Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13616/2023 28.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “texniki pasportun verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 03 avqust 1999-cu il tarixli, 758 nömrəli nömrəli sərəncamı ilə X3 tərəfindən tikilmiş 40 kv.m ölçüdə olan fərdi qaraja dair texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 03 avqust 1999-cu il tarixli, 758 nömrəli nömrəli sərəncamı ilə X3 tərəfindən tikilmiş 46,5 kv.m ölçüdə olan qeyri-yaşayış binasının mərhum X2 məxsus olması barədə arayışın verilməsi ilə bağlı öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə iddia tələbi “Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 758 nömrəli nömrəli sərəncamı ilə X3 tərəfindən tikilmiş, sahəsi 46,5 kv.m olan qeyri-yaşayış binasının mərhum X2 məxsusluğu haqqında arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 03 avqust 1999-cu il tarixli, 758 nömrəli sərəncamı ilə Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi ev 1, mənzil 46-da yaşayan X2 öz bağında köhnədən tikdirdiyi təsərrüfat binasından fərdi avtomobilini saxlamaq üçün qaraj kimi istifadə etməyinə icazə verilmişdir. İddiaçının atası X3 17 yanvar 2010-cu il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra, iddiaçı ondan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət etmişdir. Həmin notariat ofisində vərəsəlik işi açılmış və hüquqmüəyyənedici sənədin verilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə yazılı məktub göndərilmişdir. Həmçinin, həmin qaraja Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən də, baxış keçirilmiş və bildirilmişdir ki, miras qalmış 40 kv.m sahəsi olan fərdi qaraj üçün sərəncam verilərkən, həmin zaman qüvvədə olan qanunvericilik aktlarına əsasən ona yerləşmə cizgisi yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudları müəyyən edilməklə müvafiq sənədlər rəsmiləşdirilib verilmişdir. Bu, həmin sərəncamın qüvvəyə minməsi üçün əsas olmuşdur. Yuxarıda qeyd edilən qaraja texniki pasportun alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə etdiyim müraciətə cavab olaraq, 01 avqust 2023-cü il tarixli məktubla bildirilmişdir ki, “Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, tikiliyə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir". İddiaçı bildirir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qanuni əsaslarla inşa edilmiş qaraja texniki pasportun verilməsi üçün müraciət etmiş, cavabdeh isə iddiaçıya məlum olmayan səbəblərə görə, əsassız olaraq imtina etmişdir. Qeyd edilənlərə əsasən iddiaçı məhkəməyə müraciət etməyə məcbur qalmışdır.
5. Cavabdeh qurumun iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, tikiliyə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir.
6. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********97 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyri-yaşayış binasına (qaraj) dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9.2-ci və ya 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, təqdim edilmiş Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 758 saylı, xx.xx.1999-cu il tarixli sərəncamı qeyri-yaşayış binasının isifadəsinə icazə verilməsi ilə bağlı olmuşdur. Məlumat üçün bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binası yaşayış binasından 13.8 m və 11.0 m məsafədə yerləşməklə, faktiki ölçüsü 46.5 kv.m təşkil edir. Əlavə olaraq bildirilir ki, iddiaçı tərəfindən təqdim edilmiş Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 758 saylı xx.xx.1999-cu il tarixli sərəncamı mərhum X2 verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi nəzərdə tutulmuşdur. Mərhuma məxsus daşınmaz əmlaka dair texniki pasport tərtib edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”-n 1.2-ci maddəsinə əsasən bu Təlimatda müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonraXidmət) tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (bundan sonra-Arayış) hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 ərazi idarələrinin əsasnamələrinin təsdiq edilməsi barədə 01 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş 1 saylı Bakı Ərazi İdarəsinin Əsasnaməsinin 3.1.16-cı bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı texniki inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin plan və ölçüsünü) tərtib etmək İdarənin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl qaydaları”n 3-cü bəndinə əsasən tikinti ərazisinin sərhədləri daxilində binanın xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsi saxlanılmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
7. Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti başçısının “təsərrüfat binasından qaraj kimi istifadə edilməsinə icazə verilməsi haqqında” xx.xx.1999-cu il tarixli, 758 saylı Sərəncamına əsasən Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, ev 1, mənzil 46-da yaşayan X2 öz bağında köhnədən tikdirdiyi təsərrüfat binasından fərdi avtomobilini saxlamaq üçün qaraj kimi istifadə etməyinə icazə verilmişdir.
8. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktına əsasən faktiki vəziyyətdə eskiz tərtib edilmişdir, tikili haqqında sənəd təqdim edilməmişdir, yaşayış binasından 13.8 m və 11.0 m məsafədə yerləşir, koordinat əlavə olunmuşdur.
9. Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 152 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 1197 nömrəli, xx.xx.2023-cü il tarixli arayışında qeyd olunmuşdur ki, İddiaçı həqiqiətən Lökbatan qəsəbəsi İ.Nəbiyev küçəsi, ev 1, mənzil 46 ünvandaxx.xx.1992-ci ildən pasport qeydiyyatında olub, yaşayıb, mənzili satıb, xx.xx.2012-ci ildə pasport qeydiyyatından çıxıb. Atası – mərhum X3 xx.xx.1990-cı ildə bu ünvana pasport qeydiyyatına düşüb, yaşayıb, xx.xx.2010-cu ildə vəfat edib (əsas 356519 №-li ölüm haqqında şəhadətnamə)
10. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etdi.
11. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
12. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
14. X4 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
15. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
16. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
17. X7 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
19. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
20. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
21. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;
23. Mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas olaraq iddiaçı tərəfindən Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti başçısının “təsərrüfat binasından qaraj kimi istifadə edilməsinə icazə verilməsi haqqında” xx.xx.1999-cu il tarixli 758 saylı Sərəncamı məhkəməyə təqdim edilmişdir.
24. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti başçısının “təsərrüfat binasından qaraj kimi istifadə edilməsinə icazə verilməsi haqqında” xx.xx.1999-cu il tarixli 758 saylı Sərəncamına əsasən Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, ev 1, mənzil 46-da yaşayan X2 öz bağında köhnədən tikdirdiyi təsərrüfat binasından fərdi avtomobilini saxlamaq üçün qaraj kimi istifadə etməyinə icazə verilmişdir. Məhkəmə nəzərə alır ki, müvafiq sərəncamda təsərrüfat binasından qaraj kimi istifadəyə icazə verilməsi nəzərdə tutulmuş, qaraj tikilməsi ilə bağlı hər hansı icazə qeyd olunmamışdır. Odur ki, həmin sərəncam həmin tikilinin inşasına icazə ilə ilə bağlı olmdığından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində qeyd olunmuş hüquqmüəyyənedici sənəd kimi qiyymətləndirilə bilməz.
25. Beləliklə, məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən iddiaçının qeyd edilən qaraja mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” yoxdur.
26. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
27. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva