Məhkəmə qərarları › İş №2-1(112)-13770/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13770/2025

05.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13770/2025 05.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək pensiyasının yenidən hesablanması haqqında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 2025-ci il 18 iyul tarixli qərarının ləğv edilməsi və əmək pensiyası təyin edildikdən sonra 6 ildən çox işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına (9218.07 manat) əsasən əmək pensiyanın məbləğinin azaldılmamaqla (72 aya bölünməklə) yenidən hesablanması və keçmiş müddət ərzində ödənilməmiş fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, xx.xx.1986-ci il tarixindən 09 aprel 2001-ci il tarixinədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yanğın Təhlükəsizliyi orqanlarında xidmət etmiş və xx.xx.2001-ci il tarixində xidmətdən azad olunmuşdur. 09 aprel 2001-ci il tarixindən iddiaçıya pensiya təyin olunmuşdur. Pensiya təyin olunduqdan sonra hazırkı vaxtadək müxtəlif müəssisələrdə əmək pensiyaçısı kimi işləmişdir. Bu müddət ərzində, yəni 01 iyul 2025-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində 9218.07 manat pensiya kapitalı qeydə alınıb və bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-social.gov.az elektron sistemində müvafiq məlumat mövcuddur. Fərdi şəxsi hesabının sığorta hissəsində mövcud pensiya kapitalına əsasən ilk dəfə olaraq əmək pensiyasının yenidən hesablanması üçün iddiaçı 01 iyul 2025-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Adıkeçən filiala müraciət etdiyi vaxtda (yenidən hesablamadan əvvəl) pensiyasının məbləği 608.6 manat olmuşdur. 18 iyul 2025-ci il tarixində Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından iddiaçıya təqdim edilmiş məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2025-ci il tarixində daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmışdır. X1 əmək pensiyası müraciətə əsasən yenidən hesablanaraq 644.84 manat məbləğində müəyyən edilib”. Yəni iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində toplanmış 9218.07 manat pensiya kapitalından istifadə edilərək, yenidən hesablamadan sonra əmək pensiyasının üzərinə cəmi 36.24 manat əlavə edilmişdir. Əslində isə 9218.07 manat pensiya kapitalı 72 aya bölünərək, alınan məbləğ, 128.02 manat iddiaçının mövcud əmək pensiyasının, 608.6 manatın üzərinə əlavə edilməli və pensiyanın məbləği 736.62 manat olmalı idi. Belə ki, əmək pensiyası yenidən hesablandıqdan sonra faktiki pensiyanın üzərinə əlavə olunmuş 36.24 manat onu deməyə əsas verir ki, yenidən hesablama zamanı 9218.07 manat pensiya kapitalı 257 aya bölünmüşdür ki, bu da iddiaçının pensiyaya çıxma tarixinə, yenidən hesablama ilə əlaqədar müraciət etdiyi vaxtda mövcud yaşına və həmçinin qanunvericiliyin tələblərinə uyğun deyildir. Cavabdeh iddiaya yazılı etirazında iddia tələbinin təmin olunmamasını xahiş etmiş və göstərmişdir ki, İddiaçı 10 aprel 2001-ci il tarixindən sabiq hərbi qulluqçu kimi xidmət illərinə görə pensiya təyin edilmişdir. Ona əmək pensiyası təyin edildikdən sonra işdən azad olunduğu 31 dekabr 2009-cu il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 2062,56 manat pensiya kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 104 aya bölünərək (2062,56:104 ay (144 ay-40 ay (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək işlədiyi ayların sayı)) 19,83 manat müəyyən edilmişdir. 31 dekabr 2009-cu il tarixindən sonra işdən azad olunduğu xx.xx.2017-ci il tarixinədək işlədiyin müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 130,48 manat pensiya kapitalı, Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 99 aya bölünərək (130,48:99 ay (104 ay – 5 ay ( işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək işlədiyi ayların sayı)) 1.32 manat müəyyən olunmuşdur. Ümumilikdə 21.15 (19.83+1.32) manat 1 iyul 2022-ci il tarixinədək (Mərkəzi Filiala müraciət etdiyi 1 iyul 2025-ci il tarixindən üç il geriyə) mövcud olmuş pensiyanın (401.29 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 422.44 (401.29+21.15) manat məbləğində müəyyən edilmişdir. Qanunun 1 yanvar 2023cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən 464,68 manat, Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən 532.99 manat, 1 yanvar 2024-cü il tarixindən 592.68 manat, 1 yanvar 2025-ci il tarixindən isə 640.69 manat məbləğində müəyyən olunmuşdur. Növbəti dəfə işdən azad olunduğu 16 aprel 2025-ci il tarixindək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 669,90 manat pensiya kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 161 aya bölünməklə (669,90:161 ay (65 il-59 il 5 ay=67 ay+94 ay (99 ay-5 ay (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək işlədiyi ayların sayı)) = 4.16 manat) həmin tarixədək müəyyən olunmuş əmək pensiyanın (640,69 manat) üzərinə əlavə edilərək pensiyası həmin tarixdən 644,85 (640,69-1-4,16) manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən, keçmiş müddət üçün hesablanmış 1018,80 manat fərq məbləğinin cari ilin avqust ayından etibarən Qanunun 32.1-1-cı maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada (hər ay 28,30 manat) müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçıya Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olaraq xüsusi rütbəli şəxs kimi təqdim edilmiş məlumat vərəqəsinə əsasən xx.xx.2001-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdən görünür ki, iddiaçı həmin tarixdən sonra da işləmiş və sığorta hesabında pensiya kapitalı toplanmışdır. İşdə olan iddiaçının cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, topladığı pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdehin Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-14628/2025 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixindən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-1-ci maddəsinə əsasən yenidən hesablanmış, pensiyanın məbləği 608.60 manatdan 644.85 manata artırılmışdır. İddiaçı ona təyin edilmiş əmək pensiyasının hansı qaydada hesablanması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2025-ci il tarixli məktubunda göstərmişdir ki, iddiaçıya 10 aprel 2001-ci il tarixindən sabiq hərbi qulluqçu kimi xidmət illərinə görə pensiya təyin edilmişdir. Əmək pensiyasının işləyən əmək pensiyaçısı kimi topladığı pensiya kapitalına görə yenidən hesablanması üçün 1 iyul 2025-ci il tarixində müraciəti daxil olmuşdur. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra işdən azad olunduğu 31 dekabr 2009-cu il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 2062,56 manat pensiya kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 104 aya bölünərək (2062,56:104 ay (144 ay-40 ay (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək işlədiyi ayların sayı)) 19,83 manat müəyyən edilmişdir. 31 dekabr 2009-cu il tarixindən sonra işdən azad olunduğu xx.xx.2017-ci il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 130,48 manat pensiya kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 99 aya bölünərək (130,48:99 ay (104 ay-5 ay (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək işlədiyi ayların sayı)) 1,32 manat müəyyən olunmuşdur. Ümumilikdə 21,15 (19,83+1,32) manat 1 iyul 2022-ci il tarixinədək (Mərkəzi Filiala müraciət etdiyi 1 iyul 2025-ci il tarixindən üç il geriyə) mövcud olmuş pensiyanın (401,29 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 422,44 (401,29+21,15) manat məbləğində müəyyən edilmişdir. Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən Əmək pensiyası həmin tarixdən 464,68 manat, Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən 532,99 manat, 1 yanvar 2024-cü il tarixindən 592,68 manat, 1 yanvar 2025-ci il tarixindən isə 640,69 manat məbləğində müəyyən olunmuşdur. Növbəti dəfə işdən azad olunduğu 16 aprel 2025-ci il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 669,90 manat pensiya kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 161 aya bölünməklə (669,90:161 ay (65 il-59 il 5 ay=67 ay+94 ay (99 ay-5 ay (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək işlədiyi ayların sayı))=4,16 manat) həmin tarixədək müəyyən olunmuş əmək pensiyanın (640,69 manat) üzərinə əlavə edilərək pensiyanın həmin tarixdən 644.85 (640.69+4.16) manat məbləğində hesablanmışdır. İddiaçı hazırda bu hesablama ilə razılaşmayaraq xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və topladığı kapitalı 72 aya bölünməklə əmək pensiyasının yenidən hesablanmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra ƏPQ): - maddə 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. -37.3.2-1. Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir (xx.xx.2022-ci ildə qanuna daxil edilmişdir). - xx.xx.2017-ci il tarixədək qüvvədə olan maddə 45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 6 mart 2006-cı il tarixli 377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndinə görə Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur). ƏPQ-nin 45-ci maddəsinə xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli Qanunla (xx.xx.2017ci ildən qüvvəyə minmişdir) aşağıdakı məzmunda ikinci cümlə əlavə edimişdir: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.”. xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun (xx.xx.2022-ci ildən qüvvəyə minmişdir) 1.11-ci maddəsi ilə ƏPQ-nin 45-ci maddəsinin ikinci cümləsi çıxarılmışdır. Həmçinin xx.xx.2022-ci il tarixli 627-VİQD nömrəli Qanunun (xx.xx.2023-cü ildən qüvvəyə minmişdir) 1.13-cü maddəsi ilə ƏPQ-nin 45-ci maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir: “Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır.” Beləliklə, istinad olunan qanunvericiliyin normalarından görünür ki, ƏPQ-nin 45-ci maddəsinə edilmiş dəyişikliklərlə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslər üçün gözlənilən pensiya ödənişi müddəti aylarının sayı: - xx.xx.2017-ci il tarixədək 144; - xx.xx.2017-xx.xx.2022-ci illərdə 144+ güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı; -xx.xx.2022-ci ildən yenidən 144 olmuşdur. Həmçinin ƏPQ-nin 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxslərə münasibətdə yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı xx.xx.2023-cü ildən 144+ güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı kimi müəyyən edilmişdir. İşin yuxarıda qeyd edilən hallarından görünür ki, iddiaçı ƏPQ-nin 9.5-ci maddəsinə əsasən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş şəxs, həmçinin ƏPQ-nin 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxs olmuşdur. İşdən görünür ki, ona 2001-ci ildə hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, o həmin tarixdən etibarən işləməklə işləyən əmək pensiyaçısı kateqoriyasına aid olmuş, ƏPQ-yə xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən topladığı kapitala əsasən əmək peniyasının yenidən hesablanmasını tələb etmək hüququ olmuşdur. İddiaçı həmin kapitala əsasən pensiyanın yenidən hesablanması barədə cavabdehə 2025-ci ilin iyul ayında müraciət etmiş, cavabdeh xx.xx.2025-ci ildə əmək pensiyasını yenidən hesablamaqla bu zaman gözlənilən pensiya ödənişi müddəti aylarının sayını 72 ay kimi deyil, güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırmaqla hesablamışdır. İşin istinad olunan hallarından görünür ki, istər iddiaçının əmək peniyasının yenidən hesablanmasını tələb etmək hüququ yarandığı dövrdə, istərsə də cavabdehə müraciət etdiyi dövrdə qüvvə olan qanunvericilik 9-cu maddəyə əsasən pensiya təyin edilən şəxs kimi onun gözlənilən pensiya ödənişi müddəti aylarının sayını “144+ güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı” kimi müəyyən etmişdir. Həmçinin cavabdehin mübahisəli qərarı qəbul etdiyi dövrdə də ƏPQ-nin 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxs kimi iddiaçıya eyni qaydanın tətbiq edilməsi barədə norma qüvvədə olmuşdur. Beləliklə, göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının tələbinin qanuni əsası olmadığından hazırkı məzmunda iddia təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar