Məhkəmə qərarları › İş №2-1(112)-13705/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13705/2023

30.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13705/2023 30.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vətəndaşın mənsubiyyətinin tanınması və Azərbaycan Respublikasının vətəndaşlığının verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. xx.xx.2023-cü il tarixdə iddiaçı məhkəmə dəftərxanası vasitəsi ilə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə əvəz edilməsini və iddia tələbinin X1 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması haqqında qərar qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə əvəz edilmiş, iddianın dəyişdirilməsi qəbul olunmuş və iddia tələbi “X1 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması haqqında qərar qəbul edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə həvalə edilməsi” şəklində qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1989 cu il tarixində Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, orta məktəbi Gürcüstanda bitirdikdən sonra, Bakı şəhərində daimi yaşamaq və yaratmaq üçün 2004-cü ildə Bakı şəhərinə köçmüşdür. Elə həmin ildə Bakı Sənaye Pedaqoji Texnikumuna daxil olmuş, həmin vaxtdan Azərbaycan Respublikasında yaşayır. 2008-ci ildə həmin texnikumu bitirib 2009cu ildə Azərbaycan Respublikası vətəndaşı olan X2 ilə ailə həyatı qurmuş, birgə nigahdan xx.xx.2010-cu il tarixdə X4, xx.xx.2013-cü ildə isə X3 anadan olmuşdur. İddiaçının uşaqları və yoldaşı Azərbaycan Respublikasının vətəndaşlarıdır. İddiaçı Azərbaycan Respublikasında ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. 2004-cü ildən Azərbaycan Respublikasında yaşayır, yaşadığı müddətdə heç bir qanun pozuntusuna yol verməmişm, cinayət məsuliyyətinə cəlb olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etmişdir. Vətəndaşlıq üçün müraciət edəndə nə sənədlər lazımsa, iddiaçı hamsını toplamışdır. 6 ay ərzində vətəndaşlıq gözlədiyi tədqirdə xx.xx.2022-ci ildə, yəni müraciətdən 1 il 5 ay sonra rədd cavabı gəlmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. xx.xx.2020-ci il tarixli ******* nömrəli arayışına əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Bundan sonra şəxs 2 dəfə daimi yaşamaq üçün icazə almış, xx.xx.2020-ci il tarixdə Azəbaycan Respublikasının vətəndaşlığa qəbul üçün müraciət etmişdir. Şəxsin müraciəti üzrə sənədlər baxılması üçün Azərbaycan Respublikası Prezdenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasına göndərilmişdir. İddiaçının vəsatətinə Komissiyada baxılmış və təmin edilməsi məqsədəuyğun hesab olmadığından təmin edilməmişdir. Şəxsin vəsatəti üzrə Dövlət Miqrasiya Xidməti ancaq "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında” Əsasnamənin 9.18-ci bəndində (Azərbaycan Respublikasında yaşayan şəxslərdən Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa və Azərbaycan Respublikasının vətəndaşlığından çıxma məsələlərinə dair vəsatətləri qəbul etmək; həmin vəsatətlər üzrə toplanmış sənədləri və aidiyyəti dövlət orqanlarının rəylərini baxılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək) göstərilən tələb çərçivəsində öz vəzifələrini həyata keçirir. Eyni zamanda, “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən vətəndaşlığa qəbul və ya bərpa olunmaq, vətəndaşlıqdan çıxma barədə vəsatət qaldıran şəxsin təqdim etdiyi sənədləri icraata qəbul edən Dövlət Miqrasiya Xidməti təqdim olunmuş sənədləri rəy verilmək üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərir. Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərilmiş sənədlər rəylə birlikdə geri qaytarılır. Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərir. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası və Azərbaycan Respublikasının Prezidenti tərəfindən baxılmaq üçün materialların hazırlanması Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Miqrasiya və vətəndaşlıq məsələləri sektoruna həvalə edilmişdir. Həmin Əsasnamənin 4-cü bəndinə əsasən həmin Komissiyanın qəbul etdiyi qərar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbulu, bərpası və ya onun vətəndaşlıqdan çıxması barəsində müvafiq sərəncam verilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iddia mümkünlük şərtlərinə cavab vermir. Belə ki, işdə olan cavabdehin xx.xx.2020-ci il tarixli 764131 saylı arayışından görünür ki, 22 aprel 1989-cu il təvəllüdlü İddiaçı 113195/m nömrəli, 03 mart 2020-ci il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İddiaçı hazırda bu arayışla razılaşmayaraq onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM): - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddia hesab olunur. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsindən ibarət hazırkı iddiası məcburetmə haqqında iddiaya aiddir və qanunvericiliyə əsasən məcburetmə haqqında iddia üzrə iddia müddəti, tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya məlumat verilməsindən sonra 30 gün təşkil edir. Bu müddətin ötməsindən sonra həmin inzibati akt qanuni qüvvəyə minir. İşin yuxarıda istinad olunan hallarından görünür ki, İddiaçı müvafiq tələblə cavabdehə xx.xx.2020-ci il tarixdə müraciət etmiş və ona cavabdeh tərəfindən xx.xx.2020ci il tarixli cavab verilmişdir. İddiaçı isə onun barəsində əlverşli inzibati aktın qəbul edilməsi barədə cavabdehə etdiyi müraciətə verilən cavabdan 3 ildən artıq zaman keçdikdən sonra, xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş, bununla qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. İPM-in 24-cü maddəsinə əsasən: - həmin Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir (maddə 24.1). - Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır (maddə 24.2). - Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir (maddə 24.3). - Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (maddə 24.4). Yuxarıda qeyd olunanlardan aydın olduğu kimi iddiaçı prosessual müddəti 1 ildən artıq ötürmüşdür və bu müddətin ötürülməsi təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmamışdır. Belə olan halda hazırkı halda buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə də verilə bilməz. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Beləliklə, hazırkı iddia məcburetmə haqında iddialar üzrə xüsusi mümkünlük şərtinə iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi) cavab vermir. Məhkəmə onu da qeyd edir ki, hazırkı qərardad iddiaçının mübahisə ilə yeni sübutlara əsaslanmaqla (istinad etməklə) “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Belə ki, həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. İPM-in 35.1-ci maddəsinə görə isə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar