Məhkəmə qərarları › İş №2-1(112)-1374/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1374/2024

30.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1374/2024 30.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu İnzibati ərazisində yerləşən Vişnyovka (hazırda Albalılıq) Bağlar ərazsində olan 0,06 ha torpaq sahəsindən ibarət 1645 “a” saylı torpaq sahəsinə dair sxematik xəritə və arxiv cizgiləri arasındakı uyğunsuzluğu aradan qaldırılması üçün cavabdeh orqan üzərinə həmin torpaq sahəsinə dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, daha sonra qeyd olunan torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, X4 və İstismarı Birliyi ilə İddiaçı arasında 19 may 2003cü il tarixli, 31673 saylı müqaviləyə əsasən Vişnyovka (albalılıq) adlanan ərazidə yerləşən, sahəsi 0,06 ha torpaq sahəsindən ibarət olan 1645 “a” nömrəli bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə əlaqədar iddiaçının müraciətinə cavabdeh orqan tərəfindən baxılmış və həmin hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli bildiriş təqdim edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, cavabdeh orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə istinad edərək, X5 və İstismarı Birliyi ilə bağlanmış 31673 nömrəli, 19 may 2003-cü il tarixli müqavilənin torpaq sahəsinin ölçüsü qeyd olunan hissəsində həqiqiliyi təsdiqlənməmiş düzəliş olunduğunu bildirir. Halbuki, iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə təqdim etdiyi və onların öz arxiv sənədləri əsasında iddiaçıya təqdim olunan xx.xx.2003-cü il tarixli, 31673 nömrəli müqavilənin təsdiq edilmiş surətindən müəyyən olunur ki, 1 saylı Bakı Ərazi İdarəsi arxivində saxlanılan nüsxə cavabdeh tərəfindən təqdim edilmiş nüsxə ilə eynidir. Yəni 31673 nömrəli, 19 may 2003-cü il tarixli müqavilənin torpaq sahəsinin ölçüsü 0,06 ha olmaqla həqiqiliyinə şübhə ediləcək hər hansı bir düzəliş aparılmamışdır. Cavabdeh orqan Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə həmçinin göstərilən torpaq sahəsi bağlarının bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil etdiyini qeyd etməklə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə istinad etməklə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edir. Lakin həmin maddənin hansı bəndinin məhz imtina üçün əsas olmasını göstərməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərraı ilə təsdiq edilmiş “ Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyaı üçün sənədlərin qəbulu,yoxlanılması və verilməsinin proseduru” Qaydalarının 6-cı bəndinə əsasən: 6.1. Bu Qaydaların 3.7-ci bəndində nəzərdə tutulmuş qaydada sənədlərin ekspertizası zamanı Qanunun 15.1.1.-16.1.6-cı maddələrində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina halları aıkarlanarsa, onların bir və ya bir neçəsinə istinad edilməklə,hüquqların dövlət qeydiyyatından imtina edilməsi barədə əsaslandırılmış bildiriş imzalanmaq üçün ərazi idarəsinin rəhbərliyinə qeydiyyat şöbəsi tərəfindən təqdim edilir. Lakin cavabdeh orqan bu qaydaların 6.1-ci bəndinin tələblərinə riayət etməmiş, Qanunun 15.1.1.-15.1.6-cı maddələrinə konkret istinad göstərmədən həmin Qanunun 15ci maddəsinə ümumi istinad etməklə kifayətlənmişdir. Cavabdeh orqan iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil etməsini imtina üçün əsas hesab edir. Halbu ki, Qaydaların “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənədlərin verilməsi” adlanan 4-cü bəndinə əsasən mərzçəkmə və inventarlaşma işlərinin aparılması, o cümlədən uyğunsuzluğun aradan qaldırılması cavabdeh orqanın üzərinə düşürdü. Belə ki, həmin Qaydaların 4.1-ci bəndinə əsasən Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasmı həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. 4.2 Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Göründüyü kimi sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq hüquqların dövlət qeydiyyatından imtina edilməsi üçün əsas ola bilməzdi. Qeyd olunan bağ sahəsi iyirmi ildir ki, iddiaçının istifadəsindədir. İddiaçı faktiki olaraq ailəsi ilə orada yaşayıra. İşıq, su, torpaq vergisi, o cümlədən əmlak vergisi iddiaçı tərəfindən mütəmadi olaraq ödənilmişdir, heç bir gecikmə və ya borc mövcud deyildir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, X4 və İstismarı Birliyi ilə bağlanılmış 31673 nömrəli, 19 may 2003-cü il tarixli müqavilənin torpaq sahəsinin ölçüsü qeyd olunan hissəsində həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmişdir. Bundan əlavə, tərəfinizdən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.2ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı Bakı şəhəri, hazırda Xəzər rayonu inzibati ərazisində yerləşən Vişnyovka (hazırda Albalılıq) bağlar ərazisində olan 0.06 ha torpaq sahəsindən ibarət 1645 “a” saylı torpaq sahəsinə dair sxematik xəritə və arxiv cizgiləri arasındakı uyğunsuzluğun aradan qaldırılması üçün cavabdeh orqan üzərinə həmin torpaq sahəsinə dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, daha sonra qeyd olunan torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivində yerləşən “1645a” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, X4 və İstismarı Birliyi ilə bağlanılmış 31673 nömrəli, 19 may 2003-cü il tarixli müqavilənin torpaq sahəsinin ölçüsü qeyd olunan hissəsində həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, cavabdeh orqan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka qəsəbəsində yerləşən 1645 saylı bağ sahəsinə dair arxiv qovluğunda mövcud olan müvafiq sənədlərin təsdiq edilmiş surəti və sxematik xəritədən çıxarış iş materiallarına əlavə olunmuşdur.

6. “Bağın icarəyə verilməsi haqqında” (1645 №-li bağ sahəsi) xx.xx.2000-ci il tarixli, 13420 nömrəli Müqaviləyə əsasən X4 və X8 qəsəbəsində 0,12 hektarlıq bağ sahəsini, sahəsi 14,44 kv.metr olan 1 otaqdan binanı, yaradığı binaları hər iki tətəfin imzaladığı və bu müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün “İcarədara” (X7) vermiş və “İcarədar” (X9) bağ sahəsini təhvil almışdır.

7. xx.xx.2003-cü il tarixdə X9 tərəfindən X4 və İstismarı Birliyinə ünvanlanan Ərizədə Vişnyovka ərazisindəki 1645 №-li bağın 0,06 ha (evsiz) İddiaçı adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir.

8. xx.xx.2003-cü il tarixdə X12 tərəfindən X4 və İstismarı Birliyinə ünvanlanan Ərizədə Vişnyovka ərazisindəki 1645 №-li bağın 0,06 ha (evsiz) İddiaçı adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir.

9. xx.xx.2003-cü il tarixdə İddiaçı tərəfindən X4 və İstismarı Birliyinə ünvanlanan Ərizədə Vişnyovka ərazisindəki 1645 №-li bağın 0,06 ha evsiz hissəsinin onun adına keçirilməsini xahiş etmişdir.

10. X4 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış “Vişnyovka ərazisindəki 1645a nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2003-cü il tarixli 31673 saylı Müqaviləyə əsasən Birlik Sabunçu rayonunun Vişnyovka ərazisində 0,06 hektar torpaq sahəsi olan 1645a №-li bağı müqavilədə göstərilən tikililər, qurğular və ağaclarla İstifadəçiyə (İddiaçı) vermiş və İstifadəçi (İddiaçı) həmin bağı istifadəsinə götürmüşdür. Bağın istifadəyə verilməsi haqqında Müqavilə 10 il müddətinə bağlanılmış, İstifadəçi (İddiaçı) müqavilə öhdəliklərini yerinə yetirdikdə müqavilənin yeni müddətə artırılması nəzərdə tutulmuşdur.

11. X4 və İstismarı Birliyi ilə X9 arasında bağlanmış “Vişnyovka ərazisindəki 1645 nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2003-cü il tarixli, 13420 saylı Müqaviləyə əsasən Birlik Sabunçu rayonunun Vişnyovka ərazisində 0,06 hektar torpaq sahəsi olan 1645 №-li bağı müqavilədə göstərilən tikililər, qurğular və ağaclarla, sahəsi 14,44 kv.metr olan yaşayış otağı ilə İstifadəçiyə (X7) vermiş və İstifadəçi (X9) həmin bağı istifadəsinə götürmüşdür. Bağın istifadəyə verilməsi haqqında Müqavilə 10 il müddətinə bağlanılmış, İstifadəçi (X9) müqavilə öhdəliklərini yerinə yetirdikdə müqavilənin yeni müddətə artırılması nəzərdə tutulmuşdur.

12. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 239 saylı Sərəncamı əsasında Əzizbəyov rayonu, Vişnyovka İ bağ massivində yerləşən 600 kv.m sahəsi olan 1645 saylı bağ evi tikintisi üçün torpaq sahəsi ilə bağlı torpaq sahəsinin planı və ölçüsü sənədi X3 adına xx.xx.2010-cu il tarixdə tərtib edilmişdir.

13. Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1 bağ sahəsi, 1645 saylı bağ sahəsinə dair X3 adına xx.xx.2023-cü il tarixdə torpaq sahəsinin planı sənədi tərtib olunmuşdur.

14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka- 1 bağ sahəsi, 1645 saylı bağ sahəsinə dair xüsusi mülkiyyət hüququ (tam) X3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır (torpaq sahəsinin ölçüsü 0.06 ha qeyd olunmuşdur).

15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka- 1 bağ sahəsi, 1642A saylı bağ sahəsinə dair xüsusi mülkiyyət hüququ (tam) X1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır.

16. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka- 1 bağ sahəsi, 1657 saylı bağ sahəsinə dair xüsusi mülkiyyət hüququ (tam) X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

17. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli “torpaq sahəsinə dair sxematik xəritənin məhkəməyə göndərilməsi barədə” məktubda qeyd olunmuşdur ki, torpaq sahəsi arxiv cizgisinin bir hissəsinə uyğun gəlsə də, ümumi ərazidə hasarlama sxematik xəritəyə və arxiv cizgisinə uyğun aparılmamışdır. Arxiv plan sxemə əsasən 1645A saylı bağ qeyd olunan sahənin cənubunda yerləşir (sxematik xəritə iş materialllarına əlavə olunmuşdur).

18. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktına əsasən bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb. Bağ sahəsində A-1 mərtəbəli yarımçıq bağ evi, İ – tövlə, İİ – qaraj, İİİ – s/q var. Bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir.

19. Cavabdeh tərəfindən təqdim olunan Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka bağ massivində yerləşən bağ sahələrinə dair ortofoto iş materiallarına əlavə olunmuşdur.

20. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

21. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

22. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

23. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

24. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

25. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

26. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

27. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

28. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

30. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

31. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

32. X19 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

33. X19 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

34. Cavabdeh imtinanın dəlili olaraq bildirmişdir ki, X4 və İstismarı Birliyi ilə İddiaçı arasıda bağlanılmış 31673 nömrəli, 19 may 2003-cü il tarixli müqavilənin torpaq sahəsinin ölçüsü qeyd olunan hissəsində həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmişdir.

35. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, “Bağın icarəyə verilməsi haqqında” (1645 №-li bağ sahəsi) xx.xx.2000-ci il tarixli, 13420 nömrəli Müqaviləyə əsasən Vişnyovski qəsəbəsində 0,12 hektarlıq bağ sahəsi və daxilindəki yaşayış otağı (sahəsi 14,44 kv.metr olan 1 otaq) X4 və İstismarı Birliyi tərəfindən X7 verilmişdir. xx.xx.2003-cü il tarixdə X9 və xx.xx.2003-cü il tarixdə X2 Təsərrüfatının İnkişafı və İstismarı Birliyinə ərizə ilə müraciət edərək Vişnyovka ərazisindəki 1645 №-li bağın 0,06 ha (evsiz) hissəsinin İddiaçı adına keçirilməsinə etiraz etmədiklərini bildirmiş, xx.xx.2003-cü il tarixdə İddiaçı X4 və İstismarı Birliyinə ərizə ilə müraciət edərək Vişnyovka ərazisindəki 1645 №-li bağın 0,06 ha (evsiz) hissəsinin onun adına keçirilməsini xahiş etmişdir. Daha sonra X4 və İstismarı Birliyi ilə X9 arasında və İddiaçı arasında müvafiq olaraq xx.xx.2003-cü il tarixli 13420 saylı və 31673 saylı Müqavilələr bağlanmışdır. X4 və İstismarı Birliyi ilə X9 arasında bağlanmış “Vişnyovka ərazisindəki 1645 nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2003-cü il tarixli, 13420 saylı Müqaviləyə əsasən Birlik Sabunçu rayonunun Vişnyovka ərazisində 0,06 hektar torpaq sahəsi olan 1645 №-li bağı sahəsi 14,44 kv.metr olan yaşayış otağı ilə X7 verilmiş, X4 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış “Vişnyovka ərazisindəki 1645a nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2003-cü il tarixli, 31673 saylı Müqaviləyə əsasən Birlik Sabunçu rayonunun Vişnyovka ərazisində 0,06 hektar torpaq sahəsi olan 1645a №-li bağı İddiaçı verilmişdir.

36. Məhkəmə “Vişnyovka ərazisindəki 1645a nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2003-cü il tarixli, 31673 saylı Müqavilənin iddiaçı tərəfindən təqdim olunmuş əslinə, həmin Müqavilənin cavabdeh tərəfindən təqdim edilmiş arxiv nüsxəsinə və Müqavilənin bağlanması üçün əsas olmuş sənədlərin arxiv nüsxələrinə (X9, X12, İddiaçı tərəfindən X4 və İstismarı Birliyinə ünvanlanan ərizələrə və “Vişnyovka ərazisindəki 1645 nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2003-cü il tarixli, 13420 saylı Müqaviləyə) baxış keçirmişdir. Məhkəmə müəyyən edir ki, iddiaçıya ayrılan torpaq sahəsinin ölçüsü bütün sənədlərdə 0,06 kv.metr olaraq qeyd edilmişdir və təqdim edilən sənədlər məcmu şəkildə qiymətləndirildikdə hər hansı ziddiyyətli məqam aşkar olunmamışdır. Odur ki, “Vişnyovka ərazisindəki 1645a nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2003-cü il tarixli, 31673 saylı Müqavilənin mötəbərliliyi məhkəmədə şübhə doğurmur və məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsünün (0,06 hektar) həqiqiliyi (düzəliş olsa belə) şübhə doğurmur. Belə ki, qeyd edildiyi kimi təqdim edilən sənədlərdən görünür ki, həmin 1645a nömrəli bağ sahəsinə dair müqavilə ölçüsü 0,12 ha olan vahid 1645 nömrəli bağın bölünməsi nəticəsində bağlanmışdır, sonradan 1645 nömrəli bağ sahəsi 0,06 ha olmaqla mülkiyyətçinin hüquqları qeydə alınmışdır.

37. Cavabdeh imtinanın digər dəlili olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir.

38. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə faktiki olaraq tənzimlənmişdir. Bu fərman məhz torpaqların mövcud problemli vəziyyəti ilə bağlı tənzimləmə işlərinin aparılması və qeydiyyatı zamanı meydana çıxan uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar qəbul edilmiş və uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında aradan qaldırılması qaydası müəyyən edilmişdir. Həmin fərmanın preambulasına əsasən Fərman torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qəbul edilmişdir.

39. Məhkəmə qeyd edir ki, əvvəllər tətbiq olunan koordinat təyinetmə sistemi ilə hal-hazırda tətbiq edilən koordinat təyinetmə sistemi fərqlidir. Bu fərqlər ondan ibarətdir ki, əvvəllər (sovetlər vaxtında, müstəqilliyin ilk iyirmi ilində) və 2010-cu illərədək kadastr işlərində istifadə olunmuş koordinat sisteminin göstəriciləri ilə hazırda tətbiq olunan koordinat sisteminin göstəricilərinə çevrildikdə koordinatlarda müəyyən qədər sürüşmə (yerdəyişmə/göstərici uyğunsuzluğu) yaranır və ya yarana bilər. Bu sürüşmə (yerdəyişmə) torpaq sahəsinin yerinin dəyişilməsi demək deyildir, bu, texniki sənədlərdəki koordinatlar arasında yaranmış obyektiv səbəbli (koordinat təyinetmə sistemlərinin uyğunsuzluğundan qaynaqlanan) kiçik dərəcəli uyğunsuzluqdur. Həmin uyğunsuzluqlar hər bir sonrakı reyestr qeydiyyatı icraatı işlərinin, o cümlədən də yerquruluşu və kadastr işlərinin aparılması zamanı - koordinat və döngə nöqtələrinin təkrar təyini və müvafiq texniki sənədlərə işlənilməsi zamanı aidiyyəti səlahiyyətli orqanın mütəxəssisi tərəfindən ilkin hüquqi və texniki sənədlərə əsaslanılmaqla aradan qaldırılmalıdır.

40. Məhkəmə müəyyən edir ki, “Vişnyovka ərazisindəki 1645a nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2003-cü il tarixli 31673 saylı Müqavilə və “Vişnyovka ərazisindəki 1645 nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2003-cü il tarixli, 13420 saylı Müqavilə nəticəsində sahəsi 12 kv.metr olan vahid 1645 saylı torpaq sahəsinin 6 kv.metr hissəsi (evsiz) İddiaçı (1645a saylı torpaq sahəsi), digər 6 kv.metr torpaq sahəsi isə X7 (1645 saylı bağ sahəsi) ayrılmışdır. Bağ sahələrinin vəziyyətini əks etdirən ortofoto çıxarışından da görünür ki, X7 ayrılmış 1645 saylı bağ sahəsi və İddiaçı ayrılmış 1645a saylı torpaq sahələri yanaşı yerləşir. 1645 saylı torpaq sahəsi üzərində X3 mülkiyyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. 1645a saylı bağ sahəsi isə hazırda iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Torpaqla bağlı hər hansı mübahisə yoxdur.

41. Odur ki, texniki uyğunsuzluq səbəbindən torpaq sahəsinin yerləşmə mövqeyində əhəmiyyətli sayılmayacaq dərəcədə koordinat sürüşməsinin olması mümkündür və inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla iddiaçının həmin bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir.

42. Məhkəmə eyni zamanda nəzərə alır ki, mübahisələndirilən bağ sahəsi ilə eyni ərazidə (Bakı şəhəri, Vişnyovka bağlar massivində) yerləşən digər bağ sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar da məhkəməyə təqdim edilmişdir. Belə ki, 1642a saylı bağ sahəsi üzərində X1, 1657 saylı bağ sahəsi üzərində X10 mülkiyyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

43. Odur ki, mübahisələndirilən bağ sahəsi ilə eyni ərazidə yerləşən bağ sahələri üzərində X3 və digər şəxslərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı təqdirdə 1645a saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyatından imtina edilməsi bərabərlik hüququnun pozulmasıdır və belə olan təqdirdə iddiaçıya münasibətdə fərqli rəftarın ağlabatan əsaslandırılması yoxdur.

44. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var və cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

45. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

46. Məhkəmə hesab edir ki, iddia tələbinin torpaq sahəsinə dair texniki sənədin tərtibatı hissəsi iddiaçının hüquqi marağına uyğun olaraq torpaq sahəsinə dair plan-ölçü sənədinin tərtib olunması kimi nəzərə alınmalıdır.

47. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

48. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

49. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

50. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1 bağ massivində yerləşən “1645 A” saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq buna dair çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar