Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13775/2023 30.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı1, Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İddiaçı1, İddiaçı2, X7, X5 və X8 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına – ünvan 1 ünvanına qeydiyyata alınmaları” öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulması tələbini irəli sürmüşlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yaşayırlar. Faktiki olaraq yaşadığı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, digər ailə üzvləri həmin evdə yaşayırlar. Sonuncu dəfə qeydiyyatları Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin inzibati binasında (ünvan 3 ünvanında) olsa da, qeydiyyatları heç bir səbəb olmadan ləğv edilmiş və hamısının şəxsiyyət vəsiqəsi deaktiv olunmuşdur. Bundan sonra yaşadıqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan ünvan 2 ünvanında yerləşən evə qeydiyyata alınmaq ilə bağlı məhkəməyə müraciət etmiş, lakin məhkəmənin qərarı ilə iddia təmin edilməmiş və polis idarəsinin inzibati binasına qeydiyyata alınmaq ilə bağlı təkrar müraciət etmək tövsiyə edilmişdir. Hal-hazırda həmin ünvanda yaşayırlar. Təkrarən Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına, ünvan 5 ünvanında yerləşən evə qeydiyyata alınmağı ilə bağlı cavabdehə müraciət etsə də, həmin ünvana qeydiyyata alınmasından imtina edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçıların Suraxanı rayonu Əmircan qəsəbəsində faktiki yaşayış evləri vardır. Hazırda onlar öz evlərinə yaşayış yeri üzrə qeydiyyata alına bilərlər. Bu səbəbdən də, məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 məhkəmə iclasında iştirak etməmişdir. II. İddianın növü və mümkünlüyü Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. İddia mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 nömrəli 28 avqust 2007-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər. Cavabdeh tərəfindən İddiaçı1 ünvanlanmış 54/2-R-17542/11/23 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, yaşayış yeri müəyyən olunduğundan, lakin yaşadığı evin hüquqi sənədi olmadığından, aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmək tövsiyə edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına (Balandin 42) pasport qeydiyyatına alınması məqsədəmüvafiq hesab edilməmişdir. Cavabdeh tərəfindən İddiaçı2 ünvanlanmış 54/2-H-19915/11/23 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, yaşayış yeri müəyyən olunduğundan, lakin yaşadığı evin hüquqi sənədi olmadığından, o və ailə üzvlərinə aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmək tövsiyə edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına (Balandin 42) pasport qeydiyyatına alınması məqsədəmüvafiq hesab edilməmişdir. Cavabdeh tərəfindən İddiaçı1 ünvanlanmış 54/2-H-10071/11/23 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, hal-hazırda yaşadığı ünvan 6 ünvanının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş qeydiyyat vəsiqəsi yoxdur. Bu səbəbdən İddiaçı1 Nurəddin qızı, İddiaçı2, X7, X5 və X9 həmin ünvana qeydiyyata almaq mümkün deyil. Odur ki, məhkəmə orqanlarına müraciət etmək tövsiyə edilmişdir. III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar “CMS-Azemis elektron məhkəmə sistemində olan məlumata əsasən xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X13 iddiaçılar İddiaçı1 və İddiaçı2 övladlarıdırlar. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən təqdim edilmiş 3575 saylı xx.xx.2017-ci il tarixli arayışa əsasən İddiaçı1 həqiqətən Suraxanı rayonu Əmircan qəsəbəsi M.Seyidzadə küçəsi dalan 2 25 a saylı evdə əri İddiaçı2, qızı X5 və qızı X7 ilə birlikdə qeydiyyatsız yaşayır. AZ-İ seriyalı 560272 saylı xx.xx.2010-cu il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 və İddiaçı2 nikaha daxil olmuşlar. AZ-İV seriyalı 641269 saylı xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində doğulmuşdur (anası – İddiaçı1; atası – İddiaçı2). X6 ilə “Azəriqaz” İB arasında bağlanmış 12/23978 saylı xx.xx.2017-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, istehlakçı İddiaçı1 ünvanı Əmircan qəsəbəsi, qaz sayğacının quraşdırılma yeri Suraxanı rayonu ərazisi göstərilmişdir. "xxxx" ASC-nin Suraxanı rayon Sukanal İdarəsi üzrə ödənişlərin siyahısından görünür ki, abonent İddiaçı1 müqavilə nömrəsi 20786240, abnonentin kodu **********002, ünvan ünvan 811076/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı2 və İddiaçı1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri ünvan 9 ünvanına qeydiyyata alınma tələbinə dair iddiaları rədd edilmişdir. CMS-Azemis elektron məhkəmə sistemində olan məlumata əsasən Həsənov X4 Muxtar Respublikası, Naxçıvan şəhəri, Xətai küçəsi, döngə 8, ev 12 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. IV. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Həsənova X3 Rayon Polis İdarəsinin inzibati binasının ünvanında qeydiyyatda olmuşdur. İddiaçı2 hazırda ünvan 10 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı1 isə Suraxanı Rayon Polis İdarəsinin inzibati binasının ünvanında qeydiyyatdan çıxarıldıqdan sonra şəxsiyyət vəsiqəsi deaktiv edilmişdir və hazırda qeydiyyata alındığı yaşayış yeri yoxdur. xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X13 iddiaçıların azyaşlı övladlarıdırlar. Hazırda iddiaçılarla birlikdə Suraxanı rayonu Əmircan qəsəbəsi M.Seyidzadə küçəsi dalan 2, 25 a saylı evdə yaşayırlar. Cavabdeh qurumun imtinası İddiaçı1 və onun azyaşlı övladları xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2021ci il təvəllüdlü X10 münasibətdə iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Cavabdeh qurum tərəfindən iddiaçıların polisin inzibati binasına qeydə alınma ilə bağlı müraciəti ilə əlaqədar onlara xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli imtina məktubları ilə bildirilmişdir ki, Suraxanı RPİ-nini inzibati binasına (Balandin 42) yaşayış yeri üzrə qeydiyyata alınması məqsədəmüvafiq hesab edilmir. Məhkəmənin qeyd edilən qənaəti həm də “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından irəli gəlir. Həmin qərarda qeyd edilir ki: ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... Yəni Konstitusiya Məhkəməsinin qərarında da ifadə edilən hüquqi mövqeyə görə şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məqsədilə qeydiyyatı zəruridir. Cavabdeh orqan iddiaçını faktiki yaşadığı üzrə (hüquqmüəyyənedici sənədləri olmadığından) qeydiyyata almaqdan imtina etdiyi təqdirdə inzibati binaya qeydiyyata alınmasını təmin etməlidir. İddiaçı əvvəllər də polisin inzibati binasında qeydiyyatda olub, daha sonra qeydiyyatdan çıxarılıb. Belə ki, şəxsiyyət vəsiqəsi deaktiv statusda olduğu təqdirdə o, qeyd edilən vəzifələrin icra edilməsi imkanı mümkünsüz olur. Odur ki, məhkəmə hesab edir ki, müvafiq qeydiyyat “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmanın məqsədlərinə uyğun olmaqla iddiaçıların uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmağa xidmət etdiyindən iddia X2 aid hissədə təmin edilməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə həmçinin hesab edir ki, digər iddiaçı Həsənov X4 Muxtar Respublikası, Naxçıvan şəhəri, Xətai küçəsi, döngə 8, ev 12 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olduğundan iddia tələbi İddiaçı2 yaşayış yeri olmayan şəxs kimi cavabdehin inzibati binasının ünvanına qeydiyyata alınması hissəsində əsaslı deyil və iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh qurumun İddiaçı1 və onun azyaşlı övladları xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X10 münasibətdə imtinası Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir. İddia tələbi İddiaçı2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin inzibati binasının ünvanına (Bakı şəhəri Suraxanı rayonu Balandin 42) qeydiyyata alınması” öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulması hissəsində təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARAALDİ: İddia qismən təmin edilsin. İddiaçı1, X5, X7 və X8 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin inzibati binasının ünvanına (Bakı şəhəri Suraxanı rayonu Balandin 42) yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Z.Xəlilov küçəsi - 540) apellyasiya şikayəti verilə bilər.
Hakim Aysev Almazova