Məhkəmə qərarları › İş №2-1(112)-13772/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13772/2024

25.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13772/2024 25.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi, baş direktoru Məhəmməd İmanov və nümayəndəsi Şəfa Muradova qarşı "əmrlərin icrasının təmin edilməsi və stajının bərpa edilməsi" iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi, baş direktoru Məhəmməd İmanov və nümayəndəsi Şəfa Muradova qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xx.xx.1995-ci ildən hüquqi varisi və sahibi olduğu müəssisənin bərpa edilməsi və Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, massiv “D”, Kooperativ bina № 13, qapı 1,2,3-də yerləşən, (644,5 kvm sahəyə) müəssisəyə (mağaza 47) tutduğu müdir vəzifəsinə bərpa edilməsi barədə, 1988-ci ildən müdiri və xx.xx.1995-ci ildən hüquqi varisi və sahibi olduğu, 1995-ci ildə texniki pasportu verilmiş müəssisəyə onun adına çıxarış verilməsi barədə müəssisənin qeyri-qanuni 8 ailəyə satanların cəzalanması barədə edilən mənəvi işgəncələrə görə kompensasiya tələblərinin yenidən bərpası" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1995-ci ildən hüquqi varisi və sahibi olduğu müəssisənin bərpa edilməsi və Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, massiv “D”, Kooperativ bina № 13, qapı 1,2,3-də yerləşən, (644,5 kvm sahəyə) müəssisəyə (mağaza 47) tutduğu müdir vəzifəsinə bərpa edilməsi barədə, 1988-ci ildən müdiri və xx.xx.1995-ci ildən hüquqi varisi və sahibi olduğu 1995-ci ildə Texniki Pasportu verilmiş müəssisəyə onun adına çıxarış verilməsi barədə müəssisəni qeyri-qanuni yollarla alıb 8 ailəyə satanların cəzalanması barədə, ona edilən mənəvi işgəncələrə görə kompensasiya tələblərinin yenidən bərpası barədə qərar qəbul edilməsini xahiş edir. 644,5 kvm sahəni başqa işlək sahə ilə də əvəz edə bilərlər. 1988-ci ildən müəssisənin müdiri olmuşdur. xx.xx.1995-ci ildən qanunvericiliklə müəssisənin hüquqi varisi müəyyən edilmişdir. 1995-ci ildə ona texniki pasport verilmişdir. Az bir müddətdən sonra çıxarış da veriləcək deyilmişdir. Belə məlum olur ki, faktiki olaraq kooperativ mülkiyyət Azərbaycan Respublikasının Özəlləşmə haqqında Qunununun 17-ci maddəsinə və Dövlət Proqramının 2.3-cü maddəsinin 25-ci bəndinə əsasən: “hüquqi varisi müəyyən edilmədən ləğv olunmuş dövlət müəssisə və təşkilatların əmlakı hərraca çıxarıla bilər”. Dövlət müəssisə təşkilatlarının hüquqi varisi varsa, hərraca çıxarıla bilməz. Deməli kooperativ mülkiyyət xx.xx.1995-ci ildən etibarən hüquqi varis olduğu üçün müəssisə hərraca çıxarıla bilməzdi. Çıxarış o vaxt hələ verilmədiyinə görə təkcə müəssisəni satmaq hüququ məhdud olmuşdur. Sahiblik hüququ isə toxunulmaz qalıb. Bakı Apellyasiya Məhkəməsinin işə baxması xx.xx.2017-dən xx.xx.2018-ci ilə qədər uzanmışdır. xx.xx.2018-ci tarixli, iş №-si 2(103)-2426/2018 qərardadına əsasən əmr 61m-də əsas göstərilən 24 saylı əmrin əslində əsas olmadığı və müəssisənin isə faktiki ləğv edilmədiyi öz təsdiqini tapmışdır. Çünki, 24 saylı əmr inzibati aktdır, bu əmrlə idarələrin tabeliyində olan bütün müəssisələr xx.xx.1999cu il tarixdə (indiki) İXMİM-nin tabeliyinə özəlləşdirilməsi üçün təhvil verilmişdir. Bu fakt əmək kitabçasında da öz təsdiqini tapmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(103)-2426/18 saylı qətnaməsi ilə xx.xx.2015-ci il tarixli əmr 161 m ləğv edilməklə İXMİM-in Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 47 saylı mağazasına tutduğu vəzifəsinə bərpa olunması qət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, iş № 2(005)- 4772/2018 qətnaməsi ilə əmr 28m də ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli iş № 2(103)-2387/2020 qətnaməsinin 16-cı səhifəsində yazılmışdır ki: «Bakı Apellyasiya Məhkəməsində icraat zamanı müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli AN-1 ******* saylı daşınmaz əmlakın alqı satqı müqaviləsinə əsasən X6 və X4 arasında müqavilə bağlanmışdır. X7 Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi “d” y/s , bina 13, qapı 2,3, 644,5 kv.m olan qeyri-yaşayış sahəsini 95000 manata satın almışdır». Azərbaycan Respublikası Ali Məhkəmənin qərarında yazılmışdır ki, Qurbanov mülkiyyəti başqa fiziki şəxsdən satın almışdır. Buradan da məlum olur ki, Şəfa Muradov eyni tarixli, eyni nömrəli müqavilədən iki dəfə istifadə etmişdir. Belə ki, birinci dəfə həmin müqavilə ilə sahəni hərracda alan Qurbanov Bəşir sahənin yarısını Abdullayev İftixara satmışdır. DƏDRX onların hər ikisinə çıxarış vermişdir. xx.xx.2020-ci il tarixində DƏDRX-ə sorğu vermişdir. Sorğuya rəsmi cavab göndərilmişdir ki, «qeyriyaşayış sahsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir». İkinci dəfə isə X9 İftixarı artıq onun yerinə hüquqi varis yazmış və müəssisəni bütövlükdə Qurbanov Bəşirə 95000 manata satmışdır. DOST Xidməti şifahi məlumat vermişdir ki, İddiaçı xx.xx.1999-cu il tarixindən etibarən kadr olaraq heç yerdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası MPM-in 4.1 və 4.2-ci maddəsində qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Avropa Məhkəməsi qərarlarında qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsə onun mülki hüquq və vəzifələri müəyyən edilərkən işinin məhkəmə araşdırılması hüququnu təmin edir. Beləliklə, sözügedən müddəa "məhkəmə hüququnu" özündə əks etdirir ki, məhkəməyə əlçatımlıq hüququ, yəni mülki-hüquqi məsələlərlə bağlı məhkəməyə müraciət etmək hüququ onun aspektlərindən birini təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllənin məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun M.Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarı). Onun xx.xx.1999cu il tarixdə vəzifədən azad edilməsinin xx.xx.1995-ci il tarixdən yaranmış sahiblik hüququna heç bir dəlaləti olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin **********41 saylı xx.xx.2020-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, 13, qapı 1, 2, 3, 644.5 kv.m olan qeyri-yaşayış sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İddiaçı dair xx.xx.1986-cı il tarixli əmək kitabçasının surəti məhkəməyə təqdim edilmişdir. İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 24 saylı xx.xx.1999-cu il tarixli əmrinə əsasən Bakı şəhəri rayon ticarət və ictimai iaşə idarələri ləğv edilmiş, onların tabeliyində olan bütün müəssisə və obyektlər İstehsalat və Təsərrüfat İdarəsinin tabeliyinə verilmişdir. İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 161m saylı xx.xx.2015-ci il tarixli əmrinə əsasən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 47 saylı mağazasının müdiri İddiaçı müəssisə ləğv edildiyi üçün 20 iyun 1999-cu il tarixdən tutduğu vəzifəsindən azad olunmuş hesab edilmişdir. İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 27m saylı xx.xx.2018-ci il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-2426/2018 saylı qətnaməsi ilə iş üzrə İddiaçı apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 408/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin “xx.xx.2015-ci il tarixli, 161M saylı əmrin ləğv edilməsi və işə bərpa olunma" tələbinin təmin edilmədiyi hissədə ləğv olunması, həmin iddia tələblərinin təmin edilməsi və İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2015-ci il tarixli, 161M saylı əmri ləğv edilməklə İddiaçı İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 47 saylı mağazasına müdir vəzifəsinə bərpa olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsindən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)- 5152/2018 saylı qərarı ilə təmin edilməmiş, apollynaiyu instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2015-ci il tarixli, 161M saylı əmr ləğv edilmiş və İddiaçı Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 47 saylı mağazaya müdir vəzifəsinə bərpa edilmişdir. İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 28m saylı xx.xx.2018-ci il tarixli əmrinə əsasən Bakı şəhəri Suraxanı rayonunda yerləşən 47 saylı mağazanın müdiri İddiaçı göstərilən mağazanın mülkiyyətçisi dəyişdiyi üçün 24 avqust 2017-ci il tarixdən tutduğu vəzifədən azad olunmuş hesab edilmişdir. İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 49m saylı xx.xx.2019-cu il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)4772/2018 saylı qətnaməsi ilə iş üzrə İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə və qeyrilərinə qarşı “əmrin dəyişdirilməsi, əmrin ləğv edilməsi, hərracın nəticələrinin ləğvi, çıxarışların etibarsız hesab edilməsi və ləğv edilməsi, özünün 47 saylı mağazaya əmlak hüququnun tanınması və buna dair çıxarışın verilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin, İstehsal və Xidmət X2kənar əməllərinin istintaqa cəlb edilməsi tələbinə dair iddiası” qismən təmin edilərək, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2018-ci il tarixli 28M saylı əmri ləğv edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-5500/2019 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)4772/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)- 6386/2019 saylı qərarı ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-5500/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2018-ci il tarixli, 2(005)-4772/2018 saylı qətnaməsinin iddianın təmin edilən hissəsinin əsası kimi məhkəmə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 63-cü maddəsinin 1-ci və 2-ci hissələrinə istinad etmiş və göstərmişdir ki, bu Məcəllənin qeyd olunan müddəalarına əsasən, qanunverici mülkiyyətçi dəyişdikdə işçilərlə əvvəlki mülkiyyətçi arasında mövcud olan əmək münasibətlərinə birmənalı və imperativ qaydada xitam verilməsini təsbit etməsə də, mülkiyyətçi dəyişdikdən sonra işçi ilə əmək münasibətlərinə xitam verilməsi yeni mülkiyyətçinin səlahiyyətlərinə aid edilmiş və bu məsələdə hər hansı qeyd-şərt nəzərdə tutulmamışdır və bununla da iş üzrə cavabdeh İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi mübahisələndirilən əmri qəbul edərkən 47 saylı mağazanın mülkiyyətçisi olmamış və artıq öz səlahiyyətlərinə aid olmayan əmri qəbul etməklə hüquqi nəticə etibarı ilə həmin vaxt mağazanın mülkiyyətçisi olan X1 mənimsəmişdir. Apellyasiya və kassasiya instansiyası məhkəmələri birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmışlar. İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin İddiaçı barəsində xx.xx.2018-ci il tarixli, 28m saylı əmr ləğv edilmiş və İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin kadr və kargüzarlıq şöbəsi İddiaçı şəxsi işinin Bakı şəhəri Suraxanı rayonunda yerləşən 47 saylı mağazanın yeni mülkiyyətçisi X5 təhvil verilməsi təmin edilmişdir. İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinə ünvanlanmış **********06 saylı xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4772/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar həmin məhkəmə tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli icra vərəqəsinə və xx.xx.2019-cu il tarixli “icraata başlamaq haqqında” qərarına baxılmışdır. Haqqında bəhs olunan iş üzrə tələbkar İddiaçı tutduğu vəzifəsindən azad edilməsinə dair İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2018-ci il tarixli, 23M saylı əmri xx.xx.2019-cu il tarixli, 49M nömrəli əmr ilə ləğv edilmiş, bununla da istinad edilən məhkəmə qətnaməsi könüllü icra edilmiş və barəsində “İcra vərəqəsi” verilənə qədər icrası tam təmin olunmuşdur. Aidiyyəti əmrin surəti göndərilərək “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinin nəzərə alınması və həmin Qanunun 20.2-ci maddəsinə uyğun olaraq icra sənədi üzrə icraata xitam verilməsi üçün müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İşin materialları ilə müəyyən edilir ki, iddia tələbi “müəssisənin bərpa edilməsi və müdir vəzifəsinə bərpa edilməsi” hissədə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-2426/2018 saylı qətnaməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)4772/2018 saylı qətnaməsinin icrası ilə bağlıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, işin mahiyyəti üzrə qərarın çıxarılmasından sonrakı mərhələ də daxil olmaqla, "... mülki hüquq və vəzifələrin müəyyən edilməsi" üzrə məhkəmə araşdırmasının bütün mərhələlərinə tətbiq olunur. Hər hansı məhkəmə tərəfindən verilən qərarın icra edilməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konvensiyanın 6-cı maddəsinin məqsədləri çərçivəsində "məhkəmə araşdırmasının" ayrılmaz hissəsini təşkil etməlidir (Hornsby Yunanıstana qarşı, § 40). İddia tələbi “1988-ci ildən müdiri və xx.xx.1995-ci ildən hüquqi varisi və sahibi olduğu 1995-ci ildə Texniki Pasportu verilmiş müəssisəyə İddiaçı adına çıxarış verilməsi barədə Müəssisəni qeyri-qanuni frıldaq yollara alıb 8 ailəyə satanların cəzalanması barədə edilən mənəvi işgəncələrə görə kompensasiya tələblərimin yenidən bərpası” hissəsində aydın olmamaqla bərabər, müvafiq tələblə cavabdehlərə müraciət edilməmişdir. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd). Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, mümkün hesab edilməməlidir. İddiaçıya icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnamələrinin icrası ilə bağlı ərizə aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ, iddia tələbinin digər kompensasiya ilə bağlı hissəsinə münasibətdə iddia tələbi dəqiqləşdirildikdən və müvafiq tələblə cavabdeh quruma müraciət etdikdən sonra yenidən Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Məhkəmə iddia tələbinin müəssisəni qeyri-qanuni yollarla alıb-satanların cəzalanması və edilən mənəvi işgəncələrlə bağlı hissəsində iddiaçıya özünün pozulduğunu hesab etdiyi hüquqlarının müdafiəsi ilə bağlı qanuna müvafiq qaydada ərizə ilə cinayət prosesini həyata keçirən orqanlara müraciət etmək hüququnun olmasını izah edir. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar