Məhkəmə qərarları › İş №2-1(112)-13617/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13617/2023

28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13617/2023 28.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “riskli vergi ödəyiciləri siyahısından çıxarılma” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “riskli vergi ödəyiciləri siyahısından çıxarılma” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı Cəmiyyətin riskli vergi ödəyiciləri siyahısından çıxarılması və cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********177500 saylı qərarının ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfındən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********177500 saylı qərara əsasən İddiaçı MMC riskli vergi ödəyici olaraq müəyyən edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qeyd etmək istəyirlər ki, qəbul edilmiş qərarda riskli vergi ödəyicisi kimi qeydiyyata alınmasına əsas olaraq aşağıdakılar qeyd edilmişdir: 2.13. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) Yuxarıda göstərilənlər barəsində tərəflərindən vergi orqanına müraciətlər edilmiş və bu kimi halların aradan qaldırıldığı və riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə xahiş edilmişdir. Nəzərə çatdırırlar ki, müəssisələri xx.xx.2022-ci il tarixindən əsas fəaliyyət kodu ******* (Mebellərə üzrə çəkmə, mebellərin təmiri və bərpası (ofis mebəlləri daxil olmaqla)) olmaqla fəaliyyət göstərir. Əsas fəaliyyət kodundan başqa “mebellərin topdan satışı” fəaliyyəti ilə də, məşğuldurlar. Lakin, qeyd edirlər ki, mallar mal satdıqları vergi ödəyicilərinə birbaşa mal aldıqları vergi ödəyicilərinin anbarından təqdim olunur. Bu səbəbdən hazırda fəaliyyət göstərdikləri obyekt “Satış ofisi'’ kimi qeydiyyata alınmışdır. Bildirirlər ki, müəssisələri 2022-ci ilin noyabr ayında riskli vergi ödəyiciləri siyahısına (2.1.3 saylı risk meyarı) daxil edilmişdir. Vergi Məcəlləsi və digər qanunvericilik aktlarının tələbləri nəzərə alınaraq fəaliyyət sahələrinə uyğun obyekt qeydiyyata qoyulmuşdur. Qeyd edirlər ki, mikro sahibkar olaraq yeni fəaliyyətə başladıqları bir dövrdə müəssisələrinin riskli vergi ödəyicisi siyahısına salınması onların iqtisadi fəaliyyətlərinə və mebel sahəsində yeni formalaşan imiclərinə mənfi təsir göstərdi. Hesab edirlər ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərar tamamilə əsassız olduğundan ləğv edilməli və riskli vergi ödəyiciləri siyahısından çıxarılması təmin edilməlidir. Qeyd edirlər ki, riskli vergi ödəyicisi hesab edilmələri barədə qəbul edilmiş qərarda qeyd edilən əsaslar tərəflərindən aradan qaldırılmışdır. Lakin, bu kimi hallar vergi orqanı tərəfindən nəzərə alınmamış və riskli vergi ödəyicisi barədə qərar ləğv edilməmişdir.

3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir etiraz (münasibət) təqdim edilməmişdir.

5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili elektron məhkəmə sistemi vasitəsilə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********177500 nömrəli qərarına əsasən vergi ödəyicisi İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, aparılmış təhlillər zamanı vergi ödəyicisinin ticarət fəaliyyətini həyata keçirməsinə baxmayaraq, qeydiyyatda olan anbarının (o cümlədən icarəyə götürdüyü anbarının) və ya digər təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3-cü yarımbəndinə əsasən vergi ödəyicisi riskli hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.3-cü yarımbəndinə əsasən idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) meyarına cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur.

7. İddiaçı tərəfindən cavabdehə ərizələrlə müraciət edilərək bildirilmişdir ki, müəssisənin əsas fəaliyyət növünün (mebellərin topdan satışı) ilə qeydiyyatda olan təsərrüfat obyekti (satış ofisi) arasında heç bir uyğunsuzluq yoxdur. Belə ki, müəssisə topdan satış fəaliyyəti ilə məşğul olduğu üçün satış ofisində alıcıların sifarişləri götürülür və müəssisənin istehsal fəaliyyəti olmadığı üçün qeyd edilən sifarişlər digər müəssisələrdən rəsmi şəkildə sifariş edilir və həmin müəssisələr tərəfindən birbaşa alıcının ünvanına çatdırılır. Bu səbəbdən müəssisənin anbar qeydiyyatı yoxdur. Qeyd edilənləri nəzərə almalarını və müəssisənin riskli vergi ödəyiciləri siyahısından çıxarılması xahiş edilmişdir.

8. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “Riskli vergi ödəyicisi siyahısından çıxarılmaması barədə” məlktuba əsasən bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.13-cü müddəasına əsasən onun uçot-baza məlumatları araşdırılmışdır. Araşdırma zamanı tərəfindən təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı müəyyən olunmuşdur. Lakin, təsərrüfat subyektinə baxış keçirilən zaman, obyektin faktiki fəaliyyət növünə uyğun olmadığı aşkar edilmişdir. Eyni zamanda, fəaliyyət növünün “Mebellərin topdan satışı” olsa da, vergi orqanında qeydiyyatda olan anbarının olmadığı müəyyən edilmişdir. Odur ki, uçot baza məlumatları üzrə kənarlaşmalar aradan qaldırılmadığı üçün riskli vergi ödəyiciləri siyahısından çıxarılması mümkün olmamışdır.

9. İddiaçı tərəfindən cavabdehə ərizə ilə müraciət edilərək bildirilmişdir ki, uçot baza məlumatları üzrə kənarlaşmalar aradan qaldırılmışdır. Qeyd edilənləri nəzərə alaraq, riskli vergi ödəyiciləri siyahısından müəsissənin çıxarılması xahiş edilmişdir.

10. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş arayışa əsasən müəssisə "mebellərin topdan satışı", "mebellərə üz çəkmə, mebellərin təmir və bərpası", "ofis mebellərinin topdan satışı" fəaliyyətləri ilə məşğuldur. Fəaliyyət göstərdikləri dövrlər ərzində bu fəaliyyətlə bağlı bütün əməliyyatlar qarşı tərəflərlə bağlanılmış müqavilələr əsasında aparılmış, topdansatış ticarəti fəaliyyəti üzrə (həmçinin digər fəaliyyət) malların qəbul edilməsi və təqdim edilməsi bu müqavilələrə uyğun olaraq elektron qaimə fakturalar tərtib edilərək yerinə yetirilmişdir. Həmçinin, alıcılara təhvil verilən mallar onların fəaliyyət göstərdikləri obyektlərə çatdırılaraq quraşdırılma işləri aparıldıqdan sonra təhvil verilmişdir. Belə ki, malların topdan satış fəaliyyəti məqsədləri üçün alış əməliyyatları 02 avqust 2022-ci il tarixli müqaviləyə əsasən X1 ilə, 11 fevral 2022-ci il tarixli 01/2022/MEB nömrəli müqaviləyə əsasən X2 ilə, həmçinin 01 fevral 2022-ci il tarixli 183 nömrəli müqaviləyə əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə aparılmışdır və göndərilən mallara müvafiq olaraq adları çəkilən vergi ödəyiciləri tərəfindən elektron qaimə faktura tərtib edilmişdir. Buna müvafiq olaraq, həmin mallar 07 fevral 2022-ci il tarixli 01/22 nömrəli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, 01 fevral 2022-ci il tarixli PMDH-MBL 01 nömrəli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, 06 aprel 2022-ci il tarixli 09/22 nömrəli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, 26 aprel 2022-ci il tarixli 10/22 nömrəli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, 29 may 2022-ci il tarixli 11/22 nömrəli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, 20 may 2022-ci il tarixli 14/22 nömrəli müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, 20 iyul 2022-ci il tarixli 16/22 nömrəli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, 26 iyul 2022-ci il tarixli 16/22 nömrəli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, 08 fevral 2022-ci il tarixli 05/22 nömrəli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, 22 iyul 2022-ci il tarixli 17/22 nömrəli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, 09 sentyabr 2022-ci il tarixli 21/22 nömrəli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, 05 iyul 2022ci il tarixli 15/22 nömrəli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, 12 sentyabr 2022-ci il tarixli 22/22 nömrəli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, 08 fevral 2022-ci il tarixli 03/22 nömrəli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilmiş və müvafiq olaraq elektron qaimə faktura göndərilmişdir. Qeyd etmək istəyirlər ki, təqdim edilən mallar alıcılara onların qeydiyyatda olan obyektlərinə tərəflərindən çatdırılma edilərək təqdim edilmiş və həmin obyektlərdə quraşdırılmışdır. Qarşı tərəflərlə bağlanılmış müqavilələri və müqavilələrə əlavələri məhkəməyə təqdim etmişlər.

11. İddiaçı tərəfindən cavabdehə obyektin qeydiyyata alınması ilə bağlı ərizə ilə müraciət edilsə də, cavabdeh tərəfindən “Obyektin onlayn qeydiyyatı” ərizəsinin icra edilməsindən “icarə müqavilənin notarial qaydada təsdiq edilməməsi və icarəyə verilmiş əmlakda təsərrüfat subyekti üçün boş sahənin olmaması əsası ilə” imtina edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

13. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

16. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

17. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

18. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərilən qanunvericiliyin normaları ilə əsaslandırır.

19. Azərbaycan Respublikası Vergi Məcəlləsinə 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: - 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. - 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. - 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. - 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: - 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; - 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; - 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); - 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; - 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; - 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; - 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; - 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. - 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur. - 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; - 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

21. Göründüyü kimi, qanunverici riskli vergi ödəyicisinin anlayışını vermiş, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını təsdiq etmiş, lakin şəxsin hansı hallarda riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını tənzimləməmişdir

22. Cavabdehin xx.xx.2022-ci il tarixli **********177500 nömrəli qərarından görünür ki, cavabdeh iddiaçının Meyarların 2.1.3-cü bəndində nəzərdə tutulan riskli əməliyyat apardığını əsas gətirərək Meyarların 2.1.3-cü bəndinə əsasən iddiaçını riskli vergi ödəyicisi hesab etmişdir.

23. İşdən görünür ki, iddiaçı həmin qərardan sonra cavabdeh inzibati orqana dəfələrlə ərizə ilə müraciət edərək müəssisənin əsas fəaliyyət növünün (mebellərin topdan satışı) ilə qeydiyyatda olan təsərrüfat obyekti (satış ofisi) arasında heç bir uyğunsuzluq olmadığını, müəssisənin topdan satış fəaliyyəti ilə məşğul olduğu üçün satış ofisində alıcıların sifarişlərinin götürüldüyünü və müəssisənin istehsal fəaliyyəti olmadığı üçün qeyd edilən sifarişlərin digər müəssisələrdən rəsmi şəkildə sifariş edilməsini və həmin müəssisələr tərəfindən birbaşa alıcının ünvanına çatdırılmasını bildirsə də, cavabdeh inzibati orqan tərəfindən iddiaçının bu dəlilləri nəzərə alınmayaraq ümumiyyətlə işin halları hər tərəfli araşdırılmayaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Həmçinin, iddiaçı tərəfindən müraciəti təmin olunmadıqdan sonra anbar sahəsinin icarəyə götürülməsi barədə müqavilə bağlanılaraq vergi orqanına müraciət edilsə də, müxtəlif səbəblərdən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

24. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

25. Məhkəmə qeyd edir ki, yuxarıda göstərildiyi kimi, qanunverici şəxsin riskli vergi ödəyiciləri siyahısından çıxarılması hallarını (meyarlarını) tənzimləməsə də, bu, müvafiq qərarın qəbul edilməməsi üçün əsas ola bilməz. Çünki müvafiq tənzimləməni təmin etmək üçün zəruri tədbirlərin görülməsi vergi sahəsində dövlət siyasətini həyata keçirən cavabdeh orqanın vəzifəsidir və qanunvericilikdəki bu boşluq vergi ödəyicisinin hüquqlarının pozulmasına səbəb ola bilməz.

26. İşin hazırkı halları ilə iddiaçının riskli vergi ödəyiciləri siyahısında olmasının əsasları mövcud olmadığından onun riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməlidir.

27. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən həmçinin uçot baza məlumatları üzrə kənarlaşmaların aradan qaldırılmadığına istinad etmişdir ki, bu hallar iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın qəbul edilməsi üçün əsas təşkil etməmiş, həmin qərarın qəbul edilməsi zamanı aparılan inzibati icraatın predmeti olmamışdır. Əgər cavabdeh həmin əsaslarda iddiaçının apardığı əməliyyatı riskli əməliyyatlara aid edirsə, onda, bununla bağlı yeni qərar qəbul etməlidir.

28. VM-in 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir.

29. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir.

30. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur.

31. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

33. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

34. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

35. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar