Məhkəmə qərarları › İş №2-1(112)-13643/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13643/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13643/2024 29.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “müavinət və vəsaitlərin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı məhkəməyə müraciət edərək müavinət və vəsaitlərin ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı AR Milli Təhlükəsizlik Nazirliyinə 2006-cı il tarixdə qəbul edilərək, 2018-ci il tarixdə AR Dövlət Təhlükəsizliyi Xidmətindən xaric edilmişdir. AR “Xüsusi Xidmət orqanlarında”, eləcə də “AR Silahlı Qüvvələrində xidmətkeçmə haqqında” Qanunun, nizamnamənin və əsasnamənin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarına əsasən xidməti fəaliyyəti dövründə və ya təxris (xaric) olunan zaman aşağıdakı müavinət və vəsaitlərin ödənilməsi nəzərdə tutulur: məzuniyyət, ezamiyyət, illik nəzərdə tutulan əşya-geyim, ləvazimatlara görə, sosial-tibbi sığorta, illik xəstəliyə görə müalicəyə ayrılan müavinət, son haqq-hesab (son 3 aylıq maaş). Yuxarıda nəzərdə tutulan müavinət və vəsaitlərdən tam yararlanmayaraq, son haqq-hesab belə ona ödənilməmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə dəfələrlə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən müraciətinə xx.xx.2024-cü il tarixli məktubla müsbət cavab verilməmişdir.

3. İddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 03.06.202-cü il tarixli məktubla bildirilmişdir ki, “xx.xx.2018-ci il tarixdə DTX-nin şəxsi heyətin siyahısından çıxarıldıqdan sonra Sizə dair öhdənizdə olan işləri, maddi-texniki əmlakı və s. təhvil verilməsini təsdiq edən arayışınızın təqdim edilməməsi səbəbindən son haqq-hesabın hesablanması tərəfimizdən aparılmamışdır.”

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

8. İddia tələbi pul təminatının ödənilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

9. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

10.“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.0.1. hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; 2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir;

11. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin:

1. Bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir.

2. Bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir.

146. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər Azərbaycan Respublikası Konstitusiyasında Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulan sosialiqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlardan tam şəkildə istifadə edir və bütün vəzifələri daşıyırlar. 152.... Xidməti uyğunsuzluğuna, hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətdiyinə, ya da törətdiyi cinayətlə əlaqədar məhkum olunduğuna görə (hərbi rütbəsindən məhrum edilməyən) həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş maddi təminatın güzəştlə verilməsi məhdudlaşdırılır.

155. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin “ə” bəndinə əsasən yerinə yetirilir.

156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçular buraxılma gününə kimi müəyyən edilmiş bütün təminat növləri ilə təmin olunurlar. Onlara Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə ilə müəyyən edilmiş miqdarda birdəfəlik və işdənçıxarma müavinəti verilir.

12. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli Qərarının: hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım; hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdən çıxma müavinətləri;

13. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edərək ona ödənilməmiş müavinət və vəsaitlərin ödənilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının öhdəsində olan işləri, maddi-texniki əmlakı və s. təhvil verilməsini təsdiq edən arayışın təqdim edilməməsi səbəbindən son haqq-hesabın hesablanmasından imtina etmişdir.

14. Göründüyü kimi iddiaçı öhdəsində olan işləri, maddi-texniki əmlakı təhvil verilməsini təsdiq edən arayışı cavabdeh quruma təqdim etməmiş, iddiaçı tərəfindən də həmin halı təkzib edən sübutlar təqdim edilməyərək mövcud şəraitdə həmin öhdəlikləri yerinə yetirmək imkanına malik olmadığını bildirmişdir. Bu səbəbdən də Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyət siyahısından çıxdıqdan sonra onun müraciəti müsbət həll edilməmişdir.

15. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

16. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

17. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar