Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13727/2024 17.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2018-ci il tarixdən təyin edilmiş müddətsiz ikinci dərəcəli əlilliyin bərpa edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı cavabdehin qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aldığı xəsarətlər ilə əlaqədar xx.xx.2018-ci il tarixində təyin edilmiş müddətsiz ikinci dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1989-cu ildə Rusiya Federasiyasının Kalininqrad şəhərində Ali Milis məktəbində təhsil almışdır. Həmin illərdə erməni millətçi dəstələrinin ölkəmizin sərhəd rayonlarına silahlı hücumlar edərək insanları qətlə yetirməsi, 1990-cı ilin mart ayının əvvəllərində Rusiya televiziyası ilə məlumat verilmişdir. Erməni silahlı birləşmələri Qazax rayonunun sərhəd kəndlərinə silahlı hücum edərək insanları qətlə yetirməklə kəndləri yandırmışlar. O, təhsil aldığı ali milis məktəbinin rəhbərliyinin adına ərizə ilə müraciət edib 15 günlük icazə almış və vətənində baş vermiş bu hadisələrə öz köməkliyini göstərmək üçün milis sıralarına qəbul edilmək üçün ərizə yazmışdır. 1990-cı ilin avqust ayında xidmətə daxil olaraq yaşadığı Qazax rayonunun ermənistanla sərhəd kəndlərində xidmətə başlamışdır. xx.xx.1991-ci il tarixində Qazax rayonunun sərhəd kəndi olan Xeyrumlu kəndinə erməni silahlı birləşmələrinin qəfildən silahlı hücumu zamanı kənddə qalan azyaşlı və qoca yaşlı insanları çıxaran zaman erməni silahlılarının atdıqları ağır mərminin yanında partlaması nəticəsində ağır xəsarətlər almışdır. Aldığı xəsarətlərdən huşunu itirmiş vəziyyətdə olmuş, bədəninin bir neçə yerində, başında kor qəlpə çapıqları və beyin daxili silkələnmə ilə kəllə beyin travması almış, ayılanda Qazax rayon Mərkəzi Xəstəxanasında olduğunu görmüşdür. Xidmət zamanı aldığı xəsarətlərin şahadətləndirilməsi üçün Daxili işlər Nazirliyinin Xüsusi Həkim Komissiyasına müraciət etmişdir. Xüsusi Həkim Komissiyasının müayinəsindən sonra aldığı xəsarətlərin hərbi travma olması xx.xx.2016-cı il tarixində 51 saylı qərarla təsdiqlənmişdir .Bununla yanaşı, aldığı kəllə beyin travmasından nevroloji və psixoloji problemlərindən uzun illər müayinə və müalicə aldığını, sağlamlığında yaranmış ağır xəstəlikdən əziyyət çəkdiyini nəzərə alaraq, xx.xx.2018-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəsi ilə ona Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar Müddətsiz 2-ci dərəcəli əlilik təyin edilmişdir. Lakin, 2023-cü ilin dekabr ayında əmək pensiyasını götürmək istəyən zaman kart hesabına pul köçürülməməsini bilmişdir. Bununla bağlı, lazımi quruma müraciət etmiş və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən dayandırılması məlum olmuşdur. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət-Tibbi-Sosial Ekspertiza və Reabitasiya Agentliyinə müraciət etsə də, müraciətindən imtina edilmişdir. İmtina cavabında qeyd edilmişdir ki, səbəb: diaqnoz öz təsdiqini tapmaması, xx.xx.2018-ci il tarixindən "diaqnoz öz təsdiqini tapmaması barədə” qərar qəbul edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024cü il tarixli Əlillik vəziyyətinin qiymətləndirilməsi haqqında məktubda qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişi rəsmiləşdirdiyi tarixdə qüvvədə olan xx.xx.2015- ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.4.3-cü bəndinə uyğun olaraq, xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Əlillik vəziyyətinin qiymətləndirilməsi haqqında məktubda göstərilir ki, əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır, həmin qərara əsasən xx.xx.2023-cü il tarixində Agentliyə dəvət olunmuş, lakin Agentliyə müraciəti qeydə alınmamışdır. Bundan irəli gələrək mövcud sənədlər üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsi barədə xx.xx.2023-cü il tarixində diaqnoz öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Bildirir ki, Agentlik tərəfindən qəbul edilmiş qərar əsassız və ədalətsizdir, Agentlik tərəfindən onun yaşayış yerinə göndərilmiş məktub ona çatmamış və halhazırda belə istifadə etdiyi ağır dərmanlar onu sutkanın çox vaxtlarında yatırdır ki, bu da, onun xəstəliyi ilə bağlı sakitləşməsinə səbəb olur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilməsinə baxmaraq, cavabdeh tərəfindan iddia ərizəsinə qarşı hər hansı bir münasibət təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işin hallarından müəyyən edilmişdir ki: - xxxxxxx0005 nömrəli akta əsasən iddiaçının əlillik vəziyyəti xx.xx.2018-ci il tarixdə qiymətləndirilərək ona müddətsiz, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. - Əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində əlillik vəziyyətlərinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün vətəndaşın qeydiyyat ünvanına xx.xx.2023-cü il tarixli, 3-17-4/2-Q-23392/2023 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-17-4/2-M-27565/2023 nömrəli bildiriş məktubları göndərilərək, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərinə Agentliyə dəvət edilmişdir. Lakin, həmin tarixlərdə əyani müayinəyə gəlmədiyi üçün mövcud sənədlər üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində vətəndaşa dair xx.xx.2018-ci il tarixindən diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə vətəndaşa dair 2 nömrəli X2 tərəfindən T00178170ZBV nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş və müraciəti əsasında İddiaçı xx.xx.2024cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Qiymətləndirmə nəticəsində vətəndaşa SMS vasitəsilə məlumat göndərilmişdir. Göründüyü kimi, iddiaçının hazırki hüquqi marağı ona təyin edilmiş əlillik dərəcəsinin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən etibarən əlillik dərəcəsinin təyin edilməsi ilə bağlıdır. Məhkəmə iddiaçının hazırki iddia tələbini qaldırmaqda hüquqi marağını nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi mümkün sayılmamalıdır. Belə ki, iddiaçıya təyin edilmiş əlilik dərəcəsinin ləğv edilməsi barədə qərar xx.xx.2023cü il tarixli olmaqla, iş materillarına əlavə edilmiş sənədlərə əsasən o, həmin qərar barəsində azından həmin tarixdən məlumatlı olmasına baxmayaraq, həmin qərardan şikayət ərizəsi ilə məhkəməyə yalnız xx.xx.2024-cü il tarixdə müraciət etməklə qanunvericiliklə müəyyən edilmiş 30 (otuz) gün müddət ötürülmüşdür. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. «E.Həkimovun şikayəti ilə əlaqədar» 03 noyabr 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Ötürülmüş prosessual müddətin bərpası məsələləri ilə bağlı iddiaçı tərəfindən hər hansı bir əsaslı sübut da, məhkəməyə təqdim edilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan imtina qərarı ilə onun hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx.xx.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-13727/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13727/2024
17.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver