Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13714/2024 10.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusunun verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə müharibə veteranı statusunun verilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1969-cü il təvəllüdlü, İddiaçı xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixə qədər (44 günlük vətən müharibəsi dövründə) geniş miqyaslı əks hücüm əməliyyatları həyata keçirilən zaman tibb bacısı kimi Füzuli rayon Müalicə Diaqnostika mərkəzində yaralı hərbiçilərə xidmət göstərmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi Füzuli rayon Müalicə Diaqnostika mərkəzi Vətən müharibəsi ilə əlaqədar olaraq Hərbi hospital kimi fəaliyyət göstərmişdir. İddiaçı xx.xx.1969-cü il təvəllüdlü, İddiaçı xx.xx.2020-ci il tarixində Ə.D.Məlikov adına 6 saylı Bakı şəhər Xəstəxanasından 45 saylı ezamiyyə sənədinə əsasən Cəbhə bölgəsində olan Füzuli rayon Müalicə Diaqnostika mərkəzinə ezam olunmuşdur. xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixə qədər (44 günlük vətən müharibəsi dövründə) tibb bacısı kimi yaralı əsgər və zabitlərə xidmət göstərmişdir. Xidməti ilə bağlı Azərbaycan Respublikası İcbari tibbi siğorta üzrə Dövlət Agentliyinin “Füzuli Mərkəzi Rayon Xəstəxanası” tərəfindən xx.xx.2021-ci il tarixində 980№-li arayış təqdim olunmuşdur. Rəhbərlik tərəfindən Fəxri fərman almışdır.
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək cavabdeh orqana yazılı deyil, şifahi müraciət etdiyinə dair izahat vermişdir.
II. İddianın mümkünlüyü
4. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
5. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır... 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
7. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı ona müharibə veteranı statusunun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmasını tələb etmişdir.
8. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçının faktiki olaraq məhkəməyə təqdim etdiyi iddia tələbi (müharibə veteranı statusunun verilməsi) ilə bağlı cavabdeh orqana yazılı müraciəti olmamışdır.
9. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı müvafiq müraciətlə (müharibə veteranı statusunun verilməsi) əvvəlcə aidiyyəti inzibati orqana (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə) müraciət etməli, müraciətin təmin olunmasından imtina edildiyi təqdirdə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia ilə məhkəməyə şikayət verilməsi mümkündür.
10. Odur ki, məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli məktubla müvafiq hüquqi yardım göstərilərək izah edilmişdir ki, iddia tələbi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən verilmiş imtina məktubunu təqdim etməklə, iddia tələbinin “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqsədilə Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması kimi ” dəqiqləşdirilməlidir.
11. Odur ki, iddia mümkün sayılmamalıdır. İddia tələbi üzrə iddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
12. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
13. Məhkəmə həmçinin qeyd edir ki, Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva