Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1376/2023 06.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “artıq ödənilmiş müavinətin tutulmasına dair qərarın ləğvi, ailə başçısını itirməyə görə pensiya təyini tarixinədək hesablanmaqla xx.xx.2021-ci il tarixdən dayandırılmış sosial müavinətin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona sosial müavinətin ödənilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 3 uşağa görə 2017-ci il tarixdən fiziki şəxs olmadığı üçün sosial müavinət alırdı. 2020-ci ilin dekabr ayında 90-95% agciyərlərin buzlaşması (tutulması) ilə covidə yoluxduğu üçün mart ayının sonuna qədər müalicə olunaraq suni oksigendən asılı olmuşdur. O vaxtdan ona müavinət verilmir. Dəfələrlə DOST mərkəzinə müraciət etmişdir. Ona bildirilmişdir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsindən adına açılan VÖEN-in qanunsuz açılmasını və aktiv olubolmaması barədə arayış təqdim etsə, ona ödənilməyən ayların müavinəti ödəniləcək. Lakin arayış təqdim etsə də, ona müavinət ödənilmədi.
3. Məhkəmə İPM-nin 13-cü maddəsini (məhkəmənin yardım etmək vəzifəsi) rəhbər tutaraq iddiaçıya iddia tələbini və cavabdeh orqanı hüquqi marağına uyğun olaraq dəqiqləşdirməyi təklif etmişdir.
4. Daha sonra məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı nəzərə alınmaqla sosial müavinətin dayandırıldığı tarixdən bərpa edilməsi” kimi dəyişdirilmişdir.
5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzindən daxil olmuş müraciətinə aidiyyəti üzrə Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialda baxılmışdır. Bildirilmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixli qərara əsasən yaşa görə müavinət təyin edilmişdir. İddiaçıya ünvanlanmış imtina məktubundan aydın olur ki, ona təyin edilmiş yaşa görə sosial müavinət ödənişinin dayandırılmasına səbəb İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aktiv VÖEN aşkarlanması olmuşdur. Buna görə də iddiaçıya xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixdədək 710.67 (yeddi yüz on yeddi manat 67 qəpik) məbləğində artıq ödəmə olduğu aşkarlanmış və həmin məbləğin yaşa görə müavinətdən tutulması bardə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli 43704 nömrəli qərar qəbul edilmişdir. Yaranmış 710,67 manat artıqalma İddiaçı yenidən təyin olunmuş yaşa görə sosial müavinətindən xx.xx.2021-xx.xx.2021-ci il tarixinədək ödənilməyən dövr ilə tam əvəzləşdirilərək bərpa ediləcəkdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə müvafiq olaraq yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Yuxanda qeyd edilən maddələrin məzmunundan aydın olur ki, şəxsə yaşa görə sosial müavinət təyin edilməsi üçün onun həm yaşa görə pensiya hüququ yaranmamalı, həm də işləməməlidir. İddiaçı aktiv vergi ödəyicisi kimi vergi orqanında xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixlərdə qeydiyyatda olması onu işsiz və işaxtaran statusundan məhrum etdiyi kimi aktiv vergi ödəyicisi olması səbəbiylə məcburi dövlət sosial sığortasına cəlb edilməsi onun sahibkarlıq və ya digər gəlirli əmək fəaliyyəti ilə məşğul olduğu anlamına gəlir. Qeyd etmək lazımdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aktiv vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olduğundan ona 2017-ci il tarixdə üçün təyin edilmiş yaşa görə sosial müavinət ödənişi xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 39.4-cü maddəsinə əsasən borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Eyni zamanda bildiririk ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələblərinə riayət etməklə inzibati orqan olaraq Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının ödənilmiş pul vəsaitinin qaytarılması barədə inzibati akt qəbul etməklə vətəndaşın qeydiyyat ünvanı üzrə icraya yönəltmək hüququ var. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq cavabdeh orqan iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən bildirilmişdir ki, İddiaçı xx.xx.20158-ci il tarixdə vergi uçotuna alınması, xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək fəaliyyətinin dayandırılması, xx.xx.2021-ci il tarixdə vergi uçotunun ləğv edilməsi barədə məlumat müəyyən edilmişdir.
7. Son olaraq iddiaçı iddia tələbini xx.xx.2021-ci il tarixli 43704 nömrəli artıq ödənilmiş müavinətin tutulmasına dair qərarın ləğvi, ailə başçısını itirməyə görə pensiya təyini tarixinədək hesablanmaqla xx.xx.2021-ci il tarixdən dayandırılmış sosial müavinətin ödənilməsi kimi dəyişdirmişdir.
8. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən iddiaçının müavinət işinin surəti məhkəməyə təqdim edilmişdir.
9. Müavinət işindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli 43704 nömrəli qərarı ilə iddiaçıya xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixənədək aktiv VÖEN-i olduğu dövrdə artıq ödənilmiş yaşa görə müavinət tutulmuşdur.
10. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Vergi Xidməti tərəfindən bildirilmişdir ki, vergi ödəyicilərinin dövlət reyestrində İddiaçı (VÖEN: **********) xx.xx.2015-ci il tarixdə vergi uçotuna alınması, xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək sahibkarlıq fəaliyyətinin dayandırılması və xx.xx.2021-ci il tarixdə vergi uçotunun ləğv edilməsi barədə məlumat mövcuddur. Eyni zamanda məlumat bazasında İddiaçı fəaliyyətinin aktiv olan dövrlərində məcburi dövlət sosial sığorta haqları üzrə ödəmələrinin olması barədə məlumat mövcud deyildir.
11. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
12. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
13. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
14. İddia tələbi artıq ödənilmiş müavinətin tutulmasına dair qərarın ləğvi, ailə başçısını itirməyə görə pensiya təyini tarixinədək hesablanmaqla xx.xx.2021-ci il tarixdən dayandırılmış sosial müavinətin ödənilməsi ilə bağlıdır. İddianın ailə başçısını itirməyə görə pensiya təyini tarixinədək hesablanmaqla xx.xx.2021-ci il tarixdən dayandırılmış sosial müavinətin ödənilməsi hissəsində növü öhdəliyin icrasına dair iddiaya, artıq ödənilmiş müavinətin tutulmasına dair qərarın ləğvi hissəsində isə mübahisələndirməyə dair iddiadır.
15. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
16. Cavabdeh tərəfindən bildirilir ki, iddiaçıya xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilmiş 710,67 manat artıq ödəmə olduğu aşkarlanmış və həmin məbləğin yaşa görə müavinətdən tutulması barədə bağlı cavabdeh tərəfindən “artıq ödənilmiş sosial müavinətin məbləğinin geri qaytarılması haqqında qərar” təqdim edilmişdir.
17. İddiaçıya xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sosial müavinətin ödənilməsi və xx.xx.2021-ci il tarixdən sosial müavinətin ödənişin dayandırılması işin mübahisəsiz halıdır.
18. 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1703-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.2-ci maddəsi yeni redaksiyada verilmişdir. Maddənin yeni redaksiyasına əsasən, əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları.
19. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.2020-ci il tarixə qədər qüvvədə olan 1.0.2-ci maddəsinin redaksiyasına əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları.
20. İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. xx.xx.2017-ci il tarixli qərarla yaşa görə müavinət təyin edilmişdir. Lakin iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aktiv VÖEN-i olduğu müəyyən edildiyindən həmin dövr üçün artıq ödəmə olduğu aşkarlanmış və həmin məbləğin yaşa görə müavinətdən tutulması haqqında xx.xx.2021-ci il tarixli qərar qəbul edilmiş və faktiki olaraq həmin qərar icra olunmudur. xx.xx.2021-ci il tarixdən iddiaçıya sosial müavinətin ödənilməsi dayandırılmış, xx.xx.2022-ci il tarixdən isə ailə başçısının itirilməsinə görə əmək pensiyası təyin edimişdir.
21. İddiaçının müraciətinə cavabda iddiaçıya yaşa görə sosial müavinətin ödənişinin xx.xx.2021-ci il tarixdən bərpa olunduğu və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənildiyi bildirilsə də, sosial müavinət işindən görünür ki, xx.xx.2021-ci il tarixli qərarla “Sosial müavinətlər haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial müavinətin təyin edilməsinin mümkün olmaması haqqında qərar qəbul edilmişdir.
22. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunundan: 7.0. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir (13 may 2022-ci il tarixli 531-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 7.0-cı maddənin birinci abzasında “Müavinətlər” sözü “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər” sözləri ilə əvəz edilmişdir): 7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə; 11.1. Müavinətlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır: 11.1.2. yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda; 12.2. Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.
23. Məhkəmə qeyd edir ki, iddiaçının sosial müavinət təyin edildiyi dövrdə vergi ödəyicilərinin dövlət reyestrində vergi uçotu mövcud olmuş olsa da, həmin dövrdə hər hansı dövriyyəsinin olduğunu müəyyənləşdirilməməsi iddiaçının “işləməsi” kimi qiymətləndirilə bilməz.
24. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
25. Nəticə etibarilə cavabdeh qurum müavinətin ödənişinin dayandırılmasına səbəb olan halların mövcudluğunu (iddiaçının əmək fəaliyyətinə başlamasını) məhkəmə araşdırması zamanı sübut etməmişdir.
26. Digər tərəfdən məhkəmə qeyd edir ki, cavabdeh qurum bu cür halı müəyyən etdiyi təqdirdə sosial müavinətin ödənişini iddiaçının dinlənilmə hüququnu təmin etmədən dayandırmamalıdır.
27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan : 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.
28. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.
29. Qeyd etmək lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.
30. Məhkəmə qeyd edir ki, faktiki olaraq sosial müavinətin ödənilməsinin dayandırlması haqqında qərar yoxdur. İddiaçı barəsində xx.xx.2021-ci il tarixli sosial müavinətin təyin edilməsinin mümkün olmaması, daha sonra artıq ödənilmiş yaşa görə müavinət tutulması haqqında xx.xx.2021-ci il tarixli qərar var.
31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə hesab edir ki, qeyd edilən normaya əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tələb edilməsi pensiyanın hesablanması zamanı yol verilmiş texniki xəta və ya yanlış riyazi hesablama zamanı mümkün hesab edilə bilər və bu zaman inzibati icraatın lazımı qaydada aparılması tələbinə riayət edilməlidir.
32. Məhkəmə hesab edir ki, qeyd edilən yanaşma sosial müavinətin ödənilməsinə münasibətdə də tətbiq edilməlidir. Yəni vətəndaşın razılığı olmadan sosial müavinətdən tutmanın aparılması qanuni hesab edilə bilməz.
33. Odur ki, vətəndaşın sosial müavinətindən tutmaya dair hərəkətlər qanunsuz hesab edilməklə həmin qərar ləğv edilməli, həmin qərarın icrasının nəticələri aradan qaldırılaraq artıq ödənilmiş hesab edilmiş və tutulmuş məbləğ iddiaçıya geri qaytarılmalı, sosial müavinətin ödənilməsinin dayandırıldığı tarixdən (xx.xx.2021-ci il) ailə başçısının itirilməsinə görə pensiya təyini tarixinədək (xx.xx.2022-ci il) olan müddət üçün sosial müavinət iddiaçıya ödənilməlidir.
34. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı X2 artıq ödənilmiş müavinətin tutulmasına dair xx.xx.2021-ci il tarixli 43704 nömrəli qərar ləğv edilsin və həmin qərarın icrası nəticəsində tutulmuş məbləğ iddiaçıya geri qaytarılsın. Ailə başçısını itirməyə görə pensiya təyin olunduğu xx.xx.2022-ci il tarixədək hesablanmaqla sosial müavinətin ödənilməsinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən olan dövr üçün sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva