Məhkəmə qərarları › İş №2-1(112)-13649/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13649/2025

12.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13649/2025 12.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Oruczadə Famil Fazil oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə 12 fevral 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1958-ci il təvəllüdlüdür. İddiaçıya xx.xx.2023-cü il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının müraciəti əsasında əmək pensiyasının məbləği yenidən hesablanmış və pensiyanın məbləği 607,74 manatdan 623,26 manata artırılmışdır. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “..“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006- cı il yanvarın 1-dək faktiki sığorta stajı həmin Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Bildiririk ki, xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı (Qanunun 22-1.1-ci maddəsinə əsasən), xx.xx.2006-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış 51507,18 manat (2023-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyanız yenidən hesablanmış və pensiyanızın məbləğində (623,26 manat) dəyişiklik olmamışdır. Təqdim etdiyiniz sənədlərin surətində qeyd olunmuş məlumatlara əsasən xx.xx.2006-cı il tarixinə kimi faktiki sığorta stajınız 19 il 2 ay 14 gün olduğu halda, sizə Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Bildiririk ki, 2022-ci il 26 aprel tarixində imzalanmış “Azərbaycan ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin (bundan sonra-Müqavilə) 20-ci maddəsinin 1-ci hissəsinə əsasən həmin Müqavilə ratifikasiya edilməlidir. Həmin maddənin 2-ci hissəsinə əsasən isə bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir. Həmçinin bildiririk ki, Müqavilə Azərbaycan Respublikasının 2022-ci il 8 iyul tarixli 579-VİQ nömrəli Qanunu ilə təsdiq edilsə də, hazırki günədək ratifikasiya sənədlərinin qarşılıqlı mübadiləsi həyata keçirilmədiyindən qüvvəyə minməmişdir. Bu səbəbdən xx.xx.1994-cü il tarixindən xx.xx.1999-cu il tarixinədək Rusiya Federasiyası ərazisində olan əmək fəaliyyəti dövrünüz sığorta stajınıza daxil edilməmişdir. Sığorta stajınız xx.xx.2006-cı il tarixinədək 19 il 2 ay 14 gün (faktiki),xx.xx.2006-cı il tarixdən xx.xx.2025-ci il tarixinədək 19 il 4 ay olmaqla ümumilikdə 38 il 6 ay 14 gün təşkil edir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən bildiririk ki, işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz tarixdə (adınıza qüvvədə olan əmək müqaviləsi var: "xxxx" QSC) və ya pensiya təyin olunan tarixdən sonra 6 il işlədikdə əmək pensiyanızın xx.xx.2023-cü il tarixindən sonrakı dövr üzrə fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında yenidən hesablanmasına qanunvericiliyə uyğun olaraq baxılacaqdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciətiniz üzrə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır.”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 46 illik əmək stajına uyğun pensiyanın yenidən hesablanması və həmin staja uyğun əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1958-ci il 24 aprel tarixində Azərbaycan Respublikası Kürdəmir rayonunun Mürşülü kəndində anadan olmuşdur. 1975-ci ildə Kürdəmir rayonu Köhnəbazar orta məktəbini bitirmişdir. 1975-1976-cı ildə Bakı şəhərində Bayıl qəsəbəsində 23 saylı Texniki Peşə Məktəbini bitirmişdir. 1977-1979-cu illərdə hərbi xidmətdə olmuşdur. 1980-ci ildə X1 şəhərində gedən neftximkompleksin tikintisinə komsomol xətti ilə işləməyə getmişdir. Orda yaşadığı müddətdə müxtəlif işlərdə çalışmışdır. 1981-ci ildə X3 Universitetinin dil-ədəbiyyat fakültəsinə daxil olmuşdur. Üç kurs əyani olaraq oxuduqdan sonra təhsilimi müvəqqəti donduraraq işləməyə başlamışdır. Tobolsk şəhərində SSU-5-də Tobolskistroyda malyar işləmişdir. 1983-cü ildə slesarmontajçı işləmişdir. 1983-cü ilin 8-ci ayından Trest obyektdə işə qəbul olmuşdur. 1984-cü ildə Trestdə yeni işə qəbul olmuşdur. 1984-cü ilin 6-cı ayında 3-cü dərəcə alaraq işini davam etdirmişdir. 1986-cı ildə Tobolsk şəhərində ‘‘Drujba” restoranına administrator təyin olunmuşam. 1987-ci ildə Tobolsk şəhərində Saltisov orta məktəbində hərbi müəllimi işləmişdir. 1989-cu ildə PMK-27-də plotnik (dülgər) işləmişdir. 1989-cu ildə NQDUneftqazda olan kooperativ “ Plastda” malyar işləmişdir. 1990-cı ildə neftqazda çörək zavodunda işləmişdir. 1990-cı ildə Universitetin qalan 3 kursunu qiyabi formada bitirmişdir. 1990-cı ildən 1994-cü ilədək Kürdəmir rayonunda orta məktəbdə rus-dili müəllimi işləmişdir. 1994-cü il ildə Tumen vilayətinin Tobolsk şəhərinə qayıdaraq 4-cü dərəcəli dülgər işləmişdir. 1994-cü ildən 1998-ci ilin yayına kimi Tobolsk şəhərində kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam. 1998-ci ilin yayında Azərbaycana qayıdaraq Bakı şəhərində yerləşən “Lukoil”- Azərbaycan neft şirkətində admnistrator vəzifəsində çalışmağa başlamışdır. Hal-hazırda bu şirkətdə istilik məsələləri üzrə mütəxəssis kimi çalışır. 2022-ci ilin aprel ayında pensiya yaşı çatdığı üçün təqaüdə çıxmışdır. Lakin pensiya məbləği düzgün hesablanmamışdır. İş stajı 1975-ci ildən başlayaraq 46 il təşkil edir. Yuxarıda da qeyd etdiyi kimi 46 illik əmək stajına uyğun pensiyanın yenidən hesablanmasını və həmin staja uyğun pensiya təyin edilməsini cavabdeh qurumdan xahiş etmişdir. İş materiallarından da görünür ki, 46 illik əmək stajı olsa da cavabdeh qurum pensiya təyin edərkən həmin 46 illik stajı yalnız Azərbaycan Respublikasında işlədiyi dövrü nəzərə almışdır. Halbuki, mövcud qanunvericiliyin tələblərinə görə 46 illik əmək stajı ümumi əmək stajı kimi tanınmalı idi. Mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən maddi hüquq normasının tələbindən görünür ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. İddia tələbi qanunidir və əsaslıdır, buna görə də təmin olunmalıdır.. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddianın rədd olunması xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2025-ci il tarixində pensiyasının yenidən hesablanması üçün Mərkəzi Filiala müraciət etmiş, Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli 3-17-1/1-Q-168529/2025 nömrəli qərarı ilə əmək pensiyası yenidən hesablanmışdır. Lakin yenidən hesablanma zamanı xx.xx.1994-cü il tarixindən xx.xx.1999-cu il tarixinədək Rusiya Federasiyası ərazisində olan əmək fəaliyyəti dövrü sosial sığorta stajına daxil edilməmişdir. Bu səbəbdən iddiaçı pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün məhkəməyə müraciət etmişdir. Bununla əlaqədar hesab edilir ki, iddiaçının iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçıya 24 aprel 2023-cü il tarixində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının müraciəti əsasında əmək pensiyası yenidən hesablanmış, Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli 3-17-1/1-Q-168529/2025 nömrəli qərarı ilə əmək pensiyası 607,74 manatdan 623,26 manata artırılmışdır. Müvafiq hesablanma zamanı iddiaçının xx.xx.1994-xx.xx.1999-cu il tarixlərdə Rusiya Federasiyasında işlədiyi dövrlər nəzərə alınmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərləbağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Qanunvericiliyə əsasən Azərbaycan Respublikası Hökuməti ilə digər Hökumətlər arasında pensiya təminatı sahəsində olan münasibətlər əməkdaşlıq haqqında (pensiya təminatı sahəsində) Sazişə uyğun olaraq tənzimlənir və hazırda Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilənin təsdiq edilməsinə baxmayaraq ratifikasiya sənədlərinin qarşılıqlı mübadiləsi həyata keçirilmədiyi üçün qüvvəyə minməmişdir. Bu səbəbdən əmək kitabçasının surətində göstərilən xx.xx.1994-cü il tarixindən xx.xx.1999-cu il tarixinədək Rusiya Federasiyası ərazisində olan dövrlər əmək stajı kimi nəzərə alınmadığından, həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab olunmur. Əlavə olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2-1(102)-524/2024 məhkəmə qərarında (hakim X2) oxşar işlə bağlı məhkəmə kollegiyası Mərkəzi Filialın yuxarıda qeyd olunan mövqeyini əsaslı hesab etmişdir. Belə ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilə hər iki dövlətin qanunverici orqanı tərəfindən ratifikasiya olunsa da, onun qüvvəyə minməsini şərtləndirən ratifikasiya sənədlərinin mübadiləsi baş verməmiş, Müqavilə qüvvəyə minməmişdir. 1999-cu il noyabrın 5-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında" Saziş də qüvvəyə minmədiyindən, həmin Sazişə istinad da vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Digər tərəfdən, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış Müqavilənin 20-ci maddəsinin 4-cü bəndinə görə, Razılığa gələn Tərəflər bu Müqavilənin imzalanması ilə əlaqədar olaraq 5 noyabr 1999-cu il tarixində Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Sazişin iştirakçısı olmamaq niyyətini ifadə edir. Beləliklə, qanunvericilikdə vətəndaşların başqa dövlətin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtlərinə uyğun olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında sosial təminat sahəsində saziş qüvvəyə minmədiyindən iddiaçının Rusiya Federasiyasının ərazisində işlədiyi illərin iş stajına daxil edilməsi mümkün hesab edilməməlidir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvalayaraq məhkəmə prosesində üzrlü səbəbdən iştirak edə bilmədiyini, iddia tələbini müdafiə etdiyini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İPM 62.3-cü maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazı edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına əsasən iddiaçıya 24 aprel 2023-cü il tarixində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının müraciəti əsasında əmək pensiyası yenidən hesablanmış, Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli 3-17-1/1-Q-168529/2025 nömrəli qərarı ilə əmək pensiyası 607,74 manatdan 623,26 manata artırılmışdır. Müvafiq hesablanma zamanı iddiaçının xx.xx.1994-xx.xx.1999-cu il tarixlərdə Rusiya Federasiyasında işlədiyi dövrlər nəzərə alınmamışdır. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbini təmin etmək imtina edərkən qanunvericilikdə vətəndaşların başqa dövlətin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtlərinə uyğun olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında sosial təminat sahəsində saziş qüvvəyə minmədiyindən iddiaçının Rusiya Federasiyasının ərazisində işlədiyi illərin iş stajına daxil edilməsi mümkün olmamasına istinad etmişdir. İddiaçı iddia tələbində 46 illik əmək stajına uyğun olaraq pensiyanın yenidən hesablanmasınıp qeyd etsə də, onun hüquqi marağı xx.xx.1994-xx.xx.1999-cu il tarixlərdə Rusiya Federasiyasında işlədiyi dövrlərin nəzərə alınaraq pensiyasının yenidən hesablanmasına yönəlmişdir. Çünki cavabdeh iddiaçının pensiyasını hesablayarkən qeyd edilən dövrdən başqa iddiaçının bütün sosial sığorta stajını nəzərə almışdır. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçının iddiası əsassız, cavabdehin imtinası əsaslıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Baxılan işdə iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı tələbin faktiki əsasını onun Rusiya Federasiyasının ərazisində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması təşkil edir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış Müqavilənin təsdiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında müqavilə “Razılığa gələn Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası və Rusiya Federasiyası, iki dövlət arasında dostluq münasibətlərini dərinləşdirmək və pensiya təminatı sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyini rəhbər tutaraq, müqavilədə qeyd edilən hallar barədə razılığını təsdiq edir. Müqavilənin 18-ci bəndinin 2-ci bəndinə əsasən bu Müqavilənin müddəalarına müvafiq olaraq pensiya hüququnun müəyyən edilməsi üçün bu Müqavilənin qüvvəyə minməsindən əvvəl də əldə edilmiş sığorta stajı (və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq toplanmış pensiya kapitalı - Azərbaycan Respublikası üçün) nəzərə alınır. Müqavilənin 20-ci maddəsində qeyd edilir ki, bu Müqavilə ratifikasiya edilməlidir. Bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir. Razılığa gələn Tərəflər bu Müqavilənin mətninə onun ayrılmaz hissəsi olan dəyişikliklər edə bilərlər. Bu Müqaviləyə dəyişikliklərin edilməsi Razılığa gələn Tərəflərin bu maddənin 1-ci və 2-ci bəndlərinin müddəalarına uyğun qüvvəyə minən müvafiq protokolları imzalaması yolu ilə həyata keçirilir. Razılığa gələn Tərəflər bu Müqavilənin imzalanması ilə əlaqədar olaraq 5 noyabr 1999-cu il tarixində Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Sazişin iştirakçısı olmamaq niyyətini ifadə edir. Oxşar iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-536/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında Məhkəmə kollegiyası qeyd etmişdir ki, “...Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsinə əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilə bağlanmışdır. Müqavilənin 20-ci maddəsi onun qüvvəyə minmə əsasını tənzimləyir. Birinci əsas kimi müqavilənin ratifikasiya edilməsi nəzərdə tutulmuşdur. Bu hissə ilə əlaqədar məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin Azərbaycan Respublikası tərəfindən 30 iyul 2022-ci il tarixdə, Rusiya Federasiyası tərəfindən isə 18 mart 2023-cü il tarixdə ratifikasiya edildiyi müəyyən edilmişdir. Müqavilənin qüvvəyə minməsi üçün ikinci əsas Müqavilə ilə bağlı ratifikasiya sənədlərinin mübadiləsinin aparılmasıdır. İki dövlət arasında müqavilənin ratifikasiya sənədlərinin mübadiləsinin aparılması apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Belə araşdırılmanın təmin edilməsi məqsədi ilə apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğular göndərməlidir. Əgər aparılmış araşdırmalar nəticəsində Müqavilənin ratifikasiya sənədlərinin mübadiləsinin aparıldığı müəyyən edilərsə, apellyasiya instansiya məhkəməsi iddiaçıya İnzibati Prosessual Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş qaydada iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım etməlidir. Belə ki, Müqavilənin 20-ci maddəsinin 2-ci bəndinin ikinci hissəsində qeyd edilmişdir ki, bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir”. Həmin iş üzrə işə yenidən baxan apellyasiya instansiya məhkəməsi kassasiya instansiya məhkəməsinin göstərişlərinin icrası məqsədilə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin Azərbaycan Respublikası tərəfindən 30 iyul 2022-ci il tarixdə, Rusiya Federasiyası tərəfindən isə 18 mart 2023-cü il tarixdə ratifikasiya edildiyi nəzərə alınaraq, iki dövlət arasında müqavilənin ratifikasiya sənədlərinin mübadiləsinin aparılması barədə məhkəməyə ətraflı məlumat göndərilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğular göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 aprel 2025-ci il tarixli, 3-17/2-3344/2025 nömrəli məktubunda qeyd edilir ki, “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası beynəlxalq müqavilələrin onun üçün məcburiliyinə razılığını müqavilənin imzalanması, müqaviləni təşkil edən sənədlərin mübadiləsi, müqavilənin ratifikasiyası, təsdiq edilməsi, ona qoşulma vasitəsilə və razılığa gələn tərəflərin şərtləşdiyi hər hansı başqa üsulla ifadə edə bilər. Həmçinin, 2022-ci il 26 aprel tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə”nin (bundan sonra – Müqavilə) 20-ci maddəsinin 2-ci hissəsinə əsasən Müqavilənin ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günündə qüvvəyə minməsi barədə razılığa gəlinmişdir. Müqavilə 2022-ci il 8 iyul tarixində Azərbaycan Respublikası, 2023-cü il 18 mart tarixində isə Rusiya Federasiyası tərəfindən ratifikasiya edilsə də, sözügedən ratifikasiya sənədlərinin mübadiləsi aparılmamışdır”. Xarici İşlər Nazirliyinin 14 may 2025-ci il tarixli məktubunda qeyd edilir ki, “26 aprel 2022-ci il tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” onun 20-ci maddəsinə uyğun olaraq ratifikasiya edilməlidir və Müqavilə ratifikasiya haqqında sənədlərin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir. Sözügedən Müqavilə Azərbaycan Respublikasının 579-VİQ nömrəli 8 iyul 2022-ci il tarixli Qanunu ilə təsdiq edilmişdir. Müqavilənin hər iki dövlət tərəfindən təsdiq olunmasına baxmayaraq, ratifikasiya fərmanlarının mübadiləsi indiyədək həyata keçirilməmişdir. Beləliklə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə hazırda qüvvədə deyil”. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, təqdim edilmiş sənədlərdən görünür ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” hazırda qüvvədə olmadığı halda, birinci instansiya məhkəməsi bu məsələni araşdırmadan iddiaçının Rusiya Federasiyası "xxxx" Açıq Səhmdar Cəmiyyətində işlədiyi dövlərinin əmək stajına hesablamaqla düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, İstinad edilən Müqavilənin 18-ci maddəsinin 1-ci bəndinin tələbinə görə, bu Müqaviləyə əsasən pensiya hüququ onun qüvvəyə mindiyi tarixdən yaranır. Həmin normanın tələbi nəzərə alındıqda, iddiaçı qeyd olunan Müqavilədən irəli gələn hüququnun icrasını (RF-nin ərazisində qazandığı iş stajının sığorta stajına daxil edilməsini) Müqavilənin qüvvəyə mindiyi tarixdən tələb edə bilərdi. Müqavilənin 20-ci maddəsinin müddəalarına görə, bu Müqavilə ratifikasiya edilməlidir. Bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir. Müqavilə hər iki dövlətin qanunverici orqanı tərəfindən ratifikasıya olunsa da, onun qüvvəyə minməsini şərtləndirən ratifikasiya sənədlərinin mübadiləsi baş verməmiş, Müqavilə bu qərarın qəbul edildiyi tarixə qüvvəyə minməmişdir. Digər tərəfdən, Müqavilənin 18-ci maddəsinin 1-ci bəndinin (Bu Müqaviləyə əsasən pensiya hüququ onun qüvvəyə mindiyi tarixdən yaranır) və 20-ci maddəsinin 2-ci bəndinin (Bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir) tələbləri nəzərə alındıqda, iddiaçı 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün RF-nin ərazisində qazandığı iş stajının sığorta stajına daxil edilməsini tələb edə bilməz. Qeyd olunduğu kimi, onun həmin staja əsaslanmaq imkanı Müqavilənin qüvvəyə mindiyi tarixdən başlayacaq ki, bu halda da, o, artıq əmək pensiyasının xx.xx.2020-ci il tarixdən təyin edilməsini (RF-nin ərazisində qazandığı staja istinadla) tələb edə bilməz. Məhkəmə kollegiyası nəzərə alır ki, 1999-cu ilin noyabrın 5-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Saziş də qüvvəyə minmədiyindən, həmin Sazişə istinad da vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Digər tərəfdən, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış Müqavilənin 20-ci maddəsinin 4-cü bəndinə görə, Razılığa gələn Tərəflər bu Müqavilənin imzalanması ilə əlaqədar olaraq 5 noyabr 1999-cu il tarixində Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Sazişin iştirakçısı olmamaq niyyətini ifadə edir (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiasının 2- 1(103)-1955/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı). Məhkəmə yuxarı instansiya məhkəmələrinin istinad olunan qərarlarındakı hüquqi mövqeləri nəzərə alaraq qeyd edir ki, iddiaçının Rusiya Federasiyasında işlədiyi dövrlər onun sosial sığorta stajına daxil edilə bilməz.. Ona görə də, cavabdeh iddiaçıya pensiyanı yenidən hesablayarkən həmin dövrləri nəzərə almamaqla düzgün nəticəyə gəlmişdir Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsassız olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olmadığından təmin edilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar