Məhkəmə qərarları › İş №2-1(112)-13666/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13666/2024

02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13666/2024 02.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi” tələbinə dair iddiası üzrə işin materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının aradan qaldırılması öhdəliyinin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, hüquqi şəxs “PONORAM 22 CORP” Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 747055,01 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1090/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 747055,01 manat olmaqla, ümumilikdə 747055,01 (yeddi yüz qırx yeddimin əlli beş manat bir qəpik) manat məbləğində borcu ödənilənədək maraqlı şəxs İddiaçı (doğulduğu tarix xx xxx 1998-ci il, doğulduğu yer Daşkəsən rayonu, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Lakin məhkəmə iclasında maraqlı şəxsin iştirakı təmin edilmədiyi üçün qətnamədə qeyd edilən şirkətin ona məxsus olmadığını, şirkətin saxta sənədlərlə onun adına açıldığını məhkəməyə bildirə bilməmişdir. Məhkəmə qətnaməsi təxmini olaraq 2023-cü ilin oktyabr ayında maraqlı şəxsə təqdim edilmişdir. Bundan sonra o, məhkəmə qətnaməsi ilə tanış olduqdan sonra həmin şirkətin ona aid olmadığını, onun adına saxta sənədlər əsasında şirkət açıldığını qətnamədən görərək dərhal mətbuat vasitəsilə ictimaiyyətə müraciət etmiş və hüquqlarının qorunması üçün ictimaiyyətdən ona kömək edilməsini xahiş etmişdir. Hətta bununla əlaqədar İddiaçı “YouTube” platformasında çıxış etmişdir. Sözügedən videodan məlumatı olmuş Azərbaycan Respublikasının Baş Prokuroru sözügedən məsələni nəzarətə götürmüş, məsələnin araşdırılmasını Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsinə həvalə etmişdir. Hal-hazırda cinayət işi başladılmışdır. Həmin məsələ ilə bağlı artıq bir neçə şəxs istintaqa cəlb edilmişdir. İstintaqın nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı sözügedən məsələ ilə heç bir bağlılığı yoxdur. İddiaçı ümumiyyətlə həmin şirkətin açılması üçün vergi orqanına müraciət etməmişdir. Onun hüquqları əsassız olaraq məhdudlaşdırmışdır. Hazırkı iş üzrə isə iddiaçı həmin şirkətin vergi borclarına görə heç bir məhsuliyyət daşımır və onun həmin şirkətlə heç bir bağlılığı yoxdur. Prokurorluğun apardığı araşdırma nəticəsində iddiaçının həmin şirkətlə heç bir əlaqəsinin olmadığı müəyyən edilmişdir (prokurorluğun məktubu qoşma kimi əlavə olunur). İş Baş Prokurorluğun istintaq İdarəsində araşdırılan zaman cinayətkarlar dərhal qanuni təmsilçini dəyişərək X1 qanuni təmsilçi təyin etmişlər. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi barədə çıxarışdan da (taxes.gov.az.) göründüyü kimi həmin şirkətin qanuni təmsilçisi, direktoru X2r. Barəsində olan məhdudiyyətin aradan qaldırılması məqsədilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etsə də, həmin orqan tərəfindən müraciəti cavablandırılmamışdır. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi vəsatətlə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi” tələbinə dair iddiası üzrə işin baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdehin vəsatəti: Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı X3 cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1090/2023 nömrəli, xx.xx.2024cü il tarixli qərarına əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının aradan qaldırılmasını xahiş etmişdir. İş üzrə göründüyü kimi iddiaçının tələbi İPM-nin 2.2.3-cü maddəsinin tələblərinə əsasən öhdəliyin icrası haqqında iddiaya aiddir. İPM-nin 8.1.4-cü maddəyə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmçinin iş üzrə məlum olduğu kimi, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının aradan qaldırılması ilə bağlı qərar qəbul etmək səlahiyyəti Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinə əsasən vergi orqanının- Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin səlahiyyətlərinə daxildir və Baş İdarə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 181A ünvanında yerləşir. Bununla da müəyyən edilir ki, iddia ərizəsi İPM-nin 8.1.4-cü maddəsinə əsasən Bakı İnzibati Məhkəməsinə verilməli olduğu halda, ərazi aidiyyəti qaydalarına riayət edilmədən Gəncə İnzibati Məhkəməsinə verilmişdir. İPM-nin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmçinin iddiaçının nümayəndəsi və vəkili Vəkil da xx.xx.2024-cü il tarixdə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi” tələbinə dair iddiası üzrə işin baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Faktiki hallar: İş materiallarından müəyyən olunur ki: İddiaçı xx.xx.1998-ci il təvəllüdlü İddiaçı ünvan 2i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır (Ş/V AA 5993433, xx.xx.2024, ASAN 3, FİN: xxxxxxx) Cavabdeh inzibati orqan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 181A-dır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-3247/2024 saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Gəncə İnzibati Məhkəməsi tərəfindən işin Bakı İnzibati Məhkəməsinə aidiyyəti üzrə göndərilməsi İPM-nin tələblərinə uyğun olmamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçının tələbindən müəyyən olunur ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Normanın mənasına görə, qanunverici səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqanlara qarşı öhdəliyin icrası haqqında iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılmalı olduğunu müəyyənləşdirmişdir. Bu qayda ərazi ilə bağlı olan mübahisə predmetinin və məhkəmənin ərazi baxımından zəruri olan yaxınlığını təmin edir. Sadalanan hərəkətləri ən qısa müddətdə və ən çevik şəkildə hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi həyata keçirə bilər. Gəncə İnzibati Məhkəməsi tərəfindən ərazi aidiyyətinin müəyyən edilməsi üçün haqlı olaraq İPM-in 8-ci maddəsinə istinad olunsa da, hazırki işin cavabdeh inzibati orqanın yerləşdiyi ərazi üzrə baxılmalı olması ilə bağlı gəldiyi qənaət doğru olmamışdır. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin “İqtisadiyyat nazirinin 28 dekabr 2021-ci il tarixli F-177 nömrəli və 22 avqust 2023-cü il tarixli 3-21/3-1-F-131/2023 nömrəli əmrlərində dəyişlik edilməsi haqqında” 3-21/3-1-F-187/2023 №li 23 dekabr 2023cü il tarixli əmri ilə müəyyən edilmişdir ki; 2.1. bu əmrin, o cümlədən 2.5-ci bəndinin tələbləri nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi mövcud əsasnamədə təsbit edilmiş olunan səlahiyyətlərlə yanaşı, eyni zamanda Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi, 6 saylı Ərazi Vergilər Baş İdarəsi, 8 saylı Ərazi Vergilər İdarəsi, 13 saylı Ərazi Vergilər İdarəsi, Qarabağ Ərazi Vergilər Baş İdarəsi və Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsində vergi uçotunda olan vergi ödəyicilərində səyyar və kameral vergi yoxlamalarını həyata keçirmək (o cümlədən 5, 8, 13 saylı ərazi vergilər idarələri və 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən başlanan, lakin başa çatmayan səyyar və kameral vergi yoxlamalarını başa çatdırmaq), eləcə də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 üzrə Baş İdarəsi və ləğv edilmiş rayon vergilər şöbələri tərəfindən başlanmış, lakin başa çatmamış kameral vergi yoxlamalarını başa şatdırmaq səlahiyyətinə malikdir. Göründüyü kimi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin səlahiyyətləri birdən çox məhkəmənin yurisdiksiyasını əhatə edən ərazilərə aid edilmişdir ki, bu halda da ona qarşı mübahisələndirmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialara da hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulamışdır. Avropa Məhkəməsi “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə 22 dekabr 2009cu il tarixli qərarında qeyd etmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, “Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na görə Göygöl rayonu Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinə daxildir (17.1-ci bənd). Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, hazırkı iş üzrə səlahiyyətli məhkəmə Bakı İnzibati Məhkəmə deyil, Gəncə İnzibati Məhkəməsidir. Odur ki, məhkəmə inzibati iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materiallarının baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, İPM-in 9.1 və 9.1.3-cü maddələrinə əsasən, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.1 və 9.1.3-cü maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi” tələbinə dair iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materialları baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar