Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13767/2025 15.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra struktur dəyişikliyi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) (üçüncü şəxs "xxxx"MMC) qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: iddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan dəqiqləşmə verilərək iddiaçının əsl İddiaçı ilə əvəz edilməsi xahiş edilmişdir. Ərizə icraata qəbul edilmişdir. Sonradan iddia tələbinə dəqiqləşmə verilmiş, məhkəmənin qərardadı ilə iddia tələbi “Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə 68-84 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən yaşayış kompleksinin “ A “ Binasının İİ ci girişində yerləşən qeyri yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınaraq bu barədə çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. Struktur dəyişikliyi ilə əlaqədar hazırkı iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi onun hüquq varisi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs ilə AR MPM-nin 263.4cü maddəsinə əsasən ayrıca akt şəkildə tərtib edilmədən protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə əvəz edilmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli 3-21/3-1-F-110/2025 nömrəli əmri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR PHŞ-yə verilməsi qərara alınmışdır. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda yerləşən A binasının 2-ci girişində yerləşən əsas sahəsi 140 kv.m, köməkçi həyətyani sahə 100 kv.m olan qeyriyaşayış sahəsi müqavilə əsasında onun mülkiyyətinə verilmişdir, onun sahibliyindədir. Cavabdehə hüququn qeydiyyata alınması barədə Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddia edilən sahə binanın konturundan kənar yerləşməklə istismara icazə sənədində yoxdur. Faktiki ölçü 113,5 kv.m təşkil edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 23 dekabr 2023-cü il tarixli Maliyyə arayışından görünür ki, Bakı ş, Yasamal r, K.Kazımzadə küç 68-84 ünvanda yerləşən Belverde yaşayış kompleksinin A binasının İİ girişində əsas sahəsi 140 kv.m, köməkçi həyətyani sahə 100 kv.m, ümumilikdə 240 kv.m qeyri-yaşayış sahəsi Ə.Tağıyevə ayrılmış və həmin sahə ilə bağlı ödəniş tam başa çatdırılmışdır. 30 noyabr 2022-ci il tarixli müqavilədən görünür ki, Bakı ş, Yasamal r, K.Kazımzadə küç 68-84 ünvanda yerləşən Belverde yaşayış kompleksinin A binasının İİ girişində əsas sahəsi 140 kv.m, köməkçi həyətyani sahə 100 kv.m, ümumilikdə 240 kv.m qeyri-yaşayış sahəsi Ə.Tağıyevə satılmışdır. İstismara icazə sənədindən görünür ki, iddia olunan qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın istismara icazəsi mövcuddur. Yasamal Rayon İcra Hakimiyyətinin 05 sentyabr 2025-ci il tarixli məktubunda qeyd edilir ki, tikinti işləri başa çatdırılmış 31 oktyabr 2022-ci il tarixdə istismara icazə verilmişdir. Cavabdehin 17 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, sözügedən binada 255 mənzil, 92 qeyri-yaşayış sahəsi qeydiyyatdan keçmişdir. 30 noyabr 2022-ci il tarixli MMC-nin arayışında qeyd edilir ki, İddiaçı ayrılmış qeyriyaşayış sahəsi "xxxx" MMC-yə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Yasamal Rayon İcra Hakimiyyətinin istifadəyə verilən torpaq sahəsinin cizgisindən görünür ki, 2,47 hektar torpaq sahəsi tikinti məqsədi ilə MMC-yə ayrılmışdır. Yerli baxış protokolunda qeyd edilmişdir ki, iddia olunan sahə çoxmənzilli yaşayış binası daxilində, ondan təcrid olunmamış vəziyyətdədir. "xxxx" MMC tərəfindən verilmiş hüquqmüəyyənedici sənədlərdə əksini tapan 240 kv.m sahə eyni divardan qapı qoyulmaqla ayrılmışdır. Nümayəndə bildirdi ki, 140 kv.m qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqları artıq qeydiyyata alınmışdır, hal-hazırda iddia olunan sahə 100 kv.m ölçüdədir. Cavabdeh tərəfindən binanın konturundan kənarda olduğu iddia edilən sahə binanın yola tərəf olan çıxış hissəsindən kənara çıxmamaqla binaya bitişikdir. Təhlükəsizlik, ümumi istifadə, başqa şəxlərin istifadəsi baxımından hər hansı maneə yarada biləcək quruluşda inşa edildiyi müəyyən edilmədi və həmin tikilidən bir-az daha öndə yoldan sol nahiyədə yola münasibətdə daha öndə olan tikililərin olduğu və qeyri-yaşayış sahəsi kimi istifadə edildiyi müşahidə edildi. Göstərilən tikililərin hamısı binanın təcrid olunmuş sahəsi daxilindədir. Maliyyə arayışı və müqavilədən görünür ki, Bakı ş, Yasamal r, K.Kazımzadə küç 68- 84 ünvanda yaşayış kompleksinin A binasının İİ girişində sahəsi 100 kv.m olan tikili İddiaçı ayrılmış və həmin şəxs tərəfindən ödəniş başa çatdırılmışdır. Sonradan verilmiş 08 dekabr 2025-ci il tarixli məktubda qeyd edilir ki, 96 ədəd qeyriyaşayış sahəsi və 256 ədəd mənzilə "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışı və protokoldan çıxarış sasında çıxarışlar verilmişdir. İmtina məktubunda qeyd edilir ki, iddia edilən sahə binanın konturundan kənar yerləşməklə istismara icazə sənədində yoxdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunvericiliyin tələblərindən də göründüyü kimi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün nəzərdə tutulmuş sənədlər sadalanmaqdadır ki, məhkəmə hesab edir ki, iddiaçı da buna dair müqavilə və maliyyə arayışları təqdim etmiş, lakin cavabdeh tərəfindən həmin hal əsassız olaraq nəzərə alınmamışdır. Qeyd olunur ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından iddianın təminini istisna edən faktiki şərtlərin mövcudluğu sübut edilməlidir ki, cavabdehin imtina dəlilləri üzrə qeyd edir edilir ki, qeyri-yaşayış sahəsi istismara icazə sənədində nəzərdə tutulmamışdır. Qeyd olunur ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Ali Məhkəmənin 2-1(102)-1842/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarında da qeyd edildiyi kimi ddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır? İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-560/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, nəzərə almaq lazımdır ki, inzibati orqan, bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Analoji mövqe 2-1(102)-557/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarında və 2-1(102)-472/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarında da təkrarlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1842/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında çoxmənzilli və istismarı mövcud olmayan yaşayış binasında digər yaşayış sahələrinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına əsaslanmaqla qeyd edilmişdir ki, “Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir.” Məhkəmə hesab edir ki, istismara qəbul olunmayan binalarda yaşayış və qeyriyaşayış sahələrinə müqavilə, maliyyə arayışı və protokoldan çıxarış kimi sənədlər əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair konstitision hüququn realizəsinə dair formalaşmış məhkəmə təcrübəsi mövcud olduğu bir halda, iddiaçıya münasibətdə yuxarıda göstərilən işin faktiki halları, müraciətin təmini daha da ciddi əsas yaradır. Belə ki, istismara qəbul aktı olmasa belə, həmin hüquq bərabər rəftar baxımından təmin edilməlidir ki, iddiaçının müraciət etdiyi əmlakın yerləşdiyi bina hər bir halda istimara qəbul aktı olan bina olduğundan, həmin şəxslərin hüququnun "xxxx" MMC tərəfindən verilmiş oxşar müqavilə və maliyyə arayışları əsasında qeydə alındığı bir halda iddiaçının hüququnun qeydiyyatından təkcə, istismara qəbul aktında əmlakın olmamasına istinadla imtina məhkəmə hesab edir ki, qanunsuz və əsassızdır. Nəzərə alınmalıdır ki, hər hansı tikilinin binanın istismara icazə sənədində yerləşibyerləşmədiyinin müəyyən edilməsi iddiaçının təqsir sferasından uzaqdır. Nəzərə alınmalıdır ki, iddiaçı qeyri-yaşayış sahəsi əldə edərkən, mövcud sərəncam əsasında tikinti işləri aparılmasına icazəsi olan və tikmiş olduğu tikintisi istismara qəbul edilən tikilinin bir hissəsindən qeyri-yaşayış sahəsini əldə etmişdir ki, həmin sahənin istismara qəbul aktında olmaması cavabdeh tərəfindən yuxarıda göstərildiyi kimi hazırda sübut edilməsə belə, hər bir halda hüququn qeydiyyatından imtinaya əsas ola bilməz. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddianın təmini üçün faktiki şərtlər istismara qəbulu olmayan binada mülkiyyət hüquqları bir-neçə şəxsin, adına qeydiyyata alınmış şəxslərə münasibətdə mülkiyyət hüququnun realizəsini tələb edən şəxslərin iddianın təmini iddia edərkən istinad edilən faktiki şərtlərdən iddianın təmininə yönəlmə baxımından daha ciddi əsaslar yaradır. Nəzərə alınmalıdır ki, iddia olunan qeyri-yaşayış sahəsinin yerləşdiyi binada 256 mənzil və 96 qeyri-yaşayış sahəsi üzrə əmlak hüququ "xxxx" MMC-nin maliyyə arayışı, protokoldan çıxarış və müqavilələri əsasında qeydiyyata alınmışdır ki, iddiaçıya münasibətdə, onun təqsir sferasına aid olmayan halla bağlı fərqli rəftar qanunvericiliyin tələblərinin pozuntusudur. Belə ki, digər 256 mənzil və 96 qeyriyaşayış sahəsinin sahibi kimi iddiaçı da "xxxx" MMC tərəfindən verilmiş həmin sənədləri təqdim etmiş, digər şəxslər kimi hüququn qeydiyyata alınmasını tələb etmişdir. Bu zaman məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı əvvəlki istifadəçi kimi Ə.Tağıyevin adına olan müqavilə və maliyyə arayışında 240 kv.m əmlak mövcud olmuşdur ki, onun 100 kv.m hissəsi sonradan iddiaçının adına ayrılmışdır. İddiaçı qeyd edir ki, həmin 100 kv.m sahədən yerdə qalan hissə üzrə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır ki, göründüyü kimi faktiki olaraq müqavilə və maliyyə arayışının bir hissəsinin mötəbərliyi tanınmış, bir hissə isə istismara icazə sənədində olmama əsası ilə mötəbər hesab edilməmişdir. Bundan əlavə, istismara icazə sənədində olmadığı qeyd edilən qeyri-yaşayış sahəsinin yerləşdiyi əraziyə yerli baxış zamanı müəyyən edilmişdir ki, iddia olunan sahə çoxmənzilli yaşayış binası daxilində, ondan təcrid olunmamış vəziyyətdədir. "xxxx" MMC tərəfindən verilmiş hüquqmüəyyənedici sənədlərdə əksini tapan 240 kv.m sahə eyni divardan qapı qoyulmaqla ayrılmışdır. Nümayəndə bildirdi ki, 140 kv.m qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqları artıq qeydiyyata alınmışdır, hal-hazırda iddia olunan sahə 100 kv.m ölçüdədir. Cavabdeh tərəfindən binanın konturundan kənarda olduğu iddia edilən sahə binanın yola tərəf olan çıxış hissəsindən kənara çıxmamaqla binaya bitişikdir. Təhlükəsizlik, ümumi istifadə, başqa şəxlərin istifadəsi baxımından hər hansı maneə yarada biləcək quruluşda inşa edildiyi müəyyən edilmədi və həmin tikilidən bir-az daha öndə yoldan sol nahiyədə yola münasibətdə daha öndə olan tikililərin olduğu və qeyriyaşayış sahəsi kimi istifadə edildiyi müşahidə edildi. Göstərilən tikililərin hamısı binanın təcrid olunmuş sahəsi daxilindədir. Məhkəmə sorğusuna cavab məktubu ilə də müəyyən edilmişdir ki, İddiaçı ayrılmış qeyri-yaşayış sahəsi "xxxx" MMC-yə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Göründüyü kimi, hətta istismara qəbul aktında olmasa belə, "xxxx" MMC tərəfindən iddiaçıya ayrılmış qeyri-yaşayış sahəsi ona tikinti məqsədləri ilə ayrılmış torpaq sahəsinin hüdudları daxilindədir ki, həmin hüdudlar daxilində yerləşən, binadan təcrid edilməmiş, onun tərkib hissəsi olan və baxış zamanı quruluş və texniki xüsusiyyətlər baxımından binaya aid sahəyə hüququn qeydiyyatından imtina qanunsuz və əsassız hesab edilməlidir. Qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Qeyd olunmalıdır ki, 8-ci maddədə nəzərdə tutulan sənədlər bir-birindən müstəqil şəkildə ayrı-ayrı bəndlər üzrədir. İstismara icazə sənədinin tələb edildiyi bənd üzrə təqdim edilməli sənədlərlə, çoxmənzilii binaların sahəsi daxilində yerləşən mənzil və qeyri-yaşayış sahələrinə dair təqdim edilməli sənədlər siyahısı hər bir halda fərqlidir ki, müqavilə və maliyyə arayışı müraciətin təmini üçün kifayət edir. İstismara qəbul aktı olmasa belə, binalarda çıxarışların verilməsi, qonşuluqda yerləşən sahəyə mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığı halda iddiaçıya imtina işin faktiki halları ilə uyğunluq təşkl etmir. Digər tərəfdən məhkəmə qeyd edir ki, dəqiqləşmə ərizəsində qeyri-yaşayış sahəsinin faktiki ölçüsü ilə əlaqədar hər hansı müddəa olmamaqla, maliyyə arayışı və müqavilə əsasında qeyri-yaşayış sahəsinə hüququn qeydiyyatı tələb edilməkdədir ki, məhkəmə hesab edir ki, həmin sənədlərə uyğun mülkiyyət hüququnun dövlət qeydiyyatı mütləqdir və ölçünün müayinə aktı və etirazda qeyd edildiyi kimi 113 kv.m göstərilməsi, müqavilə və maliyyə arayışı mövcud olan sahəyə hüququn qeydiyyatından imtina üçün əsas qismində çıxış etməməklə ölçü ilə bağlı icra qaydasında həll edilməli olan məsələdir. Belə ki, maliyyə arayışı və müqavilədən görünür ki, 100 kv.m olan sahə ilə bağlı hüquqmüəyyənedici sənədlər mövcuddur və iddia tələbinə dəqiqləşmədə də ölçü ilə əlaqədar hər hansı mübahisə mövcud deyildir və müqavilə və maliyyə arayışına əsasən hüququn qeydiyyata alınması xahiş edilmişdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə 68-84 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən yaşayış kompleksinin “ A “ Binasının İİ ci girişində yerləşən qeyri yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınaraq bu barədə çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-13767/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13767/2025
15.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver