Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13776/2023 18.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi - Vəkil, Cavabdehin nümayəndəsi - X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı "mənzil növbəsinin bərpa olunması" tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mənzil növbəsinin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxs kimi uzun illər ərzində əmək fəaliyyətində olduğu "Bibiheybətneft" NQÇİ-də mənzil növbəsində olmuşdur. Ona və ailə üzvlərinə mənzil ayrılmasına az bir müddət qaldığı dövrdə ona məlum olmuşdur ki, mənzil növbəsi ləğv edilmişdir. Belə ki, adıçəkilən idarənin müdiriyyətinin və həmkarlar təşkilatı rəhbərliyinin xx.xx.2008-ci il tarixli 13 nömrəli protokol qərarı ilə o, mənzil uçotundan çıxarılmışdır. Qəbul olunmuş qərarla razı olmadığından və həmin qərara dair əsaslı etirazlarını nəzərə alan "Bibiheybətneft" NQÇİ-nin müdiriyyətinin və həmkarlar təşkilatının xx.xx.2010-cu il tarixli 22 nömrəli protokol qərarı ilə mənzil növbəsi bərpa edilmişdir. Bununla belə ona uzun müddət ərzində mənzil ayrılmamışdır. Uzun müddət ərzində "Bibiheybətneft" NQÇİ-yə və cavabdeh təşkilata müraciətləri nəticə verməmiş, ona başdansovdu cavablar verilmişdir. Hazırda, cavabdehin xx.xx.2023-cü il tarixli 14-2/2-A-122/3-25/2023-2590 saylı cavab məktubu ilə ona məlum olmuşdur ki, xx.xx.2008-ci il tarixdən SOCAR üzrə mənzil uçotuna götürülmə dayandırılmış, onun tabeliyində olan müəssisə və təşkilatlarla əmək münasibətlərində olan işçilərin 2009-cu il tarixinə olan mənzil uçot siyahıları SOCAR-ın Baş ofisinə təhvil verilmiş və mərkəzləşdirilmiş mənzil uçotu sənədlərində barəsində heç bir məlumat müəyyən edilməmişdir. Cavabdehin cavab məktubunda qeyd olunur ki, "müraciətdə göstərdiyi mənzil uçotunun bərpa olunması ilə bağlı məsələlərə baxılması mümkün olmamışdır." Eyni zamanda, "Bibiheybətneft" NQÇİ-ə rəsmi müraciət etdikdən sonra, həmkarlar təşkilatından bildirilmişdir ki, idarədə mənzil uçotu aparılmır, neft sənayesində işləyən işçilərin mənzil məsələləri mərkəzləşdirilmiş qaydada Azərbaycan Respublikasının Neft Şirkətində (SOCAR-da) aparılır. 2010-cu il tarixdə mənzil uçotu bərpa olunduqdan sonra sənədlər Bakı şəhəri Səbail RİH-nə göndərilsə də, təsdiq olunmamışdır. Bakı şəhəri Səbail RİH-nə müraciətinə cavabda isə bildirilir ki, neft sənayesi sahəsində çalışan işçilərin mənzil növbəsi SOCAR-ın rəhbəri və Azərbaycan Neft Qaz X1 İttifaqı Respublika Komitəsinin birgə iclasının protokol qərarı ilə rəsmiləşdirilir. Göründüyü kimi, cavabdeh Azərbaycan Respublikasının Neft Şirkəti (SOCAR) ilə onun tabeliyində olan "Bibiheybətneft" NQÇİ-nin, habelə Bakı şəhəri Səbail RİH-nin ona verdikləri cavablar ziddiyyətlidir. Əgər 2010-cu ildə neft sənayesi sahəsində əmək fəliyyətində olan işçilərin mərkəzləşdirilmiş uçotu cavabdeh təşkilatda aparılırdısa, o zaman "Bibiheybətneft" NQÇİ hansı əsasla onun mənzil uçotunu bərpa edirdi. Əgər bərpa etmişdirsə, həmin sənədləri hansı səbəbə görə yuxarı təşkilata göndərmək əvəzinə Bakı şəhəri Səbail RİH-nə göndərmişdir və onu tam olaraq arxayın etmişdir ki, mənzil növbəsi bərpa olunub. Vəzifəli şəxslərin yol verdikləri pozuntulara görə uzun illər ərzində qüsursuz əmək fəaliyyətində olduğu müəssisədə qazandığı mənzil növbəsinə dayanmaq hüququ məhdudlaşdırıla bilməz. Cavabdeh iddiaya münasibətini məhkəməyə təqdim etməmişdir. İddianın mümkünlüyü məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası 18 oktyabr 2023cü il tarixə təyin edilmiş və tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə etdi və tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabehin nümayəndəsi iddiaya etiraz etdi və iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 18 avqust 2023-cü il tarixli, 14-2/2-A-122/3-25/2023-2590 nömrəli məktubunda göstərilmişdir ki, “Bibiheybətneft” NQÇİ tərəfindən təqdim olunan sənədlərə əsasən o, xx.xx.1982-ci il tarixdən əvvəllər işlədiyi idarədə mənzil uçotuna dayanmışdır. Mənzil uçot sənədləri araşdırılarkən məlum olmuşdur ki, onun 4 nəfər ailə tərkibi ilə 1990-cı ildən 2003-cü ilədək mülkiyyətində Bakı şəhəri, Ə.Topçubaşov küçəsi, 32-də yaşayış sahəsi 54 kv.metr olan 4 otaqlı 6 nömrəli mənzili olmuşdur. Bunu əsas tutaraq, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 30.1-ci bəndinə əsasən, “Bibiheybətneft” NQÇİ-nin Müdiriyyətinin və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının xx.xx.2008-ci il tarixli 13 nömrəli protokolu ilə o, mənzil uçotundan çıxarılmışdır. SOCAR üzrə mənzil uçotuna götürülmə xx.xx.2008-ci ildən dayandırılmış, SOCAR və onun tabeliyində olan müəssisə və təşkilatlarla əmək münasibətlərində olan işçilərin 2009-cu il tarixinə mənzil uçot siyahıları SOCAR-ın Baş ofisinə təhvil verilərək mərkəzləşdirilmişdir. Bununla əlaqədar olaraq, “Bibiheybətneft” NQÇİ tərəfindən mənzil uçot siyahıları SOCAR-a təhvil verilərkən, mənzil uçotundan çıxarıldığına görə onun adı həmin siyahıda olmamışdır. Eyni zamanda mənzil uçotu 2009cu ildə mərkəzləşdirildikdən sonra “Bibiheybətneft” NQÇİ-nin Müdiriyyətinin və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının xx.xx.2010-cu il tarixli 22 saylı protokolu ilə mənzil uçotu bərpa edilərək təsdiq olunması üçün Səbail rayon İcra Hakimiyyətinə göndərilmişdir, lakin rayon icra hakimiyyəti tərəfindən həmin protokol təsdiq olunmamışdır. “Bibiheybətneft” NQÇİ-nin 25 iyun 2008-ci il tarixli, 13 saylı protokolundan çıxarışdan görünür ki, mənzil növbəsinə dayanmış işçi İddiaçı Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçot və mənzillərin bölüşdürülməsi qaydalarına əsasən mənzil uçotundan çıxarılmışdır. “Bibiheybətneft” NQÇİ-nin Müdiriyyətinin və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının xx.xx.2010-cu il tarixli 22 saylı protokolundan çıxarışdan görünür ki, İddiaçı 1982ci ildən mənzil növbəsinə bərpa olunmuş, qərarın təsdiq olunması Səbail rayon İcra Hakimiyyətindən xahiş edilmişdir. İşdə olan Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli, 5-19/2-6-A-33-068 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalan”na əsasən vətəndaşlar yaşayış yeri və iş yeri üzrə mənzil növbəsinə götürülürlər. Vətəndaşların iş yeri üzrə mənzil növbəsinə götürülməsi, mənzil növbəsindən çıxarılması və ya mənzillə təmin olunması SOCAR-ın rəhbərliyi və Azərbaycan Neft Qaz X1 İttifaqı Respublika Komitəsinin birgə keçirilmiş iclaslarının Protokol qərarı ilə rəsmiləşdirilir. Həmin Protokol qərarın bir nüsxəsi isə mənzil növbəsinə götürülən, çıxarılan və ya mənzillə təmin olunan şəxsin özünə verilir. Protokol qərarın bir nüsxəsi isə mənzil növbəsinə götürülən şəxsin mənzil uçot qovluğu ilə birlikdə müvafiq Rayon İcra Hakimiyyətinə göndərilir. Qanunvericiliyin tələblərinə müvafiq olaraq qəbul edilmiş Sərəncamın surətlərinin bir nüsxəsi vətəndaşa verilir, bir nüsxəsi mənzil uçot qovluğu ilə birlikdə SOCAR-ın mərkəzləşdirilmiş mənzil uçotu üzrə onun iş yerinə göndərilir. Qaydalara əsasən sənədlər vətəndaşlara mənzil verildikdən və ya onlar həmin mənzil uçotundan çıxarıldıqdan sonra on il ərzində saxlanılır və bu müddət keçdikdən sonra məhv edilir. Qeyd edilənləri nəzərə alaraq, 1982-ci il tarixdən mənzil növbəsinə alınmağını əks etdirən Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş qərarı, sərəncamı və ya protokol qərarı və onun qəbul edilməsinə əsas olmuş sənədlərin kserosurətlərinin arxiv çıxarışlarını, işlədiyi “Bibiheybət” NQÇİ-nin müdiriyyətinin və HİK MMK birgə iclasının Protokolundan çıxarışı, SOCAR-ın mərkəzləşdirilmiş mənzil uçotu siyahısı üzrə sənəddən çıxarışı toplayıb aidiyyəti üzrə SOCAR-ın müvafiq şöbəsinə təqdim etməyi tövsiyə edilmişdir. Göründüyü kimi, iddiaçının hazırkı tələbi onun işlədiyi müəssisə tərəfindən mənzil növbəsinin bərpa edilməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, bu mübahisə işçi və işəgötürən arasında yaranan mübahisə olduğundan hazırkı mübahisəyə inzibati mühakimə icraatı qaydasında baxıla bilməz. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. -4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh qismində göstərdiyi subyekt inzibati icraat qanunvericiliyinə əsasən inzibati orqan deyildir, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda inzibati orqan kimi göstərilməmiş, ona qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilməmişdir. Belə ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 31-ci maddəsinə əsasən mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər. SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş hallarda müəssisənin, idarənin, təşkilatın əmək kollektivinə bilavasitə xidmət göstərən tibb, mədəni-maarif və digər idarə və təşkilatların işçiləri də arzularına görə həmin əmək kollektivinin fəhlə və qulluqçuları ilə bərabər surətdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülürlər. Həmin Məcəllənin 33-cü maddəsinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Həmin Məcəllənin 45-ci maddəsinə görə idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. İstinad olunan normalardan görünür ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olan mənzil qanunvericiliyi şəxsin iş yeri üzrə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan kimi uçota alınmasını və mənzillə təmin edilməsini mümkün hesab edirdisə, xx.xx.2010cu il tarixdən qüvvəyə minmiş və hazırda qüvvədə olan Mənzil Məcəlləsində belə bir müddəa nəzərdə tutulmamışdır. Yeni mənzil qanunvericiliyinə əsasən şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçotuna alınması yalnız yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiası onunla inzbati orqan arasında yaranmadığından, bu münasibətlər publik hüquq sahəsinə aid olmadığından hazırkı məzmunda iddiaya inzibati mühakimə icraatı qaydasında baxıla bilməz. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı "mənzil növbəsinin bərpa olunması" barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2ahova
Məhkəmə qərarları › İş №2-1(112)-13776/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13776/2023
18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver