Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13645/2023 23.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınlar və X3 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün vəsiqəsinə düzəliş edilməsi və vurulmuş ziyana görə 3000 manat kompensiyanın ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınlar və X3 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün vəsiqəsinə düzəliş edilməsi və vurulmuş ziyana görə 3000 manat kompensiyanın ödənilməsi” tələbinə dair iddianın mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınlar və X3 üzrə Dövlət Komitəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən AA 480618 nömrəli məcburi köçkün vəsiqəsinə düzəliş ederək verilmə tarixini xx.xx.2021-ci il tarixini qeyd edilməsi və inzibati orqanın ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə 3000 (üç min) manat kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixində ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı anası X2 ona müraciət etmişdir. Qeyd edir ki, məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı olan müraciətinə xx.xx.2021-ci il tarixində 01/5626 nömrəli məktubda imtina verilmişdir. Bildirmək istəyir ki, məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi xx.xx.2022-ci il tarixində 2-1(112)-5004/2022 nömrəli qərarı ilə iddianı təmin etmiş, ona yəni İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini cavabdehə həvalə etmişdir. Qeyd edir ki, cavabdeh bununla bağlı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(103)-1782/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayətini təmin etməmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirmədən qüvvədə saxlamışdır. Əlavə olaraq qeyd etmək istəyir ki, cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)- 16690/2022 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayətini təmin etməmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirmədən saxlamışdır. Bakı İnzibati Məhkəməsinin qərarını icra edərək xx.xx.2023-cü il tarixində də ona məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilmişdir. Yuxarıda qeyd olunan məhkəmə qərarlarını iddia ərizəsinə əlavə edir. Bildirmək istəyir ki, ona ödənişli əsaslarla təhsil aldığı üçün məhkəmə prosesi gedən 2 il ərzində anası X2 Azərbaycan Dillər Universitetinə müraciət etmiş və proses bitənə qədər təhsil haqqı ilə bağlı möhlət istəmişdir və universitet ananın xahişini yerinə yetirərək möhlət vermişdir. Lakin Azərbaycan Dillər Universiteti tərəfindən bildirilmişdir ki, onun adına 3000 manat borc var. Məcburi köçkün statusunu təsdiq edən vəsiqə ona inzibati orqana yani cavabdehə müraciət etdiyi tarixdən yox, xx.xx.2023-cü il tarixində verildiyi üçün xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr üzrə təhsil haqqının dövlət tərəfindən ödənilməsində problem yaşayır. Qeyd etmək istəyir ki, yaranmış problemlə bağlı AR Elm və Təhsil Nazirliyinə müraciət etmişdir. AR Elm və Təhsil Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixində cavab məktubu verərək bildirmişdilər ki, güzəştli kateqoriyalara aid olan şəxslər müvafiq təsdiqedici sənədləri təqdim etdikləri tarixdən etibarən təhsil haqqından azad olunurlar. Bildirmək istəyir ki, cavabdehin qanunazidd hərəkətləri nəticəsində məcburi köçkün vəsiqəsi ona müraciət etdiyi tarixdə yox, məhz AR Ali Məhkəməsi tərəfindən qərar qəbul ediləndən sonra təqdim edilmişdir, yəni xx.xx.2023-cü il tarixində. Qeyd etmək istəyir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində xx.xx.2021 -ci il tarixindən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində, təhsil haqqını dövlət tərfındən ödənilməmişdir və nəticədə ona maddi ziyan vurulmuşdur. Bildirmək istəyir ki, yuxarıda qeyd olunan məsələ ilə bağlı cavabdeh orqana müraciət etdi və vurulmuş ziyanla bağlı 3000 (üç min) manat kompensasiya ödənilməsini, həmçinin məcburi köçkün vəsiqəsinin verilmə tarixini inzibati orqana müraciət etdiyi tarixdən yəni xx.xx.2021-ci il tarixindən düzəliş edərək verilməsini cavabdeh orqandan xahiş etdi. Cavabdeh orqan öz növbəsində xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli cavab məktubları ilə əsassız olaraq imtina vermişdilər. Hörmətli məhkəmə cavabdeh orqanın qanunsuz hərəkətləri nəticəsində universitetə 3000 (üç min) manat təhsil haqqı borcu yaranmışdır və cavabdeh orqan təqsirli olmasına baxmayaraq qeyd olunan borcun ödənilməsi ilə bağlı heç bir hərəkət etmir. Hörmətli məhkəmə, universitet tərəfindən bildirilib ki, yaxın zamanda yaranmış təhsil haqqı borcu ödənilmədiyi təqdirdə onu universitetdən xaric edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdiyini və iddia tələbinin mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış, lakin üzürlü səbəbləri bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəfin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə tabedir və inzibati mübahisələrlə bağlı qaldırılan iddiaların mütləq qaydada onların məhkəmə icraatının mümkün olub-olmaması məsələsi araşdırma predmeti olmalı və bu kateqoriyadan olan iddiaların İPM-in 35.1-ci maddəsinin müddəalarına uyğun olub-olmamasına hüquqi qiymət verilməlidir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər ödənilmiş olmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddia ərizəsindən görünür ki, hazırkı iddia tələbi iki hissədən ibarətdir: - cavabdeh tərəfindən AA 480618 nömrəli məcburi köçkün vəsiqəsinə düzəliş edilərək verilmə tarixini xx.xx.2021-ci il tarix kimi qeyd edilməsi; - inzibati orqanın ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə 3000 (üç min) manat kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi. Məhkəmə iddia tələbinin “cavabdeh tərəfindən AA 480618 nömrəli məcburi köçkün vəsiqəsinə düzəliş edilərək verilmə tarixini xx.xx.2021-ci il tarix kimi qeyd edilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarına əsasən (İş №2-1(112)- 5004/2022) xx.xx.2004-cü il təvəllüdlü İddiaçı “məcburi köçkün statusu”nu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1782/2022 nömrəli, 10 iyun 2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5004/2022 nömrəli, 18 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1690/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-1782/2022 nömrəli, 10 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı “məcburi köçkün statusu”nu təsdiq edən vəsiqə verilmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçının dəyişdirilməsini tələb etdiyi AA 480618 nömrəli məcburi köçkün vəsiqəsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında verildiyindən, iddiaçı həmin həmin məhkəmə qərarına izah verilməsini dair müvafiq ərizə ilə məhkəməyə müraciət etməlidir. Odur ki, iddia tələbi qeyd edilən hissədə mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Məhkəmə iddia tələbinin “inzibati orqanın ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə 3000 (üç min) manat kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarından müəyyən edilir ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmədən əvvəl birbaşa məhkəmədə iddia qaldırmışdır. Məhkəmə qeyd edir ki, kompensasiyanın ödənilməsi haqqında iddianın mümkün sayılması üçün:
1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;
2. inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyanla bağlı olmalı;
3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli;
4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır. Məhkəmə, qeyd edir ki, iddiaçının müvafiq ərizə ilə məhkəməyə müraciət etməmişdən əvvəl hüququ pozulmuş şəxs tərəfindən əvvəlcə inzibati orqana hazırki tələb ilə müraciət etməsi eyni zamanda inzibati orqan tərəfindən onun tələbinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verilməməsi tələb olunur. Lakin, iddiaçı qeyd edilən iddia tələbi ilə iddia qaldırmazdan əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etməsini təsdiq edən sübutları, eləcə də cavabdehin imtinasını məhkəməyə təqdim etməmişdir. Bu baxımdan hazırkı iddianın mümkünlük şərtləri öz təsdiqini tapmır. İnzibati orqanlara qarşı kompensasiya ödənilməsinə dair iddialar o zaman inzibati məhkəmə icraatında baxıla bilər ki, vurulmuş ziyan inzibati orqanın bilavasitə inzibati hüquq sahəsindəki fəaliyyəti (qərar, hərəkət və ya hərəkətsizliyi) nəticəsində vurulmuş olsun və bununla bağlı yaranmış mübahisə inzibati hüquq mübahisəsi olsun. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən yaranan mübahisə isə inzibati mübahisə deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsinə əsasən İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 8.1-8.4-cü bəndlərində qeyd edilir ki, 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İddiaçıya izah edilsin ki, iddianın qeyri mümkün sayılması mümkünlük şərtlərinə əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Odur ki, iddiaçının məhkəmədə iddia qaldırdığı maddi ziyanın ödənilməsi tələbi ilə əvvəlcə cavabdeh inzibati orqana müraciətinin olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia qeyd edilən hissədə də mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər.
Hakim Elvin Əliyev