Məhkəmə qərarları › İş №2-1(112)-13783/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13783/2022

13.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13783/2022 13.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil (bakışəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil ) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə qarşı “nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi və qeydiyyat şəhadətnaməsinin verilməsi” barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı məxsus “MERCEDES BENZ C300” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin rəsmiləşdirilərək ona qeydiyyat şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “MERCEDES BENZ C300” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin rəsmiləşdirilərək ona qeydiyyat şəhadətnaməsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqan imtinanı onunla əsaslandırmışdır ki, dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ban nömrəsinin ətrafında qaynaq işləri aparılmışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən aparılmış araşdırma nəticələrinə əsasən, avtomobilin mülkiyyətçi və istifadəçisinin əməlində cinayət xarakterli hal, eyni zamanda avtonəqliyyat vasitəsinin qaçırılmış və ya oğurlanmış olması aşkar edilməmişdir. Göründüyü kimi “MERCEDES BENZ C300” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin rəsmiləşdirilməsindən imtina üçün hər hansı əsas mövcud deyil. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş iddiaya dair etirazında cavabdeh Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi göstərmişdir ki, qeyd olunan “MERCEDES BENZ C300” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ban nömrəsinin ətrafında qaynaq işlərinin aparılması səbəbindən nəqliyyat vasitəsinə dair qeydiyyat hərəkətlərinin aparılması üçün müvafiq məhkəmə qərarının DİN Baş X2inə təqdim edilməsi vacibdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina məktubunu almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İddia tələbini təsdiq edən sübut qismində şəxsiyyət vəsiqənin surəti, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 19 oktyabr 2022-ci il tarixli qərarı, Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin 20 oktyabr 2022-ci il tarixli imtina məktubu məhkəməyə təqdim edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahat və çıxışını, iddia ərizəsini və işdə olan sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin: - İ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin, yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. - İİ hissəsinə əsasən, mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatını Azərbaycan Respublikasının rayon, şəhər və bölgələrində aşağıdakılar aparırlar: 1) hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; -V hissəsinə əsasən bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. -V-İİ hissəsinə əsasən nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. -Vİ hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir:1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və ya vergilərin, yaxud ödənclərin ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanları. -XV hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: -1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət. qeydiyyatından keçirməlidirlər. -1.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. -1.5-ci bəndinə əsasən nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. -1.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: -nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; -nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; -qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların toplanıb hazırlanmasını; -nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsini; -özünün struktur bölmələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini; -bu bölmələrə buraxılmış dövlət qeydiyyat nişanları, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini; -nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsini. -2.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Normaların məzmunundan da göründüyü kimi, nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi mexanizmi və bu mexanizmin tətbiqi müvafiq olaraq zəruri sənədlərin təqdim olunması, nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması və qanunvericilikdə səciyyələnmiş digər əsaslara görə həyata keçirilir. Nəzərə alınmalıdır ki, nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması "qeydiyyat hərəkətləri" anlayışını ehtiva edir. Qeyd edilən normaların tələblərinin işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən olunur ki,cavabdeh orqan iddiaçının təqdim etdiyi avtomobilin qeydiyyat şəhadətnaməsinin verilməsindən imtinaya əsas kimi nəqliyyat vasitəsinin ban nömrəsinin ətrafında qaynaq işlərinin aparıldığını əsas gətirmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan hal qeydiyyat şəhadətnaməsinin verilməsindən imtina üçün əsas kimi çıxış edə bilməz. Belə ki, təkzib olunmaz haldır ki, “Mercedes Benz C300” minik markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban nömrəsinə müdaxilə olunaraq ban nömrəsi ətrafında qaynaq işləri aparılmışdır. Nəzərə alınmalıdır ki, ban nömrəsi ətrafında qaynaq işlərinin aparılması avtonəqliyyat vasitəsinin qaçırılmış və ya oğurlanmış hesab olunması üçün və ya iddiaçının bununla bağlı hər hansı təqsirli hərəkətinin olmasını təsdiq etmir. Əksinə, aparılmış istintaq araşdırmasının nəticəsi olaraq cinayət işinin başlanılmasına rədd edilməsi haqqında qərarda ban nömrəsi ətrafında qaynaq işləri aparılmasının əsasına izah verilmiş, bu hal avtonəqliyyat vasitəsinin qəzadan sonra təmir olunması ilə əlaqələndirilmiş və ən əsası ümumiyyətlə “Mercedes Benz C300” minik markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin uçot göstəriciləri üzrə BDYPİ-nin Qİİ-nin X1 üzrə oğurlanmış və qaçırılmış avtonəqliyyat vasitələrinin uçotunda olmadığı göstərilmişdir. Göstərilən bütün hallar ona dəlalət edir ki, iddiaçı vicdanlı alıcı kimi avtonəqliyyat vasitəsini (qaçırılmış və ya oğurlanmış olmayan) əldə etmiş, lakin baş vermiş qəza nəticəsində nəqliyyat vasitəsinin təmiri ilə bağlı görülmüş müvafiq tədbirlər əsnasında “Mercedes Benz C300” minik markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban nömrəsinə müdaxilə olunaraq ban nömrəsi ətrafında qaynaq işləri aparılmışdır ki, bu da ümumiyyətlə ban nömrəsinin müdaxiləsində iddiaçının hər hansı təqsirli hərəkətinin olmadığını göstərir. Sözügedən avtomobilin ban nömrəsinin ətrafında qaynaq işlərinin aparılması ilə İddiaçı hərəkətləri arasında hər hansı əlaqə olmaması, yəni avtomobilin mülkiyyətçisinin əməlində cinayətin tərkibi olmadığı, mülkiyyətçisinin öz əmlakı üzərində sərəncam vermək hüququndan istifadə edərək, həmin avtomobili qəzadan sonra təmirə verilməsi və məhz təmir işləri nəticəsində qaynaq işlərinin aparılması müəyyən olunduğundan, məhkəmə hesab edir ki, avtomobil hazırda iddiaçının qanuni sahibliyində və istifadəsindədir. Cavabdehin mübahisə predmeti olan nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılmaması iddiaçının mülkiyyət hüququnu reallaşdırılmasına məhkəmə maneə kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə görə daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus “MERCEDES BENZ C300” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin rəsmiləşdirilərək ona qeydiyyat şəhadətnaməsinin verilməsi öhdəliyi cavabdeh Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68 , 69 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı məxsus “MERCEDES BENZ C300” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin rəsmiləşdirilərək ona qeydiyyat şəhadətnaməsinin verilməsi öhdəliyi cavabdeh Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar