Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1374/2021 08.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X7 iştirakları ilə İddiaçı ATSC-nin 22 saylı X2 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialına qarşı borcun silinməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı ATSC-nin 22 saylı X4 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının məcburi dövlət sosial sığorta üzrə 19191,29 (on doqquz min yüz doxsan bir manat iyirmi doqquz qəpik) manat hesablanmış borcu ödəmək öhdəliyinə xitam verilməsi və həmin borcun tam şəkildə silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının razılığı ilə əsl olmayan cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi ilə əvəz edilmişdir. İddiaçı ATSC-nin 22 saylı X2 nümayəndəsi və vəkli Vəkil daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının məcburi dövlət sosial sosial sığorta üzrə 19191,29 (on doqquz min yüz doxsan bir manat iyirmi doqquz qəpik) manat hesablanmış borcunun 12 501,16 (on iki min beş yüz bir manat on altı qəpik) olması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏƏSM Nazirliyinin 17 fevral 2020-ci il tarixli, N-**********2 saylı məktubuna əsasən "İddiaçı" ATSC-nin 22 saylı X3 məcburi dövlət sosial sığorta üzrə 19191.29 (on doqquz min yüz doxsan bir manat iyirmi doqquz qəpik) manat borcu olduğu bildirilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsində "Sosial sığorta haqqında“ və "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi 01.01.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə həvalə edilmişdir. "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" Qanunun 3.0.1-ci maddəsinə əsasən, bu Qanunun 2-ci maddəsi nəzərə alınmaqla sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 01 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir: 3.0.1. sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci il aprelin 1-dən qüvvəyə minir. "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, bu Qanunun müddəaları vergi ödəyicilərinin bu Qanunun 1-ci və 2-ci maddələri ilə müəyyən edilmiş borclarının məcburi ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan ödənilməmiş hissələrinə də şamil edilir. Göründüyü kimi bu istiqamətdə dövlətin mövqeyi ondan ibarətdir ki, borcun ödənilməsi barəsində məhkəmə qərarının olmasından asılı olmayaraq müddəti keçən bütün borclar silinməlidir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3. 85.4. 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 12 yanvar tarixli Qərarına əsasən, müddət bitdikdən sonra vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Azərbaycan Respublikası ƏƏSM Nazirliyi 17 fevral 2020-ci il tarixli, N-**********2 saylı məktubuna əsasən İddiaçı ATSC-nin 22 saylı X3 məcburi dövlət sosial sığorta üzrə 19191,29 manat borcu olduğunu bildirilmişdir. Məlumat üçün bildiririlir ki, 2006, 2007, 2008, 2009-cu illərdə DSMF-yə təqdim olunmuş B-3 hesabatına əsasən hesablanmış faizlər 15550,86 manat təşkil edir. Lakin DSMF bu rəqəmi 19900 manat olaraq göstərmişdir. B-3 formasında göstərilən şəxslərdən 3 nəfər rəhmətə getdiyi üçün həmin şəxslərə hesablanmış DSMF faizi 3972 manat təşkil edir. Bu şəxslərə hesablanmış DSMF faizi çıxılarkən borc rəqəmi 12501,16 manat təşkil edir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialı iddia ərizəsinə dair etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ATSC-nin 22 saylı X3 iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə, 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Yəni 1 yanvar 2006-cı il tarixinədək yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş (qanuni qüvvəsini almış məhkəmə qərarı olsa da) məcburi dövlət sosial sığorta haqları üzrə borclar silinir. 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə (qanuni qüvvəsini almış məhkəmə qərarı olsa da) tam məbləğdə silinir. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə (qanuni qüvvəsini almış məhkəmə qərarı olsa da) borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir: sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın ) 10 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir; sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir; sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir; sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair” Təlimatına və "Məcburi dövlət sosial sığorta sahəsində orcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən ləğv edilmiş Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X11 idarəsi tərəfindən sığortaedən İddiaçı ATSC-nin 22 saylı X3 təqdim etdiyi hesabatları təhlil edərək "X1 Sistemi"nin “Sığorta” (Hesabat) altsistemində “X9”da sığortaedən İddiaçı ATSC-nin 22 saylı X3 şəxsi vərəqəsindən 1 yanvar 2006-cı il tarixinə yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş 8757,08 manat məcburi dövlət sosial sığorta haqqı, 1 yanvar 2015-ci il tarixinədək yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş 526,08 manat məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) silinmişdir. Ləğv edilmiş Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X11 idarəsi tərəfindən sığortaedən İddiaçı ATSC-nin 22 saylı X3 təqdim etdiyi hesabatları təhlil edilərək “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair" Təlimata və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa uyğun olaraq borcların silinməsi aparılmışdır. İddiaçı “İddiaçı" ATSC-nin 22 saylı X5 iddia ərizəsində qeyd etmişdir ki, vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında Azərbaycan Respublikasının 30 dekabr 2016-cı il tarixli 474-VQ nömrəli Qanunun müddəaları vergi ödəyicilərinin bu Qanunun 1-ci və 2-ci maddələri ilə müəyyən edilmiş borclarının məcburi ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan ödənilməmiş hissələrinə də şamil edilir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 93-cü maddəsində ümidsiz borcların silinməsi göstərilmişdir. Həmin Məcəllənin 93.1.3-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə silinir. Göründüyü kimi, Vergi Məcəlləsinin 93.1.3cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı olsa belə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlar üzrə borcların silinməsinə şamil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 may 2019-cu il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin məcəllənin müddəaları tətbiq edilmir. Əlavə olaraq bildirilir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu 2019-cu ilin 1 yanvar tarixindən qüvvəyə minmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanının 4.4-cu bəndinə müvafiq olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi həyata keçirir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X8 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi lazımi qaydada xəbərdar edilmiş, lakin səlahiyyətli nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin 2 saylı Filialı tərəfindən verilmiş 24.08.2004-cü il tarixli vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ATSC-nin 22 saylı X6 vergi ödəyicisi kimi qeydə alınmışdır və ünvanı ünvan 1 İqtisadiyyat Nazirliyi Vergi Xidmətinin sənədlərlə iş və müraciətlərə baxılması baxılması baş idarəsi tərəfindən iddiaçıya ünvanlamış məktubdan görünür ki, İddiaçı ATSC-nin 22 saylı X3 (VÖEN: **********) sosial sığorta haqları üzrə yaranmış borclarının araşdırılması və 6 mart 2018-ci il tarixli Azərbaycan Respublikasının “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 1042-VQ nömrəli qanununa əsasən silinməsi barədə 19.12.2019-cu il tarixli müraciətlərinə Vergilər Nazirliyində baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi 01.01.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edilmişdir. Müəssisənin MDSS üzrə borcları 01.01.2019-cu il tarixdən əvvəlki dövrü əhatə etdiyindən müraciəti əsasında DSMF-yə borclar barədə məlumatın təqdim edilməsi barədə sorğu göndərilmişdir. Sorğu DSMF tərəfindən cavablandırılaraq, Müəssisənin silinəcək borcu olmadığı bildirilmiş və 12.02.2020-ci il tarixə sosial sığorta üzrə ümumilikdə 19191,26 manat (o cümlədən, MDSS üzrə 19191,26 manat) borcu mövcuddur. Həmçinin, 01.01.2016-cı il tarixə yaranmış sosial sığorta üzrə ümumilikdə 9 283,16 manat (MDSS üzrə 8 757,08 manat və maliyyə sanksiyası üzrə 526,08 manat) borcu DSMF tərəfindən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" 1042-VQ nömrəli qanununa uyğun olaraq silindiyi qeyd olunmuşdur. Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən isə vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Qeyd edilən borc qısa müddət ərzində ödənilməlidir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, İddiaçı ATSC-nin 22 saylı X3 (VÖEN: **********) sosial sığorta haqları üzrə yaranmış borclarının tələbetmə müddəti bitmiş borc kimi silinməsi barədə 19.05.2020-ci il tarixli müraciətlərin baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi 01.01.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edilmişdir. Müəssisənin 19.06.2020-ci il tarixə Məcburi dövlət sosial sığorta üzrə 19191,26 manat borcu mövcuddur. Vergi Məcəlləsinin 85.5-1-ci maddəsinə əsasən 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir. Əlavə olaraq bildirilir ki, müəssisənin 01.01.2006-cı il tarixə yaranmış MDSS və 01.01.2015-ci tarixinə yaranmış maliyyə sanksiyası və penya borcları Dövlət Sosial Müdafiə Fondu tərəfindən 6 mart 2018-ci il tarixli Azərbaycan Respublikasının “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 1042-VQ nömrəli qanununa uyğun olaraq silinmişdir. Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən isə vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Qeyd edilən borc qısa müddət ərzində ödənilməlidir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Abşeron rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanan N- **********2 №-li, 17.02.2020-ci il tarixli məktubdan və əlavə edilmiş cədvəldən görünür ki, “İddiaçı ASC-nin 22 saylı SMD-nin məcburi dövlət sosial sığorta haqqı üzrə 2006, 2007, 2008, 2009, 2010-cu illər üzrə borcu yoxdur. 2012-2016-cı illər üzrə borcu 139741,7 manat, maliyyə sanksiyası 2630,4 manat təşkil edir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının **********0 №-li, 12.10.2020-ci il tarixli məktubuna əlavə edilmiş Dövlət Sosial Müdafiə X12 Şəxsin **********4 №-li, 07.09.2020-ci il tarixli məktubdan və cədvəllərdən görünür ki, Nazirliyin “X1 Sistemi”ndə olan məlumatlara əsasən sığortaedən "İddiaçı" ATSC-nin 22 saylı X3 2018-ci il 1 oktyabr tarixinə 19191 manat 26 qəpik məcburi dövlət sosial sığorta haqqı borcu yaranmışdır. Həmin borcun dövrlər üzrə yaranma səbəbi və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən məcburi dövlət sosial sığorta haqları və məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə silinmiş və silinməli olan borclar barədə məlumatları cədvəl şəklində təqdim etmişlər. Əlavə olaraq qeyd edirlər ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə “Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentini 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanına əsasən 2019-cu il 1 yanvar tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə olunmuşdur. - Qeyd olunan məktuba əlavə edilmiş cədvəllərdən görünür ki, "İddiaçı" ATSC-nin 22 saylı X3 01.04.2018-ci il tarixə məcburi dövlət sosial sığorta haqları üzrə 27948,34 manat borcu, 526,08 manat maliyyə sankasiyası olmuşdur. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən 01.01.2006-cı il tarixinə yaranmış 8757,08 manat MDSS borcu və 01.01.2015-ci il tarixinə yaranmış maliyyə sanksiyası 526,08 manat vergi ödəyicisinin hesabından silinmişdir. Hazırda 19191,26 manat MDSS borcu vardır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı məcburi dövlət sosial sığorta üzrə 19191,29 manat hesablanmış borcun 12501,16 manat olması barədə qərar qəbul edilməsini xahiş etmiş və bunu 2006, 2007, 2008, 2009-cu illərdə DSMF-yə təqdim olunmuş B-3 hesabatına əsasən hesablanmış faizlərin 15550,86 manat təşkil etməsi, B-3 formasında göstərilən şəxslərdən 3 nəfər rəhmətə getdiyi üçün həmin şəxslərə hesablanmış DSMF faizi çıxılarkən borc rəqəminin 12501,16 manat təşkil etməsi ilə əsaslandırmışdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun: - 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. - 9-1.2-ci maddəsinə əsasən artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. - 14.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. - 14.2-ci maddəsinin tələbinə görə məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanunun: - 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. - 2-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü abzaslarında, ikinci hissəsinin beşinci və yeddinci abzaslarında, 10-cu maddəsinin ikinci hissəsinin üçüncü (hər iki halda) və dördüncü abzaslarında, 13.1-ci maddəsində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü və 13.4-cü (ikinci halda) maddələrində, 18-ci maddəsinin birinci hissəsinin dördüncü abzasında və ikinci hissəsində, 29-cu maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. - 15.1.15-3-cü maddəsinə əsasən hesablanmış, yenidən hesablanmış, ödənilmiş və artıq ödənilmiş vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, fаizlər, maliyyə sanksiyaları və inzibati cərimələrlə bağlı vergi orqanlarından elektron və (və ya) kağız daşıyıcılarda üzləşmə aktı tələb etmək vergi ödəyicisinin hüquqlarından biridir. - 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. - 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. - 85.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına, işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqqına münasibətdə tətbiq edilmir. - 87.5-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından və bu Məcəllənin 179-cu maddəsindən asılı olmayaraq, rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məbləğlər vergi ödəyicisinin borcu olmadığı halda bu Məcəllənin 87.4-cü maddəsinə müvafiq olaraq 20 gün ərzində (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə 45 gün ərzində) qaytarılır. - 93.1-ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə; qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. Qanunvericiliyin tələblərindən göründüyü kimi müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər, həmçinin ümidsiz borclar məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir. Məhkəmə qeyd edir ki, iddiaçının 01.04.2018-ci il tarixə məcburi dövlət sosial sığorta haqları üzrə 27948,34 manat borcu, 526,08 manat maliyyə sankasiyası olmuşdur. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən 01.01.2006cı il tarixinə yaranmış 8757,08 manat MDSS borcu və 01.01.2015-ci il tarixinə yaranmış maliyyə sanksiyası 526,08 manat vergi ödəyicisinin hesabından silinmişdir. Hazırda iddiaçının 19191,26 manat məcburi dövlət sosial sığorta haqqı borcu vardır və həmin biorc ödənilməlidir. İddiaçının B-3 formasında göstərilən şəxslərdən 3 nəfər rəhmətə getdiyi üçün həmin şəxslərə hesablanmış məcburi dövlət sosial sığorta haqqının hesabdan silinməsi ilə bağlı irəli sürdüyü dəlili isə qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 6.2-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 20ci maddəsində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. - 4.1.3-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq ailə başçısını itirməyə görə əmək pensiyası müəyyən edilmişdir. - 4.4-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir Göründüyü kimi şəxsin (vəfat etmiş şəxsə münasibətdə ailə başçısını itirməyə görə) əmək pensiyası hüququnun formalaşmasında işəgötürən tərəfindən ödənilmiş məcburi dövlət sosial sığortası vəsaitləri əsas rol oynayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-1374/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1374/2021
08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver