Məhkəmə qərarları › İş №2-1(112)-1365/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1365/2024

23.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1365/2024 23.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi) qarşı “ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh orqan tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********928200 saylı qərarın ləğv edilməsi və yaşayış sahəsinin alınması ilə bağlı ödənilmiş əlavə dəyər vergisinin yəni, 8247,95 (səkkiz min iki yüz qirx yeddi manat doqqsan beş qəpik) manat pul vəsaitinin qaytarılaraq ona ödənilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsinin ərizələri nəzərə alınaraq, məhkəmənin müvafiq qərardadları ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmiş, iddia tələbi isə “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********928200 saylı qərarının ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən “Avant Park” Yaşayış Kompleksinin 7-ci bina, 7-ci blok, 8-ci mərtəbə, 2 nömrəli, 3 otaqlı mənzilinə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankı Müştəri Xidmətləri Departamenti) ötürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə iddiaçı arasında bağlanan xx.xx.2023-cü il tarixli № 0753 saylı payçı müqaviləsi üzrə iddiaçı ünvan 2 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 7-ci binasında, 7-ci blok, 8-ci mərtəbə, 2 №-li, 3 otaqlı mənzili mülkiyyətinə qəbul etməyi və mənzil üzrə tələb olunan bütün ödənişlərin “MTK"-ya ödənilməsini öhdəliyinə götürmüşdür. Qeyd edilir ki, müqavilə şərtlərinə əsasən müqavilənin ümumi dəyəri ƏDV də daxil olmaqla 180233 (bir yüz səksən min iki yüz otuz üç) manat, ƏDV isə 27493.17 manat təşkil edir. Müqavilənin ilkin ödənişini müqavilənin ümümi dəyərinin 33%-ni təşkil etməklə 60033 (altmış min otuz üç) manatı avans olaraq xx.xx.2023-cü il tarixində müqavilə bağlandığı gün ödənilmişdir. Müqavilənin ümumi dəyərinin qalıq 120200 (bir yüz yirmi min iki yüz) manat pul vəsaitini "xxxx" ASC-dən götürülən kredit vəsaiti hesabına xx.xx.2023-cü il tarixində ödənilmişdir. Mənzillə bağlı hər iki ödəniş bank vasitəsilə ödənilmişdir, bu faktı təsdiq edən ABB ASC tərəfindən təqdim edilən mədaxil qəbzləri iddia ərizəsinə əlavə edilmişdir. Bildirilir ki, iddiaçı yaşayış sahəsinin alınması ilə bağlı nağdsız qaydada ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə elektron qaydada müraciət edərək bütün sənədləri elektron qaydada cavabdeh orqana təqdim etmişdir. Müraciətinin nəticəsində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, **********928200 saylı qərar qəbul edərək ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında qərar qəbul etmişdir. Qeyd olunan qərarda bildirlir ki, yaşayış sahəsinin ümümi dəyərinindən əldə olunan 27493,17 (iyirmi yeddi min dörd yüz doxsan üç manat on yeddi qəpik) manat ƏDV məbləğinin 18335,59 (on səkkiz min üç yüz otuz beş manat əlli doqquz qəpik) manatını satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Cavabdeh yuxarıda qeyd olunan səbəbi qeyd edərək Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və qaydası”'nın 5.1.2-ci bəndinin iddiaçı tərəfindən pozulduğunu bildirmişdir. Hörmətli məhkəmə hesab edirəm ki, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli. **********928200 saylı qərar əsasız və qanunsuzdur. Qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş şərtlərə və qaydalara uyğun olaraq mənzilin dəyəri ödənilmişdir. Belə ki, qeyd olunan qaydalarının 5.1.2-ci maddəsinə əsasən “alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi’' təqdim edilməlidir. Yuxarıda qeyd olunan qaydalara uyğun olaraq iddiaçı tərəfindən ödənişləri nağdsız şəkildə həyata keçirilmişdir və qeyd olunan ödənişlərlə bağlı sənədlər cavabdeh orqana elektron qaydada təqdim edilmişdir. Cavabdeh orqan qəbul etdiyi imtina məktubunda özü qismən iddiaçı tərəfindən ödənişlərin düzgün həyata keçirilməsini qəbul etmişdir. Belə ki, imtina qərarında cavabdeh orqan bildirir ki, mənzilin ümümi dəyərinə uyğun olaraq hesablanmış 27493.17 (iyirmi yeddi min dörd yüz doxsan üç manat on yeddi qəpik) manat ƏDV məbləğinin 18335.59 (on səkkiz min üç yüz otuz beş manat əlli doqquz qəpik) manatını satıcının bank hesabına ödənilmişdir, dolayı yolla cavabdeh orqan təsdiq edir ki, mənzilin ümumi dəyərinə uyğun olaraq hesablanmış əlavə dəyər vergisinin 9157,58 (doqquz min yüz əlli yeddi manat əlli səkkiz qəpik) manat pul vəsaitini satıcının ƏDV depozitinə ödənilmişdir. Lakin cavabdeh orqan imtina məktubunda bu faktı bir başa qeyd etmir. Bu halda sual yaranır, iddiaçının nə marağı var ki, mənzilin ümumi dəyərinə hesablanmış ƏDV-nin bir qismini ödəyərək, lakin digər hissəsi ödəməsin. Bir daha qeyd edilir ki, mənzilin ümumi dəyəri iki mərhələdə ödənilmişdir. İlk mərhələdə iddiaçı tərəfindən öz vəsaiti hesabına mənzilin ümumi dəyərinin 33%-i ödənilmişdir. Ödənişin ikinci mərhələsində iddiaçı ABB bankdan kredit götürərək mənzilin qalıq dəyəri ödənilmişdir və kredit vəsaiti birbaşa bank tərəfindən MTK-ya köçürülmüşdür. Göründüyü kimi, ödənişin ikinci mərhələsində iddiaçı tərəfindən ödənişlərə hər hansı bir mədaxil etməyə imkan olmamışdır və pul vəsaitinin köçürülməsi MTK və ABB ASC arasında həyata keçirilmişdir. İddiaçı hesab edir ki, həyata keçirilən ödənişləri bank və ya mtk tərəfindən düzgün yönəldilməməsi nəticəsində faktiki olaraq iddiaçı ödənilmiş ədv-nin geri qaytarılması hüququndan məhrum olunur. Cavabdeh orqan isə, əlavə araşdırma aparmadan, bankdan və MTK-dan heç bir sənəd tələb etmədən əlavə dəyər vergisini qaytarılmasını imtina edilməsi barədə qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən iddia təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" Mənzil Tikinti Kooperativi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. İddia ərizəsi icraata qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, alıcı İddiaçı (FİN:xxxxxxx) tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin, yəni 27493.17 manat ƏDV məbləğinin 18335.59 manatının satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir və nəticədə xx.xx.2023cü il tarixli **********928200 nömrəli Qərar qəbul olunaraq, qeyd olunan səbəbdən dolayı imtina verilmiş və bu barədə müvafiq Qərarın iddiaçıya çatdırılması təmin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydalarının 5.1-ci maddəsinə əsasən, alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı; 2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; 3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). Qeyd olunan müddəalardan da görüldüyü kimi, iddiaçının qeyd etdiyi ödəniş forması qaydalarda nəzərdə tutulmamışdır. Məhz bu baxımdan cavabdehin imtinasının əsaslı olduğu hesab edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən iddiaçının iddia tələbi təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə qeyd edir ki, iddia tələbində cavabdeh vergi orqanının iddiaçının hazırkı tələbi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, **********928200 saylı qərarının ləğv edilməsi də qoyulsa da, yalnız həmin qərarın ləğv edilməsi iddiaçıya arzuladığı məqsədə nail olmaq imkanı vermir. Belə ki, iddiaçının məqsədi yaşayış sahəsinə görə nağdsız şəkildə ödədiyi vəsaitin ƏDV məbləğinin 30 %-ni təşkil edən pulun qaytarılmasıdır. Bunun üçün cavabdehdən tələb olunan ƏDV-nin yekun məbləği barədə məlumatların müvəkkil banka ötürülməsidir. Bu hərəkət isə cavabdeh vergi orqanının hər hansı inzibati aktının qəbul edilməsi ilə müşayiət olunmadığından iddia mahiyyətcə öhdəliyin icrası növünə uyğundur. Bu mənada iddiaçı hazırkı öhdəliyin icrası növünə xas olan olan xüsusi mümkünlük şərtinə əməl edərək, hazırkı tələbi ilə bağlı eyni məzmunlu tələblə əvvəlcə cavabdeh vergi orqanına müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etdiyinə görə hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -"xxxx" MTK ilə payçı İddiaçı arasında bağlanmış 0753 nömrəli 07 fevral 2023-cü il tarixli mənzilin alqı-satqısına dair Payçı müqaviləsinin 1 və 2-ci bəndlərinə əsasən ünvan 3 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 7-ci binasında, 7-ci blok, 8-ci mərtəbə, 2 №-li, 3 otaqlı mənzilin ümumi dəyəri 180233 manat, müqavilə üzrə MTKya avans şəklində ödənəcək ilkin ödəniş 60033 AZN çıxılmaqla, qalan 120200 manat məbləğində pul vəsaitinin payçı tərəfindən onunla MTK və ABB ASC arasında bağlanacaq müqavilələrə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödənilməsi müəyyən edilmişdir. -xx.xx.2023-cü il tarixli, BPM**********90 №-li, BPM**********05 №-li mədaxil qəbzlərinə əsasən İddiaçı tərəfindən 50875.42 manat və 9166.74 manat məbləğində pul vəsaitləri "xxxx" MTK-nın hesabına köçürülmüşdür. -xx.xx.2023-cü il tarixli FJB**********397 nömrəli məxaric orderindən görünür ki, 120200 AZN məbləğində vəsait İddiaçı hesabına köçürülmüşdür. -xx.xx.2023-cü il tarixli BPM**********82 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 120200.00 AZN məbləğində vəsait "xxxx" MTK-nin hesabına köçürülmüşdür. -ƏDV qaytarmaq ərizəsindən imtina barədə bildirişdən görünür ki, iddiaçının xx.xx.2023-cü il tarixli **********487500 nömrəli “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı elektron ərizə”si üzrə ƏDV-nin geri qaytarılmasından imtina edilmişdir. Bu barədə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.6-cı bəndinə uyğun olaraq əsaslandırılmış inzibati akt bildirişin qoşmasında iddiaçıya təqdim olunmuşdur. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 15 may 2023-cü il tarixli **********928200 nömrəli “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarında qeyd olunur ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin, yəni 27493.17 manat ƏDV məbləğinin 18335.59 manatının satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən İddiaçı 09 may 2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılmaması qərara alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçının tələbi aşağıda qeyd olunanlara əsasən qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsindən: -153.1. Əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. -165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”ndan: 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 2.0.2. alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.3. satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs; 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.5. risk qiymətləndirilməsi – məlumatların toplanması, vahid elektron məlumat bazasının yenilənməsi, risklərin təhlili, müvafiq proseslər və onların nəticələrinin mütəmadi monitorinqi yolu ilə risklərin müəyyən edilməsi, onların təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər maraqlarına dəyə biləcək ziyanın dərəcəsinin qiymətləndirilməsi; 2.0.6. müvəkkil bank – ƏDV-nin qaytarılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən bank və ya banklar; 2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi; 3.1. Operator: 3.1.1. Bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:

1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;

2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;

3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. 5.4. Alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur. 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. 5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.8. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir. Hazırkı işin hallarından görünür ki, İddiaçı alıcı qismində, yəni satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı olaraq, "xxxx" MTK isə satıcı qismində, yəni ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olaraq iştirak edir. Yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması üçün müraciət etmək iddiaçının qanunla nəzərdə tutulmuş hüququdur. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı tərəfindən "xxxx" MTK ilə bağlanmış payçı müqaviləsi üzrə yaşayış sahəsinin dəyəri satıcıya tam şəkildə ödənilmiş və əlavə dəyər vergisinin qaytarılması məqsədilə portaldan qeydiyyatdan keçərək müvafiq orqana müraciət edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən ƏDV-nin qaytarılmasından imtina edilməsi və mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas kimi İddiaçı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin, yəni 27493.17 manat ƏDV məbləğinin 18335.59 manatının satıcının bank hesabına ödənildiyi bildirilmişdir. Məhkəmə cavabdehin bu mövqeyini əsassız hesab edərək qeyd edir ki, bu hal, iddiaçının təqsiri ilə bağlı olmamaqla ƏDV məbləğinin geri qaytarılmasından imtina üçün əsas hesab edilə bilməz. Belə ki, hüquqi şəxs olan MTK-nın, bankın və notariat orqanının iştirakı ilə həyata keçirilən alqı-satqı zamanı müqavilənin standart şərtlərini müəyyən etmək və ödənişin qeyd edilən qaydada, yəni bütün məbləğin satıcının hesabına köçürülməsini seçmək iddiaçının iradəsindən asılı olmamışdır. İddiaçının aldığı, müqavilənin predmeti olan mənzilin cəmi məbləği (ƏDV məbləği də daxil olmaqla) MTK-nın hesabına ödənildiyindən, MTK da öz növbəsində həmin məbləğlər də (ƏDV depozit hesabına köçürülməsi nəzərdə tutulmuş, lakin MTK-nın hesabına köçürülmüş) daxil olmaqla həmin ay üzrə ümumi dövriyəyə cəlb olunan məbləğdən ƏDV ödəmiş və hesabat təqdim etmişdir. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 219 № li qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları»nın 2.1-ci bəndinə əsasən ƏDV-nin depozit hesabına vəsaitlər aşağıdakı, lakin bunlarla məhdudlaşdırılmayan mənbələrdən daxil ola bilər: - ƏDV qeydiyyatında olan vergi ödəyicisinin öz bank hesablarından; - digər vergi ödəyicilərinin bank hesablarından; - bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslərin ödəmələrindən. Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən, bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günün müddətində ƏDV məbləğinin ödənilməməsinə görə (bu Məcəllənin 177.5-ci maddəsində nəzərdə tutulan halda ƏDV məbləğinin 1 iş günü müddətində ödənilməməsi istisna olmaqla) vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 175.1.3-cü maddəsinə əsasən, vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Göründüyü kimi, ƏDV-nin depozit hesabı həmçinin ƏDV qeydiyyatında olan vergi ödəyicisinin öz bank hesablarından ödənilmiş vəsaitlərdən mədaxili də nəzərdə tutulmuşdur. Həmçinin göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində, ƏDV-nin məbləğinin aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməməsinə görə maliyyə sanksiyası tətbiq edilir. Lakin hazırkı halda "xxxx" MTK etdiyi alqı-satqılar üzrə ƏDV hesabatı təqdim etməsinə baxmayaraq, cavabdeh tərəfindən MTK-nın satdığı mənzilə görə ƏDV aldığı məbləğin ƏDV depozit hesabına köçürməməsinə görə maliyyə sanksiyasının tədbiq edilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, bu halı mübahisələndirilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının hüquqları baxımından inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmamaqla, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmamış, həmçinin cavabdeh inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: -11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.). -17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinin tələbinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2-ci maddə). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********928200 saylı qərarı əsassız olduğundan ləğv edilməli, ünvan 3 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 7-ci binasında, 7-ci blok, 8-ci mərtəbə, 2 №-li, 3 otaqlı mənzilə görə İddiaçı tərəfindən ödənilmiş əlavə dəyər vergisinin 30 (otuz) faizinin ona qaytarılması barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********928200 saylı qərarı ləğv olunsun. ünvan 3 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 7-ci binasında, 7-ci blok, 8-ci mərtəbə, 2 №-li, 3 otaqlı mənzilə görə İddiaçı tərəfindən ödənilmiş əlavə dəyər vergisinin 30 (otuz) faizinin ona qaytarılması barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar