Məhkəmə qərarları › İş №2-1(112)-13777/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13777/2022

02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13777/2022 02.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı ASC barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xətai rayon İcra şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş “tələbin borclunun manatla və xarici valyuta ilə olan pul vəsaitinə yönəldilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində "xxxx" ASC tərəfindən İddiaçı ASC-yə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xətai rayon İcra şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş “tələbin borclunun manatla və xarici valyuta ilə olan pul vəsaitinə yönəldilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarı daxil olmuşdur. Həmin qərarda qeyd edilmişdir ki, “tərəfimizdən borcluya tələbin könüllü icrası üçün müxtəlif vaxtlarda bildiriş göndərilməsinə baxmayaraq o, müəyyən olunmuş vaxtda icra sənədini icra etməmiş və bu barədə heç bir üzülü səbəb göstərməmişdir. Bu səbəbdən də tərəfimizdən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə uyğun olaraq borcludan əlavə olaraq borc məbləğinin 7% həcmində icra ödənişinin alınması barədə qərar qəbul edilmişdir”. Qərarda, həmçinin borclu İddiaçı ASC-nin banklarda və digər kredit təşkilatlarında olan manatla və xarici valyuta ilə olan pul vəsaitləri və başqa sərvətləri üzərinə 6794,83 AZN və həmin məbləğin 7% icra ödənişi olan 476 AZN həbs qoyulması da qərara alınmışdır. Lakin həmin qərarda İddiaçı ASC-yə tələbin könüllü icrası üçün göndərilmiş bildirişlərin tarixləri və həmin bildirişin İddiaçı ASC tərəfindən alınması barədə heç bir qeyd yoxdur. Həmin bildirişlər İddiaçı ASC-yə daxil olmamışdır. İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixində yuxarıda qeyd edilən qərar "xxxx" ASC vasitəsi ilə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2544/2022 nömrəli icra vərəqəsi verilmişdir. İcra vərəqəsinə əsasən cavabdeh İddiaçı ASC-dən 6372,10 manat məbləğində pul, 310 manat hüquqi yardıma görə xərc, 113,73 manat dövlət rüsumu tutularaq “X1 Limited” MMC-yə ödənilməlidir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli tələbin borclunun manatla və xarici valyuta ilə olan pul vəsaitinə yönəldilməsi haqqında qərarına əsasən borclu İddiaçı ASC-nin (VÖEN **********) banklarda və digər kredit təşkilatlarında olan manatla və xarici valyuta ilə pul vəsaitləri və başqa sərvətləri üzərinə 6794,83 manat və həmin məbləğin 7% icra ödənişi olan 476 manat həcmində həbs qoyulması qərara alınmışdır. Hazırda iddiaçı Xətai rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli tələbin borclunun manatla və xarici valyuta ilə olan pul vəsaitinə yönəldilməsi haqqında qərarının ləğvini inzibati məhkəmə icraatında iddia qaydasında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı işə iddia və inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: -8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. -26-cı maddəsinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. -43.1-ci maddəsinə görə məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi (....). -45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. -45.7-1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə icra məmuru tərəfindən 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeyd aparılmalıdır. -46.2-ci maddəsinə görə icra məmuru borclunun Azərbaycan Respublikasında xarici valyuta satmaq hüququ olan banklarda və ya başqa kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan xarici valyuta ilə pul vəsaitləri üzərinə həbs qoyur və öz qərarı ilə xarici valyutanın bu Qanunun 45.7-ci maddəsində nəzərdə tutulmuş həcmdə satışını həmin banka və ya digər kredit təşkilatına həvalə edir. -46.6-cı maddəsinə əsasən icra məmurunun bu Qanunun 46-cı maddəsi ilə nəzərdə tutulmuş qərarlarından tərəflər onların surətlərini aldıqdan sonra 3 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. -56.3-cü maddəsinə görə borclu hüquqi şəxsin banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinin üzərinə həbs qoyulması ilə bağlı icra məmuru bu Qanunun 45-ci maddəsində nəzərdə tutulmuş tədbirləri görür. -87.1-ci maddəsinə görə icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə İnzibati Məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, yekunda Konstitusiya Məhkəməsi bu nəticəyə gəlmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Yuxarıda adıçəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun qərar, hərəkət və hərəkətsizliyi həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin qərar, hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Qanun özü də icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərar, hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Təşəkkül tapmış məhkəmə təcrübəsində də icra məmurunun icra icraatında qərar, hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılır. İcra sənədini vermiş məhkəmədə işlərə baxılması bir tərəfdən hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edirsə, digər tərəfdən məhkəmənin verdiyi icra sənədinin icrasına bilavasitə nəzarət etmək imkanını təmin edir. Hazırkı iş üzrə iddiaçının tələbi bilavasitə icra sənədinin cavabdeh icra qurumu tərəfindən icra icraatı ilə bağlıdır. Belə ki, iddiaçı icra icraatı çərçivəsində icra məmurunun tələbin borclunun manatla və xarici valyuta ilə olan pul vəsaitinə yönəldilməsi haqqında qərarının ləğvini mübahisələndirir. Bu tələblə inzibati məhkəmə icraatında müstəqil inzibati iddia qaldırmışdır. Halbuki, yuxarıda da qeyd edildiyi kimi “İcra haqqında” Qanunun 26-cı maddəsində göstərilən şikayətə baxan məhkəmə elə icraya nəzarət edən icra sənədini verən məhkəmədir. Bu, həm də ondan irəli gəlir ki, qanuni qüvvəsini almış məhkəmə qərarının (qətnaməsinin, əmrinin) icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edilir. Eyni məntiqlə “İcra haqqında” Qanunun yuxarıda adıçəkilən 46.6-cı maddəsində nəzərdə tutulmuş tələbin borclunun manatla və xarici valyuta ilə olan pul vəsaitinə yönəldilməsi haqqında icra məmurunun qərarından şikayət verilməsi nəzərdə tutulan “müvafiq məhkəmə” icra sənədini verən məhkəməni ehtiva edir. Beləliklə, hazırkı halda iddiaçının tələbin pul vəsaitinə yönəldilməsi haqqında qərarın ləğv edilməsi ilə bağlı tələbi müstəqil iddia tələbi kimi inzibati məhkəmə icraatı qaydasında deyil, qanuni qüvvəsini almış məhkəmə aktının icrasının davamı olaraq icra sənədini vermiş və icraya nəzarət edən məhkəmədə şikayət verilməklə mübahisələndirilə bilər. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı iş üzrə iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün hesab olunmur. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar