Məhkəmə qərarları › İş №2-1(112)-13687/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13687/2025

04.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13687/2025 04.03.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın, texniki pasportun, torpaq sahəsinin plan və ölçüsünün verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın, torpaq sahəsinin plan-kadastr cizgisinin verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 04 mart 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın, torpaq sahəsinin plan-kadastr cizgisinin verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2026-cı il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 590 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarış və plan-kadastrı cizgisinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmənin qərarı ilə xx.xx.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi prosessual hüquq varisliyi qaydasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qaradağ rayon X1 İcraiyyə Komitəsinin 37/465 nömrəli, xx.xx.1989-cu il tarixli qərarı əsasında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində 600 kv.metr torpaq sahəsi ayrılmışdır. "xxxx" ASC-nin nəzarət idarəsinin verdiyi xx.xx.2025-ci il tarixli cavabdeh orqana təqdim edilməsi üçün verilmiş arayışdan görünür ki, torpaq sahəsin elektrik verilişi xəttinin istismarına maneçilik törətmədiyini bildirilmiş, qeydiyyata alınmasına etiraz edilməmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə notariat qaydada ərizə verərək qeyd etmişdir ki, Qaradağ RİK XDS tərəfindən verilmiş 29 noyabr 1989 cu il tarixli, 371465 saylı qərara əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində onun adına ayrılmış torpaq sahəsi sənəd üzrə sahəsi 600 kv/m. göstərilmişdir. Plan-Sxem çəkilişi zamanı torpaq sahəsinin azalaraq mövcud vəziyyətdə 590 kv/m. ölçüdə rəsmi reyestrlərdə qeydiyyata alınmasına və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsdən çıxarış verilməsinə etirazı yoxdur, razıdır. Uzun illərdir ki, iddiaçı onun adına ayrılmış torpaq sahəsindən bütün ailə üzvləri ilə birlikdə təyinatı üzrə istifadə edir və faktiki olaraq sahiblik və istifadə hüququnu həyata keçirir. Göstərilənlər nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək iddia tələbinin əsaslı olduğunu bildirmiş və tələbin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi çoxmənzilli yaşayış binalarının həyətində yerləşir. Həmçinin təqdim olunan yerləşmə cizgisi ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilmiş texniki baxış zamanı göstərilən torpaq sahəsinin sənəd üzrə ölçüsü 600 kv.m qeyd edilsə də, faktiki 590 kv.m təşkil etdiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. İş materiallarına cavabdehin müvafiq imtina qərarı əlavə edilmişdir. İmtina qərarı təqdim edilmiş etirazla eyni mahiyyədədir, odur ki, məzmununun məhkəmə qərarına köçürülməsi zəruri hesab edilmir (məhkəmə qərarının genişləndirilməməsi məqsədilə). İş materiallarında olan Qaradağ rayon X1 İcraiyyə Komitəsinin 37/465 nömrəli, xx.xx.1989-cu il tarixli qərarına əsasən müəyyən edilir ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində 600 kv.metr torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, torpaq sahəsin elektrik verilişi xəttinin istismarına maneçilik törətmədiyini bildirilmiş, qeydiyyata alınmasına etiraz edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 0.0590 ha təşkil edir. Torpaq sahəsi üzərində tikili yoxdur. Sahənin 6.35 m 7.55 m məsafəsindən yüksək gərginlikli (6 kVt-lıq) elektirik hava xətti keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahənin hər hansı dövlət qeydiyyatından keçmiş torpaq sahəsi ilə üst-üstə düşməsi barədə məlumat yoxdur. Sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Torpaq sahəsinin baş planı və ortofoto görüntüsü əlavə edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0. və 8.0.8-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun preambulasında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, Qaradağ rayon X1 İcraiyyə Komitəsinin 37/465 nömrəli, xx.xx.1989-cu il tarixli qərarına əsasən, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində 600 kv.metr torpaq sahəsi ayrılmışdır. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli arayışına əsasən, torpaq sahəsin elektrik verilişi xəttinin istismarına maneçilik törətmədiyini bildirilmiş, qeydiyyata alınmasına etiraz edilməmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 0.0590 ha təşkil edir. Torpaq sahəsi üzərində tikili yoxdur. Sahənin 6.35 m 7.55 m məsafəsindən yüksək gərginlikli (6 kVt-lıq) elektirik hava xətti keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahənin hər hansı dövlət qeydiyyatından keçmiş torpaq sahəsi ilə üst-üstə düşməsi barədə məlumat yoxdur. Sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Torpaq sahəsinin baş planı və ortofoto görüntüsü əlavə edilmişdir. Dövlət mülkiyyətində olan müvafiq torpaq sahəsi müvafiq qərara əsasən fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya qanuni əsaslarla ayrılmışdır. İnzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasındakı etimad hüququ qanunla qorunur. Mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazinin təqdim edilmiş ortofoto görüntüsünə əsasən, torpaq sahəsi çoxmənzilli yaşayış binasının ümumi istifadədə olan torpaq sahəsi üzərində, yəni bilavasitə həyətində deyil, kənarda yerləşir. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı deyildir. Odur ki, iddia tələbi plankadastrı cizgisinin deyil, plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi nəzərə alınmalıdır. İddiaçının tədqim etdiyi sənədlər daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsasdır. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın, torpaq sahəsinin plan-kadastr cizgisinin verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 590 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar