Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13623/2024 13.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və sair” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) müraciət edərək, iyun ayı üzrə ona ödənilməyən pensiya məbləğinin ödənilməsini xahiş etmişdir. Cavabdeh 05 avqust 2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçıya 1 dekabr 2010-cu il tarixindən Fondun Yasamal rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Araşdırma zamanı vaxtilə iddiaçıya əmək pensiyası təyin edilərkən pensiya məbləğinin düzgün hesablanmadığı müəyyən edilib. Belə ki, əmək pensiyası işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi xx.xx.2023-cü il tarixindən yenidən hesablanaraq 461,64 manatdan 608,31 manata artırılmalı olduğu halda, xx.xx.2021-ci il tarixindən 373,13 manatdan 429,20 manata artırılaraq ona ödənilib. Bu səbəbdən də ona xx.xx.2021-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində artıq pul vəsaiti ödənilib. Qeyd olunanlara əsasən, iddiaçıya ümumilikdə 1735,40 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Əmək pensiyanın qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 676,44 manat təşkil edir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş pul vəsaitinin tutulması barədə qərarın ləğv edilməsi, tutulmaların dayandırılması və tutulmuş vəsaitin iddiaçıya qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək, məhkəmədən cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-8367/2024 saylı qərarının 13-cü bəndi və qeyd hissəsinin ləğv edilməsi və əmək pensiyasından tutulmanın qanunsuz hesab edilməklə tutulmuş məbləğin iddiaçıya qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, iddiaçı xx xxxxxx 1958-ci il tarixdə doğulmuşdur. 07 yanvar 1980-ci il tarixdən 01 sentyabr 1983-cü il tarixədək X5 Şəhər Dispanserinin kimyəvi laboratoriyasında sanitar (kiçik tibb içşisi) vəzifəsində çalışmışdır. 24 avqust 1983-cü il tarixdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Bakı 2 nömrəli tibb məktəbinə daxil olmuş, 11 mart 1986-cı ildə həmin məktəbdə feldşer ixtisası üzrə tam kursu bitirmişdir. 23 mart 1986-cı il tarixdən Ə.F.Qarayev adına 2 saylı X2 tibb bacısı vəzifəsində çalışmışdır. TƏBİB-in İdarə Heyətinin 27 aprel 2021-ci il tarixli, 11 nömrəli qərarına əsasən “X6” PHŞ Ş.Ələsgərova adına 5 saylı X8, Ə.F.Qarayev adına 2 saylı X4 və 3 saylı Uşaq Xəstəxanasının onun tabeliyinə verilməsi yolu ilə yenidən təşkil olunub. İddiaçı 04 iyun 2021-ci il tarixdən “X6” PHŞ-nin intensiv terapiya bölməsinə tibb bacısı vəzifəsinə qəbul edilmişdir. Həmin ildən 01 dekabr 2023-cü il tarixədək orada çalışmışdır. 01 dekabr 2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə çalışmanın yaş həddinə görə xitam verilmişdir. İddiaçının işi əmək şəraiti xüsusilə zərərli və ağır iş olduğu üçün ona 01 dekabr 2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan, 2021-ci il tarixdə təhsil illəri və əlavə iş stajı da nəzərə alınmaqla əmək pensiyası yenidən hesablanıb. 01 dekabr 2023-cü il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçirildiyi üçün əmək pensiyasının yenidən hesablanması ilə bağlı DOST Mərkəzinə müraciət etmişdir. Orada ona 2024-cü ilin aprel və may aylarında pensiya kapitalının yenidən hesablanacağı bildirilib və buna görə həmin tarixlərdə yenidən müraciət etməli olduğu deyilib, əgər pensiya kapitalında pul olarsa, pensiya məbləğinin artırılacağı qeyd olunub. İddiaçı ona təyin olunmuş pensiya məbləği ilə razı deyil. Cavabdeh iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad edərək, iddia tələbinin təmin edilməməsini xahiş eetmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. İddiaçının cavabdehə ünvanlanmış xx.xx.2011-ci il tarixli ərizəsindən görünür ki, o güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin xx.xx.2011-ci il tarixli, 06 nömrəli qərardan görünür ki, iddiaçıya xx.xx.2010-cu il tarixdən ömürlük olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçıya məxsus ИТ-İ №0414333 nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1986-cı ildən 2 saylı X2 tibb bacısı vəifəsində işləmiş, xx.xx.2021-ci il tarixdə onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” yarımbəndinə əsasən öz xahişi ilə xitam verilmiş, xx.xx.2021-ci il tarixdə X7 PHŞ-də İntensiv terapiya bölməsinə tibb bacısı vəzifəsinə qəbul edilmişdir. xx.xx.2023-cü ildə isə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən çalışmanın yaş həddinə çatdığına görə xitam verilmişdir. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli **********2 saylı qərarından görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ) 37.3.1-ci maddəsinə əsasən (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün) iddiaçının əmək pensiyası yenidən hesablanmış, pensiyanın məbləği 297,23 manatdan 425,80 manata qaldırılmışdır. İşdən olan cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-8367/2024 nömrəli Qərarından görünür ki, iddiaçıya təyin edilmiş əmək pensiyası ƏPQ-nin 37.3.1-ci maddəsinə əsasən işdənçıxma ilə bağlı yendən hesablanmış, pensiyanın məbləği 662.98 manatdan 676.44 manata artırılmışdır. Qərarın 13-cü bəndində ötən dövrlər üzrə alınmamış pensiya məbləği haqqında məlumatda göstərilmişdir ki, iddiaçıya xx.xx.2021-xx.xx.2023-cü illər üzrə 1814,42 manat artıqödəmə, xx.xx.2023-xx.xx.2024-cü illər üzrə 79,02 manat əskiködəmə edilmişdir. Qərarın qeyd hissəsindən isə görünür ki, xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində ödənilməyən əmək pensiyası birdəfəlik ödənilir (676,44 manat). İşdə olan pensiya təyinatı alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdən etibarən iddiaçının əmək pensiyasından 67.64 manat məbləğində tutma aparılır. İddiaçı hazırda onun barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın qismən ləğv edilməsi və tutulmuş məbləğin geri qaytarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, ƏPQ-yə əsasən: - Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. - Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - Maddə 37.1. Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. - Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. İstinad olunan normalardan görünür ki, yaşa görə əmək pensiyası təyin edilmiş şəxsə pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablanır. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, iddiaçıya xx.xx.2010-cu ildən yaşa görə əmək pensiyası təyin edilsə də, o işləyən əmək pensiyaçısı olmuş, xx.xx.2021-ci il tarixdə onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” yarımbəndinə əsasən öz xahişi ilə xitam verilsə də, elə həmin tarixdə X7 PHŞ-də İntensiv terapiya bölməsinə tibb bacısı vəzifəsinə qəbul edilmiş, yalnız xx.xx.2023-cü ildə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmişdir. Lakin cavabdeh xx.xx.2021-ci ildə iddiaçının işdən çıxmasını onun işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi kimi qiymətləndirərək, **********2 saylı qərar ilə ƏPQnin 37.3.1-ci maddəsinə əsasən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün iddiaçının əmək pensiyasını yenidən hesablamış, pensiyanın məbləğini 297,23 manatdan 425,80 manata artırmışdır. Sonradan cavabdeh bu halı aşkar edərək, hazırkı mübahisələndirilən qərarı qəbul etməklə, iddiaçıya 1735,40 manat artıq pul vəsaiti ödənildiyini müəyyən etmiş və həmin vəsaitin tutulmasını həyata keçirmişdir. Halbuki “Əmək pensiyları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra – ƏPQ) 39-cu maddəsinə əsasən: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan bu barədə qərar qəbul etməklə artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Lakin işin yuxarıda istinad olunan hallarına əsasən müəyyən edilir ki, cavabdeh iddiaçıya artıq vəsait ödənildiyini müəyyən etmiş, həmin məbləğin ona ödənilməli olan əmək pensiyasından tutulması ilə bağlı onun razılığının olub olmamasını araşdırmamış, iddiaçının razılığını almadan aylıq 67.64 manat məbləğində vəsaiti ona ödənilməli olan pensiya ödənişinindən tutmuşdur. Halbuki cavabdehin iddiaçıya ödənilməli olan pensiyadan tutma aparması üçün birincisi, onun razılığını almalı, ikincisi, bu razılıq əsasında tutma barədə qərar qəbul etməli idi. İşdən görünür ki, iddiaçının artıq ödənilmiş məbləğin ona ödənilməli olan pensiya ödənişindən tutulmasına razılığı yoxdur. Belə olan halda aydındır ki, qanunvericiliyə əsasən həmin vəsaitin iddiaçıdan tutulması üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olmalıdır. Lakin cavabdeh belə bir qərarı təqdim etmədiyindən, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödənilən pensiya məbləğindən tutma aparması qanunsuz olmuşdur. Bu səbəbdən tutulmuş məbləğ də iddiaçıya geri qaytarılmalıdır. İddiaçı tərəfindən mübahisələndirilən qərara gəldikdə isə, məhkəmə qeyd edir ki, qanunverici ƏPQ-nin 37.3.1-ci maddəsi ilə əmək pensiyasının yenidən hesablanması üçün iki şərt müəyyən etmişdir:
1. pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə;
2. əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə. Yuxarıda da göstərildiyi kimi, cavabdeh iddiaçının əmək pensiyasını xx.xx.2021-ci il tarixdə onun işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə bağlı yenidən hesablasa da, işdən belə bir halın olmadığı tam aydın görünür. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixdə işdən çıxsa da, elə həmin tarixdə digər bir işə qəbul edilmiş, bununla da əmək fəaliyyəti dövrü fasiləsiz olmuşdur. Deməli, cavabdeh xx.xx.2021-ci il tarixli qərarı hüquqi əsas olmadan qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na əsasən: - 6.1. Əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə; Məhkəmə cavabdehin xx.xx.2021-ci ildə əmək pensiyanın yenidən hesablanmasını düzgün həyata keçirmədiyini nəzərə alaraq hesab edir ki, o, sonradan -xx.xx.2024-cü ildə pensiyanı yenidən hesablamaqda haqlı olmuşdur. Həmin qərarın 13-cü bəndi bu hesablamanı əks etdirdiyindən, qeyd hissəsi isə iddiaçıya ödənilməyən əmək pensiyasının birdəfəlik ödənilməsini nəzərdə tutmaqla, iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığından məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi xx.xx.2024-cü il tarixli qərarın qismən ləğv edilməsi hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 703.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin olunsun. İddiaçı təyin edilmiş əmək pensiyası məbləğində tutulma qanunsuz hesab edilməklə tutulmuş məbləğin iddiaçıya qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova