Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13726/2024 27.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları
1. İddaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 (bundan sonra – iddiaçılar) ərizə ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, onların Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Levanovski küçəsində yerləşən 9/1 nömrəli fərdi yaşayış evinə qeydiyyata alınmasını xahiş etmişlər.
2. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-13-55/2-R-28672 saylı məktubla iddiaçıların müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd: (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim etməlidir. Qeyd olunan sənədləri təqdim etdikdən sonra göstərilən ünvana qeydiyyata alınma məsələsi öz müsbət həllini tapacaqdır. İddiaçılara aidiyyəti üzrə məhkəməyə müraciət olunmaları tövsiyə edilmişdir.
3. Bundan sonra iddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Levanovski küçəsində yerləşən 9/1 nömrəli evə qeydiyyata alınması vəsifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
İİ. Tərəflərin əsaslandırması:
4. İddia tələbi bununla əsaslandırılmışdır ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı1 və övladları - xx.xx.1989-cu il təvəllüdlü oğlu İddiaçı2, xx.xx.1987-ci il təvəllüdlü qızı X1 hazırda Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Levanovski küçəsində yerləşən 9/1 nömrəli evdə qeydiyyatsız yaşayırlar. Belə ki, həmin fərdi yaşayış evi İddiaçı1 məxsusdur və o, ona məxsus olan bu evi 1 il bundan əvvəl satın almışdır. İndi isə ailəsi ilə birlikdə bu evdə yaşayır. Lakin həmin evə dair mülkiyyət hüququnu təsdiq edən rəsmi sənədi - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən çıxarış yoxdur. Belə ki, evin tək sənədi 66 saylı MKİS tərəfindən verilən evin texniki planıdır. O, bu sənədlə daşınmaz əmlakın dövlət reysteri tərəfindən çıxarış ala bilmir. Çıxarışı olmadığı üçün də iddiaçılar Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Levanovski küçəsində yerləşən 9/1 nömrəli evə qeydiyyata düşə bilmirlər.
5. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.
6. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun övladları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Levanovski küçəsində yerləşən 9/1 nömrəli fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata alınmalarını xahiş etmişdir.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi).
İİİ. Məhkəmənin mövqeyi:
8. Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
9. Belə ki, iddia mümkün iddiadır. Çünki baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdur.
9. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
11. Hazırkı iddia mübahisəli ünvana qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçılar məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişlər.
12. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: -şəxsiyyət vəsiqəsi; -yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir
13. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər.
14. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir.
15. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda.
16. İşdən görünür ki, iddiaçılar hazırda qeydiyyata alınma ilə bağlı yuxarıda istinad olunan sənədlərdən hər hansı birini təqdim etməmişlər.
17. Belə ki, həmin daşınmaz əmlaka dair yeganə sənəd kimi 66 saylı MKİS tərəfindən tərtib olunmuş sxem təqdim olunmuşdur.
18. Lakin işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, sözügedən fərdi yaşayış evinin qeydiyyatı barədə məlumat aşkar edilməmişdir.
19. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-29429/24 nömrəli məktunbundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan şəxslər müəyyən edilməmişdir.
20. Qeyd olunanlardan aydın olur ki, iddiaçıların qeydiyyata alınmasını xahiş etdikləri əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır, özbaşına tikilidir. Belə olan halda aydın olur ki, iddiaçılar yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün istinad edilən Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş sənədlərdən hər hansı birinə malik deyildir. 21.“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları həmin Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir.
22. İş materiallarından müəyyən olunur ki, cavabdeh orqan məhz göstərilən normaya əsasən müvafiq sənədlərin təqdim edilməsinin zəruri olduğunu bildirməklə müraciətin təmin olunmasından imtina etmişdir.
23. Beləliklə, məhkəmə yuxarıda istinad olunan normalara əsasən cavabdehin imtinasını qanuna uyğun hesab edir və belə nəticəyə gəlir ki, iddiaçılar qeydə alınmalarını tələb etdikləri evə dair Qanunun 5-ci maddəsində nəzərdə tutulan mülkiyyət və ya qanuni istifadə hüquqlarını təsdiq edən sənədi və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməməklə aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən iddia tələbi təmin olunmamalıdır.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
25. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova