Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13777/2025 22.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 22 oktyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1960-cı il təvəllüdlüdür. İddiaçı xx.xx.1977-xx.xx.1979-cu illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Publik Hüquqi Şəxsi) və xx.xx.1979-xx.xx.1983-сü illərdə X4 Merzburq adına ali məktəbdə təhsil almışdır (5 il 9 ay 25 gün). İddiaçı xx.xx.1984-xx.xx.1985-ci illərdə hərbi xidmətdə olmuşdur (1 il 6 ay 28 gün). ИT-İ № ******* №-li əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1983-xx.xx.1984-cü illərdə Texnoloji sex № 3 üzrə, qurğu № 32-də texnoloji qurğular üzrə 5-ci dərəcəli operator vəzifəsində işləmişdir (3 ay 20 gün). xx.xx.1986-xx.xx.1991-ci illərdə Texnoloji sex № 4 üzrə, qurğu № 43-da texnoloji qurğular üzrə 5-ci dərəcəli operator vəzifəsində işləmişdir (5 il 9 ay 2 gün). xx.xx.1991-xx.xx.1992-ci illərdə “ASİNAM” İqtisadi və X1 tərcüməçi vəzifəsində işləmişdir (8 ay 9 gün). xx.xx.1995-xx.xx.2001-ci illərdə eksport və xarici əlaqələr şöbəsində mühəndis vəzifəsində işləmişdir (6 il 21 gün). xx.xx.2001-xx.xx.2007-ci illərdə “MAN Ferrostaal AG” şirkətinin Bakı nümayəndəliyinin rəhbəri vəzifəsində işləmişdir (xx.xx.2006-cı il tarixədək 4 il 6 ay 4 gün, xx.xx.2006-cı il tarixədək 24 il 8 ay 19 gün). xx.xx.2007-xx.xx.2012-ci illərdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləmişdir. Həmçinin iddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2025-ci il tarixədək 2 il 9 ay 4 gün sığorta stajına uyğun olaraq 2614,66 manat pensiya kapitalı vardır. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdehin 07 iyul 2025-ci il tarixli məktubunda bildirilmişdir ki, “...Təqdim etdiyiniz sənədlərin surətlərində qeyd olunmuş və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1983-cü il tarixinədək əyani təhsil aldığınız illər, xx.xx.1984-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət, xx.xx.1991-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək olan əmək fəaliyyəti dövrləriniz də nəzərə alınmaqla ümumi sığorta stajınız 22 il 4 ay 13 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 19 il 7 ay 9 gün sığorta stajınıza uyğun olaraq 20192,97 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2025-ci il tarixinədək 2 il 9 ay 4 gün sığorta stajınıza uyğun olaraq 2614,66 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) olmaqla, ümumilikdə 22807,63 manat təşkil edir ki, bu məbləğ hazırda qüvvədə olan qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və sizə əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təyinatına imkan vermir. Məlumat üçün bildiririk ki, təqdim etdiyiniz əmək kitabçanızın surətində qeyd edilmiş “Bakı məişət kondisionerləri zavodu”nda mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1995-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın "xxxx" ASC ilə birgə tərtib etdiyi xx.xx.2025-ci il tarixli akta əsasən 1997-ci ilin noyabr, dekabr, 1998-cı ilin yanvar, may aylarında və xx.xx.1998-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək öz hesabınıza öddənişsiz məzuniyyətdə olduğunuzdan həmin dövrlər sığorta stajınıza daxil edilməmişdir. Həmçinin əmək kitabçanızın surətində xx.xx.2001-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək Almaniyanın Ferrostaal GMBH Şirkətinin Azərbaycandakı Nümayəndəliyində və xx.xx.2007-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək "xxxx" MMC-də əmək fəaliyyətinizin olması qeyd edilsə də, xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək və xx.xx.2007-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb və bu səbəbdən Fondun müvafiq struktur bölməsinə sorğu göndərilmişdir. Sözügedən sorğuya cavab olaraq bildiririk ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - MEİS) sığortaedən Almaniyanın Ferrostaal GMBH Şirkətinin Azərbaycandakı Nümayəndəliyinin (SUN: **********2; VÖEN: **********) 2006 və 2007-ci illər üçün “Məcburi dövlət sosial sığortası üzrə hesabatlar”a (Forma B1) uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar” (Forma B3) təqdim etmədiyi müəyyən olunmuşdur. Əlavə olaraq bildiririk ki, MEİS-də sığortaedən "xxxx" MMC (SUN: **********6; VÖEN: **********) tərəfindən 2007 və 2008-ci illər üçün Forma B1-ə uyğun olaraq Forma B3 təqdim edilməmiş, həmçinin sığortaedənin 2009 - 2012-ci illər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə hesabat və ödəniş məlumatları aşkar olunmamışdır. Həmçinin sizin 2006 və 2007-ci illər üçün məlumatlarınızın araşdırılması üçün Almaniyanın Ferrostaal GMBH Şirkətinin Azərbaycandakı Nümayəndəliyinə xx.xx.2025-ci il tarixində 3-17-1/2- 94182/2025 məktubla müraciət olunmuşdur (surəti sizə göndərilməklə). Müvafiq cavab gəldikdən sonra əlavə məlumat veriləcəkdir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnuzun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından sizə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir” İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 65 yaşa çatdığı gündən (xx/xx/2025-ci ildən) yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin birdəfəlik şəkildə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 oktyabr 1991-ci ildən 13 mart 1995-ci ilədək, ardınca isə 14 mart 1995-ci ildən 6 iyun 1995- ci ilədək dövrdə onun əmək fəaliyyəti ilə məşğul olduğu əmək kitabçasında aydın şəkildə əks olunmuşdur. Əmək kitabçasında həmçinin 7 iyun 1995-ci ildən 27 iyun 2001-ci ilədək Bakı məişət kondisionerləri zavodunda əmək fəaliyyəti ilə məşğul olduğu təsbit edilmişdir. Lakin cavabdeh inzibati orqan həmin dövrün müəyyən hissəsinin etibarlılığına şübhə edərək bunun araşdırılmasının zəruri olduğunu bildirmiş və "xxxx" ASC ilə birgə 2 iyun 2025-ci il tarixində akt tərtib etmişdir. Həmin akta əsasən, 1997-ci ilin noyabr, dekabr ayları, 1998-ci ilin yanvar və may ayları, həmçinin 1 iyul 1998-ci ildən 27 iyun 2001-ci ilədək müddətdə İddiaçı öz hesabına ödənişsiz məzuniyyətdə olduğu iddia edilmiş və bu müddətlər sığorta stajına daxil edilməmişdir. Belə ki, iddiaçının həmin dövrdə müəssisədə işləməsi göstərilmişdir. Əmək kitabçasında həmçinin 28 iyun 2001-ci ildən 31 yanvar 2007-ci ilədək Almaniyanın Ferrostaal GMBH şirkətinin Azərbaycandakı nümayəndəliyində, həmçinin 14 mart 2007-ci ildən 17 yanvar 2012-ci ilədək "xxxx" MMC-də əmək fəaliyyəti ilə məşğul olduğu rəsmi olaraq qeyd olunmuşdur. Lakin cavabdeh orqan qeyd edir ki, 1 yanvar 2006cı ildən 31 yanvar 2007-ci ilədək və 14 mart 2007-ci ildən 17 yanvar 2012-ci ilədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Cavab məktubunda qeyd edilmişdir ki, Ferrostaal GMBH şirkətinin nümayəndəliyi 2006 və 2007ci illər üçün məcburi dövlət sosial sığorta hesabatı təqdim etməmiş, "xxxx" MMC isə 2007- 2008-ci illər üzrə Forma Bl-ə uyğun Forma B3 təqdim etməmiş, 2009-2012-ci illər üzrə isə ümumiyyətlə məcburi dövlət sosial sığorta haqqı üzrə hesabat və ödəniş məlumatları tapılmamışdır. Bununla belə, cavab məktubunda göstərilmişdir ki, Ferrostaal GMBH şirkətinin Azərbaycandakı nümayəndəliyinə 25 aprel 2025-ci il tarixində bu məsələnin araşdırılması üçün rəsmi məktub göndərilmişdir. Lakin həmin sorğuya cavab daxil olmadığı üçün bu müddətlər İddiaçı ümumi sığorta stajına daxil edilməmişdir. Cavabdeh inzibati orqan bunu öz mülahizəsinə görə şərh edə bilməz və əmək kitabçasında əks edilən məlumatları əsas götürməlidir. Nəticədə cavab məktubunda ümumi sığorta stajının 22 il 4 ay 13 gün olduğu, bunun isə yaşa görə əmək pensiyası üçün tələb olunan minimum 25 illik sığorta stajından az olduğu bildirilmişdir. Eyni zamanda fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalının da tələb olunan minimum həddi (46080 manat) təmin etmədiyi qeyd olunmuşdur. Lakin əmək kitabçasında göründüyü kimi iddiaçı 25 ildən artıq stajı hüququ verən vəzifələrdə çalışmışdır. Hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının tələbini təmin etməməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının (bundan sonra "Qaydalar") pozuntusuna yol verilmişdir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına görə, iddiaçı 65 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina etmiş və aşağıda qeyd olunanları əsas gətirmişdir: Mərkəzi Filialın "xxxx" ASC ilə birgə tərtib etdiyi xx.xx.2025-ci il tarixli akta əsasən 1997-ci ilin noyabr, dekabr, 1998-cı ilin yanvar, may aylarında və xx.xx.1998-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək öz hesabına öddənişsiz məzuniyyətdə olduğundan həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Həmçinin əmək kitabçasının surətində xx.xx.2001-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək Almaniyanın Ferrostaal GMBH Şirkətinin Azərbaycandakı Nümayəndəliyində və xx.xx.2007-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək "xxxx" MMC-də əmək fəaliyyətinin olması qeyd edilsə də, xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək və xx.xx.2007-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb və bu səbəbdən Fondun müvafiq struktur bölməsinə sorğu göndərilmişdir. Sözügedən sorğuya cavab olaraq bildirilir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - MEİS) sığortaedən Almaniyanın Ferrostaal GMBH Şirkətinin Azərbaycandakı Nümayəndəliyinin (SUN: **********2; VÖEN: **********) 2006 və 2007-ci illər üçün “Məcburi dövlət sosial sığortası üzrə hesabatlar”a (Forma B1) uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar” (Forma B3) təqdim etmədiyi müəyyən olunmuşdur. Əlavə olaraq MEİS-də sığortaedən "xxxx" MMC (SUN: **********6; VÖEN: **********) tərəfindən 2007 və 2008-ci illər üçün Forma B1ə uyğun olaraq Forma B3 təqdim edilməmiş, həmçinin sığortaedənin 2009 - 2012-ci illər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə hesabat və ödəniş məlumatları aşkar olunmamışdır. Həmçinin 2006 və 2007-ci illər üçün məlumatlarının araşdırılması üçün Almaniyanın Ferrostaal GMBH Şirkətinin Azərbaycandakı Nümayəndəliyinə xx.xx.2025-ci il tarixində 3-17-1/2-94182/2025 məktubla müraciət olunmuşdur. Müvafiq cavab gəldikdən sonra əlavə məlumat veriləcəkdir. Qeyd olunanları nəzərə alaraq ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Hazırda iddiaçı ona adıçəkilən qanunun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti ... “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... 23.2. 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir; 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud Qaydalar "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. İddiaçının minimum pensiya təminatına imkan verən kapitalının olmaması mübahisəsizdir. Cavabdeh tərəfindən iddiaçının mübahisələndirilməyən stajı 22 il, 4 ay, 13 gündür. Cavabdeh iddiaçının 28 iyun 2001-ci ildən 31 yanvar 2007-ci ilədək Almaniyanın Ferrostaal GMBH şirkətinin Azərbaycandakı nümayəndəliyində, həmçinin 14 mart 2007-ci ildən 17 yanvar 2012-ci ilədək "xxxx" MMC-də işlədiyi dövlərin sosial sığorta stajına daxil etməməsini onunla əsaslandırır ki, fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Məhkəmə aşağıda göstərilənlərə əsasən cavabdehin istinad etdiyi dəlili əsassız hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. İstinad edilən qanunvericilik normalarına əsasən işçinin xx.xx.2006-cı ilədək iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır və həmin dövrə qədər MDSS ödənilməsi nəzərdə tutulmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə görə, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Göründüyü kimi qanunverici tərəfindən 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmiş, qeyd edilən dövrə aid olan sosial sığorta borcları üzrə amnistiya tətbiq olunmuş və borclar bağışlanılmışdır. Belə olan təqdirdə, həmin dövrdə iddiaçının əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsinin iddiaçının ziyanına təfsir olunması və onun pensiya hüququnun məhdudlaşdırılması qanunvericiliyə ziddir. Beləliklə, iddiaçının 28 iyun 2001-ci ildən 31 yanvar 2007-ci ilədək Almaniyanın Ferrostaal GMBH şirkətinin Azərbaycandakı nümayəndəliyində işlədiyi müddət, xx.xx.2006-cı il tarixə qədər nəzərə alınmaqla, iş stajı, hərbi xidmət və təhsil dövrü də daxil edilməklə 25 ildən çox sosial sığorta stajı vardır. Məhkəmə qeyd edir ki, əmək kitabçasında olan məlumatların həqiqiliyi prezumpsiyası qüvvədədir. Cavabdeh əksini sübut etməyənə kimi, əmək kitabçasındakı qeydlər mötəbər hesab edilməklə iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Oxşar İşlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ş № 2-1(102)-2264/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətini mümkünsüz hesab edərək qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-582/2023 nömrəli iş üzrə 2-1(102)-473/2023 nömrəli iş üzrə 2-1(102)-1728/2022 nömrəli iş üzrə 2-1(102)-1476/2022 nömrəli iş üzrə 2-1(102)-1180/2022 nömrəli iş üzrə 2- 1(102)-1431/2020 nömrəli iş üzrə qərarları) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Məhkəmə yuxarıda göstərilən hallara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək işlədiyi müddət, təhsil illəri və hərbi xidmət dövrü nəzərə alınmaqla ümumi iş stajı 25 ildən çox olduğundan, bununla da onun yaşa görə əmək pensiyası almaq hüququ yarandığından, cavabdeh əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu 3.03.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-13777/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13777/2025
22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver