Məhkəmə qərarları › İş №2-1(112)-1373/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1373/2025

01.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1373/2025 01.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2, Üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin nümayəndəsi X3, Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Socar” nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Socar”) qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əmlak Məsələləri Dövlət Agentliyi DƏDK və Reyestri publik hüquqi şəxsinin 1 saylı ərazi idarəsinin imtina məktubunun əsassız sayılması, Binəqədi rayon Binəqədi qəsəbəsində yerləşən və X1 2533 saylı xx.xx.2006-cı il tarixli qərarı ilə adına rəsmiləşdirilmiş 1200 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və həmin torpaq sahəsinə dair daşınmaz əmlakın reyestirindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Binəqədi rayon X1 2533 nömrəli 28 dekabr 2006-cı il tarixli Qərarı və sahibkarlıq məqsədi ilə torpaq sahəsinə əsas digər sənədlərlə mülkiyyətimə verilmiş 1200 kv.metr torpaq sahəsi hal-hazırda istifadəmdədir və sahibkarlıq məqsədli istehsalat işləri fəaliyyətini davam etdirir. Binəqədi qəsəbə inzibati ərazisində yerləşən 1200 kv.metr torpaq sahəsində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Əmlak Məsələləri Dövlət Agentliyi yanında DƏDK və Reyestri publik hüququ şəxsi 1 saylı ərazi idarəsinə ərizə ilə müraciət edərək mülkiyyətində olan və istehsal müəssisəsi kimi fəaliyyətdə olan sexin torpaq sahəsinin qeydiyyata alınaraq çıxarışın verilməsi xahişini etsə də həmin orqan tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********98 saylı cavabda “ Daşınmaz əmlakın dövlət reyesteri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələri sitat gətirilərək bəzi müddəaları əsas gətirərək sonda bunların imtina olmadığı bildirilsə də bütün bunlar qane etmədiyindən eləcə də qanunvericiliyə əsasən Bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya Bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən tərəfdən göstərilən topraq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş kontrakt ərazidə işlək neft quyusunun mühafizə zonasında yerləşir. Bundan əlavə, qeyd edilən torpaq sahəsinə dair Bakı İnzibati Məhkəməsində 2-1(112)-10315/2022 nömrəli məhkəmə mübahisəsi ilə bağlı yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. Həmçinin, torpaq sahəsinə dair ilkin alqısatqı müqaviləsində də qeyd edildiyi kimi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notariat qaydasında alqı-satqı əsasında onun adına qeydiyyat aparıla bilər. Bundan başqa, torpaq sahəsinə dair təqdim edilən sənədlər onun deyil digər fiziki şəxsin adınadır. Əlavə olaraq, hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsinin ölçüsü 1200 kv.m qeyd edilsə də faktiki isə 842 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1 -ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina sayılmır.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, X1 2533 saylı, xx.xx.2006-cı il tarixli qərarında torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarının keçməsi nəzərdə tutulmuşdur. Həmçinin elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş kontrakt ərazidə işlək neft quyusuna yaxınlığında yerləşməklə yanaşı “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı” torpaqlar kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağıdır, bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilməmişdir. Əlavə olaraq, hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsinin ölçüsü 1200 kv.m qeyd edilsə də, faktiki isə 842 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

5. Bakı şəhəri Binəqədi rayonu X1 2533 nömrəli xx.xx.2006-cı il tarixli qərara əsasən X1 ərazi hüdudlarında vətəndaşlar X5 və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı sahibkarlıq fəaliyyətinin tikintisi üçün nəzərdə tutulmuş 1200 kv.m torpaq sahəsini sahiblik və ondan istifadə hüquqları vətəndaş İddiaçı adına keçirilməsi qərara aınmışdır.

6. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

7. Məhkəmənin sorğusuna cavab olaraq Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən xx.xx.2024-cü il tarixli ünvanlanmış məktubda qeyd edilmişdir ki, Bələdiyyələrin fəaliyyətə başladığı dövrdən dövlət torpaqlarının idarə olunması Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsi, Bələdiyyə torpaqlarının idarə olunması isə 47-ci maddəsinin tələblərinə uyğun tənzimlənir.Bu maddələrə əsasən vətəndaşlara ehtiyacına və istəyinə uyğun olaraq kənd təsərrüfatı və sənaye sahəsinə yararsız hesab edilən torpaq sahələrini müvafiq məqsədlər üçün vətəndaşların istifadəsinə verilmişdir. İddiaçı verilmiş 1200 kv.m torpaq sahəsi sahibkarlıq məqsədi ilə onun mülkiyyətinə ayrılmış və hal-hazırda qeyd olunan torpaq sahəsi üzərində inşa olunmuş istehsal müəssisəsi öz fəaliyyətini davam etdirir.

8. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Binəqədi rayonu X1 arxiv fondu üzrə 2006-cı ilə dair arxiv sənədləri , o cümlədən xx.xx.2006-cı il tarixli, 2533 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bununla əlaqədar Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə müraciət etməyi xahiş olunmuşdur.

9. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli torpaq sahəsiniin texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı və koordinatların məhkəməyə göndərilməsi haqqında məktubda bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən topraq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş kontrakt ərazidə işlək neft quyusunun mühafizə zonasında yerləşir. Həmçinin torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə uyğunsuzluq təşkil edir: - 11.10.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında bildirilmişdir ki, faktiki sahəsi 873.0 kv.m olan torpaq sahəsidir. Faktiki olaraq göstərilən torpaq sahəsi üzərindəki mövcud tikililərin çöl divarları və mişar daş hasarla sərhədlənib. Torpaq sahəsi üzərində qeyri-yaşayış obyekti mövcuddur. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməyib. Torpaq sahəsi bir tərəfdən neft şirkəti tərəfindən hasarlanmış ərazi ilə həmsərhəddir. - Koordinatlar: X= 402934.6629 Y=4481821.2203 Z=0.0000 X= 402952.0988 Y=4481794.1556 Z=0.0000 X= 402929.6666 Y=4481779.2397 Z=0.0000 X= 402911.9174 Y=4481805.9092 Z=0.0000

10. Məhkəmənin soğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli sənədlərin surətinin verilməsi barədə məktubla sözügedən torpaq sahəsinin qonşuluğunda yerləşən qeydiyyatdan keçmiş torpaq sahəsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti göndərilmişdir.

11. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Socar” tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğunun cavablandırılması haqqında məktubda qeyd edilmişdir ki, sorğuda qeyd edilən ərazi SOCAR-ın daimi istifadəsində olmaqla, Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən "X10” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Həmçinin torpaq sahəsindən 31 metr məsafədə 210654 saylı, 60 metr məsafədə 212932 saylı, 85 metr məsafədə 212914 saylı işlək quyular və 17 metr məsafədə 217485 saylı ləğv edilmiş quyular vardır. Bu səbəbdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Torpaq Məcəlləsinin 22.5-ci maddəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş "Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndinə əsasən sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar sayılır. Göründüyü kimi sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanununun 6-cı maddəsinə əsasən, "Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar, dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.” "Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Həmçinin, Sazişin təsdiq olunduğu Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunun 4-cü bəndində göstərilir ki, Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Həmçinin, Sazişin 25.1-ci bəndi ilə tövsif olunmuşdur ki, ... bu Saziş Azərbaycan Respublikasının Parlamenti tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Qanunu qüvvəsinə minir və Azərbaycan Respublikasında müddəaları bu Sazişə uyğun gəlməyən və ya zidd olan hər hansı başqa mövcud və ya gələcək qanundan, fərmandan, yaxud inzibati sərəncamdan (və ya onun bir hissəsindən) üstün tutulur, (bu Sazişdə konkret olaraq başqa cür göstərilən hallar istisna olmaqla). Hesab edirik ki, iş üzrə cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtinası əsaslı olmuşdur. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmçinin, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları, neft-qaz boru kəmərlərinin, eləcə də quyuların mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaradır. Sorğusuna cavab olaraq, iddia edilən torpaq sahəsinin vaxtilə SOCAR-ın, hal-hazırda isə Kontrakt sahəsinin hüdudları daxilində olduğunu təsdiq edən xəritədən çıxarışları təqdim edir, həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15-ci (Çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsipləri) və 28-ci (Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması) maddələrinin tələblərinə əsasən, "X10” Şirkətinin (AZ 1053, Bakı şəh., Binəqədi ray., Binəqədi qəs., 3-cü mədən, korpus 119) iş üzrə üçüncü şəxs qismində cəlb olunmasını, eləcə də yuxarıda qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinanın və etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Socar” nümayəndəsi (vəkili) məktubun məzmununa uyğun izahat verərək bildirmişdir ki, torpaq sahəsi işlək neft quyularının mühafizə zonasında yerləşir.

II. İddianın növü və mümkünlüyü

15. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

16. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

17. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

18. İddiaçı iddia tələbi X1 2533 saylı xx.xx.2006-cı il tarixli qərarı ilə adına rəsmiləşdirilmiş 1200 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və həmin torpaq sahəsinə dair daşınmaz əmlakın reyestirindən çıxarışın verilməsi ilə bağlıdır.

19. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatlarına əsasən tərəfdən göstərilən topraq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş kontrakt ərazidə işlək neft quyusunun mühafizə zonasında yerləşir. Həmçinin, torpaq sahəsinə dair ilkin alqı-satqı müqaviləsində də qeyd edildiyi kimi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notariat qaydasında alqı-satqı əsasında onun adına qeydiyyat aparıla bilər. Bundan başqa, torpaq sahəsinə dair təqdim edilən sənədlər onun deyil digər fiziki şəxsin adınadır. Əlavə olaraq, hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsinin ölçüsü 1200 kv.m qeyd edilsə də faktiki isə 842 kv.m təşkil edir.

20. Məhkəmə işin faktiki hallarını araşdıraraq müəyyən etmişdir: - Bakı şəhəri Binəqədi rayonu X1 2533 nömrəli xx.xx.2006-cı il tarixli qərara əsasən X1 ərazi hüdudlarında vətəndaşlar X5 və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı sahibkarlıq fəaliyyətinin tikintisi üçün nəzərdə tutulmuş 1200 kv.m torpaq sahəsini sahiblik və ondan istifadə hüquqları vətəndaç İddiaçı adına keçirilməsi qərara aınmışdır. - Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. - 11.10.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında bildirilmişdir ki, faktiki sahəsi 873.0 kv.m olan torpaq sahəsidir. Faktiki olaraq göstərilən torpaq sahəsi üzərindəki mövcud tikililərin çöl divarları və mişar daş hasarla sərhədlənib. Torpaq sahəsi üzərində qeyri-yaşayış obyekti mövcuddur. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməyib. Torpaq sahəsi bir tərəfdən neft şirkəti tərəfindən hasarlanmış ərazi ilə həmsərhəddir. - Koordinatlar: X= 402934.6629 Y=4481821.2203 Z=0.0000 X= 402952.0988 Y=4481794.1556 Z=0.0000 X= 402929.6666 Y=4481779.2397 Z=0.0000 X= 402911.9174 Y=4481805.9092 Z=0.0000 - Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli sənədlərin surətinin verilməsi barədə məktubla sözügedən torpaq sahəsinin qonşuluğunda yerləşən qeydiyyatdan keçmiş torpaq sahəsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti göndərilmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Socar” tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğunun cavablandırılması haqqında məktubda qeyd edilmişdir ki, sorğuda qeyd edilən ərazi SOCAR-ın daimi istifadəsində olmaqla, Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən "X10” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Həmçinin torpaq sahəsindən 31 metr məsafədə 210654 saylı, 60 metr məsafədə 212932 saylı, 85 metr məsafədə 212914 saylı işlək quyular və 17 metr məsafədə 217485 saylı ləğv edilmiş quyular vardır.

21. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır.

22. Torpaq Məcəlləsinin 22.5-ci maddəsinə əsasən sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. “Torpaq islahatı haqqında qanunun” 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.”

23. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər.

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

26. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

27. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır.

28. Məhkəmə qeyd edir ki, iddiaçıya verilmiş torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi üçün mötəbər sənəd torpaq ayıran qurum tərəfindən tərtib olunmuş torpağın yerin planı və ölçüsü sənədi və ya cizgisi ola bilərdi. Lakin iş materiallarında bu cür sənəd mövcud deyil. Belə ki, Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin Qərarı ilə satılan mübahisəli torpaq sahəsinə dair təqdim edilmiş planda miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən sözügedən qərarla ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə yerini dəqiqliklə müəyyən etmək mümkün deyildir. Torpaq sahəsinin coğrafi yerləşmə yerini müəyyən etmək üçün yalnız iddiaçının tanıtmasını kifayət hesab etmək olmaz.

29. Odur ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsi ilə qonşuluqda yerləşən torpaq sahələrinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyata alınması iddiaçıya münasibətdə bərabərlik hüququnun pozulması halı aşkar edilməmişdir. Belə ki, sözügedən torpaq sahəsi 31 metr məsafədə 210654 saylı, 60 metr məsafədə 212932 saylı, 85 metr məsafədə 212914 saylı işlək quyular və 17 metr məsafədə 217485 saylı ləğv edilmiş quyulara yaxın yerləşir. Bu səbəbdən, hazırda həmin torpaq sahəsinin mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı işə fərdi yanaşma tətbiq edilməlidir.

30. Odur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Socar” tərəfindən təqdim edilmiş xəritədən çıxarışdan görünür ki, iddia olunan torpaq sahəsi aktiv neft quyularının mühafizə zonasında yerləşir. Neft quyularının mühafizə zonası xüsusi təhlükəsizlik rejimi tələb edən və neft hasilatı ilə bağlı texniki təhlükəsizlik normalarına uyğun olaraq müəyyən edilmiş sahədir. Bu zona, həmçinin ətraf mühitin qorunması, yanğınların və digər qəza hallarının qarşısının alınması məqsədilə nəzarət altında saxlanılır. Odur ki, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən müvafiq cizgi olmadığından konkret halda neft quyularının mühafizə zonasında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmaması texniki təhlükəsizlik tələblərinə və ictimai maraqlara xidmət edir.

31. Həmçinin məhkəmə prosessual qənaət prinsipinə əsaslanaraq hesab edir ki, "X10” Şirkətinin üçüncü şəxs qismində cəlb edilməsinə zərurət görmür. Faktiki vəziyyətdə torpaq sahəsinin SOCAR-ın daimi istifadəsində olmaqla, Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən "X10” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyi iş materiallarından aydındır.

32. X6 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

33. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

34. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

35. X11 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

36. Odur ki, həmin ərazidəki torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz və iddiaçının hüquqlarına həmin müdaxilə (etibarlı qərar olmuş olsa belə) X11 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin 3cü qaydasına uyğun olmuşdur (mülkiyyətdən isitifadəyə nəzarət). Belə ki, (etibarlı qərar olmuş olsa belə) müdaxilə qanuni olmuş, qanuni məqsəd daşımış (əhalinin təhlükəsizliyinin təmin olunması) və zəruri olmuşdur.

37. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

38. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar