Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13667/2023 06.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçıların qanuni nümayəndəsi - Qanuni nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: Qanuni nümayəndə ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, övladları İddiaçı1 və İddiaçı2 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla tələbi təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Füzuli rayonunun Horadiz şəhəri işğaldan azad olduğundan, 08 noyabr 2020-ci il tarixdən işğalda olan ərazilərin azad edilməsindən sonra, təmas xətti ləğv edildiyindən, qeydiyyatda olduğu kənd sakinlərinə xüsusi qaydada məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi dayandırıldığından İddiaçı1 və İddiaçı2 məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi imkan xaricindədir. Bundan sonra iddiaçı Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2006-cı il təvəllüdlü İddiaçı1 və xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə təqdim edərək, hazırkı iş üzrə iddiaçı Qanuni nümayəndə əsl iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək, iş üzrə əsl olmayan iddiaçı Qanuni nümayəndə əsl iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə əvəz edilmişdir. II. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, Qanuni nümayəndə Səttar oğlu 1993-cü ildə erməni vandallarının ərazi bütövlüyünü pozması, hərbi təcavüzü nəticəsində daimi yaşayış yeri olan Füzuli rayonundan məcburi şəkildə çıxarılmağa məcbur edilmiş, həmin vaxtdan ailəsi ilə birlikdə Bakı şəhərində məskumlaşmışdır. Daha sonra, ona qanuna uyğun olaraq məcburi köçkün statusu verilmiş məcburi köçkünlər üçün nəzərdə tutulmuş aylıq vahid müavinət də təyin edilmişdir. O, məcburi köçkün statusunda olduğu üçün Sona Məmmədova ilə birgə nikahından dünyaya gələn övladları xx.xx.2006-cı il təvəllüdlü İddiaçı1 və xx.xx.2008-ci il təxəllüdlü İddiaçı2 da məcburi köçkün statusunun verilməsi və buna müvafiq olaraq məcburi köçkün vəsiqəsinin təqdim edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə müraciət etmiş, övladlarına da qanunla müəyyən edilmiş qaydada aylıq vahid müavinət təyin edilmişdir. Lakin, cavabdeh tərəfindən müraciəti müsbət həll edilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazda iddia tələbinin rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, İddiaçı1 və İddiaçı2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsi tərəfindən araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı1 və İddiaçı2 atası Qanuni nümayəndə məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malikdir; Qanuni nümayəndə 1994-cü il tarixində işğaldan azad olunmuş ünvan 1, ev 5 küçəsi ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır; İddiaçı1 və İddiaçı2 anası X10 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir; X10 ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı1 və İddiaçı2 atası Qanuni nümayəndə yaşayış yeri üzrə qeydiyyat ünvanı 1994-cü il tarixində işğaldan azad olunmuş Füzuli rayonu, Horadiz şəhəri və anası X4 yaşayış yeri üzrə qeydiyyat ünvanı isə işğaldan azad olunmuş rayon (şəhər) olmadığından - "Bakı şəhəri” olduğundan, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, validəynlərindən atası “məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə verilir. Füzuli rayonu, Horadiz şəhəri 1994-cü il tarixdə işğaldan azad olunmağına baxmayaraq, həmin ərazi Ermənistan Silahlı Qüvvələrinin yerləşdikləri mövqelərə, yəni “təmas xətti”nə yaxın ərazidə yerləşdiyindən burada yaşayan insanların çətin və təhlükəli şəraitdə yaşamaları nəzərə alınaraq onların məcburi köçkünlər üçün nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmələrinə şərait yaradılmışdır. Lakin 2020-ci il tarixdə X1mış Zəfər nəticəsində ərazilərimizin işğaldan azad olunması nəticəsində, həmçinin cənab X9 də çıxış zamanı qeyd etdiyi kimi təmas xətti tamamilə ləğv edilmişdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Göründüyü kimi, 1994-cü ildə Horadiz şəhəri işğaldan azad olunduqdan sonra şəhər sakinləri faktiki olaraq orada yaşamış və onların daimi yaşayış yerlərini tərk edərək məcburi köçkün düşmə faktı baş verməmişdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 14-cü maddəsinə əsasən, şəxs məcburi köçkün statusunu aşağıdakı hallarda itirir: 1. əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; 2. bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Göründüyü kimi, iddiaçıların valideynləri 1994-cü ildə işğaldan azad olunmuş Füzuli rayonunun Horadiz şəhəri ünvanına qayıtmaq imkanına malik olduqlarından Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli Qanunun tələblərinə uyğun olaraq, məcburi köçkün statusunu itirmişdirlər. Qanuni nümayəndə məcburi köçkün statusuna malik olması faktı belə onun övladlarına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi üçün əsas ola bilməz. Çünki Füzuli rayonu, Horadiz şəhəri 1994-cü il tarixdə işğaldan azad olunduğundan, həmçinin X2 sonra təmas xətti ləğv edildiyindən iddiaçılar İddiaçı1 və İddiaçı2 məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilə bilməz. Beləliklə, iddiaçıların atası Qanuni nümayəndə 1994-cü ildə işğaldan azad olunan Füzuli rayonu, Horadiz şəhəri ünvanında qeydiyyatda olduğundan və təmas xətti ləğv edildiyindən, həmçinin iddiaçıların anası X4 yaşayış yeri üzrə qeydiyyatı Bakı şəhəri olduğundan İddiaçı1 və İddiaçı2 Füzuli rayonu, Horadiz şəhərindən məcburi köçkün düşə bilməzdi. Məhkəmə iclasında iştirak edən iddiaçıların qanuni nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III. Məhkəmənin mövqeyi Məhkəmə tərəfi dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır, çünki iddiaçıların hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, habelə iddiaçılar məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş və cavabdehin imtinasını aldıqdan sonra qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmişlər. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qanuni nümayəndə xx.xx.1972-ci il tarixdə Füzuli rayonu, Horadiz qəsəbəsində doğulmuşdur və yaşayış yeri üzrə ünvan 1, ev 5 ünvanında qeydiyyatdadır. AA seriyalı 450515 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Qanuni nümayəndə Füzuli rayonunu 1993-cü ildə tərk etmişdir, cavabdehin xx.xx.2020-ci il tarixli qərarına əsasən ona məcburi köçkün statusu verilmişdir. AZ-İ №084967 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Qanuni nümayəndə və X10 xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. AZ-İ № 769225 nömrəli, xx.xx.2006-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Qanuni nümayəndə, anası X6r. AZ-İ № 147811 nömrəli, xx.xx.2008-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Qanuni nümayəndə, anası X6r. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki: -xx.xx.2006-cı il təvəllüdlü İddiaçı1 xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ünvan 6 ünvanında xx.xx.2018-ci il tarixdən ünvan 1 ev 5 ünvanında; - xx.xx.2008-ci il təvəlüdlü İddiaçı2 xx.xx.2018-ci il tarixdən ünvan 1, ev 5 ünvanında; - xx.xx.1972-ci il təvəlüdlü Qanuni nümayəndə xx.xx.2005-ci il tarixdən ünvan 1, ev 5 ünvanında; - xx.xx.1975-ci il təvəlüdlü X11 isə xx.xx.2005-ci il tarixdən hazıradək ünvan 8 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Füzuli Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı1, xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.1972-ci il təvəllüdlü Qanuni nümayəndə Horadiz şəhərindən məcburi köçkündürlər və Dövlət tərəfindən hər birinə, hər ay 60.00 manat vahid aylıq müavinət ödənilir. xx.xx.1975-ci il təvəllüdlü X10 daimi pasport qeydiyyatı Bakı şəhəri olduğu üçün vahid aylıq müavinət almır. Məhkəmə qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. - 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. İstinad edilmiş normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. İşdən görünür ki, iddiaçılar 2006 və 2008-ci illərdə anadan olmuş, məcburi köçkün kimi aylıq müavinət almışlar və 2018-ci ildən ünvan 1, ev 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 №-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən yemək xərci üçün verilən aylıq müavinət – dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır. Təlimatın 4-cü hissəsinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: 4.3. Valideynlərindən atası (ailə başçısı) "məcburi köçkün" statusuna malik olan uşaqlara; Beləliklə, sadalanan normalardan görünür ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydaların müəyyən edilməsini nəzərdə tutmamış, həmin dövrdə qüvvədə olan aktlar yemək xərci alan şəxsi məcburi köçkün statusu almış şəxs kimi qəbul etmişdir. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir. Hazırda bu məsələni tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.6-cı maddəsinə əsasən valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir. İddiaçıların anasının məcburi köçkün olmaması, qeydiyyatının isə işğaldan azad olunmuş rayon olmaması işin mübahisəsiz haldır. Lakin buna baxmayaraq iddiaçıların hazırda məcburi köçkün üçün müavinət alması cavabdehin özü tərəfindən ona sonradan qəbul edilən aktları tətbiq etmədiyini, xx.xx.2002-ci il tarixli Təlimata əsasən yemək xərci ödədiyini göstərir. Məhkəmə qeyd edir ki, qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Qazanılmış hüquqlara münasibətdə bu qaydada yanaşma həmçinin Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələblərindən də irəli gəlir. Həmin normaya görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçılara məcburi köçkün statusu almış şəxs kimi müavinət öənildikdən sonra qanunvericilikdə baş vermiş onların hüquqi vəziyyətinin ağırlaşmasına səbəb ola bilən hallar iddiaçılara münasibətdə tətbiq edilə bilməz. Məhkəmə qeyd edir ki, oxşar mövqe yuxarı instansiya məhkəməsinin qərarlarında (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-506/16 saylı, 2-1(102)-618/2020 saylı qərarları) da ifadə edilmişdir. Təmas xəttinin ləğv edilməsi, buna görə də iddiaçıların valideyni Qanuni nümayəndə “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli Qanunun tələblərinə uyğun olaraq, məcburi köçkün statusunu itirməsinə gəldikdə, cavabdeh özü məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubunda Qanuni nümayəndə Füzuli rayonundan məcburi köçkün olmasını bildirmiş, bu statusunu itirməsi barədə hər hansı bir məlumatı qeyd etməmişdir. Bundan əlavə, Qanuni nümayəndə və uşaqları olan iddiaçıların hazırda da məcburi köçkün kimi müvafiq imtiyazlardan istifadə etməsi onların dövlət tərəfindən tanınmış məcburi köçkün statusunun hələ də qüvvədə olduğunu göstərir. Həmçinin iş materialları ilə Qanuni nümayəndə və iddiaçıların əvvəl adətən yaşadığı yerə qayıtmaları və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edilmələri, yaxud dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edilmələri müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli imtinası əsaslı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasəm məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçılar xx.xx.2006-cı il təvəllüdlü İddiaçı1 və xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-13667/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13667/2023
06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver