Məhkəmə qərarları › İş №2-1(112)-13686/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13686/2022

12.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13686/2022 12.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi xidmətə bərpa edilmə” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə uyğun olaraq onun həqiqi hərbi xidmətinin 30 iyul 2006 il tarixinə kimi bərpa edilməsi, hərbi xidmət müddətinə müvafiq tabor komandiri vəzifəsinə təyin olunması, hərbi xidmət müddətinə müvafiq olaraq mayor rütbəsinin verilməsi, 30 iyul 2006 il tarixində Azərbaycan Respublikasının “Hərbi xidmət haqqında” Qanununun (3 noyabr 1992 ci il, № 362) 18-ci maddəsinin “v” bəndinə əsasən - xəstəliyə görə İddiaçı Polad oğlu mayor rütbəsi ilə, tabor komandiri vəzifəsindən ehtiyata buraxılmasının Müdafiə Nazirliyinin əmri ilə təsdiq edilməsi (Əsas: Xəstəlik haqqında 21 iyul 2006 il tarixli, № 863, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının verdiyi Şəhadətnamə) barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddanın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)- 757/2021 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi xidmətə bərpa edilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hərbi qulluqçularının statusu haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə uyğun olaraq onun həqiqi hərbi xidmətinin 30 iyul 2006 il tarixinə kimi bərpa edilməsi, hərbi xidmət müddətinə müvafiq tabor komandiri vəzifəsinə təyin olunması, hərbi xidmət müddətinə müvafiq olaraq mayor rütbəsinin verilməsi, 30 iyul 2006 il tarixində Azərbaycan Respublikasının “Hərbi xidmət haqqında” Qanununun (3 noyabr 1992 ci il, № 362) 18-ci maddəsinin “v” bəndinə əsasən - xəstəliyə görə İddiaçı Polad oğlu mayor rütbəsi ilə, tabor komandiri vəzifəsindən ehtiyata buraxılmasının Müdafiə Nazirliyinin əmri ilə təsdiq edilməsi (Əsas: Xəstəlik haqqında 21 iyul 2006 il tarixli, № 863, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının verdiyi Şəhadətnamə) barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir, qeyd olunan qərardadla iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(103)-384/2022 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-757/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-1101/2022 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(103)-384/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-1101/2022 saylı qərarında həmçinin əmrin mübahisələndirilməsi haqqında iddia ərizəsi iddiaçı tərəfindən müddət buraxılmaqla məhkəməyə təqdim olunduğu üçün iddianın mümkün sayılmadığı qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçı eyni cavabdehə qarşı eyni tələblə və eyni əsasla məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)- 757/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır və həmin qərardad qanuni qüvvəyə minmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki iddia tələbinə yenidən baxıla bilməz, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). İPMin 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (15.4-cü bənd). İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir (15.5-ci bənd). Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar