Məhkəmə qərarları › İş №2-1(112)-1377/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1377/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1377/2024 04.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Xətai rayonu Xətai Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Xətai rayonu Xətai Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 04 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İş üzrə cavabdeh Xətai Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 28.02/3-589 saylı qərar əsasında iddiaçıya ümumilikdə 406,88 manat vergi və maliyyə sanksiyası hesablanmış və tutulması üçün müvafiq icra şöbəsinə göndərilmişdir. İddiaçı cavabdeh Xətai rayonu Xətai Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai rayonu Xətai Bələdiyyəsinin iddiaçıdan 2022-2023-ci illər üçün onun şəxsi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu. 1209-cu məhəllə, A.İsmayılov küçəsindəki 08 saylı evin 56-cı mənzilinə görə 406,88 (dörd yüz altı manat səksən səkkiz qəpik) məbləğində əmlak vergisi üçün Xətai Bələdiyyəsinin hesabına pul ödənilməsi barədə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə, məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 28.02/3-589 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, 1209-cu məhəllə, A.İsmayılov küçəsindəki 08 saylı evin 56-cı mənzili iddiaçının mülkiyyətindədir. Xətai Bələdiyyəsi tərəfindən 2022—2023-ci illər üçün həmin mənzilə görə əmlak vergisi ödəmədiyinə görə 10 gün ərzində Bələdiyyənin hesabına 406,88 manat məbləğində pul ödənilməsi barədə tədiyyə bildirişi göndərilmişdir. Borcunun olması barədə Xətai Bələdiyyəsinin qərarını almamış, bu günədək tərəfindən əmlak vergisinin üzrsüz səbəblərdən Bələdiyyənin hesabına ödənilməməsi barədə Xətai Bələdiyyəsinin hər hansı xəbərdarlığı və ya tələbnaməsi ünvanına daxil olmamışdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçi İddiaçı Azərbaycan Respublikasının vergi qanunvericiliyinin əmlak vergisi ilə bağlı öhdəliyindən bilərəkdən yayınmış və yerinə yetirməmişdir. İddiaçı illər öncə əmlakına dair mülkiyyət haqqında şəhadətnaməni əldə etsə də, yerli vergi xidməti orqanında uçota alınmaq bərədə bilərəkdən müraciət etməmişdir. Tədiyyə bildirişlərini son olaraq 2020-ci ildən etibarən dəfələrlə Xətai bələdiyyəsinin vergi xidməti tərəfindən iddiaçının mülkiyyətində olan Ayaz İsmaylov küçəsi 8, mənzil 56 ünvanına qoyulmuşdur. Lakin o, vergini ödəməklə bağlı hər-hansı bir addım atmamışdır. Son olaraq 12 dekabr 2022-ci il tarixində iddiaçının ünvanına qoyulmuş Tədiyyə bildirişi və Xəbərdarlığın kötüyündə bələdiyyənin vergi agenti tərəfindən verginin ödənilməməsi barədə qeydlər aparılaraq vergi xidmətinin vəzifəli şəxslərinə təqdim edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixində iddiaçıya inzibatı akt tərtib edilərək 29 nömrəli sonuncu Xəbərdarlıq edilmişdir. Akt və Xəbərdarlıq qanunvericiliyin tələbinə əsasən poçt vasitəsilə iddiaçının ünvanına göndərilmişdir. İnzibatı akta, yaxud aktın ayrı-ayrı hissələrinə öz etirazını yazılı şəkildə 30 gün müddətində bildirməsi onun nəzərinə çatdırılmışdır. Lakin iddiaçı 30 gün müddətində akta, yaxud aktın ayrı-ayrı-hissələrinə öz etirazını bildirməmiş və aktda göstərildiyi kimi onunla bağlı xx.xx.2023-cü il tarixində qərar qəbul ediləcəyi gün bələdiyyəyədə iştirakı haqqında bildirilsə də gəlməmişdir. Nəhayət, vaxt axını keçdikdən sonra xx.xx.2023-cü il tarixli, bələdiyyənin vergi xidməti orqanının təqdimatı əsasında bələdiyyə tərəfindən xx.xx.2023-cü il tarixində 28.02/3-589 nömrəli Qərar qəbul edilmişdir. Qərarın məcburi icra olunması məqsədilə xx.xx.2023-cü il tarixində Xətai İcra şöbəsinə müraciət edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, iş üzrə cavabdeh Xətai Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 28.02/3-589 saylı qərar əsasında iddiaçıya ümumilikdə 406,88 manat vergi və maliyyə sanksiyası hesablanmış və tutulması üçün müvafiq icra şöbəsinə göndərilmişdir. Həmin qərar əsasında vergi ödəyicisi kimi İddiaçı əmlak vergisi üzrə 2023-cü il üçün 52 manat, ötən dövrlər üzrə (2020, 2021, 2022-ci illər) 156 manat və faiz borcu üzrə 48,88 manat, maliyyə sanksiyası 150 manat olmaqla, ümumilikdə 406,88 manat pul vəsaitinin ödənilməsi tələb olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 5. Vergitutmanın formaları 5.0. Vergi məbləğləri aşağıdakı formalarda tutulur: 5.0.1. bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması); 5.0.2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması); 5.0.3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). Maddə 200. Binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisinin hesablanması və ödənilməsi qaydası 200.1. Binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. ... 200.4. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. 200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. ... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi bildiriş üzrə (tədiyə bildirişi əsasında) ödənilən vergilərə aiddir. Həmin vergi məbləği əmlakın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Lakin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarından müəyyən olunur ki, cavabdeh tədiyə bildirişi göndərmədiyi (bu barədə hər hansı sübut təqdim etməmişdir) 2020, 2021, 2022-ci illər üzrə vergi 156 manat və faiz borcu üzrə 48,88 manat, maliyyə sanksiyası 150 manat hesablamışdır. 2023-cü il üzrə tədiyə bildirişi əsasında hesablanmış 52 manatın isə ödəniş müddəti (xx.xx.2023) başa çatmamış hazırda mübahisələndirilən qərar qəbul edilmişdir. Cavabdehin yalnız 2023-cü ildə tədiyə bildirişi göndərməklə əvvəlki illər üzrə vergi məbləği hesablaması, o cümlədən 2023-cü il üzrə də yuxarıda qeyd edilən əsaslardan vergi məbləği barədə qərar qəbul etməsi qanunsuz olmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Xətai rayonu Xətai Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 28.02/3-589 saylı qərar ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Xətai rayonu Xətai Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 28.02/3-589 saylı qərar ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar