Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1364/2022 10.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 2021-ci ilin may ayından dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi üçün DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, 02 iyun 2021-ci il tarixdə rəsmi cavab məktubu təqdim edilərək dövlət qulluğunda əmək stajının 15 ildən az, yəni 11 il 06 ay olduğundan dövlət qulluqçusu kimi pensiya təyin edilməsindən imtina edilmişdir. Onun dövlət qulluqçusu kimi ümumilikdə əmək stajı 17 (on yeddi) il 17 (on yeddi) gün təşkil edir. O, dövlət qulluqçusu kimi Azərbaycan Dövlət Bankında, Bakı şəhəri İcra Hakimiyyətinin Bakı şəhər Ticarət və İctimai İaşə Baş İdarəsində, Azərbaycan Respublikası Maliyyə Nazirliyində və Bakı şəhər Maliyyə İdarəsində müxtəlif vəzifələrdə işləmişdir. Onun 66 yaşı tamam olan zaman 2021-ci il tarixdə əlillik dərəcəsi ləğv edildiyindən yaşa görə dövlət qulluqçusu kimi əmək pensiyası almaq hüququ vardır. Buna baxmayaraq həmin tarixə qədər 2-ci qrup əlil kimi dövlət qulluqçusu əmək pensiyası almışdır. Lakin 2-ci qrup əlillik dərəcəsi ləğv olunduğundan ona dövlət qulluqçusu kimi əmək pensiyası ödənilməsi dayandırılmışdır. Ona dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilərkən həmin dövrdə qanunvericiliyin tələbinə əsasən dövlət qulluqçusu kimi əmək pensiyası hüququ 5 (beş) illik əmək stajı tələb olunurdu. Bu səbəbdən də onun dövlət qulluqçusu kimi əmək stajı 15 ildən artıq olduğundan əmək pensiyası hüququ yaranmışdır. Lakin yaşa görə əmək pensiyası hüququ yarandığından ona əmək stajının 15 ildən az olduğundan yaşa görə dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsindən qanunsuz imtina edilmişdir. O, xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixə kimi anbar işi üzrə 1-ci kateqoriyalı fəhlə vəzifəsində işləmişdir. xx.xx.1973-cü il tarixdən xx.xx.1973-cü il tarixə kimi 56 saylı Yevlax Tikinti Quraşdırma İdarəsində İstehsalat korpusunun obyektinə 2-ci kateqoriyalı fəhlə kimi işləmişdir. xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixə kimi hərbi xidmətlə əlaqədar iş yerindən öz xahişilə işdən azad olunmuşdur. Sonradan dövlət qulluqçusu kimi xx.xx.1980ci il tarixdən xx.xx.1994-cü il tarixə kimi Yevlax rayon Dövlət Bankında müxtəlif vəzifələrdə yəni iqtisadçı, müdir müavini və Aran Bankında müdir işləmişdir. xx.xx.1995-ci il tarixdən Bakı şəhəri Ticarət və İctimai İaşə Baş İdarəsində Nəzarət Təftiş şöbəsində müdir müavini vəzifəsində işləmişdir. xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə, yəni mühafizə orqanlarının maliyyələşdirilməsi idarəsinin rəisi, büdcənin icrasının idarəsinin rəisi, Bakı şəhər Maliyyə İdarəsinin rəis müavini işləmişdir. Onun ümumilikdə əmək stajının 17 (on beş) il 17 (on yeddi) günü dövlət qulluqçusu kateqoriyasına aid olan işlər təşkil edir və işləmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçı 03 sentyabr 2021-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Sözügedən Qaydaların 6.2-ci bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 51 nömrəli misalda qeyd edildiyi kimi, təyin edilmiş yeni növ pensiya “Əmək pensiyaları haqqında” Qanununa 1 iyul 2017-ci il tarixindən edilmiş dəyişikliklərə uyğun olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci, 20.11.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixindən qüvvədə olan redaksiyalarına və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçının Mərkəzi Filialda mövcud sənədlərində onun dövlət qulluğu stajı 15 ildən az (11 il 6 ay 6 gün) təşkil edir. Bu səbəbdən də ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh qeyd edilənlərə əsasən İddiaçı iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin faktiki hallarına əsasən, iddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür, iddiaçı dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi ilə bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən onun dövlət qulluğu stajının 15 ildən az (11 il 6 ay 6 gün) olması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı 2021-ci ilin may ayından dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İ və İİİ hissələr) . “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. 2.1-ci maddəsinə əsasən, dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir; 2.2-ci maddəsinə əsasən, bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir; 21.1 və 21.1.7-ci maddələrinə əsasən, dövlət qulluqçuları üçün pensiya təminatı və dövlət sosial sığortasına təminat verilir; 23.1-ci maddəsinə əsasən, dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir; 23.2-ci maddəsinə əsasən, dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 23.4-cü maddəsinə əsasən, dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. 32-1.1-ci madəsinə əsasən, dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 20.1.Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). 20.11-ci maddəsinə əsasən, bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 20.11-1-ci maddəsinə əsasən, dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır; 20.12-ci maddəsinə əsasən, Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçı çalışdığı: - xx.xx.1980-xx.xx.1988-ci illərdə Azərbaycan Dövlət Bankının Yevlax şöbəsində iqtisadçı və müdir müavini vəzifələri; - xx.xx.1988-xx.xx.1993-cü illərdə Azərbaycan Respublikası Səhmdar X3 Bankının Yevlax şöbəsində müdir müavini vəzifəsi; - xx.xx.1993-xx.xx.1994-cü illərdə Azərbaycan Respublikası Səhmdar X3 Bankının 196/ş nömrəli əmrinə əsasən yaradılmış “Aran” Bankının müdiri vəzifəsi; - xx.xx.1995-xx.xx.1995-ci illərdə Bakı şəhəri Ticarət və İctimai İaşə Baş İdarəsində nəzarət-təftiş şöbəsinin müdirin müavini vəzifəsi; - xx.xx.1995-xx.xx.1996-cı illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Mühafizə orqanlarının maliyyələşdirilməsi idarəsinin rəisi vəzifəsi; - xx.xx.1996-xx.xx.1997-cı illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Dövlət Xəzinədarlığının Xəzinə əməliyyatları departamentinin Büdcənin icrası idarəsinin rəisi vəzifəsi; - xx.xx.1997-xx.xx.1999-cu illərdə Bakı şəhər Maliyyə İdarəsinin rəsinin müavini vəzifəsinin dövlət qulluğu vəzifəsi olub-olmamasının araşdırılması zərurəti yaranmışdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 1995-ci ildə Bakı şəhəri Ticarət və İctimai İaşə Baş İdarəsində Nəzarət-təftiş şöbəsinin müdir müavini vəzifəsində iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil edilib-edilməməsi məsələsinə dair bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 26 yanvar 1995-ci il tarixli 121 nömrəli sərəncamı ilə təsdiq edilmiş (Azərbaycan Respublikasının ticarət naziri tərəfindən 07 fevral 1995-ci il tarixdə təsdiq edilmiş) "Bakı şəhər Ticarət və İctimai İaşə Baş İdarəsinin Əsasnaməsi"nin 3- cü hissəsinin birinci cümləsinə əsasən Baş İdarə tam təsərrüfat hesablı olub, özünümaliyyələşdirmə, özünüödəmə prinsipləri əsasında fəaliyyət göstərmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmədiyindən 1995-ci ildə Bakı şəhəri Ticarət və İctimai İaşə Baş İdarəsində Nəzarət-təftiş şöbəsinin müdir müavini vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajına daxil deyildir. 1995-1996-cı illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Mühafizə orqanlarının maliyyələşdirilməsi idarəsinin rəisi vəzifəsində iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil edilib-edilməməsi məsələsinə dair bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nın 2.9-cu bəndinə əsasən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları aparatında idarə rəisi vəzifəsinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Qeyd edilən uyğunlaşdırılma aparıldığından 1995-1996-cı illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Mühafizə orqanlarının maliyyələşdirilməsi idarəsinin rəisi vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajına daxildir. 1997-1999-cu illərdə Bakı şəhəri Maliyyə İdarəsinin rəisinin müavini vəzifəsində iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil edilib-edilməməsi məsələsinə dair bildirilir ki, yuxarıda adı çəkilən Siyahının 2.12-ci bəndinə əsasən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan regional orqanların, ikili tabelikdə olan yerli bölmələrin aparatında orqanın (bölmənin) rəhbərinin müavini vəzifəsinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Qeyd edilən uyğunlaşdırılma aparıldığından 1997-1999-cu illərdə Bakı şəhəri Maliyyə İdarəsinin rəisinin müavini vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajına daxildir; Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında və 1991-ci il oktyabrın 18-dən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na əsasən həyata keçirilir. Qeyd edilən Siyahının nə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrini əhatə edən 1-ci hissəsində, nə də 1991-ci il oktyabrın 18-dən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (31 avqust 2003-cü il tarixədək) Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrini əhatə edən 2-ci hissəsində banklarda mövcud olmuş vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmadığından 1980-1988-ci illərdə Azərbaycan Dövlət Bankının Yevlax şöbəsində iqtisadçı və müdir müavini, 1988-1993-cü illərdə Azərbaycan Respublikası Səhmdar X3 Bankının Yevlax şöbəsində müdir müavini, 1993- 1994-cü illərdə Azərbaycan Respublikası Səhmdar X3 Bankının əmrinə əsasən yaradılmış “Aran” Bankının müdiri vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajına daxil edilmir. Yuxarıda adı çəkilən Siyahıda müvafiq uyğunlaşdırılma aparıldığından 1996-1997ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Dövlət Xəzinədarlığının Xəzinə əməliyyatları departamentinin Büdcənin icrası idarəsinin rəisi vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajına daxildir; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 31 yanvar 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1 ödənilir. Sözügedən Qaydaların 6.2-ci bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 51 nömrəli misalda qeyd edildiyi kimi, təyin edilmiş yeni növ pensiya “Əmək pensiyaları haqqında” Qanununa 1 iyul 2017-ci il tarixindən edilmiş dəyişikliklərə uyğun olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci, 20.11.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixindən qüvvədə olan redaksiyalarına və “Dövlət qulluğu haqqında” Qanununun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçı Mərkəzi Filiala müraciətinə əlavə olunmuş sənədlərdə onun dövlət qulluğu stajının 15 ildən az 11 il 6 ay 6 gün (xx.xx.1980-xx.xx.1981-ci il (Azərbaycan Dövlət Bankının Yevlax şöbəsi), xx.xx.1995xx.xx.1995-ci il (Bakı ş. Ticarət İaşə Baş İdarəsi), xx.xx.1995-xx.xx.1997-ci il (Maliyyə Nazirliyi) və xx.xx.1997-xx.xx.1999-cu il (Bakı ş. Maliyyə İdarəsi) tarixləri arasındakı dövrlər) olduğu müəyyən olunmuşdur; Azərbaycan Respublikasının Mərkəzi Bankının 15 aprel 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Səhmdar X3 Bankının yaradılması barədə 26 oktyabr 1992-ci il tarixli təsis müqaviləsinin və 13 noyabr 1992-ci il tarixli təsisçilərin ümumi yığıncağının 1 (bir) nömrəli protokolundan çıxarışın surəti məktuba əlavə olunur. Mərkəzi Bankda “Aran Bankı”nın fəaliyyət göstərib- göstərməməsi barədə məlumat mövcud deyildir. Azərbaycan Respublikasının Səhmdar X3 X2 23 aprel 1993-cü il tarixli qərarı ilə Aran şöbəsi yaradılmışdır. İddiaçının çalışdığı: xx.xx.1980-xx.xx.1988-ci illərdə Azərbaycan Dövlət Bankının Yevlax şöbəsində iqtisadçı və müdir müavini vəzifələri; xx.xx.1995-xx.xx.1995-ci illərdə Bakı şəhəri Ticarət və İctimai İaşə Baş İdarəsində nəzarət-təftiş şöbəsinin müdirin müavini vəzifəsi; xx.xx.1995-xx.xx.1996-cı illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Mühafizə orqanlarının maliyyələşdirilməsi idarəsinin rəisi vəzifəsi; xx.xx.1996-xx.xx.1997cı illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Dövlət Xəzinədarlığının Xəzinə əməliyyatları departamentinin Büdcənin icrası idarəsinin rəisi vəzifəsi; xx.xx.1997xx.xx.1999-cu illərdə Bakı şəhər Maliyyə İdarəsinin rəsinin müavini vəzifəsi cavabdeh tərəfindən dövlət qulluğu vəzifəsi kimi qəbul edilmişdir. Cavabdeh tərəfindən mübahisələndirilən, iddiaçının çalışdığı xx.xx.1988xx.xx.1993-cü illərdə Azərbaycan Respublikası Səhmdar X3 Bankının Yevlax şöbəsində müdir müavini vəzifəsi və xx.xx.1993-xx.xx.1994-cü illərdə Azərbaycan Respublikası Səhmdar X3 Bankının 196/ş nömrəli əmrinə əsasən yaradılmış “Aran” Bankının müdiri vəzifəsi olmuşdur. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin sorğulara cavab olaraq məhkəməyə təqdim etdiyi məktublardan, cavabdeh tərəfindən mübahisələndirilən dövrlərdəki iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil edilməməsi müəyyən edilmişdir. Qeyd edilənləri təkzib edəcək hər hansı sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının dövlət qulluğu stajı 15 ildən az olduğundan, “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-1364/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1364/2022
10.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver