməmişdir. İddiaçı məhkəmə icraatı zamanı da həmin uyğunsuzuq barədə məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən iddia təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar