Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13716/2025 19.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı ictimai birliyin qeydiyyata alınması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 xx.xx.2025-ci ildə “X1 Həmrəylik" İctimai Birliyini təsis etmişlər. İddiaçılar ictimai birliyin qeydiyyata alınması üçün cavabdehə müraciət etmişlər. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim olunmuş sənədləri xx.xx.2025-ci il tarixdə geri qaytarmışdır. Cavabdeh qeyd edib ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.4.1-ci maddəsinin tələbinə əsasən ərizəyə hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi əlavə edilir. Lakin həmin maddənin tələbinə zidd olaraq qurumun nizamnaməsi təsisçilər və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilməmişdir. Həmçinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 19 mart tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyrikommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nın 2.5-ci bəndinin 9cu yarımbəndinin tələbinə zidd olaraq qeyri-kommersiya qurumunun yerləşdiyi yerə dair təsisçilərin qərarı təqdim olunmamışdır. Bu baxımdan adıçəkilən Qanunun 11.3.1-ci maddəsinə müvafiq olaraq sənədlər (təsis yığıncağının qərarı, dövlət rüsumunun ödənilməsi haqqında sənəd, nizamnamə, şəxsiyyəti təsdiq edən sənədlərin surəti) geri qaytarılır. Məsələyə nöqsanlar aradan qaldırılacağı təqdirdə baxılacaqdır. İddiaçının tələbi, əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1 Həmrəylik” İctimai Birliyinin dövlət qeydiyyatına alınması və bunu təsdiq edən şəhadətnamənin təqdim edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ölkədə sahibsiz heyvanların rifahı və hüquqlarının müdafiəsi məqsədilə könüllü təşəbbüs əsasında “X1 Həmrəylik” adlı İctimai Birliyi təsis etmişlər. Müvafiq olaraq, Azərbaycan Respublikasının “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun tələblərinə uyğun sənədlər toplanmış, təsis yığıncağı keçirilmiş, nizamnamə qəbul edilmiş və təsdiqlənmiş, hüquqi ünvan müəyyən edilərək Ədliyyə Nazirliyinə rəsmi müraciət edilmişdir. Lakin ədalətsiz şəkildə və formal bəhanələrlə Nazirlik ictimai birliyin dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Təsis sənədlərinin geri qaytarılmasına dair 07 mart 2025-ci il tarixli məktubda göstərilib ki, guya “nizamnamə təsdiq edilməyib” və “hüquqi şəxsin yerləşdiyi yerə dair qərar təqdim olunmayıb”. Bu, tamamilə əsassız və absurddur. Bundan başqa verilən cavab əhəmiyyətli şəkildə gecikdirilmiş və 07 mart 2025-ci il tarixdə qəbul edilmiş olan qərar 21 iyun 2025-ci il tarixdə poçt vasitəsilə çatdırılmışdır. Nizamnamə təsdiqlənib - Təsis yığıncağında nizamnamə iştirakçılar tərəfindən yekdilliklə qəbul olunmuş və müvafiq qərarla təsdiqlənmişdir. Qanunvericiliyə görə ictimai birliklərdə nizamnamənin təsdiqi üçün ayrıca dövlət orqanının qərarına ehtiyac yoxdur - təsisçilərin qərarı hüquqi qüvvəyə malikdir. Hüquqi ünvan təqdim olunub - Müraciətə hüquqi şəxsin yerləşəcəyi ünvanla bağlı sənəd əlavə olunmuşdur. Cavabdeh orqanın məktubunda hüquqi şəxsin yerləşdiyi yerə dair təsisçilərin qərar təqdim etməməsi ilə bağlı əsaslandırma Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il, 19 mart tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nın 2.5-ci bəndinin 9-cu yarımbəndinin tələbinə söykənir ki, bu da ümumiyyətlə həm ağlagəlməz, həm də absurrdur. Ona görə ki, təsisçilər tərəfindən müraciət və təsis sənədlərinin təqdim edilməsi Azərbaycan Respublikasının “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanunu”na əsaslanır. Ədliyyə Nazirliyinin bu cür “səthi” və “süni” əsaslarla qeydiyyatdan imtina etməsi yalnız konstitusion hüquqlarının deyil, həm də Avropa İnsan Hüquqları Konvensiyası ilə təmin olunmuş birləşmə azadlığı hüququnu pozur. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər iddiaçılar və cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə digər iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5. Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması barədə müraciət 5.1. Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. .... 5.4. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 5.4.1. təsis sənədləri – hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən, publik hüquqi şəxslərin isə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təsdiq edilmiş nizamnaməsi, siyasi partiyalara münasibətdə, həmçinin proqramı, habelə bu Qanunun məqsədləri üçün, həmin qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması (bu Qanunun 8-1.2-ci maddəsi nəzərə alınmaqla) barədə qərarlar (təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır); ... Maddə 8. Hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun dövlət qeydiyyatına alınması qaydası 8.1. Hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun, habelə xarici qeyri-kommersiya hüquqi şəxsinin nümayəndəlik və ya filialının dövlət qeydiyyatı , bir qayda olaraq, 40 gündən gec olmayaraq həyata keçirilməlidir. 8.2. Dövlət qeydiyyatına alınması üçün ərizə və ona əlavə edilməli olan sənədlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılması üçün qəbul edilir və 30 gün müddətində onların Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğunluğu yoxlanılır. Müstəsna hallarda yoxlama zamanı əlavə araşdırma aparılması zərurəti yarandıqda, bu müddət daha 30 günə qədər artırıla bilər. 8.3. Təqdim edilmiş sənədlərdə dövlət qeydiyyatına alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 20 gün müddət təyin edir. İmtinaya səbəb olmayan bütün çatışmazlıqlar eyni vaxtda aşkar edilməli və aradan qaldırılması üçün müraciət edənə təqdim edilməlidir. 8.4. Təqdim edilmiş sənədlər yoxlanıldıqdan və ya həmin sənədlərdə aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra 10 gündən gec olmayaraq müraciət edənə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya dövlət qeydiyyatına alınmasından imtina (qanunvericiliyin həmin imtinaya səbəb olmuş müddəaları göstərilməklə və izah edilməklə) barədə yazılı məlumat verilir. 8.5. Bu maddədə müəyyən edilmiş müddətdə dövlət qeydiyyatına alınmasından imtina barədə cavab verilmədikdə, həmin qurum dövlət qeydiyyatına alınmış hesab olunur. Bu halda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı 10 gündən gec olmayaraq müraciət edənə dövlət qeydiyyatı haqqında şəhadətnamə verməlidir. Maddə 11. Qanunun tətbiqi zamanı qanunçuluğun təminatı 11.3. Hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda; 11.3.1-1. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda; 11.3.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar bu Qanunun 8.3-cü maddəsində müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13. Qeyri-hökumət təşkilatının nizamnaməsi 13.1. Qeyri-hökumət təşkilatının nizamnaməsində qeyri-hökumət təşkilatının adı və yerləşdiyi yer, fəaliyyətinin məqsədləri, daimi və ya konkret məqsədlə təsis edildiyi, idarə olunma qaydası, üzvlərin hüquq və vəzifələri, ictimai birliyin üzvlüyünə qəbulun və ondan çıxmanın şərtləri və qaydası, o cümlədən gənclər təşkilatlarında üzvlərin yaşına dair tələblər, qeyri-hökumət təşkilatının əmlakının formalaşma mənbələri, nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi qaydası, qeyri-hökumət təşkilatının ləğv edilməsi və ləğv edildiyi halda əmlakından istifadə qaydası müəyyən edilməlidir. 13.2. Fondun nizamnaməsində həm də fondun "fond" sözü daxil edilmiş adı, onun olduğu yer, fondun məqsədi, onun orqanları, o cümlədən Himayəçilik Şurası və onların formalaşma qaydası, fondun vəzifəli şəxslərinin təyin edilməsi və onların azad edilməsi və fondun ləğv edildiyi halda onun əmlakının müqəddəratı haqqında məlumatlar olmalıdır. Maddə 17. Dövlət qeydiyyatına alınmasından imtina 17.1. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər. 17.2. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından, imtinanın əsasları və təsis sənədlərin hazırlanmasında qanunvericiliyin pozulmuş müddəaları və maddələrini göstərilməklə, yazılı surətdə məlumat qeyri-hökumət təşkilatının nümayəndəsinə təqdim olunur. 17.3. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz. 17.4. Qeyri-hökumət təşkilatın dövlət qeydiyyatına alınmasından imtinadan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər. Hazırkı iş üzrə iddiaçıların hüquqi marağı və məqsədi təsis etdikləri “X1 Həmrəylik” İctimai Birliyinin dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir. Məhkəmə iddia tələbinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırkı mübahisəyə dair iş üzrə materiallardan əslində cavabdeh tərəfindən Birliyin qeydiyyatına dair sənədlərin yuxarıda istinad olunan normaların tələblərinə uyğunlaşdırılması məqsədi ilə geri qaytarıldığı və aşkar olunmuş nöqsanlar aradan qaldırıldıqdan sonra, qeydiyyat barədə müraciətə yenidən baxılmasının mümkünlüyü barədə iddiaçılara məlumat verildiyi görünür. Sonuncular adıçəkilən nöqsanları aradan qaldırıb cavabdehə yenidən ərizə ilə müraciət etmək əvəzinə, məhkəməyə müraciət etməyi üstün tutmuşlar. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıların təsis etdiyi Birliyin cavabdeh tərəfindən dövlət qeydiyyatına alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Bununla bağlı nəzərə almaq lazımdır ki, yalnız qeydiyyata dair təqdim edilən sənədlərin istinad olunan normaların tələblərinə uyğun olduğu təqdirdə, cavabdeh müvafiq qeydiyyatı aparmaq öhdəliyi daşıyır. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən cavabdehin imtinası qanuni və əsaslı hesab olunmalıdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2-1(112)-13716/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13716/2025
19.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver