Məhkəmə qərarları › İş №2-1(112)-1375/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1375/2022

13.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1375/2022 13.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) 2012-2016-cı illərdə Rusiya Federasiyasının Beynəlxalq Hüquq İnstitutunda “Hüquqşünaslıq” ixtisası üzrə təhsil almış və ona bu barədə dövlət imtahan komissiyasının qərarı ilə 09 yanvar 2017-ci il tarixdə 137724 ******* nömrəli bakalavr diplomu verilmişdir. İddiaçı həmin diplom üzrə ixtisasının tanınması ilə bağlı cavabdeh orqan olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra – Cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2020-ci il tarixli məktub ilə İnstitutun tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olmasına və diploma əlavədə qeyd olunan tədris yükünün yerinə yetirilməsinin qeyrimümkün olmasına istinad edərək iddiaçıya imtina cavabı vermişdir. Bundan sonra İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyasının Beynəlxalq Hüquq İnstitutu tərəfindən verilmiş 09 yanvar 2017-ci il tarixli 137724 ******* nömrəli Diplom üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 2012-2017-ci illərdə Rusiya Federasiyasının Beynəlxalq Hüquq İnstitutunda “hüquqşünaslıq” ixtisası üzrə 5 il təhsil almış, İnstitut tərəfindən ona Dövlət İmtahan Komissiyasının protokoluna əsasən "hüquq" ixtisası üzrə təhsil almasını təsdiq edən 137724 ******* nömrəli Diplom təqdim edilmişdir. Ali təhsil aldığı müddətdə qarşısına qoyulan təhsil öhdəliklərini tam və lazımi səviyyədə yerinə yetirmiş və qanuni əsaslarla təhsilini başa vuraraq diplom əldə etmişdir. Həmçinin "Xarici rəsmi sənədlərin rəsmiləşdirilməsi tələblərinin ləğv edilməsi haqqında" 5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına uyğun olaraq (həm Azərbaycan Respublikası, həm də Rusiya Federasiyası həmin konvensiyaya qoşulmuşdur) xx.xx.2018-ci il tarixdə diplom “Apostil” edilmişdir. Diplomu əldə etdikdən sonra Azərbaycan Respublikasında nostrifikasiya olunması üçün tələb olunan bütün digər sənədlərlə birlikdə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, 13 mart 2020-ci il tarixli cavab məktubu ilə müraciətinin icrasından imtina edilmiş və diplomun tanınması qeyri-mümkün hesab edilmişdir. Həmin imtina məktubu ona rəsmi surətdə göndərilmədiyi üçün ərizə ilə təkrarən müraciət edərək cavabı rəsmi surətdə almaq qərarına gəlmiş, 26 may 2021-ci il tarixində 14-136/03-TKTA nömrəli məktubla ona cavab verilmiş və əvvəlki müraciətinə dair verilmiş cavab məktubu da iddiaçıya təqdim edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilən dəlillərə istinad edərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda göstərilənləri müdafiə edərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbədar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçının ona verilmiş diplomun tanınmasını, yəni barəsində əlverişli inzibati aktın qəbul edilməsini tələb etmək üçün subyektiv hüququ mövcuddur. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ilk olaraq iddiaçının xx.xx.2019-cu il tarixli elektron müraciətinə xx.xx.2020-ci il tarixdə cavab verilmiş, daha sonra xx.xx.2021-ci il tarixli müraciət cavablandırılarkən xx.xx.2020-ci il tarixində iddiaçıya elektron xidmət vasitəsilə məlumat verilməsinə istinad edilmişdir. Lakin iddiaçının tələbinə elektron qaydada baxılarkən cavabdeh tərəfindən “Elektron imza və elektron sənəd haqqında” Qanunun tələblərinə əməl edilməsi, xx.xx.2020-ci il tarixli sənədin elektron imza ilə imzalanması və iddiaçıya çatdırılması iş materiallarından müəyyən edilmir. Belə olan halda cavabdehin iddiaçıya xx.xx.2020-cu il tarixdə verdiyi imtina İPM-in 38.2-ci maddəsində göstərilən iddiaçıya inzibati aktın qəbul edilməsindən imtina barədə yazılı məlumat verilməsi kimi qəbul edilə bilməz. Digər tərəfdən, cavabdeh iddiaçının xx.xx.2021-ci il tarixli müraciətini təkrar müraciət kimi qəbul etməmiş, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 35.5ci maddəsinə uyğun hərəkət etməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddiaçının tələbi üzrə iddia müddəti cavabdehin xx.xx.2021-ci il tarixli rəsmi yazılı məktubunun iddiaçı tərəfindən alındığı tarixdən hesablanmalıdır. Belə olan halda isə müəyyən olunur ki, iddiaçı imtina barədə aktı aldığı gündən 30 gün müddətində məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia əsassızdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı 2012-2016-ci illərdə Rusiya Federasiyasının Beynəlxalq Hüquq İnstitutunda hüquqşünaslıq ixtisası üzrə təhsil almış, iddiaçıya dövlət imtahan komissiyasının xx.xx.2016-cı il tarixli 16мб saylı protokoluna əsasən xx.xx.2017-ci il tarixdə 137724 ******* nömrəli bakalavr diplomu verilmişdir. 137724 ******* nömrəli həmin diploma əlavədən görünür ki, iddiaçının təhsil müddəti 4 il, təhsil forması əyani olmuşdur. İddiaçı həmin diplomun tanınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh isə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının təhsil aldığı ölkədə qısa müddət ərzində olmasına istinad edərək ona imtina cavabı vermişdir. Məhkəmə cavbdehin bu imtinası ilə razılaşır və qeyd edir ki, təhsil- sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi, ixtisasların ekvivalentliyinin müəyyən edilməsi isə xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.3 və 2.21-ci bəndlərinə əsasən bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. Bakalavriat səviyyəsində təhsilin məzmunu birbiri ilə əlaqəli nəzəri və təcrübi hazırlıqla müəyyənləşdirilir. Bakalavrın nəzəri hazırlığı humanitar və ixtisasın peşə hazırlığı fənlərinin mühazirə, məsləhət, məşğələ, sərbəst iş və digər şəkildə öyrənilməsi ilə təmin edilir. Bakalavrın praktiki hazırlığı nəzəri biliklərin laboratoriya, məşğələ, tədris və elmi tədqiqat işləri, kurs işi və kurs layihəsi, tədris və istehsalat təcrübələri, həmçinin buraxılış işlərinin yerinə yetirilməsi ilə təmin edilir. Həmin Qaydaların 1.6-cı bəndinə görə bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Qaydaların 2.8-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Həmin Qaydaların 2.9-cu bəndinə əsasən tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. Qaydaların 2.11-ci bəndinə əsasən bakalavriat səviyyəsində bütün təlim müddətində təcrübəyə 8-18 həftə ayrılır. İxtisaslardan asılı olaraq, təcrübənin müddəti ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir və tədris planında öz əksini tapır. İşdə olan iddiaçının müraciətinə baxılması ilə bağlı cavabdeh tərəfindən tərtib edilmiş rəylərdən görünür ki, iddiaçının 2012-2017-ci illərdə sərhədkeçmə məlumatı aşağıdakı kimi olmuşdur: 1-ci il – 9 ay; 2-ci il - 2 ay 17 gün; 3-cü il – getməyib; 4-cü il – 3 gün; 5-ci il 15 gün. Həmçinin işdə olan iddiaçının sərhədkeçmə məlumatlarına dair cədvəldən görünür ki, iddiaçı: xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixə qədər - 83 gün; xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixə qədər - 70 gün; xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixə qədər - 89 gün; xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixə qədər - 84 gün; xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixə qədər - 78 gün; xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə qədər - 2 gün; xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə qədər - 15 gün ölkə xaricində olmuşdur. Beləliklə, istinad olunanlardan görünür ki, iddiaçı təhsil aldığı müddət ərzində 2013/2014 tədris ilində cəmi 2 ay 17 gün təhsil aldığı ölkədə olmuş, 2014/2015 tədris ilində həmin ölkəyə, ümumiyyətlə getməmiş, 2015/2016 tədris ilində isə cəmi iki gün təhsil aldığı ölkədə olmuşdur. Göründüyü kimi, iddiaçının 3-cü və 4-cü tədris ilində təhsil aldığı ölkəyə getməməsi, eyni zamanda digər illərdə həmin ölkədə olma müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.8, 2.9 və 2.11-ci bəndlərinin tələblərinə uyğun olmamaqla, əyani təhsil alan tələbələr üçün auditoriyada olma müddətini ödəmədiyini deməyə əsas verir. İddiaçı təhsil aldığı ölkəyə getməməsinin səbəbini 2013-cü ildən etibarən qiyabi təhsil formasına keçməsi ilə izah etmiş və bununla bağlı xx.xx.2013-cü il tarixli müqaviləni təqdim etmişdir. Həmin müqaviləyə əsasən iddiaçı qiyabi formada təhsil alır, təhsil müddəti noyabr 2013-cü ildən başlayır və müddəti 2 il 9 ay təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, birincisi, iddiaçı qiyabi formada təhsil alması ilə bağlı müqavilə təqdim etsə də, diploma əlavədə onun əyani formada təhsil aldığı göstərilmişdir. İkincisi, diploma əlavədə iddiaçının 4 il təhsil aldığı göstərilmiş, iddiaçıya diplom dövlət imtahan komissiyasının xx.xx.2016-cı il tarixli protokoluna əsasən verilmiş, deməli iddiaçı 2012-2016-cı illərdə, yəni 4 il təhsil almışdır. Yuxarıda istinad olunan Qaydaların 1.6-cı bəndinə görə bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Məhkəmə qeyd edir ki, iddiaçı əyani yox, qiyabi formada təhsil almışsa, onun təhsil müddəti 4 il yox, 5 il olmalı idi. Lakin iş materiallarından iddiaçının 5 il təhsil alması müəyyən edilmir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın 3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Qaydaların 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Qaydaların 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İşdən görünür ki, cavabdeh istinad olunan normalara uyğun olaraq müvafiq ekspertiza həyata keçirmiş və iddiaçıya imtina cavabı vermişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin bu imtinası işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olmuşdur. Belə olan halda, həmin imtina iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsindən də görünür ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, cavabdehin imtinası və ya hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar