Məhkəmə qərarları › İş №2-1(112)-13682/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13682/2024

06.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13682/2024 06.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışların veirlməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin imtinasının qanunsuz hesab edilməsi və mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanıda yerləşən 39,9 kv.m və 40,0 kv.m-dən ibarət qeyri-yaşayış sahələrinə (202 və 193 saylı mağazalar) dair çıxarışların verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanıda yerləşən 39,9 kv.m və 40,0 kv.m-dən ibarət qeyri-yaşayış sahələri (202 və 193 saylı mağazalar) daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmış və hazırda da onun mülkiyyətindədir. Hazırda sözügedən əmlaklara dair onun adına verilmiş çıxarışları əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh inzibati orqan müraciətinə xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-1108858/2024 saylı məktubla bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanıda yerləşən qeyri-yaşayış sahələri üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin l/99m nömrəli, xx.xx.20215-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin imtinası əsassız və qanunsuzdur. Belə ki, birincisi mülkiyyətimdə olan Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanıda yerləşən 39,9 kv.m və 40,0 kv.mdən ibarət qeyri-yaşayış sahələrinə (202 və 193 saylı mağazalar) hər hansı bank və digər orqan qarşısında yüklü edilməmişdir. Bundan əlavə, hətta həmin əmlak üzərinə hər hansı dövlət orqanı tərəfindən məhdudiyyətin qoyulması, mülkiyyət hüququ əsasında ona məxsus olan əmlaka dair çıxarışın verilməsindən imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahələri üzərinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 1/99m nömrəli, xx.xx.2015-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə sorğusuna əsasən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubla təqdim edilmiş hüquqmüəyəynedici sənədlərdən görünür ki: -xx.xx.2007-ci il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı AMAY MMC-nin təsisçisi X2 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən reyestr kitabı 6, vərəq 630, reyestr nömrəsi **********57-06301-083002 qeydiyyat nömrəsi ilə ********* nömrəli, xx.xx.2007-ci il tarixdə verilmiş çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən 8 mərtəbəli qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 40,0 kv.m-dən ibarət 193 saylı mağazanı alıcı İddiaçı mülkiyyətinə verir. -xx.xx.2007-ci il tarixli ******* nömrıli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı AMAY MMC-nin təsisçisi X2 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən reyestr kitabı 6, vərəq 630, reyestr nömrəsi **********57-06301-083002 qeydiyyat nömrəsi ilə ********* nömrəli, xx.xx.2007-ci il tarixdə verilmiş çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən 8 mərtəbəli qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 39,9 kv.m-dən ibarət 202 saylı mağazanı alıcı İddiaçı mülkiyyətinə verir. Məhkəmə sorğusuna əsasən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubla təqdim edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 1/99m nömrəli, xx.xx.2015-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Beynəlxalq Bankının külli miqdarda pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə müraciəti əsasında Daxili İşlər Nazirliyində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır. Yaranmış zərurətlə əlaqədar təqdim edilmiş siyahıda adları qeyd olunan şəxslərə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan daşınmaz əmlak (yaşayış və qeyri-yaşayış sahəsi) barədə məlumatların təqdim olunması, eləcə də onların özgəninkiləşdirilməsinin dayandırılması üçün göstəriş verilməsi xahiş edilir: Siyahı 415 İddiaçı. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli mıktubunda bildirilmişdir ki, mülkiyyətinizdə olan Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahələri üzərinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 1/99m nömrəli, xx.xx.2015-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuşdur. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı adına Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən 39.9 kv.m və 40 kv.m olan qeyriyaşayış sahələri (202 və 193 saylı mağazalar) qeydiyyatdan keçmişdir. İddiaçı sözügedən qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reystrindən çıxarışların verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının sözügedən əmlaklarının üzərinə məhdudiyyət qoyulduğunu əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Hazırda iddiaçı mülkiyyətində olan əmlaklara dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdeh orqana müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -9.2-ci maddəsinə əsasən qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. -9.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün), dövlət qeydiyyatı həmin daşınmaz əmlak üzərində əvvəl yaranmış hüquqların dövlət reyestrində qeydiyyata alındığı təqdirdə aparılır. -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. -13.1-ci maddəsinə əsasən dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunu”nun aşağıdakı maddələrinə əsasən: -1.1. Bu sənəd, növündən asılı olmayaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə tərtib edilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (bundan sonra – dövlət reyestri) elektron çıxarışın məzmununu müəyyən edir. -1.2. Dövlət reyestrindən elektron çıxarışı dövlət reyestrində saxlanılan məlumatlar əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) Azərbaycan Respublikasının dövlət dilində tərtib edir. -1.3. Dövlət reyestrindən elektron çıxarış daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları qeydiyyata alındıqda hüquq sahibinə (sahiblərinə) bu sənədlə müəyyən edilən məzmunda verilir. -1.4. Dövlət reyestrindən elektron çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin gücləndirilmiş elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” İnformasiya Sistemində yerləşdirilir və hüquq sahibinin onu elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Göründüyü kimi daşınmaz əmlak üzırində əşya hüquqları, o cümlədən xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır və bu barədə qeydiyyat orqanı reyestrində saxlanılan məlumatlar əsasında hüquq sahibinə dövlət reyestrindən çıxarış təqdim edir. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçının mübahiələndirdiyi qeyri-yaşayış sahələri xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri əsasında onun mülkiyyətinə keçmiş, bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmış və hazırda da mülkiyyət hüququna dair qeydlər qüvvədədir. Belə olan halda iddiaçı mülkiyyət hüququnu təsdiq edən rəsmi sənədin-çıxarışların verilməsini tələb etməkdə haqlı olmuşdur. İşdən müəyyən olunur ki, cavabdhin imtina əsası mübahisəli mağazalar üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1/99m nömrəli, xx.xx.2015-ci il tarixli məktubu ilə məhdudiyyət qoyulmasıdır. Adıçəkilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinə 1/99m nömrəli, xx.xx.2015-ci il tarixli məktubla cavabdeh tərəfindən həmin əmlak barədə məlumatların təqdim olunması və özgəninkiləşdirilməsinin dayandırılması xahiş olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi yalnız ona rəsmi dövlət reyestrindən çıxarışların verilməsindən ibarətdir və sözügedən məktub yuxarıda sadalanan qanunvericilik nprmlaraına əsasən mülkiyyətçinin tələbi əsasında mülkiyyət hüququnu təsdiq edən rəsmi reyestrdən çıxarışların verilməsindən imtinaya əsas verən faktiki və hüquqi əsas kimi çıxış etmir. Belə olan halda cavabdeh daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqanın təqdim edilmiş məktub əsasında iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahələrinə dair çıxarışların verilməsindən imtina etməsi ilə bağlı hərəkətləri qanunsuz hesab edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən 39,9 kv.m və 40,0 kv.m-dən ibarət qeyri-yaşayış sahələrinə (202 və 193 saylı mağazalar) dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən 39,9 kv.m və 40,0 kv.m-dən ibarət qeyri-yaşayış sahələrinə (202 və 193 saylı mağazalar) dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar