Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1370/2021 09.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiаçının nümayəndəsi X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası mühəndis, Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinin rəhbəri), cavabdehin nümayəndəsi X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq məsləhətçisi işləyir), üçüncü şəxs Səfərov Sənan Yusif oğlunun (Bakı şəhərində qeydiyyatdadır) iştirakı ilə, İddiaçı Həsən qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi barədə iddiası üzrə işə üçüncü şəxs qismində Səfərov Sənan Yusif oğlu cəlb edilməklə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Həsən qızı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, 97 ünvanda yerləşən "xxxx" MTK-ya məxsus binanın həyət tərəfdən 2-ci girişinin altındakı zirzəmidə yerləşən qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 03.06.2020-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, "xxxx" MTK-nın ünvan 2 ünvanda yerləşən binasının həyət tərəfdən 2-ci girişinin altında, zirzəmidə yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Həmin qeyri-yaşayış sahəsi "xxxx" Mənzil-Tikinti Kooperativi üzvlərinin 24.04.2004-cü il tarixdə keçirilmiş ümumi iclasının nəticələri əsasında 5 saylı protokol qərarı ilə iddiaçının müddətsiz istifadəsinə verilmişdir. Həmin protokoldan Çıxarış əsasında məsələ Bakı şəhəri İcra Hakimiyyəti Başçısı aparatı yanında Mənzil Məsələləri üzrə İctimai Komissiyanın müzakirəsinə çıxarılmış və bu barədə İctimai Komissiyanın 7B saylı, 06.07.2004-ci il tarixli protokolu qəbul edilmişdir. Sonuncunun təsdiq edilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti başçısının 137 saylı, 07.07.2004-cü il tarixli Sərəncamı qəbul edilmişdir.Bu sənədlər və habelə qeyri-yaşayış sahəsinin ölçülərini əks edən eskiz ərizə ilə birlikdə cavabdehə təqdim edilsə və qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması xahiş edilsə də cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, İddiaçı idarəyə müraciəti ilə iddia tələbi arasında fərq mövcuddur. İddiaçı İdarəyə müraciəti, sözügedən qeyri-yaşayış sahəsini X2 adına rəsmiləşdirilməsi ilə bağlı olmuşdur.Aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyri-yaşayış sahəsinin pay haqqının tam ödənilməsi barədə maliyyə arayışı və yerləşdiyi mərtəbənin razılaşdırılmış planı təqdim edilməmişdir. Bununla yanaşı sözügedən qeyriyaşayış sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra müvafiq müqavilə əsasında X5 adına rəsmiləşdirilə bilər. Həmin qeyriyaşayış sahəsinə dair verilən sənədlərdə qeyd olunan sahə ilə faktiki sahə arasında uyğunsuzluq mövcuddur. Habelə təqdim olunmuş sxemdə memarın imzası və qeyriyaşayış sahəsinin yerləşdiyi sahə dəqiq göstərilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1370 nömrəli, 17.02.2021-ci il tarixli qərardadı ilə iddiaçının iddiası iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etməsi barədə sübutun və ya müraciətə cavab məktubunun iddiaçı tərəfindən təqdim edilməməsi əsası ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1367/2021 nömrəli, 24.06.2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1370 nömrəli, 17.02.2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsində işə yenidən baxılan zaman iddiaçı cavabdehə iddia ərizəsində göstərilən tələblə müraciət etmiş, cavabdeh isə iddiaçının müraciətinin təmin edilməməsi barədə məktub təqdim etmişdir. Bununla da iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verilmiş sayılır. Beləki, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Əhmədov Rəşad Dəmir oğlu iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi T.Yeganlı iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Səfərov Sənan Yusif oğlu iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrini, üçüncü şəxsi dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının 06.07.2004-cü il tarixli, 7B nömrəli protokoluna əsasən "xxxx" MTK-ya məxsus Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 97 saylı yaşayış binasının 2-ci girişinin yarımzirzəmisindən 36,0 kv metr qeyri-yaşayış sahəsinin iddiaçıya verilməsi barədə yığıncağın protokolu təsdiq edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 155223 nömrəli qeydiyyat vəsiqəsinə əsasən iddiaçının adına Bakı şəhəri, Qutqaşınlı küçəsi, 97 saylı evin 28 nömrəli mənzili mülkiyyət hüququ ilə qeydə alınmışdır. "xxxx" MTK-nın ümumi yığıncağının 05 saylı protokolundan 24.04.2004-cü il tarixli çıxarışa əsasən 06 oktyabr 2002-ci il tarixdə "xxxx" Mənzil Tikinti Kooperativinin ümumi yığıncağının qərarı ilə 28 saylı mənzilin sahibi İddiaçı Həsən qızına yaşadığı mənzilin altındakı qeyri-yaşayış sahəsinin (yarımzirzəminin) 36 kv metr hissəsindən istifadə hüququnun tanınmasına dair qərar qəbul edilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinin mənzil kooperativ idarəsinə müraciət edilməsi qərara alınmışdır. "xxxx" MTK-nın 01 nömrəli, 14.09.2020-ci il tarixli arayışına əsasən iddiaçının arayışın verildiyi tarixə qədər "xxxx" MTK-ya heç bir borcu yoxdur. "xxxx" MTK-nın 02 nömrəli, 14.09.2020-ci il tarixli arayışına əsasən iddiaçının "xxxx" MTK-ya məxsus Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi,97 ünvanda yerləşən yaşayış binasının 28-ci mənzilinin alt qatında 36 kv metrlik qeyri-yaşayış sahəsi vardır. "xxxx" MTK-nın 02 nömrəli, 25.10.2020-ci il tarixli arayışıa əsasən Əhmədova Həqiqət Həsən qızının Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, 97 saylı yaşayış binasının 28-ci mənzilinin alt qatında 36 kv metrlik qeyri-yaşayış sahəsi (yarımzirzəmisi) vardır və İddiaçı bu günkü günə qədər nə "xxxx" MTK-ya, nə də ki ona məxsus olan qeyri-yaşayış sahəsinə aid heç bir borcu yoxdur və hal-hazırda da "xxxx" MTK tərəfindən ondan hər hansısa bir ödəniş tələb olunmur. "xxxx" MTK-nın 06 nömrəli, 26.10.2020-ci il tarixli arayışına əsasən Əhmədova Həqiqət Həsən qızının həqiqətən də "xxxx" MTK-ya məxsus Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, 97 saylı ünvanda yerləşən yaşayış binasındakı 28-ci mənzilin alt qatında 36 kv metrlik qeyri-yaşayış sahəsi (yarımzirzəmi sahəsi ) mövcuddur.Həmin qeyri-yaşayış sahəsini əldə edərək özününküləşdirmək məqsədilə Əhmədova Həqiqət Həsən qızı "xxxx" MTK-nın üzvlərinə müraciət edərək yaşayış binasında və qeyri-yaşayış sahələrində yarımçıq qalmış (inşası tamamlanmamış) bir sıra işlərin başa çatdırılaraq sakinlərin istifadəsinə verilməsi məqsədilə öz şəxsi pul vəsaitlərinin bu işlərin görülməsinə sərf etmək arzusunda olmasını onların nəzərinə çatdırmış və bunun müqabilində də həmin 36 kv metrlik qeyri-yaşayış sahəsinə sahiblik hüququna malik olmasını xahiş etmişdir.Öz növbəsində kooperativ üzvləri də bu təklifi müsbət qarşılayaraq ümumi razılıq əsasında 36 kv metrlik qeyri-yaşayış sahəsinin dəyəri həcmində işlərin görülüb başa çatdırılmasına öz razılıqlarını bildirmişlər. Kooperativ üzvləri ilə əldə olunmuş razılığa uyğun olaraq İddiaçı Həsən qızı öz növbəsində 36 kv metrlik qeyri-yaşayış sahəsinin ümumi dəyəri həcmində öz şəxsi pul vəsaitini tələb olunası işlərin görülməsinə sərf edərək üzərinə götürdüyü öhdəliyi tam şəkildə icra etmişdir. Yəni binanın həyətyanı ərazisində yarımçıq qalmış işlərin (tikinti-quraşdırma, inşaat tullantılarının nəqliyyat vasitələrinə yüklənərək ərazidən daşınması, kanalizasiya boru xəttinin çəkilməsi və s.işlər) görülməsini uğurla başa çatdırmaqla, “Daşınmaz əmlakın dövət reyestri haqqında “ Qanunun 8.0.6-cı maddəsindən irəli gələn tələbi tam şəkildə yerinə yetirmişdir və onun qeyri-yaşayış sahəsinə heç bir borcu yoxdur və adı çəkilən sahədən tam istifadə hüququna malikdir.Bakı şəhər İcra Hakimiyyəti Başçısının 07.07.2004-cü il tarixli sərəncamına uyğun olarq 36 kv metrlik qeyri-yaşayış sahəsi İddiaçı Həsən qızınn adına rəsmiləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(103)-1696/2020 nömrəli, 10.03.2020-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Səfərli Sənan Yusif oğluna qarşı qeyri-yaşayış sahəsindən küçəyə giriş çıxışın verilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında 10.03.2020-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilmişdir, həmin barışıq sazişinə əsasən tərəflər aşağıdakı razılığa gəlmişlər: “1) İddiaçı və cavabdeh X1 və istifadə hüququ ilə onlara məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 97 saylı yaşayış binasının 2-ci girişinin yarımzirzəmisində yerləşən qeyri-yaşayış sahələrini birgə istifadə etməyi öz öhdələrinə götürürlər və həmin qeyri-yaşayış sahələrini birlikdə icarəyə vermək barədə razılığa gəlirlər. 2) Qeyri-yaşayış sahələrinin icarəyə verilməsindən əldə olunan gəlir aralarında bərabər (50% - 50%) bölünür. 3) Hər bir tərəf özünə məxsus qeyri-yaşayış sahəsinin kommunal (qaz, işıq və su) sayğaclarını öz hesabına quraşdırır və öz adına rəsmiləşdirir. Lakin sayğaclar üzrə hesablanmış kommunal xərclər toplanaraq proporsional (hər bir tərəfin payına uyğun olaraq) bölünür. 4) Tərəflər birlikdə icarəyə verilən qeyri-yaşayış sahələrinin icarəyə götürmək istəyən şəxslə birlikdə görüşür və ümumi icarəyə verilən sahənin qiyməti ilə bağlı birlikdə qərar qəbul edirlər. 5) Qeyri-yaşayış sahələrinin icarəsi ilə əlaqədar olaraq yaranmış mübahisələrə görə tərəflər birgə, lakin paylarına uyğun olaraq məsuliyyət daşıyır. 6) Saziş hər iki tərəfin qeyri-yaşayış sahəsi tam təmir edildikdən sonra qüvvəyə minir. Təmir işləri digər tərəfin öz sahəsindən istifadəsinə mane olmamalıdır. 7) Barışıq sazişi üç nüsxədə tərtib olunur. Sazişin bir nüsxəsi məhkəmədə, qalan iki nüsxəsi tərəflərdə qalır.“ Həmçinin iddiaçı tərəfindən iddia ərizəsinə üzərində hüququn qeydiyyata alınmasını tələb etdiyi qeyri-yaşayış sahəsinin eskizi (sxemi) əlavə edilmişdir. Beləlikə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, 97 saylı ünvanda yerləşən yaşayış binasındakı 28-ci mənzilin mülkiyyətçisidir, mülkiyyətində olan mənzilin alt hissəsindəki qeyri-yaşayış sahəsini əldə etmək məqsədilə "xxxx" MTK-nın üzvləri ilə əldə edilmiş razılığa əsasən yaşayış binasında və qeyri-yaşayış sahələrində yarımçıq qalmış (inşası tamamlanmamış) bir sıra işləri (tikintiquraşdırma, inşaat tullantılarının nəqliyyat vasitələrinə yüklənərək ərazidən daşınması, kanalizasiya boru xəttinin çəkilməsi və s.işlər) öz şəxsi pul vəsaitləri hesabına görmüş və əvəzində "xxxx" MTK-nın ümumi yığıncağının 05 saylı protokolundan 24.04.2004-cü il tarixli çıxarışa əsasən iddiaçıya yaşadığı mənzilin altındakı qeyri-yaşayış sahəsinin (yarımzirzəminin) 36 kv metr hissəsindən istifadə hüququnun tanınmasına dair qərar qəbul edilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinin mənzil kooperativ idarəsinə müraciət edilməsi qərara alınmışdır, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının 06.07.2004-cü il tarixli, 7B nömrəli protokoluna əsasən "xxxx" MTK-ya məxsus Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 97 saylı yaşayış binasının 2-ci girişinin yarımzirzəmisindən 36,0 kv metr qeyriyaşayış sahəsinin iddiaçıya verilməsi barədə yığıncağın protokolu təsdiq edilmişdir. Hazırda iddiaçı həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmasını xahiş edir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur, 35.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Həmin Məcəllənin 112.2-ci maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvlərindən ən azı biri tərəfindən pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativinin çoxmənzilli binada mülkiyyət münasibətlərinə bu Məcəllənin Vİ fəslinin müddəaları şamil edilir. Həmin Məcəllənin 109.1-ci maddəsinə əsasən yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyriyaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. İşin faktiki hallarına əsasən iddiaçı "xxxx" MTK-nin üzvüdür və həmin MTK tərəfindən inşa edilmiş binada mənzil mülkiyyətçisidir, "xxxx" MTK ilə qarşılıqlı razılaşmaya gəlmişdir ki, iddiaçı öz vəsaitləri hesabına "xxxx" MTK-nin inşa etdiyi yaşayış binasında və qeyri-yaşayış sahələrində yarımçıq qalmış (inşası tamamlanmamış) bir sıra işləri (tikinti-quraşdırma, inşaat tullantılarının nəqliyyat vasitələrinə yüklənərək ərazidən daşınması, kanalizasiya boru xəttinin çəkilməsi və s.işlər) öz şəxsi pul vəsaitləri hesabına görəcəkdir və əvəzində iddiaçıya yaşadığı mənzilin altındakı qeyri-yaşayış sahəsinin (yarımzirzəminin) 36 kv metr hissəsi ona veriləcəkdir, "xxxx" MTK-nın məhkəmə işində olan arayışlarından və protokollardan göründüyü kimi iddiaçı öz öhdəliklərini icra etmiş, öz vəsaiti hesabına razılaşdırılmış işləri görmüş və "xxxx" MTK-nın ümumi yığıncağının 05 saylı protokolundan 24.04.2004-cü il tarixli çıxarışa əsasən iddiaçıya yaşadığı mənzilin altındakı qeyri-yaşayış sahəsinin (yarımzirzəminin) 36 kv metr hissəsindən istifadə hüququ tanınmış və "xxxx" MTK-ya məxsus Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 97 saylı yaşayış binasının 2-ci girişinin yarımzirzəmisindən 36,0 kv metr qeyri-yaşayış sahəsinin iddiaçıya verilməsi barədə yığıncağın protokolu təsdiq edilmişdir, göründüyü kimi iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinin dəyəri MTK ilə razılaşdırılmış qaydada iddiaçının şəxsi vəsaitləri hesabına bir sıra işlərin görülməsi ilə ödənilmişdir, qanunvericilikdə isə pay haqqının mütləq qaydada pul vəsaiti ilə ödənilməsi nəzərdə tutulmamışdır, qeyri-yaşayış binasının yerləşdiyi bina istismara qəbul edilmişdir, belə ki, həmin binada iddiaçıya məxsus mənzil daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. Məhkəmə onu da qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(103)-1696/2020 nömrəli, 10.03.2020-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Səfərli Sənan Yusif oğluna qarşı qeyri-yaşayış sahəsindən küçəyə giriş çıxışın verilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında 10.03.2020-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilmişdir, həmin barışıq sazişinə əsasən tərəflər aşağıdakı razılığa gəlmişlər ki, İddiaçı və cavabdeh X1 və istifadə hüququ ilə onlara məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 97 saylı yaşayış binasının 2-ci girişinin yarımzirzəmisində yerləşən qeyri-yaşayış sahələrini birgə istifadə etməyi öz öhdələrinə götürürlər və həmin qeyri-yaşayış sahələrini birlikdə icarəyə vermək barədə razılığa gəlirlər. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərardadında da iddiaçının mübahisəli qeyri-yaşayış sahəsi üzərində hüquqlarının olması təsdiq edilmişdir və hazırda həmin mübahisənin qarşı tərəfi məhkəmə iclasında əmlakın iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınmasına etiraz etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanununun 15.1-ci maddəsində deyilir: Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə;15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda;15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda;15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə baxışı zamanı iddiaçıya məxsus qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə göstərilmiş əsaslardan heç biri müəyyən olunmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi,97 ünvanda yerləşən "xxxx" MTK-ya məxsus binanın həyət tərəfdən 2-ci girişinin altındakı zirzəmidə yerləşən qeyriyaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsı İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34,68, 69, 85, 110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilsin. Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi,97 ünvanda yerləşən "xxxx" MTK-ya məxsus binanın həyət tərəfdən 2-ci girişinin altındakı zirzəmidə yerləşən qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1370/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1370/2021
09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver