Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13673/2024 13.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı abonent kodunun bərpa olunması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi nömrəsiz fərdi yaşayış evinə dair elektrik təchizatının X1 adına olan abunə kodunun **********30147 ləğv edilərək iddiaçının (İddiaçı) adına abunə kodunun bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2011-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi nömrəsiz fərdi yaşayış evinə elektrik təchizatının təmin olunması ilə bağlı iddiaçının rəsmi müraciəti əsasında cavabdeh tərəfindən istifadəsinə abunə kodu **********30147 nömrəsi verilmişdir. Bir müddət sonra elektrik təchizatı ilə bağlı qəbzə diqqət etdikdə abunəçi kimi onun həyat yoldaşı X1 adının qeyd olunduğu aşkar olunmuşdur. Yaranmış bu halın aradan qaldırılması ilə bağlı aidiyyatı xidməti bölməyə müraciət olunsa da, cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi nömrəsiz fərdi yaşayış evinin elektrik təchizatının X2 adınaa olan abunə kodu **********30147 ləğv edilərək onun (İddiaçı) adına abunə kodunun bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın mümkün sayılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, tikinti obyektlərinin qeydə alındığı abonent kodlarının ad məlumatlarının dəyişdirilməsi, vətəndaşlar tərəfindən reqlamentdə qeyd olunan sənədləri daxil etməklə "xxxx" ASC-nin elektron xidmətləri vasitəsi ilə, həmçinin Bakı şəhərində “ASAN kommunal”, regionlarda isə “ASAN xidmət” mərkəzlərinə müvafiq sənədlər təqdim etməklə müraciətləri əsasında həyata keçirilir. Hər iki üsul vasitəsi ilə müraciət etmiş vətəndaşların təqdim etdiyi sənədlərin mövcud qaydaların tələblərinə uyğunluğu yoxlanıldıqdan sonra, abonent kodunda hesablanmış borc (müraciət etdiyi günə) olmadığı halda müraciət təmin edilir. Mövcud reqlamentə uyğun olaraqabonent kodlarında ad məlumatlarının dəyişdirilməsi üçün təqdim olunacaq sənədlər: müraciət edən şəxsin (mülkiyyətçi və ya etibarnamə üzrə şəxsin) şəxsiyyət vəsiqəsi; mülkiyyəti təsdiq edən sənəd (qeydiyyat vəsiqəsi, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarış, mülkiyyətə dair şəhadətnamə, notarial qaydada təsdiq olunmuş alqı-satqı, bağışlama, icarə müqaviləsi və ya vərəsəlik şəhadətnaməsi). Bununla bağlı bildirilir ki, abonent kodunda ad məlumatlarının dəyişidirlməsi üçün aidiyyəti üzrə müvafiq sənədləri təqdim etməklə müraciət olunması tövsiyə olunur. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı hazırki iddia tələbi ilə onun adına olan abonent kodunun bərpa olunmasına nail olmaq istəyir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki,mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “9” oktyabr 2024-cü il tarixli Qərarı ilə bu növ mübahisələrə mülki məhkəmə icraatı çərçivəsində baxılmalı olması qərara alınmışdır. Belə ki, həmin Qərarın 5-ci bəndindən görünür ki, 14-cü bənd aşağıdakı redaksiyada verilmişdir: “Təbii inhisar subyektləri dövlət və ictimai maraqları təmin etməyə yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi ilə əlaqədar həm onların fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirən orqanlarla (rəqabət orqanı, Tarif (qiymət) Şurası və digər tənzimləyici qurumlar), həm də təsərrüfat subyektləri və istehlakçılarla münasibətlərə daxil olurlar. Buna görə, məhkəmələr ilk növbədə, təbii inhisar subyektlərinin iştirakçısı olduğu mübahisələrin qeyd edilən iki kateqoriya münasibətlərdən məhz hansının çərçivəsində yarandığını aydınlaşdırmalıdırlar. Təbii inhisarları tənzimləyən orqanlarla təbii inhisar subyektlərinin daxil olduqları münasibətlər ümumi hüquq sahəsinə aid olduğundan belə münasibətlərdən yaranan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Çünki təbii inhisar fəaliyyətinin dövlət tənzimlənməsi ilə bağlı qərarların qəbul olunması, hərəkət və ya hərəkətsizliyin edilməsi publik maraqlar naminə hakimiyyət səlahiyyətlərinin icrası qaydasında həyata keçirilən, eləcə də ünvanlandığı təbii inhisar subyektləri barəsində hüquqi nəticələr yaradan fəaliyyətdir. Müvafiq olaraq belə fəaliyyətin həyata keçirilməsi nəticəsində hüquqlarının pozulduğunu iddia edən təbii inhisar subyektləri tərəfindən təbii inhisarları tənzimləyən orqanlara qarşı qaldırılmış iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) isə konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülki-hüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Təbii inhisar subyektlərinə qarşı və ya onlar tərəfindən qaldırılmış deliktdən əmələ gələn, yaxud əşya hüquqlarının müdafiəsinə yönəlmiş və digər iddiaların məhkəmə aidiyyəti müəyyən edilərkən isə həmin münasibətlərdə təbii inhisar subyektinin qanunvericiliyə müvafiq olaraq publik səlahiyyətin icrası qaydasında, yoxsa mülki dövriyyənin bərabər hüquqlu iştirakçısı kimi iştirak edib-etmədiyinə qiymət verilməlidir. Təbii inhisar subyektinin qanunvericiliklə verilmiş ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin (məsələn, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün torpaqların geri alınması ilə bağlı alan orqan kimi müəyyən olunduqda) icrasından doğan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş ümumi (publik) hüquq sahəsinə aid səlahiyyətlərin həyata keçirilməsi vəziyyəti mövcud olmadıqda, əksinə, mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisələrdən söz edildikdə (vurulmuş zərərin əvəzinin ödənilməsi, ərazinin boşaldılması və s.) isə işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır.” Göründüyü kimi, Plenum Qərarına əsasən təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması ilə bağlı münasibətlər təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla mülki-hüquqi xarakterə malikdir və bu münasibətlərlə bağlı yaranmış mübahisələrə inzibati deyil, ümumi məhkəmədə baxılmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçının hazırkı tələbi də onun adına olan abonent kodunun bərpa olunması ilə bağlıdır ki, yuxarıda qeyd edilənlərə əsasən, iddiaçı ilə cavabdeh arasında həmin məsələ ilə bağlı yaranmış münasibət inzibati deyil, mülki-hüquqi xarakterlidir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının istehlak münasibətlərindən irəli gələn hazırkı iddiası inzibati mübahisə hesab olunmadığından inzibati məhkəmə icraatında baxıla bilməz. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4-cü bəndlər). Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. İddiaçıya hazırkı iddia tələbi ilə aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxılması üçün səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilir. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həsənov Orxan
Məhkəmə qərarları › İş №2-1(112)-13673/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13673/2024
13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver