Məhkəmə qərarları › İş №2-1(112)-13684/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13684/2022

21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13684/2022 21.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hərbi qulluqçu kimi əlilliyə görə təyin edilmiş pensiya fərqinin əvvəlki dövrlər üzrə yenidən hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hərbi qulluqçu kimi əlilliyə görə təyin edilmiş pensiya fərqinin əvvəlki dövrlər üzrə yenidən hesablanaraq ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdən aldığı əmək pensiyası ilə hazırda hərbi qulluqçu kimi aldıgı əmək pensiyası arasındakı fərqin xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 1994-cü ildə 3-cü dərəcəli, 2000-ci ildə isə ömürlük (müddətsiz) əlillik qrupu təyin edilmişdir. 1994-cü ildən xx.xx.2018-ci ilədək o, əlilliyə görə əmək pensiyası almışdır. 2018-ci ildə iddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona hərbi qulluqçu kimi əlilliyə görə pensiyasının təyin olunmasını xahiş etmiş və bu müraciətinə əsasən ona xx.xx.2018-ci il tarixdən hərbi qulluqçu kimi aylıq pul təminatının 55%-i miqdarında əmək pensiyası təyin edilmiş, hazırda da bu pensiyanı alır. Lakin ona hərbi qulluqçu əmək pensiyası təyin olunarkən xx.xx.2018-ci il tarixədək aldığı əmək pensiyası ilə hazırda aldığı hərbi qulluqçu kimi əmək pensiyasının arasında olan fərq yalnız əvvəlki 3 il üçün xx.xx.02015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün ödənilmişdir. Hesab edir ki, xx.xx.2018-ci il tarixədək aldığı əmək pensiyası ilə hazırda hərbi qulluqçu kimi aldığı əmək pensiyası arasındakı fərq xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün də hesablanaraq ona ödənilməlidir. Bununla əlaqədar iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin ərizəsi cavabsız və nəticəsiz qalmışdır. İddiaçı bu səbəbdən narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin etirazında bildirilmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üçün pensiyanın yenidən hesablanmasını tələb etmişdir. Lakin qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çox üç il müddət üçün hesablanması nəzərdə tutulduğundan onun müraciətinin müsbət həlli mümkün olmamışdır. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün pensiya fərqinin hesablanaraq fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. İddiaçıya xx.xx.2006-cı il tarixdən xx.xx.2018ci il tarixədək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİİ dərəcə əlilliyə görə əmək pensiyası ödənilmişdir. Beləliklə, İddiaçı xx.xx.2018-ci il tarixdə Fondun Xüsusi şərtlərlə üzrə Mərkəzi Filialına müraciət edərək hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş MN-09976 nömrəli məlumat vərəqəsinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİİ dərəcə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Qanunun 11.2.1 maddəsinə əsasən müharibə ilə əlaqədar əlilliyi olan şəxslər - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə həmin şəxslər müharibə ilə əlaqədar əlilliyi olan şəxslər hesab edilir. Qanunun 20.16.1-ci maddəsinə əsasən müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərə, o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin - 100 faizi, müharibə ilə əlaqədar İİ dərəcə əlilliyi olan şəxslərə - 80 faizi, müharibə ilə əlaqədar İİİ əlilliyi olan şəxslərə - 55 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə həmin qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 12 fevral 2018-ci il təqdim olunmuş müvafiq məlumat vərəqəsinə əsasən Fondun Xüsusi Şərtlərlə X3 Filialı tərəfindən Qanunun 20.16.1-ci maddəsinə uyğun olaraq İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİİ dərəcə əlilliyə görə təminat xərcliyinin 55 faizi miqdarında əmək pensiyası təyin edilmiş, eyni zamanda keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə görə keçmiş müddət üçün 3 alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 32.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlara əsasən, iddiaçının əmək pensiyasının keçmiş üç il müddət üçün -hesablanmış ümumilikdə 3455,28 manat fərq məbləği 2020-ci ilin iyun ayından etibarən həmin Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada hissə-hissə (hər ay 95, 98 manat) pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla hazırda iddiaçıya təminat xərcliyinin (591,00 manat) 55 faizi - 325,05 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Əlavə olaraq 1 yanvar 2022-ci il tarixdən hesablanmaqla İddiaçı “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi - 32,51 manat maddi yardım ödənilir. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarından göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalarının təhlilindən aydın olur ki, keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən ən çoxu 3 (üç) illə məhdudlşdırılmışdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - 027243 nömrəli pensiya işində olan sənədlərə görə: DSMF-nin Səbail şöbəsində açılmış 220028 pensiyaçının uçot vərəqindən görünür ki, iddiaçıya 576 №-li qərarla xx.xx.1994-cü ildən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçıya dair təqdim olunmuş MN-09976 nömrəli məlumat vərəqəsindən görünür ki, iddiaçı “Hərbi xidmət haqqında” AR Qanununun 18-ci maddəsinin “v” bəndi ( xəstəliyə görə) xx.xx.1994-cü il tarixdə tərxis olunmuş, təminat xərcliyi 439 manatdır. - Cavabdehin xx.xx.2018-ci il tarixli 18/637 №-li “Əmək pensiyasının təyin edilməsi haqqında” qərarına əsasən iddiaçıya Müdafiə Nazirliyi tərəfindən təqdim olunan məlumat vərəqinə əsasən xx.xx.2018-ci tarixindən təminat xərcliyinin (439,00 manat) 55 faizi- 241,45 manat ömürlük hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir. - Cavabdehin xx.xx.2020-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, ona Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 12 fevral 2018ci il tarixli MN-09976 nömrəli məlumat vərəqəsinə əsasən "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİİ qrup əlilliyə görə xx.xx.2018-ci tarixindən təminat xərcliyinin (439,00 manat) 55 faizi-241,45 manat əmək pensiyası təyin edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 3455,28 manat fərq məbləği cari ilin iyun ayından həmin Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə əsasən hissə-hissə pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülür.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı vermişdir. İddiaçıya bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Buna görə də, ən çoxu üç il üçün pensiya fərqi ödənilə bilərdi və həmin məbləğ də iddiaçıya münasibətdə hesablanıb ödənilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 38. Sosial təminat hüququ İ.Hər kəsin sosial təminat hüququ vardır. ... İİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında" Qanun: Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir (xx.xx.2017-ci ilə qədər olan redaksiya). Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (xx.xx.2017-ci ildən qüvvəyə minmiş redaksiya).

22. "Hərbi qulluqçuların, pensiya təminatı haqqında" Qanun: Maddə 49. Keçmiş müddət üçün pensiyaların ödənməsi Pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. İş materiallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİİ dərəcə əlilliyə görə əmək pensiyası ödənilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə cavabdehə müraciət edərək hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş MN-09976 nömrəli məlumat vərəqəsinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİİ dərəcə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur.İddiaçıya təyin edilmiş əmək pensiyası keçmiş üç il müddət üçün yenidən hesablanmış və hissə-hissə ödənilir. Məhkəmə hesab edir ki, iddiaçının pensiya hüququ 1994-cü il tarixdə yarandığından, hazırkı mübahisə cavabdehin şikayətdə iddia etdiyi kimi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbləri əsasında deyil, iddiaçının pensiya hüququnun yarandığı zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında həll edilməlidir. Həmin Qanunun 49-cu maddəsinə görə, pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. Belə ki, iddiaçıya 1994-ci il tarixdən İİİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş, daha sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin MN-09976 nömrəli məlumat vərəqəsi əsasında cavabdehin xx.xx.2018-ci il tarixli qərarına əsasən hərbi qulluqçu kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya təyin edilmiş əmək pensiyası keçmiş üç il müddət üçün yenidən hesablanmış və hissə-hissə ödənilir, lakin xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün ödənilməsindən imtina edilmişdir. Qeyd edilən normanın müddəaları baxımından, iddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün pensiya fərqinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların heyata keçirilməsi Azerbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən xx.xx.2007-ci il tarixdən Azerbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fonduna həvalə edildiyindən və hərbi qulluqçuların pensiya təminatı hazırda başqa dövlət orqanı tərəfindən həyata keçirilmədiyindən, bu sahə üzrə səlahiyyətli orqan Dövlət Sosial Müdafiə Fondudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Lakin hazırki işin faktiki hallarından görünür ki, cavabdeh orqan prosessual qənaət prinsipinin tələblərinə zidd davranaraq iddiaçıya xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün pensiya fərqinin ödənilməsindən imtina etmiş, cavabdehin bu imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2018-ci il tarixdən aldığı əmək pensiyası ilə hazırda hərbi qulluqçu kimi aldıgı əmək pensiyası arasındakı fərqin xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2018-ci il tarixdən aldığı əmək pensiyası ilə hazırda hərbi qulluqçu kimi aldıgı əmək pensiyası arasındakı fərqin xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar