Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13710/2025 19.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının dayandırılması tələbinə dair iddianın mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun güzəştli şərtlərlə pensiya ödənişlərinin dayandırmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək güzəştli şərtlərlə pensiya hüququndan imtina etdiyini bildirərək ona pensiya ödənişlərini dayandırmağı xahiş etmiş və ona ödənilən pensiya vəsaitlərini tam olaraq geri ödəməyə hazır olduğunu bildirmişdir. Pensiya təyinatı üçün təqdim etdiyim sənədləri ona qaytarmalarını xahiş etmişdir. 65 yaşında ümumi əsaslarla pensiyaya çıxmaq üçün müraciət edəcəyini bildirmişdir. Müraciəti xx.xx.2025-ci il tarixdə məlumat xarakterli məktubla cavablandırılmışdır. 1985-1996-cı illərdə eyni zavodda işləməyinə baxmayaraq 1992-1996-cı illər üçün əmək stajını nəzərə almayıblar. Pensiya üçün Fevral ayında müraciət etmişdir, lakin pensiyaçının ayın neçəsində müraciət etməsindən asılı olmayaraq pensiya növbəti ayın onundan sonra ödənilməli olduğu halda ona May ayında pensiya təyin edib və ödəməyə başlayıblar. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının ödənişini isə iyun ayında ödəməyə başlayıblar, halbuki keçmiş müddət üçün alınmamış əmək pensiyasının hesablanması pensiyaçının pensiya üçün müraciət etdiyi gündən hesablanır. Pensiya kapitalının Qanun 45-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq 158 aya bölünməsini xahiş etmişdir. Lakin təmin edilməyərək 204 aya bölünmüşdür. Ödənilməmiş pensiyalar ödənilərkən artımlarla birlikdə ödənilməli olmasına baxmayaraq 2025-ci ilə kimi indeksləşdirmədən ödəyirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2026-cı il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2021-ci il tarixdən 464.22 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hesab edir ki, ona güzəştli şərtlərlə pensiya təyin edilərkən cavabdeh tərəfindən onun 1992-1996-cı illər üçün əmək stajı nəzərə alınmayıb, pensiya üçün fevral ayında müraciət etsə də, pensiya may ayından təyin edilib və ödəməyə başlanılıb, keçmiş müddət üçün alınmamış əmək pensiyasının ödənişi isə iyun ayında ödəməyə başlanılıb, pensiya kapitalının Qanun 45-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq 158 aya bölünməli olduğu halda 204 aya bölünmüşdür, həmçinin ödənilməmiş pensiyalar ödənilərkən artımlarla birlikdə ödənilməli olmasına baxmayaraq 2025-ci ilə kimi indeksləşdirilmədən ödənilir. Göstərilənlərə əsasən iddiaçı ona təyin edilmiş əmək pensiyasının düzgün hesablanmadığını iddia edərək dayandırılmasını tələb edir. Göründüyü kimi, iddiaçının hazırkı tələbi ilə məhkəməyə müraciət etməsində əsas hüquqi marağı (gözləntisi) ona təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının düzgün hesablanmasından ibarətdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı iddia tələbi, yəni ona təyin edilmiş güzəştli şərtlərlə pensiya ödənişlərinin dayandırılması iddiaçının hüquqi marağına uyğun deyildir. Qeyd edilən məsələlər ilə bağlı məhkəmə iclasında iddiaçının nümayəndəsinə hüqüqi yardım göstərilmiş, həmçinin ona hüquqi marağına uyğun iddia tələbi ilə məhkəməyə müraciət etməli olması izah olunmuşdur, lakin o, işə mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisənin nəticəsi fərdi hüquq və vəzifələrin müəyyən edilməsi baxımından həlledici deyil. İddiaçı öz məqsədinə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə iddia qaldırmaqla nail ola bilər. Beləliklə, aparılmış araşdırma ilə məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün olmayan hüquqi müdafiə vasitəsindən istifadə etdiyindən hazırkı iddianın mümkünlük şərtləri təmin olunmur. Odur ki, iddia mümkün sayılmamalıdır. Hazırkı vəziyyətdə iddia tələbi mümkünlük şərtlərinə o halda cavab verə bilər ki, iddiaçının mübahisələndirdiyi məsələlər onun üçün hüquqi nəticə yaratmış olsun. Məhkəmə xüsusi olaraq vurğulayır ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 8.1-8.4-cü bəndlərində qeyd edilir ki, 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva