Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1361/2023 08.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti) qarşı “məhdudiyyətin ləğv edilməsi və qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində istifadəsində olan 0,02107 ha torpaq sahəsində yerləşən 38A nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 640,2 kv.m ümumi (11.1 kv.m köməkçi) sahədən ibarət olan qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********55 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, qeyd olunan daşınmaz əmlak üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 6/45-243m saylı, xx.xx.2015-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuşdur. Həmçinin, İdarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmamışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzərinə qoyulmuş məhdudiyyətin götürülməsini xahiş etmiş, cavabdeh iddiaçının bu tələbini də təmin etməkdən imtina edərək xx.xx.2022-ci il tarixli **********09 saylı məktubla bildirmişdir ki, müvafiq orqan tərəfindən qeyd olunan ünvanda yerləşən daşınmaz əmlak üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi barədə rəsmi məktub İdarəyə daxil olacağı təqdirdə müraciətdə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində istifadəsində olan 0,02107 ha torpaq sahəsində yerləşən 38A nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 640,2 kv.m ümumi (11.1 kv.m köməkçi) sahədən ibarət olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu qeydiyyatı təsdiq edən elektron çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra xx.xx.2022-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində istifadədə olan 0.02107 ha torpaq sahəsində yerləşən 38A nömrəli binanın 1-ci mərtəbəsində 640.2 kv.metr ümumi, 629.1 kv.metr əsas, 11.1 kv.metr köməkçi sahədən ibarət olan qeyri-yaşayış sahəsinə münasibətdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1/124m saylı, xx.xx.2015-ci il tarixli məktubu və məktub əsasında adıçəkilən qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş məhdudiyyət və məhdudiyyətin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının qanunsuz sayılmaqla, qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrindən ləğv edilməsi və həmin qeyri-yaşayış sahəsinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması və bu qeydiyyatı təsdiq edən elektron çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-490/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən tələbin X6 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində istifadədə olan 0.02107 ha torpaq sahəsində yerləşən 38A nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 640.2 kv.metr ümumi (11.1 kv.metr köməkçi) sahədən ibarət olan qeyri-yaşayış sahəsinə yönəldilməsi qərara alınmışdır. Yuxarıda qeyd edilən əmlak açıq hərraca çıxarılaraq ixtisaslaşmış təşkilat "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli, 19 saylı protokola əsasən ona satılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0.2-ci maddələrinə istinad edilməklə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində istifadədə olan 0.02107 ha torpaq sahəsində yerləşən 38 A nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 640.2 kv.metr ümumi (11.1 kv.metr köməkçi) sahədən ibarət olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınaraq, bu qeydiyyatı təsdiq edən elektron çıxarışın verilməsi barədə ərizə ilə cavabdehə müraciət edilmişdir. Qeydiyyat orqanının xx.xx.2022-ci il tarixli cavab məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmiş, əsas kimi isə göstərilmişdir ki, qeyd olunan daşınmaz əmlak üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 6/45- 243m saylı, xx.xx.2015-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuş, İdarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmamışdır. Qeydiyyat orqanının imtinası əsassız və qanunsuzdur. Əvvəla, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.3-cü maddəsinə görə, hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və s). Qeydiyyat orqanı isə cavab məktubunda sözügedən əmlak üzərinə qoyulmuş məhdudiyyətin və yüklənmənin növünü, ümumiyyətlə, göstərməmiş, nəticədə isə ərizənin təmin edilməsindən əsassız olaraq imtina etmişdir. Qeyd edilən normanının məzmunundan da göründüyü kimi, hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsinin məhdudlaşdırılması iki qaydada aparıla bilər: 1) qanun əsasında; 2) qanunla nəzərdə tutulmuş qaydada. Hazırkı vəziyyətdə qanun əsasında məhdudlaşma halı mövcud deyildir. Qanunla nəzərdə tutulan məhdudlaşma məsələsinə gəldikdə isə, qanunvericilikdə sadəcə “məktub” əsasında məhdudlaşmanın tətbiq edilməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi, qeydiyyat orqanı qanunvericilikdə nəzərdə tutulmamış əsasla əmlak üzərinə məhdudiyyət qoymuşdur, həmçinin, bu məhdudiyyətin aradan qaldırılması ilə bağlı da heç bir hüquqi tədbir görməmişdir ki, bu hal da mülkiyyət hüquqlarının həyata keçirilməsini məhdudlaşdırır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsi qeydiyyat orqanı tərəfindən yanlış şərh edilmiş, sənədlərdəki və reyestrdəki məlumatların uyğunluğunun yoxlanılması inventarlaşdırma işlərinin aparılması ilə əlaqələndirilmişdir. Həmin maddəyə görə isə, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatların dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Normanın mahiyyətindən də görünür ki, “daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması” dedikdə, əmlaka baxış keçirilməklə texniki inventarlaşdırma işlərinin aparılması deyil, sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumatlarla müqayisə edilməsi və uyğunluğunun araşdırılması nəzərdə tutulur. Hazırkı vəziyyətdə də belə bir uyğunsuzluq mövcud deyildir. Həmçinin DƏDRX tərəfindən verilmiş MH seriyalı, ******* saylı çıxarışa əsasən **********37-05301-083001 reyestr nömrəli əmlakın hərracda satılması məhz həmin çıxarışda göstərilən ölçüdə baş tutmuşdur. Bu da o nəticəyə gəlməyə əsas verir ki, texniki inventarlaşdırma işlərinin aparılmasına heç bir zərurət mövcud olmamışdır. İddiaçının tələbinin həcminin artırılması barədə ərizədə isə göstərmişdir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış **********08 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu və məktuba əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, qeyri-yaşayış sahəsinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 6/45-243m saylı, xx.xx.2015-ci il tarixli məktubu ilə deyil, 1/124m saylı, xx.xx.2015-ci il tarxli Məktubu əsasında məhdudiyyət qoyulmuşdur. Cavabdeh imtina məktubunda "məhdudiyyət” qoyulmasını qeyd etsə də, həmin məhdudiyyətin nədə ifadə olunmasını açıqlamamış və buna aydınlıq gətirməmişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.3-cü maddəsinə əsasən hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə). Göründüyü kimi qanunverici məhdudiyyət ifadəsi altında hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağaların servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairədən ibarət olmasını müəyyən etmişdir ki, hazırkı halda cavabdeh qeyri yaşayış sahəsinə dair qanunverciliklə müəyyən olunmuş məhdudiyyətlərdən hansının tətbiq etdiyini açıqlamamış, yalnız ümümi ifadə ilə əmlak üzərində məhdudiyyətin olduğunu qeyd etməklə kifayətlənmişdir ki, bu da ona dəlalət edir ki, cavabdeh özü də imtinasının və qeyd olunan məktubun hüquq sahibinin hüququnun məhdudlaşdırılması, qoyulmuş məhdudlaşmanın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və saxlanılması üçün qanuni əsas olmadığını bilmiş və bilməli idi. Cavabdehin qeyri-yaşayış sahəsinə məhdudiyyət qoyulmasının əsası kimi qəbul olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 01,06.2015-ci il tarixli, 1/124 m saylı məktubundan müəyyən edilir ki, müvafiq məhdudiyyət Azərbaycan Beynəlxalq Bankının müraciəti əsasında istintaq edilən cinayət işi üzrə qoyulmuşdur ki, bu halda da həmin məhdudiyyət cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməli idi, digər hər hansı bir hal isə birbaşa qanunvericiliyin tələblərinə zidd olmaqla qəbuledilən sayıla bilməz. Müəyyən olunur ki, cavabdehin qeyri-yaşayış sahəsinə dair hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsinə məhdudiyyət tətbiq etməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu və CPM ilə müəyyən olunmuş hər hansı bir qanuni əsası mövcud olmamışdır. Həmçinin ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində 38 A nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi və qeyri-yaşayış sahəsinin satışından əldə olunmuş pul vəsaitinin tələbkar Azərbaycan Mərkəzi Bankına ödənilməsinə dair Səbail Rayon Məhkəməsinin qətnaməsi (həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətlərinə baxılma müddətləri də nəzərə alınmaqla) qeyriyaşayış sahəsinə məhdudiyyətin qoyulmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli, 1/124 m saylı məktubunun verildiyi tarixdən təxminən 3 il sonra qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Qanuni qüvvəyə minmiş yuxarıda qeyd olunan qətnamənin icrasının hər hansı bir orqanın, o cümlədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qərarı, məktubu və başqa aktları əsasında dayandırılması və yaxud icra olunmaması isə ümumiyyətlə qanunvericilikdə nəinki nəzərdə tutulmamışdır, əksinə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Səbail Rayon Məhkəməsinin 2(009)-490/2017 №-li, xx.xx.2017-ci il tarixli icra sənədi icraya yönəldikdən sonra hər hansı bir orqanın, o cümlədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli, 1/124 m saylı məktubunun qeyri-yaşayış sahəsinə dair hüquqi qüvvəyə malik olduğu halda belə öz əhəmiyyətini itirmişdir və cavabdeh qeydiyyat orqanının həmin məktuba istinad etməklə qanuni əsaslarla iddiaçının qeyri-yaşayış sahəsinə dair əldə etdiyi mülkiyyət hüququnun qeydə alınmasında imtinası qanunsuz və əsassız olmuşdur. Zöhrab Qəribovun direktoru olduğu "xxxx" MMC-nin Azərbaycan Beynəlxalq Bankına olan borcuna görə aparılan istintaq hərəkətlərinin İddiaçı, o cümlədən Azərbaycan Respublikası Mərkəzi Bankına hər hansı bir aidiyyəti olmadığından və ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən Zöhrab Qəribovun mülkiyyətindən çıxarıldığından cavabdehin İddiaçı qeyriyaşayış sahəsinə dair qanuni əsaslarla əldə etdiyi mülkiyyət hüququnun qeydə alınmasından imtinası qanusuz və əsasızdır və imtinanın heç bir hüquqi əsası mövcud deyil. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli etirazında imtina məktubunda göstərilən dəlillərə istinad edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, iddia tələbində göstərilən qeyriyaşayış sahəsi dövlət reyestrində qeydiyyatdan keçməklə hazırda X5 xüsusi mülkiyyətindədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etirazı müdafiə edərək, iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, digər üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia məhdudiyyətin götürülməsi və qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan: - Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti mülkiyyət hüququ haqqında 004582 nömrəli, xx.xx.2005-ci il tarixli şəhadətnamədən görünür ki, ünvan 5 ünvanında yerləşən, ü/s 640.2 kv.m olan 5 saylı mağaza X7 xüsusi mülkiyyətinə verilmişdir. - xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı X11 ona məxsus olan ünvan 5 ünvanında yerləşən, ü/s 640.2 kv.m olan 5 saylı mağazanı alıcı X1. - MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, X5 ünvan 5 ünvanında yerləşən, ü/s 640.2 kv.m olan 5 saylı mağazaya dair mülkiyyət hüququ xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. - iş materiallarından görünür ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)-490/2017 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Mərkəzi X2 qarşı “kreditin və kredit üzrə hesablanmış faizlərin ödənilməsi” ilə bağlı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ilkin iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Mərkəzi Bankı ilə "X14" ASC arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 986-180-07 nömrəli kredit müqaviləsi üzrə 7.222,25 AZN faiz borcu, xx.xx.2007-ci il tarixli, 1054-80-07 nömrəli kredit müqaviləsi üzrə 1.515.065,10 AZN əsas borc və 365.214,21 AZN faiz borcu, xx.xx.2008-ci il tarixli, 1073-180-08 nömrəli kredit müqaviləsi üzrə isə 1.700.000 AZN əsas və 209.555,56 AZN faiz borcu olmaqla, ümumilikdə 3.215.065,10 AZN əsas, 581.992.02 AZN faiz borcunun xx.xx.2007-ci il tarixli ipoteka və xx.xx.2008-ci il və xx.xx.2008-ci il tarixli sonrakı ipoteka müqavilələrinə uyğun olaraq ipoteka ilə yüklü edilmiş, X6 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində istifadədə olan 0.02107 ha torpaq sahəsində yerləşən 38a nömrəli binanın 1-ci mərtəbəsində 640.2 kv.m ümumi, 11.1 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində Azərbaycan Respublikası Mərkəzi Bankına ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin X6 verilməsi qərara alınmışdır. - xx.xx.2018-ci il tarixli icra vərəqindən görünür ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)-490/2017 saylı qətnaməsi xx.xx.2018-ci il tarixdə qanuni qüvvəsini almış, xx.xx.2018-ci il tarixdə icra vərəqəsi verilmişdir. -İşdə olan xx.xx.2019-cu il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərardan görünür ki, X6 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində istifadədə olan 0.02107 ha torpaq sahəsində yerləşən 38a nömrəli binanın 1-ci mərtəbəsində 640.2 kv.m ümumi, 11.1 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi üçün "xxxx" MMC-dən qiymətləndiricinin dəvət edilməsi qərara alınmışdır. - Nərimanov rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X6 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində istifadədə olan 0.02107 ha torpaq sahəsində yerləşən 38a nömrəli binanın 1-ci mərtəbəsində 640.2 kv.m ümumi, 11.1 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi "xxxx" MMC tərəfindən 854.000 manat dəyərində qiymətləndirildiyi bildirilmiş və "xxxx" MMC-dən hərracın keçirilməsi xahiş olunmuşdur. - "xxxx" MMC-nin Hərracın Yekunları barədə xx.xx.2022-ci il tarixli, 19 saylı protokolundan görünür ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)- 490/2017 saylı icra vərəqi və Nərimanov rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli, 445- 114219/2018-15-27 saylı sifariş məktubu əsasında X6 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində istifadədə olan 0.02107 ha torpaq sahəsində yerləşən 38a nömrəli binanın 1-ci mərtəbəsində 640.2 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin satılması barədə açıq hərrac keçirilmiş, hərracın qalibi İddiaçı olmuş, o, 860.000 manata daşınmaz əmlakı hərracdan almış, xx.xx.2022-ci il tarixli 211OPXU220380001 nömrəli qəbzə əsasən İddiaçı həmin məbləği Nərimanov Rayon İcra Şöbəsinin hesabına ödəmişdir. - xx.xx.2022-ci il tarixli, 27-41 nömrəli ödəniş tapşırığından görünür ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)-490/2017 saylı icra sənədi üzrə tələbkar AR Mərkəzi Bankının hesabına 860.000 manat ödəniş edilmişdir. İddiaçı hərrac vasitəsilə əldə etdiyi əmlaka mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş bu zaman həmin əmlakın üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 6/45- 243m saylı, xx.xx.2015-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulmasına istinad etmişdir. İddiaçı bu imtina ilə razılaşmır və hazırkı iddia ilə:
1. həmin məhdudiyyət barədə qeydin ləğv edilməsini;
2. qeyri-yaşayış sahəsinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir. Məhkəmə iddiaçının bu tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. İ tələb - məhdudiyyətə dair qeydin ləğv edilməsi Cavabdehin imtinasından görünür ki, o mübahisəli əmlaka məhdudiyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 6/45-243m saylı, xx.xx.2015-ci il tarixli məktubu əsasında qoymuşdur. Məhkəmə qeyd edir ki, işdən görünür ki, X16 Məhkəməsinin 2-(86)-758/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin iddiası təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən xx.xx.2007-ci il tarixli 4516 nömrəli kredit müqaviləsi üzrə 500.000 manat əsas, 95.500 manat faiz, 17.600 manat cərimə olmaqla 616.100 manat, xx.xx.2008-ci il tarixli 01 nömrəli kredit sazişi və həmin sazişə xx.xx.2008-ci il tarixli əlavə üzrə yaranmış 748.464 avro əsas, 145.420 avro faiz və 26400 avro cərimə olmaqla 920.284 avro məbləğində pul vəsaitinin tutularaq "xxxx" ASC-yə verilməsi qət edilmişdir. - 107 nömrəli, xx.xx.2016-cı il tarixli aktdan görünür ki, "xxxx" MMC-nin 258 926.50 manat və 920 284.00 avro borcu üzrə tələb hüququ Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmiş, həmin borcla bağlı girov, ipoteka yüklülüyü yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1/124m saylı, xx.xx.2015-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Beynəlxalq Bankının müraciəti əsasında istintaq edilən cinayət işi uzrə xx.xx.2015-ci il tarixli 1/99m nömrəli məktuba əlavə olaraq təqdim edilən siyahı orada adları göstərilən şəxsələrə məxsus daşınmaz əmlakların özgəninkiləşdirilməsinin dayandırılması üçün cavabdehə göndərilmiş, həmin siyahıda X5 adı olmuş, məktubda həmçinin Azərbaycan Beynəlxalq Bankına girov qoyulmuş əmlakların bankın mülkiyyətinə keçirilməsinə etiraz edilmədiyi qeyd olunmuşdur. - Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2022-ci il tarixli, 007- 13036-1222 nömrəli məktubundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin külli miqdarda pul vəsaitlərinin fiziki və hüquqi şəxslər tərəfindən ələ keçirilməsi ilə bağlı cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, qeyd olunan daşınmaz əmlakın mülkiyyətçisi X8 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru vəzifəsində işləyərkən dələduzluq yolu ilə 1.461.102 manat pulu ələ keçirməklə banka külli miqdarda ziyan vurmuşdur. Zöhrab Qəribova xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2016-cı il tarixdə həbs müddətinin başa çatması səbəbindən azad olunaraq polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilməklə iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. X10 direktoru olduğu "xxxx" MMC-nin banka 1.366.968 manat kredit borcu vardır və həmin borc üzrə tələb hüququ "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. Beləliklə, işin istinad olunan hallarından görünür ki, mübahisəli əmlaka məhdudiyyət qoyulması onun mülkiyyətçisi X5 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu ilə bağlı Z.Qəribov barəsində başlanmış cinayət işi ilə bağlı olmuşdur. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.3-cü maddəsinə əsasən hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) - qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə); - 8.0-ci maddədə daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. - 9.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı həmin daşınmaz əmlak üzərində əvvəl yaranmış hüquqların dövlət reyestrində qeydiyyata alındığı təqdirdə aparılır. -13.1-ci maddəsinə əsasən dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır. Cinayət Prosessual Məcəllənin 249.1-ci maddəsinə əsasən əmlak üzərinə həbs yalnız cinayət işi üzrə toplanılmış materiallar üzrə kifayət qədər əsas verdikdə qoyula bilər. Həmin Məcəllənin 249.2-ci maddəsinə əsasən əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Məhkəmə əmlak üzərinə həbs qoyulması haqqında qərarı aşağıdakı hallarda çıxarır: -249.2.1.məhkəməyə müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq təqdimatı daxil olduqda; -249.2.2.məhkəməyə müraciət etmiş şəxslər bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş halların təsdiq edilməsi üçün kifayət olan ilkin sübutlar təqdim etdikdə, habelə əmlak üzərinə həbs qoyulmasının zəruriliyini əsaslandırdıqda. Həmin Məcəllənin 249.5-ci maddəsinə əsasən təxirə salına bilməyən hallarda cinayət törətmiş şəxs tərəfindən əmlakın və ya cinayət yolu ilə əldə edilmiş əşya və vasitələrin məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya verilmiş mülki iddianın təmin edilməsi hesabına özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, müstəntiq məhkəmənin qərarı olmadan bu Məcəllənin 177.2—177.5-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdə əmlak üzərinə həbs qoya bilər. Həmin Məcəllənin 249.6-cı maddəsinə əsasən bu Məcəllənin 249.5-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq əmlak üzərinə həbs qoyulması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 249.3-cü maddəsinin tələblərinə uyğun olaraq və məhkəmənin qərarı olmadan əmlak üzərinə həbs qoyulmasının zəruriliyi və təxirə salına bilməməsi əsaslandırılmaqla tərtib edilir. Hazırkı işin hallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1/124m nömrəli, xx.xx.2015-ci il tarixli məktubuna əsasən cavabdeh tərəfindən həmin əmlak üzərinə məhdudiyyət qoyulmuşdur. Halbuki, qeyd edilən cinayət prosessual qanunvericiliyin normalarının tələblərindən görünür ki, cinayət işi ilə əlaqədar əmlak üzərinə həbs yalnız məhkəmənin qərarına əsasən, qanunvericilikdə nəzərdə tutulan təxirəsalınmaz hallarda isə müstəntiqin qərarına əsasən qoyula bilər. Hazırkı iş üzrə isə iddiaçının əldə etdiyi əmlak üzərinə həbs qoyulması barədə nə qanuni qüvvəsini almış məhkəmə qərarının, nə də müstəntiqin əsaslandırılmış qərarının qəbul olunduğu müəyyən olunmamışdır. Belə olan halda cavabdeh daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqanın təqdim edilmiş məktub əsasında iddiaçının mülkiyyətində olan mənzil üzərinə məhdudiyyət (nəzarət) qoyması ilə bağlı hərəkətləri qanunsuz hesab edilməlidir. Çünki Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Belə olan halda aydındır ki, cavabdehin məktuba əsaslanaraq mübahisəli əmlaka dair məhdudiyyəti qeydə alması əsaslı olmamışdır. Digər tərəfdən işdən görünür ki, mübahisəli əmlak məhz Z.Qəribovun Azərbaycan Respublikası Mərkəzi Bankına olan borcuna görə ipoteka qoyulmuş və həmin borcun ödənilməsi üçün keçirilmiş hərrac nəticəsində satılmışdır. İİ tələb - qeyri-yaşayış sahəsinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol. -8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır, hansı ki, hazırkı halda iddiaçı həmin sənədi, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokolu cavabdehə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. İddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli hərracın nəticələrinə dair yekun protokol etibarsız sayılmamışdır və hazırda qüvvəddir. Deməli, iddiaçının Qanunun 8.0.2-ci maddəsinə əsasən həmin əmlaka dair hüququnun qeydə alınmasını tələb etmək hüququ mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində istifadədə olan 0.02107 ha torpaq sahəsində yerləşən 38A nömrəli binanın 1-ci mərtəbəsində 640.2 kv.metr ümumi, 629.1 kv.metr əsas, 11.1 kv.metr köməkçi sahədən ibarət olan qeyri-yaşayış sahəsinin üzərinə məhdudiyyət qoyulmasına dair cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılmış qeyd ləğv edilsin. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində istifadədə olan 0.02107 ha torpaq sahəsində yerləşən 38A nömrəli binanın 1-ci mərtəbəsində 640.2 kv.metr ümumi, 629.1 kv.metr əsas, 11.1 kv.metr köməkçi sahədən ibarət olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə iddiaçıya daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova