Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1362/2025 17.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik statusunun bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “əlillik statusunun bərpa edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinə dəqiqləşmə əsasında məhkəmənin qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir. İddia onunla əsaslandırılır ki, İ qrup əlillik statusu olmuşdur. Qaradağ rayon TSEK cavabdehə yanlış məlumat vermiş, 2-ci qrup əlillik statusu verilmişdir. Halbuki, uzun illər İ qrup əlil olmağı həkim komissiyaları tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin mümkün hesab edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraza uyğun izahat verərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan: Əlillik altsistemindən çıxarışda olan sənədlərdən görünür ki, iddiaçıya müddətsiz 09 aprel 2024-cü il tarixdən ümumi xəstəlikdən əlillik təyinatı aparılmışdır. Əvvəlki təyinat 11 avqust 2023-cü il tarixdən orqanizm funksiyalarının pozulması 80 faiz olmaqla müddətsiz aparılmışdır. Tibbi-Sosial Ekspert Komissiyasının 09 aprel 2024-cü il tarixli qərarından görünür ki, iddiaçı orqanizm funksiyalarının pozulma faizi 90 faiz olmaqla -birici dərəcəli gözdən illiyi müəyyən edilmiş şəxsdir. Əlillik 09 aprel 2024-cü il tarixdən müddətsiz təyin edilmişdir. Milli Oftalmologiya Mərkəzinin 26 yanvar 2024-cü il tarixli tibbi rəyindən görünür ki, əlilliyin təyinatının aparılmasına əsas olmuş tibbi sənədlərdən biri kimi iddiaçının xəstəliyinin tibbi müayinəsi aparılmışdır. Cavbdehin 25 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının əlilliyi ilkin olaraq X5 01 avqust 2023-cü il tarixli göndərişi əsasında müddətsiz 80 faiz orqanizm funksiyalarının pozuntusu kimi qiymətləndirilmiş və müddətsiz əlillik təyinatı aparılmış, Mərkəzin 04 aprel 2024-cü il tarixli göndərişi əsasında əlillik vəziyyəti 09 aprel 2024-cü il tarixdə qiymətləndirilməklə əlillik təyinatı Milli Oftalmologiya Mərkəzinin rəyi bölməsindəki görmə itiliyi göndərişdə görmə itiliyindən fərqli olduğundan natamam doldurulma səbəbindən aparılmadan göndəriş geri qaytarılmış, 07 iyun 2024-cü il tarixdə əyani müayinə nəticəsində ona 09 aprel 2024-cü il tarixdən orqanizmin funksiyalarının 90 faiz pozulması-birinci qrup əlillik təyinatı aparılmışdır. X4 21 oktyabr 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının səhhəti ilə əlaqədar müalicə həkimi G.X2 Komissiyasına müraciəti 01 aprel 2024-cü il tarixdə olmuşdur. Həmin şəxsin əmək müqaviləsinə öz xahişi ilə xitam verilmişdir. Həmin məktuba iddiaçının EQS-də qeydiyyat məlumatlarından çıxış əlavə edilmişdir. Qeyd olunmalıdır ki, iddiaçı iddia tələbində İ qrup əlillik statusunun bərpa edilməsi barədə iddia ilə məhkəməyə müraciət etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı ona əlillik təyinatının 09 aprel 2024-cü il tarixdən yox, 2024-cü il yanvar ayından aparılması ilə əlaqədardır. Belə ki, iddiaçı qeyd edir ki, X6 məhz yanvar 2024-cü il tarixdə olmuş, Milli Oftalmologiya Mərkəzinin rəyinin alındığı 26 yanvar 2024-cü il tarixdə Günay adlı həkimə yaxınlaşaraq həmin sənədi təqdim etmiş və göndərişin göndərilməsini xahiş etmişdir. İşin faktiki hallarından da göründüyü kimi iddiaçıya X5 01 avqust 2023-cü il tarixli göndəriş əsasında müddətsiz 80 faiz orqanizm funksiyalarının pozuntusu kimi qiymətləndirilmiş və müddətsiz əlillik təyinatı aparılmış, Mərkəzin 04 aprel 2024-cü il tarixli göndərişi əsasında əlillik vəziyyəti 09 aprel 2024-cü il tarixdə qiymətləndirilməklə əlillik təyinatı Milli Oftalmologiya Mərkəzinin rəyi bölməsindəki görmə itiliyi göndərişdə görmə itiliyindən fərqli olduğundan natamam doldurulma səbəbindən aparılmadan göndəriş geri qaytarılmış, 07 iyun 2024-cü il tarixdə əyani müayinə nəticəsində ona 09 aprel 2024-cü il tarixdən orqanizmin funksiyalarının 90 faiz pozulması-birinci qrup əlillik təyinatı aparılmışdır. İddiaçının hüquqi marağı isə İ qrup əlillik statusunun məhz Tibb müəssisəsində olduğunu iddia etdiyi 2024-cü ilin yanvar ayından müəyyən edilməsi ilə əlaqədardır ki, məhkəmə hesab edir ki, həmin tələblə bağlı inzibati orqana hər hansı müraciət daxil olmadığından, iddia mümkünlük şərtlərinə cavab verməməkdədir. Qeyd olunmalıdır ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 9-cu hissəsinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi məcburetmə növündə iddialarda tələb olunan mümkünlük şərti kimi inzibati orqana əvvəlcədən müraciət edilməsi zəruridir. Lakin istər iddiaçının məhkəmə iclasında vermiş olduğu izahatından, istərsə də cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi etirazından aydın olur ki, qeyd olunan tələblə bağlı cavabdehə müraciət edilməmişdir. Əlillik təyinatı barədə qərarın tarixində dəyişiklik xarakteri, yəni inzibati aktda dəyişiklik xarakteri daşıyan hazırkı iddianın mübahisələndirmə yox, məhz məcburetmə növündə iddia olması ilə əlaqədar isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər nə qədər iddiaçı inzibati aktda dəyişikliyin edilməsini xahiş etsə də, həmin növ iddia mübahisələndirmə yox, məcburetmə növündə iddiadır. Belə ki, İPM-in 32.2-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddianın predmeti yalnız əlverişsiz inzibati aktlar ola bilər. “İnzibati icraat haqqında” Qanunun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş anlamda inzibati orqanın təşəbbüsü ilə qəbul edilmiş və maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt əlverişsiz (yükləyici) inzibati akt sayılır. İddiaçının hazırkı məzmunda tələbi isə əlillik tarixinin dəyişdirilməklə əlavə ödənişin son nəticədə yanvar-aprel ayları üçün ödənilməsinə yönəlmişdir. Başqa sözlə, iddiaçı əlillik tarixinin yanvar 2024-cü il tarix kimi müəyyən olunması, konkret halda isə əvvəllər müəyyən olunmuş tarixin dəyişdirilməsi, daha dəqiqi onun arzuladığı qərarın qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Bu baxımdan iddiaçının tələbi ifadə tərzindən asılı olmayaraq onun hüquqi marağının məzmunu və çatmaq istədiyi məqsəd baxımından qiymətləndirilməlidir. Mübahisəyə dair işin hallarından görünür ki, hazırkı tələblə iddiaçı əslində sosial təminatını yaxşılaşdırmaq məqsədi güdür. İnzibati aktda dəyişikliyin edilməsi növündə iddianın hazırkı faktiki hallar nəzərə alınmaqla mübahisələndirmə yox, məcburetmə növündə olmasına münasibətdə oxşar qiymətləndirmə ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 243/2024 saylı iş üzrə qəbul etmiş olduğu xx.xx.2024-cü il tarixli qərarında da qeyd edildiyi kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hərbi xidmət dövründə aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilməsini tələb edir. İddia tələbinin travmanın səbəbli əlaqəsinin dəyişdirilməsi kimi ifadə olunmasına rəğmən, əslində iddiaçının hüquqi marağının məzmunu və mahiyyəti baxımından həmin tələbə dair iddia mübahisələndirmə haqqında iddia kimi qiymətləndirilə bilməzdi. Bu həm də mübahisələndirmə haqqında iddianın predmeti baxımından da mümkün deyil. Odur ki, iddiaçı onun hüquqi vəziyyətini yaxşılaşdıran müvafiq dəyişikliyin edilməsi ilə əlaqədar müraciət etmişdir ki, qeyd olunan səbəbdən məcburetmə növündə iddia üçün mümkünlük şərtlərinin hazırkı iş üzrə tətbiqi mütləqdir və işin faktiki hallarından da göründüyü kimi, məcburetmə növündə iddia üçün nəzərdə tutulan inzibati orqana müraciətin edilməsinə dair şərt ödənilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həsənov Orxan
Məhkəmə qərarları › İş №2-1(112)-1362/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1362/2025
17.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver