Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13671/2025 11.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi və ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 11 sentyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) 8.02.1966-cı il təvəllüdlür. İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1986-cı illərdə hərbi xidmətdə olmuşdur (1 il, 11 ay, 7 gün); İddiaçı xx.xx.1983-xx.xx.1984, xx.xx.1986-xx.xx.1990-cı illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdır ( 4 il 10 ay, 13 gün). xx.xx.1990-cı il tarixli ИТ-İ nömrəli əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək “28 Aprel” Neft və Qazçıxarma İdarəsində gənc mütəxəssis kimi 4-cü dərəcəli operator vəzifəsində işləmişdir (1 il 8 ay 12 gün), xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək X2 sexində 2-ci kateqoriyalı geoloq vəzifəsində işləmişdir (8 ay 9 gün), xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək 2 nömrəli Neft Qazçıxarma sexində 2-ci dərəcəli geoloq vəzifəsində işləmişdir (11 ay 5 gün) xx.xx.1993-cü il tarixdən xx.xx.2007-ci il tarixədək MMTX-nin geoloji nəzarət qrupunda 1-dərəcəli geoloq işləmişdir (xx.xx.2006-cı il tarixədək - 12 il 18 gün, cəmi 22 il 2 ay, 2 gün) xx.xx.2007-ci il tarixdən “28 May” Neft qazçıxarma idarəsinin HİK-də ştatlı sədr vəzifəsində işləyir. İddiaçı 4 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 30 iyun 2025-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (********) Qazma bəndində 1100000-23187 kodu üzrə quyuların qazılması üzrə istehsalat proseslərində, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan ustalar və baş ustalar vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək adıçəkilən şəxsin 1 №-li Siyahı üzrə güzəştli iş stajı 10 ildən az (1 il 8 ay 10 gün (xx.xx.1990-xx.xx.1992-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Əlavə olaraq bildiririk ki, SOCAR “Azneft” İB “28 May NQÇİ-nin İddiaçı dair xx.xx.2025-ci il tarixli 14-2-1-7/2-191/2025 nömrəli arayışında xx.xx.2003-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində qaynaqçı vəzifəsində işlədiyi qeyd olunub. İddiaçı işlədiyi vəzifə sözügedən arayışda istinad olunan və yuxarıda qeyd edilən qüllə quraşdırıcıları-qaynaqçıları vəzifəsinə aid deyil. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ona 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyasının müraciət etdiyi xx.xx.2025-cı il tarixdən 3 il əvvələ, yəni xx.xx.2022-ci il tarixdən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1.01.2006-cı il tarixədək 22 il 2 ay 26 gün ümumi stajı, 15 il 4 ay 8 gün 1 nömrəli siyahı üzrə güzəştli stajı topladığına görə, ona “Vətəndaşların pensiya təminatı haqqında Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən 52 yaşdan pensiya təyin edilməldir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçının cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, 1 nömrəli siyahı üzrə kişilərə 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi stajı 20 ildən; - güzəştli iş stajı 10 ildən az olmamalıdır. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı barədə İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçı 8.02.1966-cı ildə doğulmuş, onun 52 yaşı 8.02.2018-ci il tarixdə tamam olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... İş materiallarına əlavə edilmiş əmək kitabçasının iş yeri üzrə təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçının hərbi xidmət illəri və təhsil illəri də nəzərə alınmaqla ümumi iş stajı 20 ildən çoxdur. Cavabdeh iddiaçının yaş həddinə çatması və ümumi stajının olmasını mübahisələndirmir. Cavabdehin mübahisə etdiyi məsələ iddiaçının tələb olunan güzəştli iş stajının olmaması ilə bağlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. İş üzrə iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşələrin və istehsalat sahələrinin siyahıda göstərilən hansı bölməyə və hansı bəndə aid olması konkret olaraq göstərilmiş, iddiaçının yerinə yetirdiyi işin xarakteri qeyd edilmişdir. Belə ki, “SOCAR” “Azneft” İB “28 May” NQÇİ-nin 30 may 2025-ci il tarixli 14-2-1-7/2- 191/2025 №-li məktubunda qeyd edilmişdir ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı həqiqətən: xx.xx.1990-cı il tarixdə “28 Aprel” Neft və Qazçıxarma idarəsinə gənc mütəxəssis kimi 4cü dərəcəli operator peşəsinə işə qəbul edilmişdir (əmr № 212k, xx.xx.1990-cı il). xx.xx.1992-ci il tarixdə idarənin X2 sexinə 2-ci kateqoriyalı geoloq vəzifəsinə keçirilmişdir (əmr № 79k, xx.xx.1992-ci il). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 noyabr 1991-ci il tarixli, 400 nömrəli qərarına əsasən “28 Aprel” adına Neft və Qazçıxarma İdarəsinin adı dəyişdirilimiş, xx.xx.1992-ci ildən “28 May” Neft və Qazçıxarma İdarəsi adlandırılmışdır. 12.01,1993-cü il tarixdə “28 May” Neft və Qazçıxarma İdarəsinin 2 nömrəli Neft Qazçıxarma sexinə 2-ci dərəcəli geoloq vəzifəsinə (əmr № 6k, 09.01,1993-cü il), xx.xx.1993-cü il tarixində Mərkəzi mühəndis texnoloji xidmətinin geoloji nəzarət qrupuna geoloq vəzifəsinə keçirilmişdir (əmr № 266k, xx.xx.1993-cü il). İcraçı: xx.xx.2000ci il tarixində İddiaçı “28 May” Neft və Qazçıxarma İdarəsinin X2 sexinə rəis vəzifəsinə təyin edilmişdir (əmr № 11k, xx.xx.2000-ci il). xx.xx.1999-cu il tarixində İddiaçı ilə bağlanmış Əmək Müqaviləsinə xx.xx.2007-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən “28 May” Neft və Qazçıxarma İdarəsinin Həmkarlar İttifaqı Komitəsində seçkili vəzifəyə seçildiyinə görə öz xahişi ilə xitam verilmişdir (əmr № 198k, 10.11,2007-ci il). İddiaçı xx.xx.1990-cı il tarixindən xx.xx.1992-ci il tarixinədək “28 Aprel” Neft və Qazçıxarma İdarəsində işlədiyi operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın X bölməsinin 2. Neftqaz və qaz kondensatının hasilatı sahəsində 1100000а a) fəhlələr sinfində göstərilən kod: 1100000a-15824 neft və qaz hasilatı üzrə operatorlar peşəsinə uyğundur. xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək işlədiyi geloloq vəzifəsi siyahıda nəzərdə tutulmamışdır, amma həmin vəzifədə əmək funksiyalarını faktiki olaraq dəniz şəraitində Xəzər dənizinin “Günəşli” Yatağındakı platformalarında (Dərin dəniz özüllərində) yerləşən quyularda, mədənlərdə, quyular üzərində aparılan geoloji və geofiziki işlərlə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın X bölməsinin 2. Neft-qaz və qaz kondensatının hasilatı sahəsində 1100000b b) rəhbərlər və mütəxəssislər sinfində göstərilən kod: 1100000b-17541 quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları peşəsində (vəzifəsində) işləyənlər hansı işləri görürlərsə, İddiaçı da, xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək işlədiyi geloloq vəzifəsində həmin işin funksiyalarını icra etmişdir. İddiaçı xx.xx.2000-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək işlədiyi “28 May” Neft və Qazçıxarma İdarəsinin X2 sexinin rəis vəzifəsində əmək funksiyalarını faktiki olaraq dəniz şəraitində Xəzər dənizinin “Günəşli” Yatağındakı platformalarında (Dərin dəniz özüllərində) quyularda lay təzyiqinin saxlanması işlərlə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın X bölməsinin 2. Neft-qaz və qaz kondensatının hasilatı sahəsində 1100000b b) rəhbərlər və mütəxəssislər sinfində göstərilən kod: 1100000b-23187 neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar peşəsində (vəzifəsində) işləyənlər hansı işləri görürlərsə, İddiaçı da 01,02.2000-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək işlədiyi rəis vəzifəsində həmin işin funksiyalarını icra etmişdir. Həmçinin “SOCAR” “Azneft” İB “28 May” NQÇİ-nin 06 avqust 2025-ci il tarixli 14-2-1- 7/2-269/2025 №-li məktubunda qeyd edilmişdir ki, İddiaçı İdarədə operator, geoloq, rəis peşə və vəzifələrində çalışmış, əmək funksiyalarını faktiki olaraq dəniz şəraitində - Xəzər dənizinin Günəşli yatağındakı platformalarında (Dərin dəniz özüllərində) yerləşən quyularda, mədənlərdə, quyular üzərində aparılan geoloji, geofiziki və texniki işlərlə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. İddiaçı işlədiyi peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın X bölməsinin 2. Neft-qaz və qaz kondensatının hasilatı sahəsində göstərilən aşağıdakı peşə və vəzifələrlə eynilik təşkil edir. Belə ki, xx.xx.1990-cı il tarixindən xx.xx.1992-ci il tarixinədək işlədiyi (1 il 8 ay 10 gün) operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın X bölməsinin 2. Neft-qaz və qaz kondensatının hasilatı sahəsində a) fəhlələr sinfində göstərilən kod: 1100000a-15824 neft və qaz hasilatı üzrə operatorlar peşəsinə uyğundur. xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək işlədiyi (7 il 8 ay 27 gün) geoloq vəzifəsində əmək funksiyalarını faktiki olaraq dəniz şəraitində - Xəzər dənizinin Günəşli yatağındakı platformalarında (Dərin dəniz özüllərində) yerləşən quyularda, mədənlərdə, quyular üzərində aparılan geoloji, geofiziki və texniki işlərlə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. Bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın X bölməsinin 2. Neft-qaz və qaz kondensatının hasilatı sahəsində b) rəhbərlər və mütəxəssislər sinfində göstərilən kod; 1100000b-17541 quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədəngeofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifəsi ilə eynilik (uyğunluq) təşkil edir. xx.xx.2000-ci il tarixindən 31,12.2007-ci il tarixinədək işlədiyi (5 il 11 ay) rəis vəzifəsində əmək funksiyalarını faktiki olaraq dəniz şəraitində - Xəzər dənizinin Günəşli yatağındakı platformalarında (Dərin dəniz özüllərində) quyularda lay təzyiqinin saxlanması işlərlə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. Bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın X bölməsinin 2. Neft-qaz və qaz kondensatının hasilatı sahəsində b) rəhbərlər və mütəxəssislər sinfində göstərilən kod: 1100000b-23187 neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar vəzifəsi ilə eynilik (uyğunluq) təşkil edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşə və vəzifələrə uyğun və uyğun gələn, yəni tamamilə eynilik təşkil edən stajı birlikdə 17 il 2 ay 5 gün (xx.xx.1990-xx.xx.2007-ci il tarixlər arasındakı dövrlər) təşkil edir. Göründüyü kimi iş üzrə iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışları təqdim edilmişdir. Bu məktublarda iddiaçının çalışdığı peşələrin və istehsalat sahələrinin siyahıda göstərilən hansı bölməyə və hansı bəndə aid olması konkret olaraq göstərilmişdir Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-668/2025 nömrəli iş üzrə, xx.xx.2025-ci il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “…kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Əlövsət Verdiyevin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2-1(102)-116/2024 nömrəli, X1 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2-1(102)-90/2024 nömrəli, X4 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2-1(102)-1844/2023 nömrəli, X3 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2-1(102)-945/2023 nömrəli və X2 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2-1(102)-954/2023 nömrəli qərarlar) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır”. Beləliklə, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi (güzəştli) iş stajı mövcuddur. Deməli, iddiaçı qanunvericiliklə tələb olunan bütün tələbləri ödəyir. Əmək Pensiyaları haqqında Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, müraciəti 4.06.2025-ci il tarixdə olmuşdur. İddiaçı da pensiya ödənişinin 4.06.2025-ci il tarixdən əvvəlki üç ildən, yəni 4.06.2022ci il tarixindən hesablanaraq ödənilməsini xahiş edir. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya müraciət tarixindən əvvəlki üç il üzrə pensiya ödənişləri ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 52 yaşdan, yəni hüququnun yarandığı 8.02.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyasının müraciət etdiyi 4.06.2025-cı il tarixdən 3 il əvvələ, yəni 4.06.2022-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-13671/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13671/2025
11.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver