Məhkəmə qərarları › İş №2-1(112)-13694/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13694/2025

17.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13694/2025 17.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı torpaq sahəsinə dair yerləşmə cizgisinin (planın) verilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Keçmiş Lenin rayon XDS İcraiyyə Komitəsinin (hazırkı Sabunçu RİH) 12/116 nömrəli xx.xx.1974-cü il tarixli qərarına əsasən X2 fərdi ev tikmək üçün ünvan 1 ünvanda 600 kv.m torpaq sahəsi ayrılmışdır. AZ-İ 008845 nömrəli Ölüm haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2002-ci il tarixdə ölmüşdür. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq verilmiş Bakı şəhəri Cavabdeh xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur: “... texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli 30/860 reyestr nömrəsi texniki pasporta əsasən ünvan 1 ünvanında dövlət qeydiyyatına alındığından xahişinizin təmin edilməsi imkan xaricindədir.” İddiaçının tələbi, əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lenin rayonu, X6 Sovetinin İcrayyə komitəsinin (hazırkı Bakı şəhəri, Cavabdeh) sərəncamı Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən 600 kv.m. torpaq sahəsinin plan-cizgisinin çəkilməsi öhdəliyinin Bakı şəhəri, Cavabdeh üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anası X4 “Qəhrəman ana” statusu ilə fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsinin ayrılması üçün 1974-cü ildə Lenin rayonu, X5 Sovetinin İcraiyyə komitəsinə (hazırkı Bakı şəhəri, Cavabdeh) müraciət etmişdir. Lenin rayonu, X6 Sovetinin İcraiyyə komitəsinin (hazırkı Bakı şəhəri,Cavabdeh) 08 iyun 1974-cü il tarixli, 12 saylı Protokoluna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində 600 kv.m. torpaq sahəsi ayrılması barədə sərəncam imzalanmışdır. Daha sonra həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi tikilmiş və xx.xx.2001-ci il tarixli 30/860 reyestr nömrəli texniki pasport və çıxarış verilmişdir. xx.xx.2002-ci il tarixdə anası vəfat etmiş və o, hüquqi varis olaraq həmin evə xx.xx.2023-cü il tarixdə öz adına çıxarış almışdır. O, qeyd olunan fərdi yaşayış evinin üzərində inşa olunmuş torpaq sahəsinə çıxarış almaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə 5 saylı Asan Xidmətin Əmlak Məsələləri üzrə xidmətinə müraciət etmiş, həmin ərizə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı filialına yönləndirilmiş və 1 saylı Bakı Ərazi İdarəsi ona 08 iyun 1974-cü il tarixli, 12 saylı Protokolun arxiv çıxarışı, xx.xx.2001-ci il tarixli, 30/860 reyest nömrəli texniki pasportun təsdiq olunmuş surəti təqdim olunmuş və cizgi yerləşmə sxeminin əlavə edilmədiyi qeyd edilmişdir. O, cizgi yerləşmə sxemini almaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə Cavabdehnə yazılı müraciət etmiş, xx.xx.2024-cü il tarixli, 5-18/2-H-132-091/2023 saylı məktubla xx.xx.2001-ci il tarixli 30/860 reyest nömrəli texniki pasporta əsasən dövlət qeydiyyatına alındığından xahişinin təmin edilməsinin imkan xaricində olması bildirilmişdir. O, yenidən 5 saylı Asan Xidmətin Əmlak məsələləri üzrə xidmətinə həmin toqpaq sahəsinə çıxarış almaq məqsədi ilə müraciət etmişdir. Onun ərizəsi icra olunması üçün 1 saylı Bakı Ərazi İdarəsinə yönləndirilmiş, 1 saylı Bakı Ərazi İdarəsindən verilən xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, təqdim olunmuş sənədlər surətdir və yerləşmə cizgisi təqdim olunmamışdır. Ona Asan Xidmətin Əmlak məsələləri üzrə xidmətində şifahi olaraq bildirilmişdir ki, cizgi yerləşmə sxemi İcra Hakimiyyəti tərəfindən verilir. O, yenidən İcra Hakimiyyətinə müraciət etmiş, ona bildirilmişdir ki, Texniki pasporta yerləşmə cizgisi əlavə olunub. Lakin Asan Xidmətin Əmlak məsələləri üzrə xidməti həmin cizgini qəbul etmir və yeni cizgi yerləşmə sxemini tələb edir. O, yenidən yazılı surətdə Asan Xidmətin Əmlak məsələləri üzrə xidmətə müraciət etmiş, xx.xx.2025-ci il tarixli 1 saylı Bakı Ərazi İdarəsində yazılı cavab verilmişdir ki, Torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər həmin torpaq sahəsinin ayrılmasına qərar qəbul etmiş orqan tərəfindən tərtib olunmalıdır. Lakin, buna baxmayaraq Sabunçu Rayon İcra Hakimiyətində bununla məşğul olan şəxslər süründürməçiliyə yol verir və hər bahanə ilə icra etməkdən yayınırlar. Hazırda cavabdehin süründürməçiliyi ucbatından ona miras qalmış əmlaka mülkiyyət hüququ əldə edə bilmir. Hesab edir ki, cavadehin plan-cizginin aparılmasından imtina etməsi tamamilə qanunsuz və əsassızdır. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi dövlət qeydiyyatına alınmış və evə dair texniki pasport verilmişdir. Hesab edirlər ki, ƏMDX fərdi yaşayış evi dövlət qeydiyyatına aldığından torpaq sahəsinə dair koordinatlar barədə məlumat mövcuddur. Həmçinin bildirirlər ki, torpaq sahəsi ayrılarkən torpaq sahəsinə dair yerləşmə sxemi verilməli idi. Ayrılmış torpaq sahəsinə dair torpaq sahəsinin baş planı, ayrıc aktı və koordinatlar barədə məlumat Cavabdehndə yoxdur. İddiaçıya ayrılmış həmin torpaq sahəsinə dair ayrıc aktı, baş plan və koordinatlar olmadığından hesab edirlər ki, imtina əsaslı olmuşdur. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”: 4.16.3. müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək; 4.16.6. torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Torpaq sahəsi iddiaçının anasının istifadəsinə verilən zaman Azərbaycan Respublikasının SSR Ali Sovetinin 07 iyul 1970-ci il qanunu ilə təsdiq edilmiş Torpaq Məcəlləsi qüvvədə olmuşdur. Həmin Torpaq Məcəlləsi: Maddə 13. Torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin qərarı, yaxud da müvafiq X1 İcraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 18, 19, 20-ci maddələrində nəzərdə tutulmuş qaydada aparılır. Maddə 20. .....Rayon və şəhər (respublika tabeliyində olan şəhər) zəhmətkeş deputatları sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər.... Maddə 23. Torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 83.1. Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmənin əsaslandırması: İstinad edilən qanunvericilik normalarından göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və bu qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi isə onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. İlk öncə qeyd edilməlidir ki, iddiaçının hüquqi marağı Lenin rayonu, X5 Sovetinin İcraiyyə komitəsinin xx.xx.1974-cü il tarixli qərarına əsasən anası X2 fərdi ev tikmək üçün ünvan 1 ünvanında ayrılmış 600 kv.m torpaq sahəsinin plan-cizgisinin çəkilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi iddiaçının anasına naturada təhvil verilsə də, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyil. Belə ki, Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli Arxiv Arayışından görünür ki, Keçmiş Lenin rayon XDS İcraiyyə Komitəsinin (hazırkı Sabunçu RİH) xx.xx.1974-cü il tarixli 12 nömrəli protokolundan arxiv çıxarışı təqdim edilsə də, protokola cizgi, yerləşmə sxemi əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən verilmiş etirazda mübahisə edilən məsələ ƏMDX tərəfindən fərdi yaşayış evi dövlət qeydiyyatına aldığından torpaq sahəsinə dair koordinatlar barədə məlumatın mövcud olması, həmçinin torpaq sahəsi ayrılarkən torpaq sahəsinə dair yerləşmə sxeminin verilməli olması və ayrılmış torpaq sahəsinə dair torpaq sahəsinin baş planı, ayrıc aktı və koordinatlar barədə məlumatın Cavabdehndə olmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə bildirir ki, iddiaçının tələb etdiyi sənədin tərtib edilməsi torpaq ayırma prosedurunun ayrılmaz tərkib hissəsidir və torpaq ayırma prosedurunun sonunda həmin sənədin sərəncamla birlikdə iddiaçıya, eləcə də arxivə təqdim olunması cavabdehin məsuliyyət sferasına aid olmuşdur. Bu qayda cizginin tərtib və təsdiq olunmasına da şamil edilir. Bu zaman həm də nəzərə alınmalıdır ki, torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə, torpaq ayırma sənədlərinin tamlığının təmin olunması da cavabdehin öhdəliyinə aid edilmişdir. Odur ki, torpaq sahəsinin baş planı, ayrıc aktı və koordinatlar barədə məlumatın icra hakimiyyətində olmaması, mübahisəli torpaq sahəsində yerləşən evə dair texniki pasportun tərtib edilməsi, habelə hazırda qüvvədə olan qanunvericiliyin tələbləri baxımından icra hakimiyyətinin həmin səlahiyyətə malik olub-olmaması cavabdehi mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş öhdəliyin icrasından azad etmir. Belə olan halda iddiaçıya ayrılmış torpaq sahəsinə cizginin verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırki mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Keçmiş Lenin rayon XDS İcraiyyə Komitəsinin (hazırkı Sabunçu RİH) 12/116 nömrəli xx.xx.1974-cü il tarixli qərarı (inzibati akt) qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığına, ləğv edilmədiyinə, dəyişdirilmədiyinə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyinə görə iddiaçının anası X2 qanuni əsaslarla ayrılmış torpağa dair sənədin verilməsindən cavabdehin imtinası əsassızdır, iddiaçı iddia tələbində haqlıdır və onun iddiası təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Lenin rayonu, X5 Sovetinin İcraiyyə komitəsinin xx.xx.1974-cü il tarixli qərarına əsasən iddiaçının anası X2 ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən 600 kv.m. torpaq sahəsinin plan-cizgisinin çəkilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar