Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13666/2025 05.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X13, Üçüncü şəxs X4 nümayəndəsi və vəkili X16 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (X8 və X9 üçüncü şəxs qismində cəlb edilməklə) “mənzil kirayə müqaviləsi bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 5 fevral 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Qaradağ rayonu X24 İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 18 saylı qərarına əsasən ünvan 1 ünvanında yerləşən, 46,05 kv.m. sahəsi olan 3 otaqlı 46 saylı mənzil 7 (yeddi) nəfərdən ibarət ailə üzvü olan (X37, X8, X18, X14, İddiaçı, X38 və X12) X31 verilmişdir 179840 saylı xx.xx.1978-ci il tarixli orderə əsasən ünvan 1 ünvanında yerləşən, 46,05 kv.m. sahəsi olan 3 otaqlı 46 saylı mənzil X31 verilmişdir, ailə tərkibi onun özü, X8, X18, X14, İddiaçı, X38 və X7maqla 7 (yeddi) nəfərdən ibarətdir. AZ-İ seriyalı No 510852 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X38 03 yanvar 2012-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 15 fevral 2012-ci il tarixində 79 nömrəsi ilə qeydiyyat aparılmışdır. AZ-İİ seriyalı 124455 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X37 07 noyabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 11 noyabr 2020-ci il tarixində 683 nömrəsi ilə qeydiyyat aparılmışdır. AZ-İİ seriyalı No 142606 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X14 14 yanvar 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 21 yanvar 2021-ci il tarixində 85 nömrəsi ilə qeydiyyat aparılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(002)-3154/2023 saylı qətnaməsinə əsasən iddiaçılar X4 və X5 ünvan 2 ünvanında yerləşən 46,05 kv.m. sahəsi olan 3 (üç) otaqlı 46 saylı mənzilin sahəsi ən kiçik olan uşaq otağına köçürülməsi, iddiaçıların Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi ev 52, 46 saylı mənzildə olan mətbəx, sanitar qovşağı və digər ümumi istifadədə olan köməkçi sahələrdən istifadə hüquqları tanınması və iddiaçılar X4 və X5 köçürüləcəkləri otaqda edilmiş konstruksiya dəyişiklikləri (ümumi dəhlizə açılan əvvəlki qapının bərpa edilməsi və digər otağa açılmış qapının bağlanması) cavabdehlər İddiaçı və X15 hesabına əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri 8 Saylı Notariat Ofisinin 17 aprel 2025 ci il tarixli, 388 saylı məktubunda qeyd olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə ölmüş X28 ölümündən sonra miras qalmış əmlakla bağlı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət daxil olmuş və 88/2023 nömrəli vərəsəlik işi açılmışdır. Sənədlərə baxış keçirilərkən məlum olmuşdur ki, miras qoyan X31 məxsus əmlakın hüquqmüəyyənedici sənədi (çıxarışı) yoxdur. Sizin xx.xx.2025-ci il tarixli ərizənizə əsasən X31 məxsus əmlakla bağlı vərəsələr arasında mübahisə olduğunu, miras qalmış əmlaka mübahisə ilə əlaqədar hüquqmüəyyənedici sənədi ala bilməməyinizi, həmçinin miras qalmış əmlaka notariat qaydasında deyil məhkəmə qaydasında bölünməsi istəyinizi nəzərə alaraq vərəsələr arasında əmlakın bölünməsi ilə əlaqədar müvafiq məhkəməyə müraciət etdikdən sonra təkrar notariat ofisinə müraciət edəsiniz. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunur ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, 52 saylı evin, 46 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2025-ci il tarixli müraciətə baxılmışdır. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, 52 saylı evin, 46 saylı mənzilinin 2 (iki) otağına dair adınıza kirayə müqaviləsinin bağlanması haqqında müvafiq icra hakimiyyəti orqanının sərəncamı (qeyd olunan mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaq şərti ilə) təqdim olunacağı təqdirdə ərizədə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Həmçinin İdarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarının hazırlanması təmin edilməlidir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2025-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən İddiaçı ünvan 1, 46 saylı mənzildə qeydiyyatdadır. Həmin mənzildə X8, X25, X21, X19, X32, X9, X26, X20 qeydiyyatdadırlar. X18, X11 və X15 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, mübahisəli mənzilə dair iddiaçının adına kirayə müqaviləsinin bağlanmasına etiraz etmirlər. İddiaçı mənzil kirayə müqaviləsinin bağlanması üçün Bakı şəhəri Cavabdehnə müraciət etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtina məktubunda bildirmişdir ki, “...Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 62-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır və yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən (Azərbaycan Respublikasının Nazirlər Kabineti) təsdiq olunur. Yaşayış sahəsinin birtipli forması müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edildikdən sonra tərəfimizdən sözügedən məsələyə müraciətiniz əsasında yenidən baxılacaqdır”. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı Cavabdehnə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, 52 saylı evin 46 saylı mənzilinə istifadəsində olan 2 otağına onunla əmlak kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, mənzil Bakı şəhəri Qaradağ rayonu XDS İK-nin xx.xx.1978-ci il tarixli 18 saylı qərarı ilə 7 nəfər ailə üzvü nəzərə alınmaqla 03 may 1978-ci il tarixli orderlə anası X31 verilmişdir. Mənzil 46,05 kv.m olmaqla üç otaqdan ibarətdir. Evin orderinə ailə üzvü kimi o və digər qardaşları yazılmışdır. Anası X37 xx.xx.2020-ci i tarixdə vəfat etmişdir. Anasının sağlığında və vəfatından sonra da həmin mənzildə yaşamışdır. Qaradağ rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)- 3154/2023 saylı qətnaməsi ilə qardaşı X1 birlikdə mübahisəli evin ən kiçik olan uşaq otağına köçürülməsi qət edilmişdir. Mənzilin bir otağı qardaşı X6 məxsus olsa da o, orada yaşamır, otaq ağzı bağlı formada qalır. Qalan 2 otaqdan isə özləri istifadə edir. Anası X37 07 noyabr 2020-ci il tarixdə vəfat etmiş, mənzil özəlləşdirilməmişdir. Ona-görə də miras əmlak kimi vərəsələr arasında bölünməsi mümkün deyil. Belə ki, mənzilə əmlak kirayə müqaviləsi bağlanması zəruridir. Bu barədə İcra hakimiyyətinə müraciət etsə də heç bir cavab verilməmişdir. İddiaçı və X15 xx.xx.2025-ci il tarixli 388 saylı məktubuna əsasən onların iddia qaldırmaq üçün subyektiv hüquqları vardır. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsinə sözügedən orderdə adları qeyd olunan və həmin ünvanda qeydiyyatda olan şəxlərin ayrı-ayrı hamısının razılıq ərizələrini təqdim etməmişdir. Bu hal isə kirayə müqaviləsinin bağlanmasında maneə olan hallardan biridir və Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa ziddir. Bundan əlavə olaraq iddiaçı ilə mənzil kirayə müqaviləsinin bağlanması hazırda nəzərdə tutula bilməz. Belə ki, sosial kirayə müqaviləsi yazılı formada bağlanır və hazırda sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı olan Azərbcayn Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmamışdır. Sosial kirayə müqaviləsinin birtipli forması hazır olanadək müqavilə bağlanması qeyri-mümkündür. Həmin hüquqları birbaşa tənzimləyən hüquqi mexanizm hazırda olmadığından da iddia qeyri-mümkün hesab olunmalıdır. Üçüncü şəxs X4 nümayəndəsi və vəkili X27 iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, mənzil cəmi 3 otaqdan ibarətdir ki, bunlardan biri 3-cü şəxs kimi cəlb edilmiş ata və oğul Vyaçeslav və Aleksandr Şevçenkoların, biri kiçik qardaş Sergey Əliyevin ailəsi ilə birlikdə, biri isə digər qardaş, iddiaçının ailəsi ilə birlikdə istifadəsindədir. İddiaçının haqqında danışdığı 4-cü otaq lazımi icazə olmadan mənzildə edilmiş konstruksiya dəyişikliyi nəticəsində mətbəxin balkona (artırmaya) keçirilməsi və mətbəxin sahəsində otaq düzəldilməsi nəticəsində yaranmış, əmələ gəlmişdir. İddiaçı inzibati məhkəməyə ilkin olaraq bütövlükdə mənzillə əlaqədar kirayə müqaviləsinin bağlanması tələbi ilə müraciət etmiş və xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyinə görə məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)-12748/2024 saylı qərardadı ilə inzibati işin icraatına xitam verilmişdir. İddiaçı sonradan məhkəməyə yalnız mənzilin 2 otağı ilə bağlı iddia ərizəsi ilə müraciət etmişdir. Göstərilən mənzilə köçürülmə və həmin mənzildən istifadə ilə bağlı məhkəmə müstəvisində mübahisələr olmuş və Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2 (002)-3154/2023 saylı qətnaməsi ilə iddiaçılar X8 və X9 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, 52 saylı mənzilin, 46 saylı mənzilin sahəsi ən kiçik olan uşaq otağına köçürülmüş və iddiaçıların həmin mənzildə olan mətbəx, sanitar qovşağı və digər ümumi istifadədə olan köməkçi sahələrdən istifadə hüququ tanınmış, iddiaçılar X8 və X5 köçürüləcəkləri otaqda edilmiş konstruksiya dəyişiklikləri (ümumi dəhlizə açılan əvvəlki qapının bərpa edilməsi və digər otağa açılmış qapının bağlanması) cavabdehlər İddiaçı və X15 hesabına əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. iddiaçının haqqında danışılan mənzildə yerləşən 2 otaqla bağlı şəxsən tək onun özü ilə əmlak kirayə müqaviləsinin bağlanmasından ötrü həmin mənzilin verilməsi haqqında orderdə adları göstərilmiş və həmin ünvanda qeydiyyatları olan bütün şəxslərin hamısının ayrı-ayrılıqda razılıq ərizələri olmalıdır. Bu hal kirayə müqaviləsinin bağlanmasından ötrü vacib haldır və cümlənin əvvəlində göstərilən şəxslərdən hər hansı biri bu müqavilənin bağlanmasına etiraz etdiyi halda bu müqavilənin bağlanmasından imtina edilir, bu müqavilənin bağlanması mümkün olmur. Bu inzibati iş üzrə 3-cü şəxslər kimi cəlb edilmiş ata-oğul Vyaçeslav və Aleksandr Şevçenkolar belə bir kirayə müqaviləsinin bağlanmasına razı deyildirlər. Tərəflərin iştirakı və izahatları: İddiaçı, onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək iddia tələbinin mümkün hesab edilməməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə digər üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2025-ci il tarixli məktubla imtina etmiş, iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək iddia müddətinə riayət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına əsasən Bakı şəhəri Qaradağ rayonu X24 İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 18 saylı qərarına əsasən ünvan 1 ünvanında yerləşən, 46,05 kv.m. sahəsi olan 3 otaqlı 46 saylı mənzil 7 (yeddi) nəfərdən ibarət ailə üzvü olan (X37, X8, X18, X14, İddiaçı, X38 və X12) X31 verilməsinə dair 179840 saylı xx.xx.1978-ci il tarixli Order verilmişdir. X37, X38 və X14 ölmüşlər. İddiaçı həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. İddiaçı hazırda həmin mənzilə dair daimi kirayə müqaviləsinin bağlanmasını xahiş edir. Cavabdeh isə sosial kirayə müqaviləsinin birtipli formasının Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmaması əsası ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmənin soruğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 109 saylı MKİS-nin arayışına əsasən ünvan 3 ünvanında yerləşən 46 saylı mənzildə faktiki yaşayan və qeydiyyatda olan şəxslərin siyahısı təqdim olunmuşdur. Həmin siyahıda İddiaçı, X18, X29, X21, X22, X35, X8, X30, X23, X10, Xanəliyeva Rəqsanə, X17 adları qeyd olunmuşdur. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): - 5-ci maddəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. - 10-cu maddəsinə görə Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. - 44-cü maddəsinə əsasən yerli xalq deputatları Sovetlərinin mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara icraiyyə komitəsi yanında mənzil məsələləri üzrə Sovetlərin deputatlarından, ictimai təşkilatların, əmək kollektivlərinin nümayəndələrindən yaradılan ictimai komissiyanın iştirakı ilə rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X24 icraiyyə komitəsi tərəfindən verilir. - 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X24 icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. - 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. - 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. - 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. - 83-cü maddəsinə əsasən SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsini icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. - 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Beləliklə, istinad olunan normalara əsasən adına order verilən mənzilin icarədarı həmin mənzilə kənar şəxsləri köçürdükdə və həmin şəxslər icarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat apardıqda onun ailə üzvü hesab edilir və icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə, o cümlədən mənzilin icarə müqaviləsinin öz adına dəyişdirilməsi hüququna malik olurlar. Hazırkı işin hallarına əsasən müəyyən edilir ki, iddiaçı mərhum anası X28 ailə üzvüləri birlikdə yaşaması üçün ünvan 1 ünvanında yerləşən, 46,05 kv.m. sahəsi olan 3 otaqlı 46 saylı mənzil verilmişdir. Orderdə iddiaçıdan əlavə digər ailə üzvləri ölmüş, yaşayan ailə üzvlərindən isə X18, X11 notarial qaydada verdiyi ərizələrdə mənzilə dair iddiaçının adına kirayə müqaviləsinin bağlanmasına etiraz etmədiklərini bildirmişdir. Lakin bununla belə orderdə adı qeyd olunan şəxslərdən hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X4 nümayəndəsi məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, X8 kirayə müqaviləsinin bağlanmasına razı deyildirlər. Göründüyü kimi iddiaçı ilə kirayə müqaviləsinin bağlanmasına sözügedən mənzilin verilməsinə əsas olmuş orderdə adı keçən ailə üzvlərinin hər birinin razılığı müəyyən edilmir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Məhkəmə belə qənaətə gəlir ki, mənzilin kirayə müqaviləsinin iddiaçının adına bağlanmasına dair bütün şərtlər hazırkı iş üzrə mövcud deyildir. Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 59.1-ci maddəsinə əsasən Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. - 62.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Beləliklə, məhkəmə istinad olunan normaları işin hallarına tətbiq edərək hesab edir ki, qanunvericiliklə nəzərdə tutulmuş bütün şərtlər ödənilmədiyindən iddiaçının mübahisəli mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması qərar qəbul edilməsini cavabdehdən tələb etmək hüququ yoxdur. İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-13666/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13666/2025
05.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver