Məhkəmə qərarları › İş №2-1(112)-13686/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13686/2025

11.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13686/2025 11.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədəcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinə qarşı iddia tələbinə dair iddiası üzrə mümkünlük məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 Məhərrəmova Nərmin xanımın şikayəti üzrə 3 aydan artıq müddətdə araşdırma aparmaması, sübutları nəzərə almaması və monitorinq keçirməməsi ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsi; X4 tərəfindən təkrar və obyektiv araşdırma aparılması üçün göstəriş verilməsi; SOCAR - 6 saylı Texnoloji Nəqliyyat İdarəsinin 2009-cu ilədək qanuni əsasla verilməsi nəzərdə tutulmuş, lakin ödənilməmiş 20% əvəzetmə əlavəsini ödəməməsinin hüquqa zidd tanınması; Əmək hüquqlarının pozulmasından doğan nəticələrin aradan qaldırılması və lazım gələrsə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı, 2009-cu ilədək N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsində çalışmış, həmin ildən isə SOCAR-ın 6 saylı Texnoloji Nəqliyyat İdarəsinə birləşdirilərək əmək fəaliyyətimi davam etdirmişəm. Həmin dövrdə idarənin ştat cədvəlində "neft məhsulunun doldurucusu" vəzifəsi nəzərdə tutulmasa da, faktiki olaraq bu vəzifənin iş funksiyalarını yerinə yetirmişəm və bunun müqabilində rəsmi əmrlə 20% əvəzetmə əlavəsi almışdır. Lakin qeyd olunan vəzifə üzrə gördüyü işlərə görə verilən bu əlavə SOCAR-ın 6 saylı Texnoloji Nəqliyyat İdarəsi tərəfindən tam və ya davamlı şəkildə ödənilməmişdir. Həmçinin, onun vəzifə təlimatında nəzərdə tutulmadığı halda, təhlükəli neft məhsullarının doldurulması və daşınması kimi işlərə cəlb olunmuşdur və bu zaman əmək təhlükəsizliyi qaydaları kobud şəkildə pozulmuşdur. Bu qanun pozuntularına görə 29 aprel 2025-ci il tarixində X4 Xidmətinə yazılı şikayət təqdim etmiş, bir neçə dəfə DOST mərkəzinə çağırılaraq sübutlar və sənədlər təqdim etmişdir. Lakin müraciət tarixindən 3 aydan artıq vaxt keçməsinə baxmayaraq:X2 xanım tərəfindən şikayəti üzrə nə əraziyə çıxılaraq monitorinq aparılmış, Nə də onun təqdim etdiyi sübutlar və faktlar araşdırılmışdır. Əksinə, yalnız işəgötürən - yəni 6 saylı Texnoloji Nəqliyyat İdarəsinin rəhbərliyinin qərəzli və əsassız izahatlarına əsaslanaraq araşdırma aparılmışdır ki, bu da "İnzibati icraat haqqında" Qanunun 6, 60 və 71-ci maddələrinin, eləcə də "İnzibati Prosessual Məcəllə"nin 24, 38 və 40-cı maddələrinin pozulmasıdır. Məhkəmə iclasında iddiaçı tərəflə iddianın mümkünlüyü ilə bağlı məsələlər müzakirə edildi. İddiaçı hüquqlarının pozulduğunu bildirərək iddiaya mahiyyəti üzrə baxılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçı tərəfin izahatını, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) İddia ərizəsindən göründüyü kimi iddiaçı cavabdehlər qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamenti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətini göstərmişdir. İddia tələbinin cavabdeh Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinə qarşı olan hissədə məhkəmə hesab edir ki, iddia ərizəsində irəli sürülən tələb inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, iddia tələbinin məzmunundan göründüyü kimi, iddiaçının narazı qaldığı məsələ əmək münasibətlərinin pozulması ilə bağlıdır. İddiaçınən dövlət qulluqçusu, hərbi qulluqçu və ya xüsusi rütbəli əməkdaş statusu olmamaqla, eyni zamanda onu işəgötürən təşkilat Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamenti inzibati orqan deyil. Belə olan halda, tərəflər arasında olan mübahisə mülki mübahisə olmaqla, inzbati mühakimə icraatında baxıla bilməz. İPM-in 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar

2. İşçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs.

3. İşəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs.

16. Fərdi əmək mübahisəsi – əmək müqaviləsinin, kollektiv müqavilənin və sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığıdır. Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinə əsasən Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Məhkəmə qeyd edir ki, inzibati hüquq mübahisələrinin əsas subyekti qismində inzibati (publik funksiyaları həyata keçirən) orqan çıxış edir. İnzibati prosessual qaydada baxılan mübahisənin tərəflərindən biri mütləq qaydada inzibati orqandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda konkret olaraq göstərilmişdir. Hazırda iddiaçı tərəfindən iş üzrə cavabdeh qismində göstərilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamenti həmin təsnifatda inzibati orqan kimi nəzərdə tutulmamışdır. Məhkəmə iddia tələbinin digər cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı olan hissədə isə qeyd edir ki, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktub və ona əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən iddiaçı barəsində Azəbraycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi xx.xx.2025-ci il tarixli MN ******* nömrəli başlanmış inzibati xəta haqqında işə baxılması xx.xx.2025-ci il tarixdə saat 11:00-a təyin edilmişdir. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə aid hissədə etirazı, narazılığı və şikayəti işəgötürən barəsində hər hansı tədbir görülməməsi ilə bağlıdır. İddia tələbinin qeyd edilən hissəsi isə, inzibati xəta fəaliyyəti ilə bağlı olmaqla inzibati mübahisə deyildir. İddiaçı yuxarıda qeyd olunan tələbi cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1rşı irəli sürsə də, cavabdeh orqan ilə hazırkı iddiaçı arasında hər hansı inzibati münasibət yaranmamışdır. Belə olanda halda tərəflər arasında hər hansı inzibati mübahisə də mövcud deyildir. Çünki, iddia ərizəsində göstərilən hallar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (bundan sonra mətndə - İXM) (əmək qanunvericiliyinin pozulması) inzibati məsuliyyətə səbəb olan əməl kimi nəzərdə tutulmuşdur. Qeyd edilən halların araşdırılması, inzibati xəta törətmiş şəxsin aşkar edilməsi və onun inzibati məsuliyyətə cəlb edilməsi inzibati icraatda səlahiyyətli orqanın (hazırkı iş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) inzibati xətalara dair işlər üzrə inzibati icraat sahəsindəki fəaliyyət sferasına daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsin: Maddə 198. Əməyin mühafizəsi qaydalarının pozulması 198.1. Əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni: 198.1.1. əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə; 198.1.2. binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin təhlükəsizliyinə riayət edilməməsinə; 198.1.3. bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmamasına; 198.1.4. işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktika xidmətinin təşkil edilməməsinə; 198.1.5. normal əmək və istirahət rejiminə riayət edilməməsinə, o cümlədən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə; 198.1.6. işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsinə; 198.1.7. işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsinə; 198.1.8. kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaların daxil edilməməsinə; 198.1.9. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməməsinə; 198.1.10. maşın və avadanlıqların fırlanan və ötürücü hissələrinin istehsalçı tərəfindən təchiz edilmiş mühafizə qurğuları olmadan istismar edilməsinə görəbeş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. 198.2. Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə —min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 198.3. Bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda —min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia ərizəsində irəli sürülən tələb inzibati orqanın inzibati xətalara dair işlər üzrə fəaliyyətinə aid olduğundan, həmin öhdəliyin orqana həvalə edilməsi barədə iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası "İnzibati icraat haqqında" Qanunun 3.2.2-ci maddəsinə əsasən, bu Qanununun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən edilmiş orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarının sonuncu bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Məhkəmə iddia tələbinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı olan hissədə iddiaçıya hüquqi yardımla bağlı qeyd edir ki, iddiaçının ehtimal etdiyi hüquqlarının müdafiəsi ilə bağlı inzibati icraatda səlahiyyətli orqana müraciət etmək hüququ vardır. Həmin müraciətlərinin nəticəsi olaraq inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında qərardad qəbul edildiyi təqdirdə isə, həmin qərardadın rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə), prokurora və ya məhkəməyə şikayət vermək hüquqları vardır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar