Məhkəmə qərarları › İş №2-1(112)-1364/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1364/2024

18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1364/2024 18.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2, üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxslər "xxxx" ASC, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) “əmək pensiyasının yenidən hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinə (üçüncü şəxs "xxxx" ASC göstərilməklə) qarşı məhkəməyə müraciət edərək, iddiaçının xeyrinə 2009-2010-cu illər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə müvafiq hesabatlar dəqiqləşdirilərək yenidən müvafiq qaydada təqdim olunmasını, dəqiqləşdirilmiş hesabatlar əsasında əmək pensiyası yenidən hesablanması və yenidən hesablanmış əmək pensiyasının məbləği ilə hazırkı əmək pensiyasının məbləği arasında yaranmış fərqin ödənilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı və "xxxx" ASC üçüncü şəxslər qismində (zəruri cəlbetmə) məhkəmə icraatında cəlb edilməsi qərara alınmışdır.

3. Məhkəmənin qərardadı ilə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsi əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2007-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində əmək müqaviləsi əsasında Bankın Neftçala rayon Filialının müdiri vəzifəsində çalışmışdır. Təxminən 2 il əvvəl yaşa görə əmək pensiyasına çıxmışdır və ona xx.xx.2021-ci il tarixli 983400 nömrəli pensiya işi təyin olunub. İşlədiyi dövrlər ərzində aldığı əmək haqqına münasibətdə məcburi dövlət sosial sığorta haqları və digər icbari ödənişlər tam həcmdə ödənilmişdir. Lakin, 2009-2010-cu illər ərzində Bankda struktur dəyişiklikləri baş verdiyi üçün sənədləşmə işləri ilə əlaqədar ləngimələr (çatışmazlıqlar) baş vermişdir. Nəticədə, 2009-2010-cu illər dövrü üzrə onun xeyrinə qanunla təqdim edilməsi icbari olan Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma B3) tam və dəqiqliklə təqdim olunmamışdır. Halbuki, həmin dövr ərzində də digər illərdə olduğu kimi Bankda işləmiş, razılaşdırılmış əmək haqqını almış və əmək fəaliyyətində heç bir fasiləyə yol verməmişdir. Lakin, müvafiq hesabatların düzgün təqdim edilməməsi nəticəsində hazırda ona ödənilməli olan əmək pensiyasını tam olaraq ala bilmir. Məsələ ilə bağlı dəfələrlə həm Banka, həm də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciətləri olsa da, məsələ öz həllini tapmayıb, DSMFdən ona verilən məlumata əsasən həmin dövrlər üzrə Bankın sığortaolunanlar üzrə hesabatlarında əlavə pul vəsaiti görünür, lakin bu pul vəsaitinin Bankın hansı işçisinin xeyrinə hesablandığı və ödənildiyi müəyyən oluna bilmir. Bunun səbəbi isə Bank tərəfindən sözügedən dövr üzrə məcburi dövlət sosial sığorta hesabatlarının boş verilməsi və ya verilməməsidir. Bank tərəfindən onlara təqdim olunan cavablara əsasən isə 2009- 2010-cu illər üzrə zəruri sənədlər aşkar edilməmişdir və buna görə də həmin dövr üzrə hesabatların (surətlərinin) DSMF-ə (yenidən) təqdim edilməsi mümkün olmamışdır. İddia ərizəsinə əlavə olunan Qoşma 3-dən də göründüyü kimi, 2009-2010-cu illər üzrə Bank tərəfindən təqdim edilməli olan məlumatlar mövcud deyil. Halbuki Qoşma 2-dən göründüyü kimi 2009-2010-cu illər üzrə dövr də daxil olmaqla xx.xx.2007-ci il tarixindən – xx.xx.2022-ci il tarixinədək Bankın Neftçala rayon Filialının müdiri vəzifəsində fasiləsiz olaraq çalışmışdır və onunla bağlanılmış əmək müqaviləsi ilə razılaşdırılmış miqdarda aylıq əmək haqqı almışdır. Bununla belə, hazırda digər bütün illər üzrə onun xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabında görünsə də, 2009-2010-cu illər üzrə dövr üzrə heç bir ödəniş görünmür. Buna görə də, 2009-2010-cu illər üzrə müvafiq hesabatlar dəqiqləşdirilməlidir (və ya yenidən təqdim edilməlidir). Beləliklə, məcburi dövlət sosial sığorta haqları üzrə 2009-2010-cu illər üzrə müvafiq məlumatların düzgün (və vaxtında) təqdim edilməməsi nəticəsində hazırda ona təyin olunmuş əmək pensiyasının məbləği ona ödənilməli olan əmək pensiyasının məbləğindən azdır. Bununla da, onun sosial təminat hüquqları pozulmuşdur. Yuxarıda qeyd olunan qanunların tələblərindən irəli gələrək, DSMF fərdi şəxsi hesabına daxil edilməli olan məlumatların dəqiqliyinə müntəzəm şəkildə nəzarət etməlidir. Həmçinin, qeyd olunan Qanunların tələblərinə müvafiq olaraq, Bank sığortaedən olaraq məcburi dövlət sosial sığorta haqları üzrə hesabatı vaxtında və düzgün təqdim etməyə məsul olan şəxsdir. Hesabatların dəqiqləşdirilməsi barədə verilə biləcək qərarın Bankın maraqlarına toxuna biləcəyini nəzərə alaraq və mübahisənin düzgün həll edilməsi üçün Bankın işə cəlb edilməsi zəruridir. Hesab edir ki, 2009-2010-cu illər üzrə məcburi sosial sığorta haqları üzrə hesabatlar Bank tərəfindən dəqiqləşdirilərək yenidən müvafiq qaydada təqdim edilməli və həmin dəqiqləşmələr əsasında DSMF tərəfindən onun xeyrinə müəyyən olunan əmək pensiyası yenidən hesablanmalı, habelə yaranmış fərq ödənilməlidir.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək, 2009-2010-cu illərdə Kapital Bank ASC-nın Neftçala rayon filialında çalışdığını, lakin xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında öz əksini tapmadığını bildirmişdir. Araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Sığorta altsıstemində "xxxx" ASC-nin 2009-2010-cu illər üzrə təqdim etdiyi məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolnanlar haqqında hesabatlarında İddiaçı məlumatlarının qeyd olunmadığı müəyyən olunmuşdur. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə olunan məlumatlara əsasən, sığortaedən Kapital Bank ASC-nin Neftçala rayon filialı (SUN: **********7) (bundan sonra - sığortaedən) tərəfindən 2009-2010-cu illər üzrə təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlara (Forma B1) uyğun məcburi dövlət sosial haqqı üzrə sığortaolunanlar haqqında illik məlumatlar (Forma B3) təqdim edilmədiyindən həmin dövrlər üzrə məlumatlar İddiaçı (FİN: xxxxxxx; SSN: **********193) və digər sığortaolunanların fərdi şəxsi hesablarında əks olunmamışdır. Əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən təsdiq edilmiş fərdi uçot sahəsində sağlamlaşdırma işlərinin aparılması ilə bağlı 2022-ci il 26 oktyabr tarixli **********4 nömrəli “Tədbirlər Planı”na uyğun olaraq 2009-2010-cu illər üzrə İddiaçı və digər sığortaolunanların məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlarının fərdi şəxsi hesablarına işlənilməsi məsələsinə yoxlanılmasına zərurət yaranan sənədlər (sığortaolunanların əmək kitabçalarının notarial qaydada təsdiq edilmiş surətləri, əmək haqlarına dair imza və möhürlə təsdiq olunmuş arayışlar (aylar üzrə göstərilməklə) və həmin illər üzrə bank hesablarından çıxarışların surətləri) sığortaedən tərəfindən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına təqdim edildikdən sonra baxılacaqdır. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, sığortaedən Kapital Bank ASC-nin Neftçala rayon filialı tərəfindən 2009- 2010-cu illər üzrə təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlara (Forma B1) uyğun məcburi dövlət sosial haqqı üzrə sığortaolunanlar haqqında illik məlumatlar (Forma B3) təqdim edilmədiyindən həmin ödənişlərin iddiaçının fərdi şəxsi hesabında uçota alınması və həmin ödənişlərə əsasən pensiyanın yenidən hesablanması mümkün deyildir.

6. Üçüncü şəxs "xxxx" ASC məhkəməyə ünvanlandığı məlumatında qeyd etmişdir ki, iş üzrə əlavə arxiv sənədlərinin əldə olunması üçün yenidən araşdırma aparılmış, mübahisələndirilən dövrə aid əmrlər kitabının Neftçala rayon filialında olduğu müəyyən edilmiş və həmin kitabın təhvil alınması üçün müraciət edilmişdir. Əlavə olaraq bildiririk ki, qeyd olunan kitaba əsasən əməkdaşların hansı ayda hansı məbləğdə əmək haqqı almasına dair məlumatlar yoxdur. Həmçinin filial əməkdaşlarının şifahi bildiriyi məlumata əsasən filialda mövcud olan arxiv sənədləri iddiaçı tərəfindən arixvə təhvil verilmədən yandırılmışdır.

7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.

8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etdi.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmişdir.

II. İddianın növü və mümkünlüyü

11. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

12. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

13. İddiaçı onun xeyrinə 2009-2010-cu illər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə müvafiq hesabatlar dəqiqləşdirilərək yenidən müvafiq qaydada təqdim olunmasını, dəqiqləşdirilmiş hesabatlar əsasında əmək pensiyası yenidən hesablanması və yenidən hesablanmış əmək pensiyasının məbləği ilə hazırkı əmək pensiyasının məbləği arasında yaranmış fərqin ödənilməsini arzulayır.

14. “Əmək pensiyaları haqqında” Qanunun: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; fərdi uçot - sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir;

15. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

16. Qeyd olunmuş qanunvericilik normalarından görünür ki, şəxsə əmək pensiyasının təyin edilməsi, pensiya məbləğinin müəyyən edilməsi, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi, fərdi hesabda toplanması zəruridir.

17. “Sosial sığorta haqqında” Qanunun: 1.1.1. sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.

2. Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar.

11. Sığortaolunanların hüquqları aşağıdakılardır: onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək; könüllü (əlavə) sosial sığorta üçün sığortaçını müstəqil seçmək; sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək; sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaq; Sığortaolunanların vəzifələri aşağıdakılardır: sosial sığorta haqqını vaxtında ödəmək; sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etmək. 4.6. Bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir.

18. Məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, sığortaedən Kapital Bank ASC-nin Neftçala rayon filialı tərəfindən 2009-2010-cu illər üzrə təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlara (Forma B1) uyğun məcburi dövlət sosial haqqı üzrə sığortaolunanlar haqqında illik məlumatlar (Forma B3) təqdim edilmədiyindən həmin dövrlər üzrə məlumatlar İddiaçı fərdi şəxsi hesablarında əks olunmamışdır. Yəni məcburi dövlət sosial sığorta haqları hesablanılıb, ödənilib, lakin sığortaolunan haqqında məlumatlar (Forma B3) təqdim olunmadığından iddiaçının əmək pensiyası tam hesablanıb ödənilməmişdir.

19. Məhkəmə qeyd edir ki, əməkhaqqından tutulmuş məcburi dövlət sosial sığorta haqlarının aidiyyəti üzrə ödənilməsi, habelə məcburi dövlət sosial haqqı üzrə sığortaolunanlar haqqında illik məlumatlar (Forma B3) göndərilməsinə nəzarət iddiaçının imkanları xaricində olmaqla, birbaşa olaraq səlahiyyətli inzibati orqanın məsuliyyəti çərçivəsində müəyyən edilən məsələdir.

20. Məhkəmə qeyd edir ki, "Sosial sığorta haqqında" Qanuna dəyişiklik edilənə qədər (1 yanvar 2019-cu il tarixədək) məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə, həmçinin məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə nəzarət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirirdi. Bu səbəbdən də iddiaçı pensiyaçı kimi, onun müraciət etməli olduğu qurum cavabdeh olduğu təqdirdə, cavabdeh qurumun ona məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlara (Forma B1) uyğun məcburi dövlət sosial haqqı üzrə sığortaolunanlar haqqında illik məlumatlar (Forma B3) təqdim edilmədiyindən həmin ödənişlərin iddiaçının fərdi şəxsi hesabında uçota alınması və həmin ödənişlərə əsasən pensiyanın yenidən hesablanması mümkün olmamasına istinad edərək imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Belə ki, məcburi dövlət sosial haqqı üzrə sığortaolunanlar haqqında illik məlumatların (Forma B3) göndərilməməsi iddiaçının iradəsi və hərəkətləri nəticəsində deyil, işəgötürənin və müvafiq dövlət orqanlarının öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır. Bu səbəbdən iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı.

21. Odur ki, məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir.

22. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

23. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı 2009-2010-cu illər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar