Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13707/2024 05.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsinə qarşı “diplomun tanınması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyası Ali Təhsil Müəssisəsinin Müasir X1 filialının xx.xx.2015-ci il tarixli 137724 ******* nömrəli diplomu üzrə iqtisadiyyat üzrə bakalavr ali təhsili üzrə iddiaçıya verilmiş diplomumun cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ali təhsil almaq üçün xaricdə Rusiya Federasiyasının Dağıstan vilayətinin Dərbənd şəhərində Müasir X1 filialına xx.xx.2015-ci il tarixində 137724 ******* nömrəli diplomla iqtisadiyyat üzrə bakalavr ixtisaslaşması üzrə təhsil almışdır. Tərəfindən almış olduğu diplomunun tanınması üçün hazırkı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etmişdir. Həmin idarənin xx.xx.2018-ci il tarixli E-380/04-AN5 saylı məktubu ilə bildirilib ki, xx.xx.2015-ci il tarixli 137724 ******* nömrəli diplom üzrə aldığı ixtisas Azərbaycan Respublikasında tanınmasından imtina edilir. İddiaçı xarici ölkədə təhsil almışdır. Təhsil almağı ilə əlaqədar həmin ölkənin, Rusiya Federasiyasının diplomunu əldə etmişdir. Azərbaycan Respublikasında yaşayan orta təhsilinin 30%-i Rusiya Federasiyasında aldığı təhsillə əlaqədar dövlətin ən iri strukturlarında işləyir. Belə olan halda ali təhsil almışdır. Müasir X1 filialını bitirmişdir. X4 Moskva şəhərində işləyir. İddiaçıya hazırkı diplomla, yəni 080100 nömrəli diplomu bu təhsili hazırlıq istiqaməti üzrə bakalavriat proqramını mənimsədiyini və dövlət yekun attestasiyasından müvəffəqiyyətlə keçdiyini təsdiq edir. Dövlət İmtahan Komissiyasının qərarı ilə iqtisadiyyat üzrə bakalavr ixtisaslaşması verilmişdir. 30 yanvar 2015-ci il tarixli 19 nömrəli protokolla Dövlət İmtahan Komissiyasının sədri L.A.Anosovanın, habelə Təhsil Müəssisəsinin rəhbəri V.P.Tarakanovun imzaları ilə təhsili təsdiqlənmişdir. Bundan sonra diplom verilmişdir. İddiaçı dərsliklərdə iştirak etmiş, imtahanlarını müvəffəqiyyətlə verdiyindən bu ixtisası almışdır. Ancaq Təhsil Nazirliyinin aidiyyatı cavabdeh bütün bunları qəbul etmir. Əsassız olaraq imtinanı seçib. Bütün bunları qanunla qorunan hüquqlarına zidd olduğunu bildirir, hesab edir ki, bu ona qarşı bir ədalətsizlikdir. O, 44 günlük müharibədə iştirak etmiş bir şəxsdir. Hava Qüvvələrində iştirak etmişdir. Müharibə ərəfəsində döyüş əməyi və çoxsaylı nailiyyətləri olub. Aidiyyatı cavabdeh heç bir şeyi qəbul etmədən ərizəsini, şikayətini təmin etməyib. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Rusiya Federasiyası Ali Təhsil Müəssisəsinin Müasir X1 filialının xx.xx.2015-ci il tarixli 137724 ******* nömrəli diplomunun hazırkı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən tanınması öhdəliyinin qoyulmasına dair məhkəmə qərarı çıxarılmasını qanuni və əsaslı hesab edir.
3. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
II. İddianın mümkünlüyü
4. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir
6. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü həm də onun lazımi qaydada qaldırılması ilə şərtlənir və hazırkı işdə iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir.
7. Bununla bağlı iddiaçıya hüquqi maraqlarına uyğun iddia tələbinin dəqiqləşdirilməsi təklif olunaraq məktub ünvanlanmış, diplomun tanınması ilə əlaqədar Azərbaycan Respublikasının Təhsildə X2 müraciət edilməsi və imtina məkutubu aldıqdan sonra məhkəməyə müraciət edilməsi təklif olunmuşdur. Buna baxmayaraq, məhkəmənin təklifi nəzərə alınmamış və müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir.
8. Eyni zamanda, məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi, yol verilən çatışmazlıqların aradan qaldırılması, mövcud mübahisənin müzakirə edilməsi məqdəsi ilə (cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsinin əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilməsi, həmçinin sonuncuya müvafiq tələb ilə mürəciətin və müraciətin çatmasını təsdiq edən sənədin əldə edilməsi məqsəsi ilə) iclas təyin olunsa da, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclaslarında iştirakını təmin etməmiş, qeyd olunan nöqsanlar aradan qaldırılmamışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia lazımi qaydada qaldırılmadığından inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil.
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
10. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
11. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
12. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
13. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva