Məhkəmə qərarları › İş №2-1(112)-1375/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1375/2024

20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1375/2024 20.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əlilliyin təyin edilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi, ona, yəni xx xxxx 1955-ci il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx xxxx 1955-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə döyüş zonasında hərbi xidmət keçərkən yaralanmışdır və hərbi travma almışdır. 1998-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən müddətsiz olaraq üçüncü dərəcəli əlillik təyin olunmuşdur. 2022-ci ildə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. 02 iyun 2023-cü il tarixli məktubdan göründüyü kimi təqdim edilən sənədlər və ətraflı müayinənin nəticəsi olaraq, əlillik təyinatına əsas verən məhdudiyyətlərin olmadığının müəyyənləşdirildiyi və tam reabilitasiya olmağı barədə qərar qəbul olunduğu qeyd olunmuşdur. Həmin qərar tamamilə qanunsuz və əsassızdır. Belə ki, təqdim olunmuş sənədlərlə də təsdiq olunur ki, o hərbi xidmətdə olarkən yaralanmışdır və bunun nəticəsində hərbi travma almışdır. Bundan əlavə 15 may 2023-cü il tarixdə rentgendən keçən zaman onun səhhətində problemlərin olduğu görünmüşdür. O hələ də səhhəti ilə bağlı problemlər yaşadığı üçün müalicələrini davam etdirir. Buna baxmayaraq hansı səbəbdənsə, cavabdeh tərəfindən onun müraciətinə imtina olunmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə 38 saylı Şəhər Poliklinikasının xx.xx.1998-ci il tarixli göndərişi əsasında əlavə əyani müayinə edilərək baxılmış Tam Reabilitasiya barədə imtina qərarı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi isə etiraza uyğun çıxış edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 466 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Sabunçu RHK tərəfindən xx.xx.1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci il tarixdə aldığı və xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunda müalicə olunduğu yaralanma - diaqnoz : “Sağ ayağın dəlibkeçən güllə yarası, ayaqarxası sümüklərin sınığı ilə” (Azərbaycan Respublikası SHXÇDXnin Bakı şəhəri Sabunçu rayon idarəsinin xx.xx.2022-ci il tarixli 942 nömrəli arayışı, xx.xx.2022-ci il tarixli 390 nömrəli arayışı, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin 'Təkmilləşdirilməsi İnstitutundan verilmiş 1992-ci il. tarixli 1406 nömrəli xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), diaqnozu “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” kimi şəhadətləndirilmişdir. İş materiallarından görünür ki, iddiaçının əlilliyi xx.xx.1998-ci il tarixdə qiymətləndirilmiş və ona “Sağ baldırın güllə yaralanmasından sonrakı hər iki topuğun bitişmiş sınığı. Sağ topuq oynağının linfastazı. Dayaq və hərəkət funksiyasının pozulması ilə” diaqnozu üzrə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının **********1 nömrəli, 09 yanvar 2023-cü il tarixli Qərarından görünür ki, xx.xx.2022-ci il tarixdə iddiaçının əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərardan şikayətə əsasən iddiaçının əyani müayinəsi həyata keçirilmiş və müəyyən edilmişdir ki, “Bakı şəhər sakini xx.xx.1955ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.1998-ci il tarixdə DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və ona “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. Dz: Sağ baldırın güllə yaralanmasından sonrakı hər iki topuğun bitişmiş sınığı. Sağ topuq oynağının limfastazı. Dayaq və hərəkət funksiyasının pozulması ilə. Vətəndaşın minik avtomobili ilə bağlı müraciəti əsasında əlavə əyani müayinəsi zamanı aşağı ətraflarda hərəkət məhdudluğundan şikayət etmişdir. Obyektiv baxış zamanı sağ ayaqarxasında və dabanda köhnə səthi yumşaq toxuma çapığı izlənilsə də, əzələlər atrofiyasız, aşağı ətraflarda iflic, parez izlənilməmiş, hərəkətlər tam həcmdə olmuşdur. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq dilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya barədə qərar qəbul edilmişdir. Nəticədə əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası"na uyğun olaraq Minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir.” İşdən görünür ki, iddiaçı bu qərardan narazı qalaraq ona əlillik təyin edilməsi ilə bağlı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı gedişində iddiaçının əlilliyinin qiymətləndirilməsi ilə bağlı müraciətinə yenidən baxılması üçün cavabdehə vaxt verilmiş, bununla əlaqədar iddiaçı xx.xx.2023-cü il tarixdə əyani müayinə olunmaqla Dövlət Tibbi-Sosial Ekspertiza və X2sosial ekspert komissiyasının 3-17-4/3-3-18815/2023 nömrəli, 21 noyabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, “Bakı şəhər sakini 02.07.1S55-Cİ il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Tam reabilitasiya olunması barədə qərar verilmişdir. (ESDAS: **********0). Vətəndaş 3-17-4/2-M-27440/2023 nömrəli məktub əsasında əyani müayinəyə dəvət olunmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-10854/2023 nömrəli qərardadı əsasında araşdırma aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 466 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Saq ayağın dəlib- keçən qüllə yarası, ayaqarxası sümüklərin sınığı ilə" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, ‘‘Vətəndaşın minik avtomobili ilə bağlı müraciəti əsasında əlavə əyani müayinəsi zamanı aşağı ətraflarda hərəkət məhdudluğundan şikayət etmişdir. Obyektiv baxış zamanı sağ ayaqarxasında və dabanda köhnə səthi yumşaq toxuma çapığı izlənilsə də, əzələlər atrofiyasız, aşağı ətraflarda iflic, parez izlənilməmiş, hərəkətlər tam həcmdə olmuşdur’’ kimi qeyd olunmuş, Tam reabilitasiya olunması barədə qərar verilmişdir. Xəstənin hazırkı vəziyyətinin obyektiv qiymətləndirilməsi zamanı sağ pəncə və dabanda çapıqlar izlənmiş, ayağını gərginləşdirib müayinəyə mane olmağa çalışsa da, sağ aşıq-baldır oynağında hərəkətlər sərbəst olması müşahidə edilmiş, atrofiya, hipotrofiya müşahidə edilməmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” Məhkəmə iş materiallarını araşdıraraq, aşağıdakılara əsasən cavabdehin bu qərarı ilə razılaşır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə isə əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. İstinad olunan normalardan görünür ki, şəxsin istənilən sağlamlığının pozulması deyil, cəmiyyətdə digər şəxslərlə bərabər səviyyədə tam və səmərəli iştirakına mane olan pozulması ona əlilliyin təyin edilməsinə əsas yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmişdir və həmin Meyarlar əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Meyarlardan görünür ki, şəxsə əlillik onun sağlamlığının pozulması, yəni qoyulmuş diaqnoz üzrə xəstəliyin onun özünəqulluq bacarığı; sərbəst hərəkətetmə bacarığı; istiqamətseçmə bacarığı; ünsiyyət bacarığı; davranışına nəzarətetmə bacarığı; öyrənmə bacarığı; əmək fəaliyyəti bacarığına təsir etmə imkanı nəzərə alınmaqla qiymətləndirilir. Yəni şəxsdə hər hansı bir xəstəliyin olması ona əlillik təyin edilməsi üçün hələ əsas deyildir. Həmin xəstəlik Meyarlarda göstərilən qiymətləndirmə göstəricilərinə uyğun dəyərləndirilməli, yalnız bundan sonra həmin xəstəliyin əlillik təyin edib etməməsi müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya aldığı travma nəticəsində X1: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri=> T00-T07 – T00-T07, Diaqnozun mətni: Sağ baldırın güllə yaralanmasından sonrakı hər iki topuğun bitişmiş sınığı. Sağ topuq oynağının linfastazı. Dayaq və hərəkət funksiyasının pozulması ilə Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Sağ baldırın güllə yaralanmasından sonrakı hər iki topuğun bitişmiş sınığı. Sağ topuq oynağının linfastazı. Dayaq və hərəkət funksiyasının pozulması ilə” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həmin diaqnoz ilə iddiaçıya əlillik təyin edilməsi üçün onun sağlamlıq vəziyyətində:1. ümumi beynin mülayim pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası; 2. ümumi beynin təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası; 3. baş beynin əzilməsi, kontuziyası; 4. psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası; 5. vegeto-damar mülayim pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası; 6. vegeto-damar təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası tez-tez baş verən paroksizmal vəziyyətlərlə (gündəlik tutmalar) və (və ya) ümumi vəziyyətə təzahür edən təsirlə; 7. beyin maddəsində yad cismin olması; 8. ventrikuloperitoneal şuntlama; 9. müvazinətin və koordinasiyanın pozulması, vestibulopatiya ilə nəticələnən mərkəzi sinir sisteminin üzvi mənşəli zədələnməsi (posttravmatik, damar, degenerativ-distrofik); 10. bilək oynağının funksional yararsız vəziyyətdə ankilozu; 11. ağır dərəcəli bazu oynağının qeyri-stabilliyi, eləcə də laxlayan oynaq və daimi oynaq çıxıqları və ya bazu oynağının funksional yararsız vəziyyətdə ankilozu (kəskin kontrakturası); 12. bazu sümüyünün psevdoartrozu: qeyristabil; 13. aid sümüyünün psevdoartrozu: qeyri-stabil; 14. funksional əlverişsiz vəziyyətdə dirsək oynağının ankilozu (60 dərəcədən az, 150 dərəcədən çox); 15. hər iki dirsək oynağının funksional əlverişsiz vəziyyətdə ankilozu (60 dərəcədən az, 150 dərəcədən çox); 16. laxlayan dirsək oynağı; 17. hər iki bilək oynağının funksional əlverişsiz vəziyyətdə ankilozu; 18. hər iki baş barmağın olmaması; 19. baş barmaq daxil olmaqla, iki barmağın olmaması və ya funksional yararsız vəziyyətdə ankilozu (kəskin kontrakturası);

20. baş barmaq daxil olmaqla, üç barmağın olmaması və ya əlin tutma funksiyasının pozulmasına səbəb olan qüsurlu vəziyyətlər; 21. bir əldə ardıcıl üç barmağın olmaması və ya funksional yararsız vəziyyətdə ankilozu (kəskin kontrakturası); 22. baş barmaq daxil olmaqla, dörd barmağın olmaması və ya funksional yararsız vəziyyətdə ankilozu (kəskin kontrakturası); 23. hər iki bud-çanaq oynağının ankilozu; 24. hər iki bud-çanaq oynağının hərəkətinin orta dərəcə məhdudlaşması; 25. bud-çanaq oynağının hərəkətinin təzahür edən məhdudlaşması və ya ankilozu; 26. hər iki bud-çanaq oynağının hərəkətinin təzahür edən məhdudlaşması; 27. budun displaziyası (yarımçıxıq), tam immobilizasiya müddətinə;

28. budun displaziyası (yarımçıxıq), tam immobilizasiya müddətinin başa çatmasından sonra müalicəsinin sonuna qədər; 29. bud-çanaq oynağının rekonstruktiv əməliyyatdan sonrakı vəziyyəti, mülayim pozuntularla; 30. hər iki bud-çanaq oynağının rekonstruktiv əməliyyatdan sonrakı vəziyyəti, təzahür edən pozuntularla; 31. bud sümüyünün psevdoartrozu, mülayim pozuntularla; 32. bud sümüyünün psevdoartrozu, təzahür edən pozuntularla; 33. diz oynağının funksional əlverişsiz vəziyyətdə ankilozu; 34. hər iki diz oynağının funksional əlverişli vəziyyətdə ankilozu; 35. hər iki diz oynağının funksional əlverişsiz vəziyyətdə ankilozu; 36. pəncənin qüsurlu vəziyyətdə ankilozu; 37. hər iki aşıqbaldır oynağının ankilozu; 38. hər iki diz oynağı qığırdağının təzahür edən zədələnməsi (İV mərhələ qonartroz); 39. bud-çanaq oynağının birtərəfli çıxığı; 40. bud-çanaq oynağının ikitərəfli çıxığı; 41. baldır sümüklərinin psevdoartrozu: qeyri-stabil - əlamətlərindən hər hansı biri müşahidə olunmalıdır. Lakin iş materialları ilə həmin əlamətlərdən hər hansı birinin iddiaçıda olması müəyyən olunmur. İşdə olan 36 saylı şəhər poliklinikasının xx.xx.2023-cü il tarixli İddiaçı rentgen nəticəsindən görünür ki, sağ aşıq-baldır oynağında oynaq yarığı bir qədər daralmışdır. Oynaq səthlərində zəif subxondral skleroz qeyd edilir. Sümüklərdə regionar osteoporoz nəzərə çarpır. Qamış sümüyünün və inçik sümüyünün topuq çatları bir qədər deformatik quruluşa malikdir. Məhkəmə qeyd edir ki, iddiaçının döyüş zonasında xidmət keçərkən travma alması işin mübahisəsiz halıdır. Lakin həmin travmanın iddiaçıya əlillik təyin edilməsi üçün Meyarlarda göstərilən əlamətləri də özündə əks etdirməsi iş materialları ilə müəyyən olunmur. Yəni iddiaçının sağlamlıq vəziyyəti kəllədaxili travma diaqnozuna uyğun olsa da, bu xəstəliyin gedişatının forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələri və tezliyi, patoloji prosesin yayılması kimi kliniki funksional xüsusiyyətləri əlillik təyin edilməsinə əsas vermir. Buna görə də məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının tələbinin təmin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar