Məhkəmə qərarları › İş №2-1(112)-1365/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1365/2021

22.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1365/2021 22.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçının nümayəndəsi, vəkili X6 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil işləyir), cavabdehin nümayəndəsi X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq sektorunun müdiri vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “iddiaçının təhsilinin qanuni hesab edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddiaçının təhsilinin qanuni hesab edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı orta məktəbi bitirdikdən sonra 1991-ci ildə M.Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin Qızlar Kollecinə daxil olmuş və 1994-cü ildə həmin kolleci tibb bacı-mürəbbiyə ixtisası üzrə tam kursu bitirmiş, Dövlət ixtisas komissiyasının 29.02.1994-cü il tarixli qərarı ilə ona tibb bacısı-mürəbbiyə ixtisası verilmiş və bu barədə 20.04.1994-cü ildə AZ seriyalı 000029 saylı diplom təqdim edilmişdir. 2014-cu ildə işləmək üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə müraciət edilsədə, keçirilən kurslarda iştirak etmək üçün ona diplomun Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra təkrarən müraciət etməyi tövsiyə etmişlər. Bakı şəhər Qızlar Kolleci Azərbaycan SSR Xalq Təhsil Nazirliyi Kollegiyasının 02 noyabr 1990-cı tarixli 7/3 nömrəli qərarı əsasında Bakı Dövlət Universtitetinin nəzdində yaradılmış, Bakı Dövlət Universtitetinin 15.12.1990-cı il tarixli 1/518 saylı əmri ilə universtitet nəzdində Bakı Qızlar Kolleci açılmış, X2 isə 01.12.1990-cı il tarixndə kollecin direktoru təyin edilmiş, eyni zamanda Kollecin Azərbaycan Xalq Təhsli Nazirliyi tərəfindən təsdiq edilmiş “Bakı Qızlar Kolleci”nin Nizamnaməsi və elmi metodiki şurasının tərkibi təsdiq edilmişdir. Kolleci bitirdikdən bir müddət sonra həmin kollecin adı dəyişdirililərək Azərbaycan Ali Elmlər Kolleci adlandırılmışdır. Diplomun Təhsil Nazirliyi tərəfindən qanuni hesab edilməməsi iddiaçının Konstitusiyada təsbit olunmuş təhsil və əmək hüquqlarımı pozur. Respublikası Təhsil Nazirliyinə rəsmi ərizə ilə mürciət etsə də bu günədək ona heç bir cavab verilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada məhkəmə sərəncamı ilə cаvаbdеh Azərbaycan Respublikası Təhsil Nazirliyindən iddiaya dair etirazın tələb edilməsinə baxmayaraq məhkəmə sərəncamı icra edilməmiş, iddiaya dair etiraz təqdim edilməmişdir. İnzibati-Prosessual Məcəlləsinin 2.2.3.-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, lakin cavabını ala bilməmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiаçının nümayəndəsi E. Əliyev iddia ərizəsinin məzmununa uyğun məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.Hüseynov iddia ilə razılaşmadığı barədə bildirərək, qanuni və ədalətli qərarın çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahat və çıxışlarını, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında əlavə edilmiş: AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, iddiaçı xx.xx.1969cu il təvəllüdlü Azərbayacn Respublikasının vətəndaşıdır; AZ-İ 660746 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki,, iddiaçı X7 ilə 11.08.1995-ci il tarixdə rəsmi nikaha daxil olmuş, Yusifova soyadından Əliyeva soyadına keçmişdir; ******* nömrəli hərbi biletə əsasən müəyyən olunur ki, İddiaçı əsas mülki ixtisası tibb baçısıdır, AZ seriyalı 000009 nömrəli diploma əsasən müəyyən olunur ki, İddiaçı 1991-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Qızlar Kollecinə daxil olmuş və 1994-cü ildə tibb bacısı- mürəbbiyə ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının 29.02.1994-cü il tarixli qərarı ilə ona tibb bacısı-mürəbbiyə ixtisası verilmişdir (20.04.1994cü il, qeyd N° 02/08). Azərbaycan SSR Xalq Təhsili Nazirliyi Kollegiyasının «Bakı şəhəri qızlar kollecinin yaradılması haqqında» 7/3 nömrəli 02 noyabr 1990-cı il tarixli qərarının surətindən müəyyən olunur ki, Bakı Dövlət Üniversitetinin nəzdində «Bakı şəhər qızlar kolleci” yaradılması və Bakı şəhər qızlar kollecinin əsasnaməsinin təsdiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Dövlət Ali Ekspert Komissiyasının 17/2 nömrəli, 22 iyun 1993-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, Bakı Qızlar Kollecinin bazasında “Azərbaycan Ali Tətbiqi Elmlər Kolleci” ali təhsil müəssisəsi statusu ilə qeydə alınması qərara alınmışdır. Uçot vahidlərinin Dövlət Reyestrində daxil edilməsi haqqında ******* saylı şəhadətnaməyə əsasən müəyyən olunur ki, Azərbaycan Ali Tətbiqi Elmlər Kolleci 22 qeydiyyat nömrəsi ilə 17 may 1993-cü il tarixdə Statistika Komitəsi tərəfindən Dövlət Reyestrinə daxil edilmişdir. Oktyabr rayonunun X4 İcraiyyə Komitəsinin 30 aprel 1991-cı il tarixli, 5/4 nömrəli qərarına əsasən müəyyən olunur ki, Bakı Dövlət Universiteti və vətəndaş X1 birgə ərizəsi əsasında Bakı Qızlar Kollecinin müstəqil hüquqi şəxs qeydiyyata alınması qərara alınmışdır. Bakı Dövlət Universitetinin 15.12.1990-cı il tarixli 1/518 saylı əmrinin surətindən müəyyən olunur ki, həmin əmr əsasında Bakı Dövlət Universiteti nəzdində Bakı Qızlar Kolleci açılmış, X2 01.12.1990-cı il tarixdən Kollecin direktoru təyin edilmiş. Bakı şəhər Qızlar Kollecinin direktoru tərəfindən verilməklə möhürlə təsdiq edilmiş siyahıdan müəyyən olunur ki, 1990-cı ildə ADU nəzdində Bakı Qızlar Kollecinin «Tibb bacısı-mürəbbiyəx ixtisasına daxil olmuş və 1994-cü ildə BQK-nı müvəffəqiyyətlə bitirmiş 30 nəfər şəxsin siyahısında İddiaçı (Yusifova) adı və diplom № 000009 və 8-ci qeyd olunmuşdur. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında tədris müəssisələrinin qeydiyyatdan keçirilməsi haqqında” 04.02.1992-ci il tarixli, 69 nömrəli Qərarı ilə respublikada fəaliyyət göstərən dövlət və qeyri-dövlət mülkiyyətinə mənsub olan bütün tədris müəssisələri –ali, orta ixtisas, texniki peşə və ümumtəhsil orta məktəbləri, liseylər, kolleclər, gimnaziyalar və onların müvafiq filialları, məktəbəqədər tərbiyə və məktəbdənkənar müəssisələr, menecer məktəbləri, müxtəlif hazırlıq təkmilləşdirmə və ixtisasartırma kurslarının Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi tərəfindən 1992ci il martın 1-dən başlayaraq qeydiyyata alınması qərara alınmış, qeydiyyata alınmış tədris müəssisələrinin akkreditasiya və onların tədris-metodiki təminat Respublika Xalq Təhsili Nazirliyinə həvalə edilmiş, Xalq Təhsili Nazirliyinə tapşırılmışdır ki, bir ay müddətinə “Tədris müəssisələrinin yaradılması, qeydiyyatdan keçirilməsi, akkreditasiya və ləğv edilməsi qaydaları haqqında Əsasnamə” layihəsini hazırlasın və təsdiq üçün Nazirlər Kabinetinə təqdim etsin.Qərarla Respublika bank və maliyyə orqanlarına tapşırılmışdır ki, Xalq Təhsili Nazirliyində qeydiyyatdan keçməmiş tədris müəssisələri üçün hesab açmasınlar. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.06.1992-ci il tarixli, 358 nömrəli Qərarı ilə «Azərbaycan Respublikası tədris və tədris-tərbiyə müəssisələrinin yaradılması, qeydə alınması, yenidən qurulması və ləğv edilməsi qaydası haqqında Əsasnamə» təsdiq edilmişdir. 1996-cı ildən qüvvədə olan «Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqmda» Azərbaycan Resupblikası Qanunun 2-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin dövlət qeydiyyatı hüquqi şəxslərə hüquqi şəxs statusunun, onlara və xarici hüquqi şəxslərin filiallarına və nümayəndəliklərinə dövlət qeydiyyatı haqqında şəhadətnamənin verilməsidir. Həmin Qanunun 12-ci maddəsinə görə hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri yalnız dövlət qeydiyyatına alındıqdan sonra xüsusi razıhq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün «Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada lisenziya ala bilərlər. İşin mübahisələndirilməyən hallara görə, Azərbaycan SSR Xalq Təhsili Nazirliyi Kollegiyasının “Bakı şəhəri qızlar kollecinin yaradılması haqqında” 7/3 nömrəli 02 noyabr 1990-ci il tarixli qərarı əsasında Bakı Dövlət Universitetinin nəzdində Bakı qızlar kolleci yaradılmış, Bakı Dövlət Universiteti Elmi Şurasının 16 noyabr1990-ci il tarixli 2 nömrəli iclas protokolu ilə universitetin nəzdində yaradılmış Bakı şəhər Qızlar Kollecinin elmimetodik şurasının təklif edilmiş tərkibi (12 nəfərdən ibarət) və kollecin nizamnaməsi təsdiq edilmiş, Bakı Dövlət Universitetinin 15.12.1990-cı il tarixli 1/518 saylı əmri ilə Universitetin nəzdində açılmış, 01.12.1990-cı il tarixdən Bakı Qızlar Kollecinin direktoru X2 təyin edilmiş, eyni zamanda Kollecin Azərbaycan Respublika Xalq Təhsili Nazirliyi tərəfindən nizamnaməsi və elmi-metodik şurasının tərkibi təsdiq edilmişdir. Hazırkı vəziyyətdə də, iddiaçının 1991- 1994-cü illər üzrə Bak şəhər qızlar kollecində orta ixtisas təhsili alması və kolleci tibb bacısı- mürəbbiyə ixtisası üzrə bitirməsi kollec tərəfindən verilmiş AZ seriyalı 000009 saylı diplomla təsdiq olunur ki, həmin diplomun saxtalığı barədə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə qeyd olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək, belə nəticəyə gəlir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə diplomun qanuni hesab edilməsindən imtina üçün əsas kimi nəzərdə tutulan hallar müvcud olmadığından , cavabdeh inzibati orqanın İddiaçı məxsus diplomu qanuni hesab edilməməsi qanuna zidd və iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 №-li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra - Nazirlik) təhsil sahəsində dövlət siyasətini və tənzimlənməsini, təhsil prosesinə ümumi metodiki rəhbərliyi həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən Nazirliyin əsas vəzifələrinə aiddir: 7.1. Təhsil sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasəti həyata keçirmək; 7.2. Azərbaycan Respublikasında təhsil sisteminin müəyyən edilmiş istiqamətlər üzrə inkişafını təmin etmək; 7.3. təhsil sahəsində dövlət tənzimlənməsini həyata keçirmək, təhsilin keyfiyyətinə dövlət nəzarətini təmin etmək; 7.4. vətəndaşların təhsil almaları ilə bağlı konstitusiya hüquqlarını qorumaq məqsədilə təhsildə bərabər imkanların yaradılmasına nail olmaq; Həmin Əsasnamənin 8.26-cı bəndinə əsasən Nazirliyin funksiyalarına mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlamaq, onun verilmə qaydalarını müəyyən etmək, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin etmək, vətəndaşların təhsil almaları ilə bağlı konstitusiya hüquqlarını qorumaq məqsədilə təhsildə bərabər imkanların yaradılmasına nail olmaq aid edilmişdir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının Bakı Dövlət Universitetinın Qızlar Kollecində tibb bacısı-mürəbbiyə ixtisası üzrə aldığı diplom (AZ 000009) ilə təsdiq edilən təhsilinin qanuni hesab edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı Bakı Dövlət Universitetinın Qızlar Kollecində tibb bacısı-mürəbbiyə ixtisası üzrə aldığı diplom (AZ 000009) ilə təsdiq edilən təhsilinin qanuni hesab edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar