Məhkəmə qərarları › İş №2-1(112)-13610/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13610/2022

12.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13610/2022 12.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “hərəkət və hərəkətsizliyin aradan qaldırılması, əmrlərin ləğv edilməsi, buraxılmış müddətin üzrlü sayılması və stajına daxil edilməsi, maddi və mənəvi ziyanın ödənilməsinin vəzifəli şəxslərin üzərinə qoyulması” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “hərəkət və hərəkətsizliyin aradan qaldırılması, əmrlərin ləğv edilməsi, buraxılmış müddətin üzrlü sayılması və stajına daxil edilməsi, buraxılmış müddətə görə ona əmək haqqının verilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyinin vəzifəli şəxslərin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin müvafiq əmrlərinə əsasən işdən azad edilmişdir və dəfələrlə bu əmrlərin ləğvi barədə müraciət etmişdir. İddia edir ki, təqib və təzyiqlərə məruz qaldığı üçün insult keçirmişdir və həyat yoldaşı isə qan xəstəsi olmasına baxmayaraq pensiya ala bilmir. Böyük oğlu müharibə veteranıdır və ona əlillik təyin edilməmişdir. Hesab edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin əmrləri (2000-ci il aprel, 2001-ci il yanvar və avqust tarixli) ləğv olunmalı, onun buraxılmış əmək stajına əlavə olunmalı və ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməlidir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsinə əsasdən iddiaçıya hüquqi yardım göstərərək iddia tələblərinin aydın olmadığını bildirmiş və ona iddia tələblərinin dəqiqləşdirilməsini, müvafiq tələblə cavabdeh inzibati orqana müraciətini və imtina məktubunu məhkəməyə təqdim etməsi təklif etmişdir. Eyni zamanda iddiaçıya izah olunmuşdur ki, iddianın lazımi qaydada qaldırılmaması onun mümkünsüzlüyünə səbəb ola bilər. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3) Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1) Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3) İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. (6.1) İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. (16.1) İddia ərizəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. (16.2) Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. (16.3) İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. (16.6) Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Göründüyü kimi, müvafiq iddia lazımi qaydada qaldırılmayıb və formal tələblərə cavab vermir. Belə ki, iddiaçı hansı əmrlərin əmrlərin ləğv edilməsi, hansı buraxılmış müddətin üzrlü sayılması və stajına daxil edilməsi və həmin müddətə görə ona əmək haqqının verilməsini tələb etdiyini, həmçinin dəymiş maddi və mənəvi ziyanla bağlı tələbini əsaslandıran halları iddia ərizəsində göstərməmişdir. Bundan başqa, iddia ərizəsinə müvafiq tələblərlə cavabdeh inzibati orqana müraciətini təsdiq edən sənədlər və ya cavabdeh orqanın imtina məktubu əlavə edilməmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının qanunla qorunan maraqlarının pozulmasını əsaslandıran hallar mövcud deyil. Göstərilən hallarla əlaqədar məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilməklə müddət təyin edilməsinə baxmayaraq qeyd olunan çatışmazlıqlar iddiaçı tərəfindən aradan qaldırılmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və digərlərinə qarşı eyni iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-12239/2022 saylı qərardadı ilə mümkün hesab edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan səbəblərdən iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar